• cümə axşamı, 28 mart, 20:05
  • Baku Bakı 13°C

“Facebook”a “yox” deyən 24 yaşlı kibertəhlükəsizlik mütəxəssisi - Uğur hekayəsi

21.11.19 14:57 3632
“Facebook”a “yox” deyən 24 yaşlı kibertəhlükəsizlik mütəxəssisi - Uğur hekayəsi
Fikrət Kərimli: "Hər gün ən azı 5 fərqli şirkətdən iş təklifi alıram”
İT sahəsinə gəlişi bir az erkən yaşlarına təsadüf edib. İlk vaxtlar müəllimi də olmayıb, özü öyrənirmiş. Bununla belə, 15 yaşında artıq veb-dizayner müəllimi işləyir. Hazırda 24 yaşı var. Deyir ki, onun indi tutduğu vəzifəyə kadrlar 33-35 yaşında gəlməyə başlayırlar, aldığı sertifikatların imtahanına isə bir çox savadlı adamlar 45-50 yaşlarında belə girməyə risk etmirlər.
Müsahibimiz kibertəhlükəsizlik üzrə mütəxəssis, hazırda ABŞ-da "Project Worldwide” şirkətində kiber təhlükəsizlik mühəndisi işləyən Fikrət Kərimlidir.
Qeyd edək ki, Fikrət Kərimli 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft mühəndisliyi üzrə alıb. Magistr dərəcəsini isə ABŞ-ın Kaliforniya ştatında yerləşən San Dieqo Dövlət Universitetində kiber təhlükəsizlik üzrə alıb.
- Fikrət bəy, İT ilə tanışlığınız necə və nə vaxt olub?
- İlk dəfə 7 yaşımda mənə kompüter almışdılar. Kompüteri bir həftədən sonra xarab etmişəm və sonra da özüm düzəltmişəm. Belə-belə başlamışam. Sonra yavaş-yavaş proqramlaşdırma dillərini öyrəndim.
- Öyrədən var idi, yoxsa özünüz öyrənirdiniz?
- Əvvəllər, ancaq özüm öyrənirdim. Tələbə vaxtı "BOS Shelf" şirkətində işə başlayana qədər özüm öyrənmə prosesim davam edib. Ondan sonra artıq mənə bu sahədə bilmədiklərimi öyrədən Ehtiram Ələkbərov və Elgün Bəxtiyaroğlu kimi müəllimlərim oldu. Ehtiram hazırda da "BOS Shelf"də baş İT mütəxəssisidir. Elgün isə Kanadada öz şirkətini qurub. Əslində, məni Amerikada karyera qurmağa bu iki nəfər yönləndirdi. Fikirlərimin formalaşmağında kömək oldular.
- Valideynlər sizi kompüterdən uzaqlaşdırmağa çalışmırdılar?
- Əlbəttə ki, uzaqlaşdırmağa çalışırdılar. Kompüter mənim həyatım olmuşdu. Çox vaxt sərf edirdim, gizlin də məşğul olurdum, aradabir kompüterin şunurlarını gizlədirdilər ki, mən də bir az kompüterdən ayrılım. Əlbəttə ki, bu, hər valideynin etməli olduğu bir şeydir. Düşünürdülər ki, texnologiya sağlamlıq cəhətdən daha ziyanlıdır. Onlar elə fikirləşirdilər. Amma məncə, düzgün bir şey ediblər. Çünki mən kompüterdən ayrılmırdım.
- Bu sahəyə daha erkən yaşda gəlmisiniz. Bəs bu sahədə ilkin nailiyyətləriniz nələr oldu?
- 14-15 yaşım olardı, bir yarışda "Azərbaycanın ən yaxşı veb developeri” seçilmişdim. 15 yaşımda İnformasiya Texnologiyaları Akademiyasında veb-dizayner müəllimi kimi işlədim. Rəsmi iş deyildi, könüllü kimi çalışırdım.
- İT-də ilk başladığınız dönəmlərdə pul qazanırdınız?
- Əslində, 15 yaşımda işləməyə başlayanda, pul almırdım, sadəcə, bildiklərimi tətbiq etmək istəyirdim. Müəllim işləyəndə də, təmənnasız etmişəm. Amma o vaxtlar veb saytları yığıb satırdım, ordan müəyyən gəlir olurdu. Əsas maaşlı işim "BOS Shelf"də olub. Ona qədər gördüyüm işləri təmənnasız edirdim. Əlavə qazanc o ola bilər ki, 15 yaşımda respublika çempionu olanda, laptop hədiyyə vermişdilər. Bundan başqa, 16 yaşımda "Sabahın alimləri” yarışında 2-ci yeri tutmuşdum, ordan kiçik bir mükafat qazanmışdım.
- İT sahəsində məktəb vaxtı bu cür nailiyyətləri olan bir gəncin neft mühəndisliyi üzrə təhsil almasının səbəbi nə idi?
- Bilirdim ki, bu sualı verəcəksiz (Gülür). Neft sahəsində təhsil almağım əslində, bir növ ailəmin istəyi idi. Onlar elə arzulayırdılar və bu səbəbdən də bakalavrı neft mühəndisliyi üzrə bitirdim.
- 4 ilə vaxt itkisi kimi yanaşırsız?
- Düzü, o dövrün hədər getmiş kimi olduğunu hiss edirəm. Yəni, İT, ya kompüter elmləri sahəsində bakalavr təhsili alsaydım, məncə, karyeramda mənə daha çox kömək olardı.

- Neft sahəsində təhsil almağınızı istəyən valideynlər, sonra o sahədə çalışmayanda, etiraz etmədilər?
- Onlar həmişə fikirlərimə hörmət edirlər. Lakin o vaxtın şərtləri elə idi ki, hər valideyn istəyirdi ki, övladı yaxşı yerdə işə düzəlsin, gözəl təhsili olsun. O zaman Azərbaycanın böyük infrastrukturu neft üzərində qurulurdu deyə, valideynlərim də, bu sahədə mütəxəssis olmağımı istəyirdilər. Amma heç vaxt "bundan başqa sahədə işləyə bilməzsən” demədilər. Əksinə, seçdiyim yolda mənə dəstək oldular. Və nişanlım da mənim İT-də daha uğurlu ola biləcəyimi deyirdi. Bildirirdi ki, bu sahəyə getsən, gələcəyin neftdən daha yaxşıdır. Bakalavrı bitirəndən sonra, bu sahədə davam etməyimdə onun da fikirləri önəmli rol oynadı.
- Deyirlər ki, Firkətin İT-də olmayan sertifikatı yoxdur. Hansı sertifikatlarınız var? Olmayan sertifikatınız yoxdur?
- (Gülür) İT sahəsində çox sertifikat var. Mənim aldığım sertifikatların çoxu kiber təhlükəsizliklə bağlıdır. CISSP, OSCP, CCSP, AVASE, Security +, CNSS4011, CNSS 4012 sertifikatlarını almışam. Bir çoxlarının adı yadımdan çıxıb, əsasları qeyd etdim. Almadığım sertifikatlara gəlincə, qeyd etdiklərim kiber təhlükəsizliyin ən yuxarı sertifikatları hesab olunur. Azərbaycanda onları çox az adam alıb. 2-3 nəfərdə ola bilər.
- Amerikaya işləməyə getməyiniz necə oldu? İş tapıb getdiniz, yoxsa iş imkanı orda yarandı?
- Mən Amerikaya 2016-cı ildə magistr təhsili almaq üçün gəldim. Gələndən sonra, elə tələbə vaxtı iş məni tapdı. Özüm də axtarırdım, amma o qədər ciddi-cəhdlə yox. Əslində, dərslərimə daha çox köklənmişdim, amma iş imkanı yarandı, paralel olaraq da çalışdım. Buna şans deməzdim, çünki əgər savadınız və istəyiniz varsa, məncə, harada olmağınızın fərqi yoxdur, sizə uyğun bir yer həmişə tapılır. Bura gələndə universitetin özündən təqaüd almışdım. Bütün xərclərimi universitet ödəyirdi.
- Bildiyim qədərilə, "Facebook” şirkəti sizə iş təklif edib. Bu təklifi niyə etmişdilər?
- 2018-ci ildə ABŞ-da MİTRE yarışına qatılmışdım. Sistemlərin sındırılması ilə bağlı yarışdır. Bu yarışda çoxlu kiber təhlükəsizlik mütəxəssisləri iştirak edirlər. Mən yarışa tək qatılmışdım və orda birinci yeri tutmuşdum. "Facebook”un 4 nəfərdən ibarət komandası isə 6-cı yeri qazanmışdı. Onların komandasından bir nəfər (həmin şirkətdə baş mütəxəssisdir) şirkətdə baş İT təhlükəsizlik mütəxəssisi pozisiyası üçün adam axtaranda, məni məsləhət görüb, deyib ki, istəyirəm komandamda elə adam olsun. Onlarda işi mənə belə təklif etmişdilər. "Facebook”un kiber təhlükəsizliklə məşğul olan xüsusi bir komandası var. İş təklifi də bununla bağlı idi. Məni yenidən Kaliforniyaya dəvət etdilər, amma getmək istəmədim.
- Niyə getmədiniz?
- Ora getməməyimin səbəbi tamamilə şəxsi bir şey idi. Hazırda işlədiyim şirkətdə gördüyüm işi məndən başqa edən yoxdur. İşlədiyim yerdə şirkətin bütün açarlarını əlimdə tutan adamam. Yəni, balaca qabdakı böyük balığam. Amma "Facebook”a getsəydim, orda sadəcə Fikrət olacaqdım, bir iz qoymayacaqdım. Düzdür, orada da özümü göstərə bilərdim, amma dediyim kimi orada böyük qabdakı kiçik balıq olacaqdım. Bu səbəbdən getmədim.
- Maraqlıdır, iş təklifləri çox olur?
- Hər gün ən azı 5 fərqli şirkətdən iş təklifi alıram.
- İT-də ən maraqlı və daha çox tələb olan sahə kiber təhlükəsizlikdir. Burda irəli getmək, müəyyən yerə gəlmək üçün necə bir prosesdən keçmək lazımdır?
- Birincisi, kiber təhlükəsizlik hazırda İT-nin ən çox tələb olunan sahəsidir. İkincisidə ki, kiber təhlükəsizlik mütəxəssisi olmaq heç də asan iş deyil. Çünki bunun üçün İT-nin bütün sahələri bilmək lazımdır. İT-nin hər bir qolunu əhatə edən sahədir. Ona görə də İT-nin bütün qolları ilə bağlı məlumatlı olmaq, o sistemlərin necə işlədiyini bilmək vacibdir. Ona görə də bu, çətin və çox tələb olunan sahədir. Bu dəqiqə Azərbaycandan tutmuş, Avropa, Avstraliya, ən çox da Amerikada bu sahə İT-nin ən gərəkli istiqamətlərindəndir. Bunu əslində dövlət sektoruna da daşıya bilərik. Xəbərlərə fikir verəndə görürsən ki, artıq ölkələr bir-biriylə güllə ilə müharibə etmir. Müharibələr siber sferada olur. Yəni, bir-birilərinin dövlət sistemlərini qırırlar, dövlət sistemlərindən informasiya oğurlanır. Bu informasiyalara görə, müəyyən strategiyalar yürüdülür. Bu gün kiber təhlükəsizlik dövlət sferasında da ən əsas sahələrdəndir.
- Hiss olunur ki, çətin işdir. Bəs bu işin maraqlı tərəfi nədir?
- İşin maraqlı tərəfi odur ki, heç vaxt bitməyən yola bənzəyir. Hər saniyə yeni bir sistemin sındırılma texnikası çıxır. Öyrənmək aşaması heç vaxt bitmir, daim yeni bir şeylər öyrənməlisiniz. Daim yeni texnologiyalar çıxır və işdən heç vaxt bezmirsiniz.
- Kiber təhlükəsizlik mütəxəssisləri ilə bağlı danışanda, zarafatla deyirlər ki, istənilən kodu sındıra bilir. İstənilən kodu sındıra bilirsiz?
- (Gülür) Bu, bir az abstrakt məsələdir. Açıqsız sistem yoxdur. Tam təhlükəsiz sistem də yoxdur. Ancaq söndürülmüş və hər yerdən izolyasiya olunmuş kompüter təhlükəsiz sayılır. Kiber təhlükəsizliyin ilk qanunu budur ki, heç vaxt riski 100 faiz aradan qaldırmaq olmur, müəyyən qədər aşağı düşürə bilərsiniz. Daim kodun sındırılma ehtimalı olur. Mən kod deyəndə, başqa mənada deyirəm, bəlkə də siz qəzetdə yazanda, kimsə "Instagram”, "Facebook” kimi kod olduğunu fikirləşə bilər. Amma deyim ki, onlar kiber təhlükəsizliyin çox cılız bir sahəsidir (Gülür). Çünki mənim də ətrafımda bir-iki nəfər var, deyir ki, "Instagram”, "Facebook” kodu sındıra bilirsən? Bunlar çox cılız şeylərdir. Amma tam təhlükəsiz sistem hələ yer üzündə aktiv şəkildə yoxdur. Yeganə təhlükəsiz sistem enerjidən ayrılmış və söndürülmüş kompüterdir. Qalan bütün sistemlər sındırıla bilər. Bu motivasiya və vaxtla əlaqəli şeydir, amma sonunda sındırılacaq.

- Kiber təhlükəsizlikdə hazırda sizin tutduğunuz mövqeyə, aldığınız sertifikatlara sahib olanlar hansı yaşlardadırlar?
- Mənim tutduğum vəzifəyə kadrlar 33-35 yaşında gəlməyə başlayırlar. Sertifikat cəhətdən yanaşsaq, mənim ətrafımda tanıdığım savadlı adamlar var ki, 45-50 yaşları var, amma o sertifikatların imtahanına girməyə belə risk etmirlər.
- Siz 24 yaşda bunu əldə etmisiniz. Bu nəyin nəticəsində olub?
- Həm sistemlilik, həm öyrənmək istəyi, həm də gərgin iş.
- Gün ərzində öyrənməyə əsasən nə vaxt zaman ayırırsınız?
- Demək olar ki, bircə yatanda öyrənmirəm. Hətta yemək yeyəndə belə nəyisə açıb oxuyuram, yeni bir şeylər öyrənməyə çalışıram.
- Sizə görə uğurun sirri nədir?
- Məncə, ilk olaraq gördüyünüz işi sevməlisiniz. Ətrafınızda düzgün, sizə dəstək olan insanların olmağı da önəmlidir. Bir də gərək, öyrənməkdən heç vaxt əl çəkməyəsən. Daim öyrənmə həvəsi olmalıdır. Məsələn, əgər səhər durub işə həvəslə gedirsinizsə, əsas olan budur. Yox əgər işə iş xatirinə, "ayın axırında maaş alacam” kimi düşünüb gedirsinizsə, bu o deməkdir ki, işinizə həvəsiniz yoxdur, motivasiya mənbəyiniz isə yalnız puldur.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər