• cümə, 29 Mart, 01:23
  • Baku Bakı 7°C

Facebook-da manyaklar var

20.09.13 10:11 2515
Facebook-da manyaklar var
“O, əvvəlcə Facebook səhifəmdə yerləşdirdiyim fotolarımı like edirdi. Sonra mənə dostluq təklifi göndərdi və yazdı ki, fotolarım çox xoşuna gəlir. Artıq müntəzəm yazışmağa başladıq. Nə gizlədim, Mançester şəhərindən olduğu üçün onunla tanışlıq məni də maraqlandırırdı. Leysi adlı 13 yaşlı qızı haqqında yazır, özünün qalereya sahibi olduğunu və arvadının ona xəyanət etdiyi üçün ayrıldığını deyirdi.
“Mən vəfalı bir qadınla ailə qurmaq istəyirəm” deyərək məndən xoşlandığını da yazırdı. Təxminən 2 aylıq yazışmadan sonra bildirdi ki, qalereya üçün mal gətirməkdən ötrü Afrikaya getməlidir, oradan da Bakıya gələcək ki, yaxından tanış olaq. İnandım və gəlişini gözlədim. Dediyi tarixə bircə gün qalmış zəng vurdu ki, qızı velosipeddən yıxılıb və hospitaldadır. Guya kredit kartları da həmin ölkədə işləmədiyi üçün çətin vəziyyətə düşüb. Xahiş edirdi ki, xəstəxanaya ödəmək üçün ona 300 dollar göndərim. “Bakıya gələndə qaytaracağam” deyə mesaj da yazdı. Mən onun fırıldaqçı olduğunu düşünüb, əlbəttə, pul göndərmədim. Sonra dostluğunda olan qadınlardan biri eyni variantla ondan da pul istədiyini yazınca, “mançestrli dostum”un fırıldaqçı olduğuna əmin oldum”. Bu hadisə tanışlarımdan birinin başına gəlib.
Bir neçə ay bundan əvvəl Rusiya polisi də sosial şəbəkələrdə qızlarla tanış olan, sonra isə saxta yollarla böyük məbləğdə pulları mənimsəyən fırıldaqçı alfonsu yaxalamışdı. Belə ki, uzun illər Primorski paytaxtında yaşayan 27 yaşlı Azərbaycan əsilli Amid Abdullayev müxtəlif adlarla (Teymur, Frank, Səid) tanışlıq saytlarında qeydiyyatdan keçib, yalandan yaşını artırıb, başqa geyimdə xaricdə çəkilmiş fotolarını əlavə edib. O, yaşı 35-dən 50-dək olan qadınlarla tanış olub, yazışma zamanı qadınların nə qədər maaş aldığını, sosial vəziyyətlərini müəyyən edib. Əgər qadın imkanlıdırsa, ona görüşməyi təklif edib. Zərərçəkənlər polisə ifadələrində bildiriblər ki, ilk görüşdə fırıldaqçı qadınlara gül, hədiyyə təqdim edib, kompliment deyib və onlara yaxşı qulluq edib. Hər görüşdə biznesinin inkişaf etdiyi, müntəzəm olaraq xaricə getdiyini, pulun hesabını heç aparmadığını xatırladıb. Bu məftunedici və uğurlu kişini dinləyən qadınlar ondan fırıldaqçı kimi şübhələnməyiblər. “Hətta qadınlar onunla görüşdən sonra pul qablarından pullarının, evlərindən isə qiymətli əşyalarının yoxa çıxdığını sezdikləri zaman məşuqlarından şübhələnməyiblər. Fırıldaqçı bir neçə ay ərzində təqribən 99 414 dollar toplaya bilib. Onunla bağlı 3 zərərçəkən ifadə versə də, polis bu sayın daha çox olduğunu üzə çıxarıb. İndi təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xoş sözə aldanmayın!
Göründüyü kimi, problem kifayət qədər böyük olmaqla bərabər, dünyanın bütün ölkələrində yaşanır. Qadın Krizis Mərkəzi də bugünlərdə “Facebook-da manyaklar çoxalıb” deyə həyəcan təbili çalaraq virtual dostluqdan daha çox qadınların ziyan çəkdiyi qənaətinə gəlib. Mərkəzin rəhbəri Mətanət Əzizova bizimlə söhbətində bu ilin əvvəlindən indiyədək onlarla qadının problemlə bağlı onlara müraciət etdiyini də bildirib: “Dələduzluq, zorakılıq, iş vəd edib aldatma, cinsi istismar, evlənmə vədləri, pulla bağlı dələduzluq və s. məsələlər hamısı sosial şəbəkələrdə baş verir. Ailədə baş verən münaqişələrə də sosial şəbəkələrin böyük təsiri var”. Mərkəz rəhbərinin fikrincə, qadınlar ailədə sevgi, nəvaziş görmədikdə və psixoloji zorakılığa məruz qaldıqda sosial şəbəkələrdə onlara kim xoş söz yazırsa, kimdənsə diqqət görürlərsə – onlara meyl edirlər. “İstər-istəməz bu cür qadını aldatmaq da asan olur. Aldatma yolunu tutan insanlar çox yaxşı psixoloq olurlar və qadınların psixoloji durumunu yaxşı bilirlər. Sosial şəbəkələr insanları qarmağa salmaqdan ötrü cinayətkar qruplar üçün rahat vasitədir. Orada insanın bütün psixoloji portreti aydın görünür. Ona görə də rahat şəkildə cinayətkar qurumların toruna düşə bilirlər. Məsələn, oğlan sosial şəbəkədə vəd verir ki, evlənəcəm. Bir müddət görüşürlər, münasibətləri dərinləşir və sonra oğlan qızdan imtina edir. Bu cür problemlə bağlı bizə çoxlu müraciətlər daxil olur. O cür qadınlar psixoloji yardıma ehtiyac duyurlar. Onların arasında ailəli, boşanmış, subay və s. qadınlar olur”. M.Əzizova tanış olmayan insanların dostluğunu qəbul edərkən ehtiyatlı olmağı tövsiyə edir: “Real həyatın yazılmayan qanunları olduğu kimi, virtual məkanın da öz qaydaları var. Bəzən adamlar fikirləşir ki, məni şəbəkədə heç kəs görmür və tanımır. Çünki virtual məkanda polis, yazılmış qanunlar yoxdur, adamı cəzalandıran da olmayacaq. Ona görə insanlar virtual məkandakı qırmızı xətti keçərək bəzən özlərinə böyük problemlər yaradırlar. Bəzən insanları öz yazışmalarına görə şantaj edirlər, pul söhbəti meydana çıxır. Bəzən tanımadıqları bir insanla ünsiyyətə girirlər və öz iç dünyalarını həmin adam üçün açırlar. Kim təminat verə bilər ki, sabah həmin məlumatlardan kimsə istifadə etməyəcək? Məsələn, biz küçədə tanımadığımız adamla ünsiyyət qurmuruq və şəxsi həyatımız barədə ona danışmırıq. Virtual həyatda da özümüzü bu cür qorumalıyıq. Kompyuterin arxasında oturan hər kəs hər şeyi doğru demir. Bəlkə orada kişi adı ilə hansısa bir qadın və ya qadın adı ilə hansısa bir kişi, ya da hansısa bir manyak oturub. Məsələn, Rusiyada pedefiliya böyük bir problemə çevrilib”. Mərkəz rəhbəri hesab edir ki, bizdə də sosial şəbəkələrdə təhlükəsizliyimizi təmin etmək məsələsi gündəmdə olmalıdır. Belə ki, təhlükəsizliyimiz öz əlimizdədir. “Yəni sabah bizi aldadıb hansısa bir ölkəyə aparıb satmasınlar. Təhsil vəd edib hansısa ölkəyə başqa məqsədlə aparmasınlar. Hansısa iş təklif edib sonra başqa ölkədə kölə kimi işlətməsinlər”.
Mərkəz araşdırmalarında üzə çıxarıb ki, sosial şəbəkələrin fəaliyyətindən yararlanan kriminal qruplar qadınları bu vasitə ilə insan alverinə cəlb etməyə çalışırlar. “Qadınlar arasında iş və evlilik adı ilə fahişəliyə cəlb edilmə təklifi alanlar da var”- deyən mərkəz rəhbəri Polşa vətəndaşı tərəfindən aldadılan azərbaycanlı qadının başına gələnlərin timsalında qadınları ehtiyatlı olmağa çağırır: «Azərbaycanlı qadın bir Polşa vətəndaşı ilə tanış olub. Həmin adam Polşadan Bakıya gələrək qadınla yaxından tanış olub və kiçik bir məclis düzəldərək evləniblər. Sonra kişi qadını özü ilə Polşaya aparıb. Bir neçə ildən sonra qadın tapılıb və məlum olub ki, kişi onu bardellərin birinə satıb və qadın orada fahişəliyə cəlb olunub. Heç bir sənədi olmadığından heç yerə də müraciət edə bilməyib. Polis reydlərindən sonra qadın ölkəyə qaytarılıb”. Mərkəz sədri əcnəbilərlə tanış olarkən Bakıdakı səfirliklərə müraciət edib onların haqqında məlumat əldə etməyin vacibliyini bildirir.
Ekspertlər həyati faktlardan çıxış edərək qadınları “Öz sevgini internetdə tapmaq mümkündürmü?” sualından daha çox “Bu oyunun qurbanı olmayacağam ki?, “Virtual macəralar necə sonuclanır?” sualları üzərində düşünməyə çağırır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər