• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

Əzizə Cəfərzadənin “vəsiyyəti”

06.02.17 13:15 9385
Əzizə Cəfərzadənin “vəsiyyəti”
Əzizə Cəfərzadə ilə tanışlığım gənclik illərimdə çox məşhur əsəri "Aləmdə səsim var” romanından başlamışdı. Məlum olduğu kimi xalq tərəfindən rəğbətlə qarşılanan bu əsər yazıçının həmyerlisi, görkəmli şair Seyid Əzim Şirvaninin həyatına həsr olunmuşdur. Romanda çoxlu və müxtəlif xarekterli obrazlar var. Amma mənim diqqətimi çəkən din xadimi Ağaseyidəli ağa obrazı idi. Bu əsərdə 1937-ci ildən sonra yazılan bədii əsərlər içərisində ilk dəfə idi ki, müsbət çalarla işlənmiş din xadiminin surətinə rast gəlirdim. Ağaseyidəli nurani bir obraz idi. Yazıçı onu belə təsvir edirdi: "Onun yaşı qırxı adlasa da, saqqalı və bığları ağarmağa başlamış, hətta qalın qaşlarına da təkəm bir dən düşmüşdü. Daima evdə çiynindən düşməyən ağ, nazik əbaya bürünmüşdü... Üzünün və əllərinin rəngi təzə süd kimi ağ, zərif idi. Ömründə qələmdən və Qurandan başqa bir ağırlıq görməyən əllərinin uzun barmaqları və tərtəmiz vurulmuş, hamar, şirmayı kimi dırnaqları vardı. İri cüssəli deyildi, indidən hələ yarı yaşına çatmamış, elə bil qəddi əyilmiş, oturduğu yerdə sinəsi çökmüş, mütəkkələrə, yaslandığı nazbalışlara qarışmış bir yığın ağ ipəyə bənzəyirdi... Dərin, daxili bir ədəbə malik idi. Gördüyü zəngin dini təhsil onda qəribə bir dünyabaxışı yaratmışdı. Yüksək, pak bir mənəviyyata malik adam idi, hələ heç bir yetimə, dula qəyyum durmamış, heç kəsə siğə eləməmiş, birisinin malında gözü olduğunu deyən olmamışdı”. Mən 1937-ci ildən sonra yazılmış, Azərbaycan sovet ədəbiyyatı adlanan bədii ədəbiyyat nümunələrində din xadiminə belə isti münasibət və məhəbbət görməmişdim. Bütün əsər boyu Ağaseyidəli obrazı haqqın müdafiəçisi, Seyid Əzim Şirvanini hücumlardan və təqiblərdən qoruyan bir obraz kimi verilir. Yazıçının qələmindən çıxan bu obraz elmin və maarifin təəssübkeşi, ədalətin təmsilçisidir. Unutmaq olmaz ki, bu roman məscidlərin bağlandığı, ölkənin bütün ali məktəblərində elmi ateizm fəninin aparıcı siyasi dərslərdən biri olduğu dövrdə yazılmışdı. O, zaman ateizmi təbliğ etmək ədəbiyyatın da qarşısında bir vəzifə kimi qoyulmuşdu. Əzizə xanım bunu yaxşı bilirdi, amma yazıçı kimi haqqın və düşündüyünün əleyhinə getmək onun əqidəsinə və qələminə yad idi.
Roman el adətləri, xalq zarafatları ilə, məzəli əhvalatlarla da zəngindir. Ümumiyyətlə bu əsərin ekspozisiyasının eksponatları sözlə bəzədilmiş etnoqrafiya muzeyidir. Cin Cavad, Sərçə Bağır obrazları, arvadların satıl döyüşü, qızların Novruz falı əhvalatları, kitabın "Qaravəllidə”, "Müsəlla” fəsilləri bir çox adətlərimizin gömülməsinin qarşısını almış, oxuculara estetik zövq verməklə yanaşı alimlərimiz üçün zəngin tarixi mənbədir.
Roman dilçi alimlər üçün də xəzinədir. Burada istədiyin qədər itmək təhlükəsi qarşısında qalan sözə, məsəllərə rast gəlmək olar. Amma yazıçı onları elə yerində işlədir ki, bu sözlər arxaiklikdən çıxırlar. Daha lüğətə ehtiyac duyulmur. Bir-iki cümlədə işlədilən sözlərin zənginliyinə baxın: "Sonanın incə, gözəl üzü, qızılgül yarpağı kimi zərif dodaqları və yanaqları boyasız idi. Qulaqlarına taxdığı piyalə sırğalar birçəklərinin altından çiyinlərinə dəyirdi. Əlvan yun şətəl geydiyi balaca ayaqları uzun darayı tumanın altından güclə görünürdü. Qanovuz köynəyinin üstündən geydiyi kimxa arxalığının yaxasını qarmalamış, üstündən ensiz kəmər bağlamışdı. Arxalığın yaxasına göyərçin yumurtası boyda düymələr tikilmiş, boynuna kəlbəndi, silsilə taxmış, bənarə örpəyinin üstündən çətirli alnına gülpərək vurmuşdu”. On doqquzuncu əsrin sözləri ilə on doqquzuncu əsrin gözəli iyirminci əsrdə elə təsvir olunmuşdur ki, rəssamın bu obrazı çəkmək üçün əlavə material axtarmasına ehtiyac yoxdur. Romanda belə sözlər az deyil. Müəllif plan sözü əvəzinə nəqşə, jurnal stolu əvəzinə rəhil, kassir əvəzinə daxildar, kran əvəzinə qurna sözlərini yerində işlədir.
Zərb məsəllərə, ibrətamiz cümlələrə bax: "İyrənc yolla alınan zövq insanı xoşhal etməz”, "Allah lüt adamı paltar yumaq dərdindən qurtarıb”, "Oğlun olsa adını qoy Nəzərəli, xeyri olmasa nə zərəri”...
Bu misallar xalq içərisindən çıxmış Əzizə xanımın xalq həyatına sədaqətinin timsalıdır.
Əzizə xanımla mənim ilk şəxsi ünsiyyətim isə Azərbaycan Teatr Cəmiyyətində işlədiyim vaxt başlamışdır. 1981-ci ildən Teatr Cəmiyyətində bədii rəhbər vəzifəsində çalışırdım. Əvvəllər mənim işlədiyim böyük redaktor vəzifəsində Əzizə xanımın qızı Kəmalə Cəfərzadə işləyirdi. Mən həmin vəzifədə çalışarkən "Unudulmaz səhnə ustaları” adlı bir kitab tərtib etmişdim. Kitabda o dövrdə unudulmaqda olan, amma vaxtilə müəyyən xidmətləri olan aktyorlar haqqında məqalələr toplanmışdı. Kitabın çapdan çıxması ilə bağlı Azərbaycan Dövlət Televiziyasında veriliş hazırlanmışdı. Verilişin redaktoru öz təmənnasızlığına görə rəhmətlə xatırlanan Həqiqət xanım Rzayeva idi. Verilişin səhəri günü Kəmalə xanımgilin otağında idik. Telefon zənginə cavab verən Kəmalə xanım birdən kiminləsə bir xeyli danışaraq gülərək mənə tərəf döndü:
- Səni telefona çağırırlar.
Görünür dəstəyin o tərəfində olan şəxs Kəmalənin məni hansı formada çağırdığını eşitmişdi. Ona görə də salamla birlikdə, zərif gülüşlə özünü də təqdim etdi:
- Salam, Əzizə Cəfərzadədir.
"Salam, Əzizə xanım” cavabımdan sonra özümü itirən kimi oldum. Söhbətə özü başladı, kitab haqqında qeydlərini bildirdikdən sonra mənə tez-tez televiziyada çıxış etməyi məsləhət bildi.
O vaxtdan sonra Əzizə xanım Aktyor evində keçirilən tədbirlərə gələndə ayaqüstü mənimlə də söhbət edirdi. O dövrdə tanınmış yazıçı və alim, pedaqoq və ictimai xadim idi. Azərbaycan Qadınlar Cəmiyyətinin də sədri olduğu üçün hamı onunla hal-əhval tutmağa çalışdığından geniş söhbət etməyə imkan yoxdu.
İş elə gətirdi ki, 1987-ci ildən mən "Ədəbiyyat və incəsənət ” qəzetinə müxbir vəzifəsinə keçirildim. Əvvəllər teatr bölməsi mənə həvalə olunmuşdu. Lakin qəzet 1990-ci ildən "Ədəbiyyat qəzeti” adlanmağa başladı. Bir qədər sonra isə mənə məsul katib vəzifəsinə keçirdilər. Qəzetin ənənəsinə uyğun olaraq bir sıra tanınmış yazıçılarla əlaqə saxlamaq mənim öhdəmə düşürdü. Onların sırasında Azərbaycan xalqının böyük ehtiram bəslədiyi İlyas Əfəndiyev, Nəbi Xəzri, Qılman İlkin, Qabil, Hüseyn Kürdoğlu və başqaları vardı. Tanınmış qadın yazıçılarından isə ən çox rəhmətliklər Əzizə Cəfərzadə, Əzizə Əhmədova və Qumral Sadıqzadə ilə əlaqə saxlayırdım. Ən maraqlısı isə o idi ki, bu son üç yazıçı mənim həyatda az görüşdüyüm xanımlar idi. Onlarla əlaqələrim əsas etibarı ilə telefon vasitəsi ilə olurdu. Bəzən bir hekayəni yaxud məqaləni telefonda dinləməli olurdum. Redaksiyada yazını nəşrə hazırlamaq isə mənim öhdəmə düşürdü. Bu zaman müəyyən fikir ayrılığı ortaya çıxdıqda, böyük ixtisarlara ehtiyac duyulduqda, hansısa anlaşılmazlıq olduqda mütləq Əzizə xanıma zəng edir, ümumi razılığa gəlirdik. Yüksək elmi təfəkkürə, sanballı bədii əsərlərin müəllifi olmasına baxmayaraq məni diqqətlə dinləyər, haqlı olmadığım anlarda təmkinlə, səsini qaldırmadan mənə fikrini izah etməyə çalışar, həmin mövzunu tam mənimsədiyimə əmin olduqdan sonra başqa mövzuya keçirdi. Bəlkə bu da onun pedaqoji təcrübəsindən irəli gəlirdi.
Əzizə xanımla telefon danışıqları vaxtı bəzən söhbət məcrasından çıxar o, uşaqlıq, gənclik illərindən bəzi xatirələri yada salardı. O əhvalatların bir çoxunu bu gün xatırlamıram, amma onlardan xatirəmə həkk olunanları da var. Əzizə xanımın ən çox misal çəkdiyi, yada saldığı insan anası idi. Söhbətlərindən məlum olurdu ki, anası musiqini, poeziyanı sevən bir insan olmuş, onda ədəbiyyata ilk məhəbbəti oyatmışdır. Bir dəfə musiqi mətnlərindən söhbət düşmüşdü. Əzizə xanımla bu işin nə qədər əhəmiyyətli olduğunu müzakirə edirdik. Söhbət əsnasında dedi:
- Anam həmişə mənə deyərdi ki, sənin fikrin sözlərin yanında qalır, ona görə də musiqini dinləmirsən.
Bəzən o, həyatının ən ağrılı-acılı məqamlarını yada salırdı. Bir dəfə söhbət 37-ci il hadisələrindən düşdü. Əzizə xanım həmin illərdə evlərində olan ərəb əlifbası ilə olan kitabları kisəyə yığıb çayda basdırmalarından söhbət açdı. Təhlükə ötüşdükdən sonra, kitablar tapılıb çıxarılarkən neçəsinin korlandığını təəssüflə, ürək ağrısı ilə xatırladı. Amma bir dəfə də olsun mən onun mal-dövlətini, yaxud vəzifəsini itirdiyi üçün təəssüf etdiyini xatırlaya bilmirəm. Halbuki, onun həyatında belə hallar da az olmayıb.
Hələ gənc yaşlarında Əzizə xanımı Teatr Texnikumuna müdir təyin etmişdilər. Söhbətlərimizdə Əzizə xanım həmin illəri yada salırdı. Bir dəfə baş vermiş hadisələrdən söhbət açdı. Gənclik illərində (o zaman yazıçının cəmi 26 yaşı vardı.) Əzizə xanım zərif, bəstəboy olduğundan çox zaman tələbələrdən seçilmirdi. Həm də kabinet adamı olmadığından tələbələrlə qaynayıb-qarışırdı. Hətta bir dəfə, tələbə sanıb ondan direktorun hansı otaqda oturduğunu soruşmuşlar. Direktorun otağını onlara nişan verən Əzizə xanım, çevik tərpənərək arxa qapıdan kabinetinə daxil olmuşdur. Gələn qonaqlar stol arxasında oturan bu qızın bayaqkı "tələbə” olduğunu görüb ondan direktora şikayət edəcəklərini bildiriblər. Əzizə xanım bu əhvalatı gülə-gülə, məzə ilə danışardı. Amma direktorluqdan sonra ona vəzifə vermədikləri üçün təəssüf etmədi. Əslində, düz də etdi. Bəlkə də vəzifə onun vaxtını alar, cild-cild kitabları, elmi əsərləri ilə ədəbiyyatımızı bu qədər zənginləşdirə bilməzdi. Ümumiyyətlə Əzizə xanım məhsuldar işləyirdi. Xüsusən də, ömrünün son illərində. Həmin dövrdə o, "Eldən-elə” (1992), "Gülüstandan öncə” (1996), "Zərrintac Tahirə” (1996), "Bir səsin faciəsi” (1997), "İşığa doğru” (1998), "Bəla” (1999), "Rübabə-Sultanım” (2000), "Xəzərin göz yaşları” (2002), "Eşq sultanı” (2003) kimi bu gün tədqiqatını gözləyən əsərlərini yazmışdı. Onun elmi yazılarını, pedaqoji fəaliyyətini də nəzərə alsaq, bu dövrü böyük sənətkarın ən məhsuldar yaradıcılıq dövrü kimi dəyərləndirmək olar. Onun belə məhsuldar işlədiyi günlərin birində telefonda danışırdıq. – Tələsirəm, qorxuram çatdıra bilməyim – dedi. Sonra əlavə etdi. Bəzən yazmağa elə aludə oluram ki, başımı qaldıranda kiminsə önümdə dayandığını görürəm. Gələn adam da məni işdən ayırmasın deyə sakitcə ayaq üstə dayanıb başımı qaldırmağı gözləyir. Gələnlərin yanında xəcalətli oluram.
Bəli, o, başını qaldırmağa macal tapmadan işləyirdi. Bununla yanaşı Əzizə xanımın evinin qapısı hamının üzünə açıq idi, xüsusən yazıçıların. O, bildiklərini öyrətmək, nəsillərə ötürmək istəyirdi. "Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü idi. Bir dəfə telefon söhbətlərimizin birində mənə dedi ki, bir iradını bildirdi. – Əvvəllər bəzi yazılar redaksiya heyətinin üzvlərinə rəyə göndərilirdi. Ehtiyac duyulduqda yazıdakı qusurlar aradan qaldırılır, lazım gəldikdə müəlliflər yenidən yazıları üzərində işləyirdi. Amma bu ənənə unudulub. Yazı çap olunandan sonra deyilən fikirlər qəzetin də, müəllifin də ziyanına olur. - Əzizə xanım haqlı idi. Sonra o, yanına gələn gənc yazıçılara məsləhətlərindən söhbət açdı. Nigarançılıqla dedi ki, bilmirəm onlar məndən narazıdır, yoxsa yox. Amma məcburam ki, sözün düzünü deyim. O andaca yazıçı Vaqif Sultanlıdan söhbət açdı. Onun istedadı və şəxsiyyəti haqqında xeyli xoş söz söylədi. – Mənimlə məsləhətləşir, amma iradlarımı deyəndə hərdən çəkinirəm ki, birdən ürəyində məndən inciyər. Ümumiyyətlə, Əzizə xanım gənclərin yaradıcılığı üçün narahatlıq keçirirdi.
Təxminən 90-cı illərin ortaları idi. Sovet dövrü ilə müqayisədə kitabların tirajı kəskin şəkildə azalmışdı. Əzizə xanım nigarançılıqla soruşdu:
—Görəsən, bizi gələcəkdə oxuyacaqlarmı?
Sizin və Xanımana Əlibəylinin bütün yazdıqları həmişə oxunacaq. Çünki siz tarixi mövzulardan yazmışsınız, Xanımana xanım isə uşaq yazıçısıdır. Dövrün konyunkturasına uymamızsınız. İstədiyiniz həqiqəti deməyə əlinizdə imkan olub. Hər ikinizin əsərlərinin bədiiliyinə isə söz ola bilməz.
Bir qədər fikrə getdi. Sonra isə onun əsərləri barədə söhbət etdik.
O, əsərlərində xalqa real həqiqətləri çatdırmaq istəyirdi. Həqiqəti gördümü deməyə çalışırdı. Yadımdadır, bir dəfə 1937-ci il mövzusunda söhbət düşəndə dedi:
- Mən bir həqiqəti müəyyən etmişəm. 30-cu illərin sonunda İran vətəndaşları olan soydaşlarımızı niyə Respublikadan çıxarıblar. Çünki onların arasında İrana NKVD casusları göndərmək lazım idi. Bu haqda əsər yazıram.
Əzizə xanımı hələ sağlığında bütün xalq sevirdi. Vəfatından bir neçə il əvvəl indiki Şabran rayonunda yaşayan şair Malik həkim onu yaşadığı Pirəbədil kəndinə qonaq çağırmışdı. Kənd camaatının istəyi ilə dədə-baba bağında yazıçı ilə görüş keçiriləcəkdi. Əzizə xanım bunu mənə dedikdə həmin görüşdə iştirak etmək qərarına gəldim. Düşündüm ki, yazıçı orada özünü tənha duymaz. Görüş ərəfəsində ən yaxınlarımdan biri rəhmətə getdi. Görüş mərhumun üç mərasimi ilə eyni vaxta təsadüf edirdi. Yaxşı ki, görüş səhər çağı idi. Məzara ziyarətinə kimi Sumqayıta çatmalı idim. Ən azından görüş keçirilən kənddə görünmək, Əzizə xanımın yazıçı kimi böyüklüyünü, qələm dostları tərəfindən sevildiyini nümayiş etdirmək istəyirdim. Amma Pirəbədilə çatanda Quba-Qusar zonasından onlarla qələm dostumu orada gördüm. Onlar haradansa bu görüş haqqında xəbər tutub orada iştirak etməyi özlərinə borc bilmişdilər. ...Əzizə xanımın nəsihətamiz sözləri çoxdur. Amma onlardan biri həmişə mənim yadımdadır. "Pis şeyə, təqlidə, təğiyyəyə, əsarətə adət etmək yamandır”. Seyid Əzimin dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin nəsillərə vəsiyyətidir.
Atababa İSMAYILOĞLU
banner

Oxşar Xəbərlər