“Əziz Əliyev dövlət xadimi kimi” mövzusunda tematik dərs keçirilib
Azərbaycan Dillər
Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti Şəlalə Bağırovanın tədris
etdiyi Azərbaycan tarixi fənnindən "Əziz Əliyev dövlət xadimi kimi” mövzusunda
tematik dərs keçirilib. Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin
101 a və 101 b qrup tələbələrinin iştirak etdiyi dərsdə Ş.Bağırova Azərbaycanın
görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin
siyasi fəaliyyəti, Cənubi Azərbaycanda gördüyü işlər, azərbaycanlılar arasında
millətçilik ruhunun yüksəlməsi, ana dilinin qorunub saxlanılmasından danışıb. Əziz
Əliyevin fəaliyyəti zamanı Cənubi Azərbaycanın Şimalla birləşdirilməsi
ehtimalının daha yüksək olduğunu qeyd edən Ş.Bağırova Sovetlər Birliyinin
çirkin siyasəti nəticəsində İrandan sovet qoşunlarının çıxarılması ilə əlaqədar
Əziz Əliyevin öz silahdaşları ilə birlikdə geri qayıtmalı olduğunu deyib. O, Əziz
Əliyevin qayıtdıqdan sonra Dağıstanda Vilayət Partiya Komitəsinin sədri təyin
olunduğunu diqqətə çatdıraraq göstərdiyi xidmətlərdən söz açıb.
Tələbələrdən Aytac
İsmayılzadə Əziz Əliyevin həyatı, Təranə Məmmədzadə həkimlik fəaliyyəti, Natiqə
Eyvazova dövlət xadimi kimi gördüyü işlər və repressiya dövrü haqqında məlumat
veriblər.
Tematik dərs tələbələri
maraqlandıran sualların cavablandırılması ilə davam edib.