• çərşənbə axşamı, 19 mart, 09:32
  • Baku Bakı 8°C

Əziyyəti sevən gənc - Debüt

05.02.17 09:00 4036
Əziyyəti sevən gənc - Debüt

"Debüt” rubrikamızın qonağı "Cehizsiz gəlinlər” serialında əsas obrazlarından birini canlandıran Tural Qandır. Turalın soyadı Ələkbərov olsa da, onu hər kəs Tural Qan kimi tanıyır. Deyir ki, "Qan” təxəllüsünü "Dədə Qorqud” dastanından götürüb. Dastandakı qəhrəmanın adı Qantural olsa da, Azərbaycan mətbuatında Qantural adlı yazar olduğu üçün o, sözün kökünü götürməli olub. Bu ləqəblə tanıyıb deyə, onu dəyişmək fikrindən daşınıb.
Müsahibim 1992-ci ildə İmişli rayonunda doğulub. Orta təhsilini də məhz orada alıb. Deyir ki, 7 yaşından dram dərnəyində tamaşalarda oynamağa başlayıb. İmişli rayonunda yerləşən Mədəniyyət evində dram dərnəyində çalışıb. Belə ki, həmin dərnəkdə hazırlanan tamaşalarda baş rolların ifaçısı olub.
- Tural bəy, ailənizdə incəsənətlə məşğul olan varmı?
- Nəinki ailəmizdə, heç nəslimizdə belə incəsənət sahəsində çalışan tanışımız olmayıb. Bu sahədə mən ilk idim.
- Belə olan halda, yəqin ki, qınaq obyektinə də çevrilmisiniz?
- Bu günə qədər hər kəsi dinləyib, ancaq yenə də öz bildiyimi etmişəm. Ona görə də, ola bilsin ki, nə zamansa məni qınayıblar, ancaq eşitməmişəm. Uşaqlıqdan rejissor olmaq istəmişəm. Düzdür, bu fikrimi biləndə valideynlərim məni heç də dəstəkləmədilər. Ancaq onu da deyim ki, heç qarşı da çıxmadılar. Dedilər ki, öz həyatındır, necə istəyirsən, o cür də yaşa.
- Bəs, incəsənətə olan maraq necə yarandı?
- Uşaq yaşlarımdan kinolara baxmağı sevirəm. 6 yaşım olanda bibim məni tədbirlərin birinə şeir deməyə aparmışdı. Daha sonra dram dərnəklərinə davamlı olaraq getməyə başladım. Nədənsə, bir müddətdən sonra tamam fikrimi dəyişmişdim, başqa ixtisas üzrə təhsil almaq niyyətində idim. 10-cu sinifdə oxuyarkən isə qəti qərara gəldim ki, mütləq şəkildə bu sahə üzrə təhsilimi davam etdirəcəyəm.
- Və siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldunuz.
- Elədir. İstəyimə nail olmuşdum. İncəsənət Universitetində Ağakişi Kazımovun kursunda "dram rejissorluğu” ixtisasına qəbul olundum. Diplom tamaşamı Bakı Uşaq Teatrında hazırladım və həmin tamaşa 2 ildən çox teatrın repertuarında oynanıldı.
- Diplom tamaşasından sonra Bakı Uşaq Teatrında çalışmağa qərar verdiniz?
- Xeyr. Bir ara sənətə qarşı məndə çarəsizlik yaranmışdı. Heç bir şey edə bilmirdim. Düşünürdüm ki, istedadım batıb gedəcək. Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltana mesaj yazmışdım. 2 ay sonra o məni teatra dəvət etdi və sınaq üçün işə götürdü. 1 ay sonra aktyor kimi ştata düşdüm. 2 mövsüm orda işlədim.
- Siz rejissorluq ixtisasını bitirib, aktyor fəaliyyət göstərirsiniz...
- Çünki mən özümü rejissorluğa tam hazır hiss etmirəm. Elə hesab edirəm ki, rejissor olmaq üçün müəyyən bir vaxt keçməlidir və sözünü demək üçün müəyyən təcrübə yığmalıyam. Rejissor ilk növbədə yaxşı aktyor olmalıdır. Ondan sonra məncə, rejissor kimi fəaliyyət göstərməlidir. Özümü rejissor kimi hazırlamalıyam. Ancaq hazırda planlarım başqadır.
- Bəs, planlarınıza nələr daxildir?
- Gələcəkdə öz kinomu çəkmək istəyirəm. Bunun üçün də özümü yetişdirməliyəm.
- Necə bir kino?
- Psixoloji bir film. Təbii aktyor oyunlarından ibarət maraqlı bir film çəkəcəm.
- Gələcəyinizi aktyor, yoxsa rejissor kimi görürsünüz?
- İmkanım olsaydı heç vaxt bu işlərlə məşğul olmazdım. Hərdən valideynlərimi qınayıram ki, kaş məni məcbur edərdilər ki, başqa bir işlə məşğul olum. Yəni rahat bir işə yönəldərdilər.
- Axı səhnəni, efiri görən insan ondan əl çəkmək istəməz. Sizin belə düşünməniz bir qədər təəccüblüdür.
- Şükürlər olsun ki, simam az da olsa tanınır. Belə ki, məni şəhərdə görəndə yaxınlaşırlar, şəkil çəkdirmək istəyirlər. Sosial şəbəkələrdə həddən artıq maraqlananlar var. Sağ olsunlar. Mən bunu elə də böyük bir uğur hesab etmirəm. Düzdür, baxımlı serialların birində əsas rolu oynayıram. Bu mənim peşəkar səhnədə ilk işimdir. Elə adam var ki, epizodik rollar oynaya-oynaya istədiyi səviyyəyə qalxır. Ancaq mənim ilk işim birbaşa olaraq baş rol oldu. Mənə bu rolu verən insanlara təşəkkürümü bildirirəm. Çünki onlar mənə inandılar.
- Elşən obrazına necə alışa bildiniz?
- Elşən obrazına görə məni çox qınayırlar.
- Niyə?
- Həyatdır. Serialda Elşənin başına gələn hadisələr hamının başına gələ bilər. Dörd bacının bir qardaşı olmaq asan deyil. Bəzən sosial şəbəkələrdə müzakirələr edirlər və bacıların başına gələnlərdə çox zaman məni günahkar hesab edirlər. Deyirlər Elşən hara baxır ki, bacıları bu işlərlə məşğuldur. Heç kəs həyatda heç nədən sığortalanmayıb. Elşən çarəsizdir. Həyatda bəzən insanlar çıxış yolu axtara bilmirlər. "Cehizsiz gəlinlər” serialında əsas qəhrəmanların mövcud olduğu ailə hazırda sıxıntı ərəfəsindədir. Serialın sonların yaxın yəqin ki, biz xoşbəxtliyimizi tapacağıq.
Mən bir aktyor olaraq bu obraza da çətinliklər daxil oluram. Belə ki, çox zaman çəkilişlərdən sonra özümə qayıda bilmirəm. Bəlkə də peşəkar aktyor olmadığım üçün texnika ilə oynaya bilmirəm. Məcbur olub hər şeyi ürəyimə salıram. Elə olur ki, oynadığım səhnələr bitdikdən sonra məni bir neçə saat özümə gətirə bilməyiblər. Bəzən görürəm ki, Elşən obrazından çıxa bilməmişəm. Alınmır, Tural olaraq geriyə qayıda bilmirəm. Serialda obraza elə girirəm ki, geriyə qayıdanda çətinlik çəkirəm. Əslində, rejissorumuz Rüfət Şahbazov məni məhz buna görə bu rola dəvət edib.
- Necə yəni?
- Kastinqə gedəndə orada mənə təklif olunan vəziyyəti izah etdilər. Dedilər ki, təsəvvür et ki, atan ölüb və sən ağlamalısan. Mən həmin obrazı yaratmaq üçün o anı yaşadım sanki. Ondan sonra məni seriala təsdiqlədilər. Yeni bir obraz idim, heç bir yerdə simam tanınmırdı. Baş rollardan birini mənə vermək rejissor üçün böyük bir risk idi. İndi isə bacardığım qədər bu rolun öhdəsindən gəlməyə çalışıram.
- Dünya gözəllik konqresində də çalışırsınız?
- Elədir. Ölkəmizdə keçirilən dünya gözəllik konqresinin layihələrində çalışıram. Son illər isə yarışmalara prodüserlik edirəm. Yarışmanın Azərbaycan üzrə nümayəndələrindən biriyəm. Əziyyəti sevən insanam. İndiyə qədər harada çalışmışamsa, o işin ən yaxşısını etməyə çalışmışam və həmin işdə yüksəlmişəm. Həyatımda heç vaxt enişim olmayıb. Orda da işə adi qapıçı kimi başlayıb, layihələrin prodüserinə qədər yüksəlmişəm. İndi orda fərdi təşkilatçılıq edirəm.
- Gələcəyə doğru planlarınız nələrdən ibarətdir?
- Bu, çox çətin sualdır. Əslində o qədər də böyük hədəfim yoxdur. Pul toplayıb ev almaq istəyirəm. Şöhrətə o qədər də həvəsim yoxdur. Özümü 20 ildən sonra haradasa təsəvvür edə bilmirəm.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər