• cümə, 29 Mart, 19:18
  • Baku Bakı 14°C

Əzablara meydan oxuyan zəriflik

29.11.16 14:44 3083
Əzablara meydan oxuyan zəriflik
İllərdir ki, əlimdə qələm saysız-hesabsız məqalələr yazmışam, adətən sərlövhəni son anda düşünmüşəm, amma bu dəfə tərsinə oldu. Çünki onun barəsində həmişə bir fikir ürəyimi odlayıb: əzablara meydan oxuyan zəriflik. Gözəl, çox gözəl xanım idi. Daxili zənginliyi, zahiri cazibəsi və fırçasının yaratdığı əsrarəngizlik bir-birini tamamlayırdı.
Dərdlər yara bağladı onun içində…
Məni onunla ilk dəfə xalq yazıçısı, çox sevdiyim, müəllimim Əzizə Cəfərzadə tanış edib. Azərbaycanın ilk qadın rəssamlarından biri olan Güllü Mustafayevanın incəsənətimizdə böyük xidmətləri var. Sərgilərində olmuşdum. Portretləri diqqətimi çəkmişdi: "Məhsəti Gəncəvi”, "Mərziyyə Davudova”,” Bəsti Bağırova”, "Ümnisə Musabəyova”, "Ceyran Bayramova”, "Şəfiqə Axundova”, "Səttar Bəhlulzadə”, " Abdulla Şaiq”, "Süleyman Rəhimov” və digərləri. Yaradıcılığında uşaq portretləri çoxluq təşkil edirdi. Uşaq dünyasının paklığını, sevincini, səmimiliyini onlara həsr etdiyi əsərlərində elə təbii, dolğun və mükəmməl yarada bilirdi ki, saatlarla nəzərlərini bu portretlərdən ayıra bilməzdin. Bir dəfə Əzizə xanıma dedim ki, Güllü Mustafayeva çox xoşbəxt qadındır. Bütün gözəlliklər onun ünvanını tanıyır. Əslində mən onun əsərlərinin və bir insan kimi gözəlliyinin qarşısında vəcdə gələrək vurğunluğumu dilə gətirmişdim. Əzizə xanımın da onu çox sevdiyini bilirdim. Gözlənilməz cavabı ürəyimi sıxdı: " Güllüciyəzimin ( Əzizə Cəfərzadə Güllü Mustafayevanı həmişə belə əzizləyərdi-F. X. ) keşməkeşli həyatı nə romana sığar, nə də kino-filmlərə. Dərdlər yara bağladı onun içində…” Əsil həqiqətləri isə çox sonralar öyrəndim. O zaman ki, artıq bu dünyada nə Əzizə xanım vardı, nə də xalq rəssamı Güllü Müstafayeva.
Özümü dünyanın şahzadəsi sanırdım
Güllü xanımın atası Hacı Naim Mustafa Şamaxının tanınmış, xeyirxah, insanlara əl tutan, mərd kişilərindən biri və Mirzə Ələkbər Sabirin yaxın qohumlarından olub. Həyat yoldaşı Nabat xanım da Seyid Əzim Şirvaninin nəslindəndir. 1902-ci ildə Şamaxıda baş verən məlum dəhşətli zəlzələ nəticəsində bir çox soydaşlarımız kimi Hacı Naimin də ailəsi öz dogma yurdlarını tərk etmək məcburiyyətində qalıb. Türkmənistana köçüblər. Hacı Naim Mustafanın Türkmənistanda da böyük nüfuzu və hörməti olub. Maarifpərvərliyi burada da ona rəğbət yaradıb. Türkmənistanda qızlar üçün məktəb açıb. Üzeyir Hacıbəylinin operettalarının tamaşaya qoyulmasında yardımçı olub. Ümumiyyətlə, Azərbaycandan Türkmənistana kim getsəydi, mütləq Hacı Naimlə görüşər, onun məsləhətlərilə hərəkət edərdi. 8 övladı olub: 5 qız, 3 oğlan. Güllü xanımın qızı, musiqişünas Zemfira Qafarova danışır ki, babam qızlar böyüyəndən sonra kiminlə ailə quracaqları barədə fikirləşib və "yox, mənim kürəkənlərim mütləq öz millətimdən olmalıdır” düşüncəsiylə Bakıya- İçərişəhərə köçüb. O zaman artıq Güllünün 7 yaşı vardı. İlk təhsilini Bakıda alan Güllü Mustafayeva 1934-cü ildə rəssamlıq məktəbinə (indi Əzim Əzimzadənin adını daşıyır) daxil olub. Tale kitabının yeni səhifələri də məhz elə o gündən yazılıb. Həmin məktəbin IV kursunda oxuyan Həsən Haqverdiyev adlı tələbə ( gələcəyin böyük rəssamı və başı bəlalı insanı-F. X. ) Güllüyə aşiq olub. Qarşılıqlı məhəbbət 1938-ci ildə izdivacla nəticələnib. Bir il sonra ilk övladları Əli dünyaya gəlib. 1940-cı ildə Həsən Haqverdiyev hərbi xidmətə çağırılıb. Güllü xanımgil İçəri şəhərdə, balaca bir evdə yaşayırdı. Xatirələrindən bəlli olur ki, nə dolanışığın çətinliyi, nə darısqal mənzil onu sıxmırmış: "Əksinə özümü dünyanın şahzadəsi sanırdım. Həsən üzdə olan rəssamlardan idi. Əlinin varlığı mənim üçün həyat demək idi”.

Nümunəvi xidmətinə görə, Həsən Haqverdiyevə bir həftəlik məzuniyyət veriblər. Geriyə qayıtmaq vaxtın çatanda ona deyiblər ki, getmə, sən burda daha çox lazımsan. Yazıçı Mirzə İbrahimov daha çox təkid edib. Deyib ki, mən danışıb, səni saxlatdıra bilərəm, fırçana ehtiyacımız var. Həsən söyləyib ki, komandirimə söz vermişəm, mütləq hərbi hissəyə qayıtmalıyam. Əzizləri onu böyük ümidlərlə yola salıblar. II Dünya müharibəsi başlayıb. Ağır döyüşlərin birində Həsən alman faşistlərinə əsir düşüb. Vətənə dönən yollar labirintlərdən keçib. Tale onu Məhəmməd Əmin Rəsulzadə ilə rastlaşdırıb. Berlində onun buraxdığı "Azərbaycan” qəzetində bədii tərtibatçı kimi çalışıb. Hətta M. Ə. Rəsulzadənin xahişi ilə Nizami Gəncəvinin portretini də işləyib.

Qismətdə Vətənə qayıdış varmış. Onu evdə artıq iki körpə gözləyirdi: oğlu Əli və hələ də üzünü görmədiyi qızı Zemfira… Təəssüf ki, atanın qayıdışı ailəyə sevinc yox, ağır, çəkiləsi mümkün olmayan dərdlər gətirib. Rəssamlığın müxtəlif janrlarında gözəl əsərlər yaradan, vətənini, millətini canından artıq sevən Həsən Haqverdiyevi "xalq düşməni” damğası ilə həbs edərək, Sibirə sürgün ediblər. Ailənin qara günləri başlayıb. Güllü Mustafayevanın üzləşdiyi haqsızlıqlar, çətinliklər, çəkdiyi mənəvi və maddi zillətlər canını xəstə salsa da inadından, sənətindən dönməyib. Balalarının dolanışığını yaxşılaşdırmaq üçün fədakarlıq göstərib. Əzablara qatlaşaraq bir-birindən gözəl əsərlər yaradıb. "Xalq düşməni” nin arvadı olması bütün həyatını cəhənnəmə çevirsə də o, Həsənə inanırdı və hələ də ümidlə ərinin yolunu gözləyirdi. Amma üzləşdiyi basqılar onu çox üzürdü, ona iş vermirdilər. Nəhayət 1947-ci ildə çəkdiyi "Məhsəti Gəncəvi” portreti çox bəyənilir və alınır. Əsərinə görə ona verilən qonorarla Güllü Müstafayeva Sibirə- Həsən Haqverdiyevlə görüşə gedib.
Həyat yoldaşının vəziyyətindən, ona olan təzyiqlərdən xəbərdar olan Həsən Güllüyə tapşırıb ki, Bakıya qayıdan kimi məndən boşan, yoxsa rahatlığın olmayacaq. Uşaqların bütün qayğılarını qarşılamaq üçün Güllünün başqa yolu yox idi. Rəsmi boşanmadan iki il sonra isə Güllü Mustafayeva ikinci dəfə Nəcəfqulu İsmayılovla ailə həyatı qurub. İki körpə ilə ömrün dolaylarında tək qanadla yaşamaq çətin idi. Həm də Güllü Mustafayeva gözəl qadın idi. Heç kim ona laqeyd deyildi. Başsız qalmağın problemləri var idi. Nəcəfqulu İsmayılov Əzim Əzimzadə məktəbinin davamçılarından olmuş, istedadlı rəssam və ustad qrafikaçı kimi tanınırdı. Bir qərinədən artıq zaman kəsiyində "Kirpi” jurnalının baş rəssamı vəzifəsində çalışmışdır. O, yalnız karikatura, plakat ustası deyil, həm də dəzgah rəngkarlığının müxtəlif janrlarında mükəmməl əsərlər müəllifi idi. Portret janrında da maraqlı əsərləri yadigar qalıb. Güllü xanımla Nəcəfqulu İsmayılovun iki qız övladı olub: Rəna və Sevinc. Nəcəfqulu çox həssas və geniş ürəkli bir şəxsiyyət idi. Əlini və Zemfiranı öz balalarından ayırmayıb. Zemfira xanım danışır ki, əslində Nəcəfqulu İsmayılov anamı onu hər addımda izləyən kinayəli baxışlardan, "xalq düşməni”nin arvadı” tənəsindən xilas edib. Bizi də çox istəyirdi. Biz ona "ata” deyirdik. Əsil həqiqətdən isə çox gec xəbər tutduq.

Taleyində dərdin, qəmin əbədi yeri vardı
1953-cü ildə Həsən Haqverdiyev bəraət alaraq, Vətənə qayıdıb. Kimin ürəyində hansı əzabı, zilləti çəkdiyi bəllidir. Pərən-pərən olmuş ailə üzvlərini ağlagəlməz dərdə tuş edən dövrün ədalətsizliyi və təzadları idi. Yenə də hər şeyi zahirən sakit ahəngə salan Həsən Haqverdiyev müdrikliyi, Güllü Mustafayeva dözümlülüyü və Nəcəfqulu İsmayılov böyüklüyü oldu. Həsən də ikinci dəfə ailə qurdu. Vera Kalinina adlı bu rus qadını çox mehriban və səmimi bir xanım idi. Həmişə Güllü xanımla məsləhətləşər, ona böyük məhəbbət və rəğbətlə yanaşardı.

Hər kəs öz ailəsinin yanında və dərdinin içində idi. Güllü xanımın oğlu Əli Haqverdiyev həm rəssamlıq, həm də musiqi məktəbini bitirmişdi. Ü. Hacıbəyli adına Bakı Dövlət Konservatoriyasında Şövkət Məmmədovadan dərs almışdı. İstedadlı rəssam, aktyor və vokalçı idi. Operalarda maraqlı partiyalar ifa etmişdir, bədii filmlərə çəkilmişdir, hələ oxuduğu mahnılar tamam başqa aləm idi…

Güllü Mustafayeva rəssam kimi çox xoşbəxt sənətkar idi. Dünyanın möhtəşəm salonlarında əsərləri sərgilənirdi. Ünvanına xoş sözlər, təbriklər, təltiflər, dəvətlər qanadlanırdı. Balalarının sənət uğurları da ona fərəh gətirirdi. Amma bu xanımın taleyində dərdin, qəmin sanki əbədi bir yeri vardı. Əzablar önündə dəyanətlə dayanmış bu zəriflik nə qədər mətanətli görünməyə çalışsa da, keçirdiyi əsəbi sarsıntıları onu içindən yeyirmiş. Həsən Haqverdiyev 1978-ci ildə dünyasını dəyişib. 1990-cı ildə Nəcəfqulu İsmayılov dünyadn köçüb. 1992-ci ildə oğlu Əli Haqverdiyevin həyatına yüksək gərginlikli cərəyan son qoyub. Bütün bu əbədi ayrılıqların ağrıları, sarsıntıları isə Gülü xanımın zərif varlığını "şəkər xəstəliyi” ilə bitirib. Zemfira Qafarovanın yuxa bir ovqatla dediyi sözlər məni də kövrəltdi: "1994-cü ildə dünyamızdan qeyri-adi bir gözəllik getdi – bu, əzablar önündə mətanətlə dayanaraq ona meydan oxuyan zərif anam idi…”

…Güllü Mustafayeva gözəl xanım, gözəl rəssam, gözəl ana, amma gözəl bəxti olmayan bir insan idi. Bizə də gözəl əsərlər bəxş edib getdi. Təkcə " Məhsəti Gəncəvi” portreti bəs edər ki, onun Azərbaycan incəsənətindəki yerini dəqiq müəyyənləşdirək. Əsil sənətkarlar isə heç vaxt unudulmurlar.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist


banner

Oxşar Xəbərlər