• çərşənbə, 24 Aprel, 06:39
  • Baku Bakı 13°C

Əzab çəkdirən özü də hər zaman əzab çəkər

24.07.13 08:16 2300
Əzab çəkdirən özü də hər zaman əzab çəkər
20 ildir ki, professional şəkildə astrologiya ilə məşğul olan, astroloji xəbərləri ilə hər zaman Türkiyənin, eləcə də Avropanın bir çox ölkələrində tanınan Nuray Sayarinin işıq üzü görən kitabları dünyada ən çox oxunan kitablar sırasına daxil olub. O, daha çox “Kuantum” kitabı və Kuantum yayımçısı kimi tanınmasına baxmayaraq, öz astroloji proqnozları ilə də oxucularını heç zaman xəyal qırıqlığına uğratmayıb. Nuray Sayari insanlara sahib olduqları enerjini doğru istifadə etməyin yollarını göstərməyə çalışır. O, Türkiyə mətbuatına müsahibəsi zamanı kuantumun incəliklərindən, yuxu yozumlarından, doğum xəritələrindən, ümumiyyətlə insanlara maraqlı olan bir çox mövzulardan bəhs edib. Müsahibəni sizə təqdim edirik.
Kuantum nədir?
- Nuray xanım, sizin peşəniz necə adlanır? Falçısınız, yoxsa astroloq?
- Mən falçı deyiləm. Öncəgörmə Allah vergisidir. Hamımızın həyatda bir vəzifəmiz var. Mənim rolum insanlara kömək etməkdən ibarətdir. Əvvəllər insanlara şəfa verməklə məşğul idim. Astrologiyanı isə sonradan öyrəndim. Bu sahədə təhsil aldım, astrologiya ilə bağlı hər şeyə yiyələndim. Öncəgörmə ilə astrologiya bir-birindən çox fərqlənir. Mən hər ikisini çox yaxşı icra edirəm. 20 ildir ki, professional astroloq kimi dünyanın əksər ölkələrində fəaliyyət göstərirəm.
- Gələcəklə bağlı məlumatlarınız hər zaman doğru çıxıb. Özünüzlə bağlı baş verəcəkləri necə, öncədən görə bilirsinizmi?
- Bəli, hərdən görmüşəm. Misal üçün, öncəgörmə qabiliyyətimdən əvvəl öz həyat yoldaşımı yuxumda görmüşdüm. Ancaq real həyatda onunla tanış deyildim. Babam dünyasını dəyişəndə mənim 14 yaşım var idi. Ondan sonra babamı yuxumda gördüm, yanında bir oğlan var idi, mənə yaxınlaşaraq “sənə qismətini gətirdim” dedi və həyat yoldaşımı göstərdi. Həyat yoldaşım isə bir dostumun nişanlısının dostu idi. Uzun müddətdən sonra həyat yoldaşımı ilk gördüyümdə “bu mənim qismətimdir” - dedim. Bütün bunlardan əlavə, öz ulduz xəritəmə baxanda mənim bir oğlan övladım olacağını görürdüm və belə də oldu. Yəni özümə aid nələri görmüşəmsə, hamısı həyata keçib.
- Astrologiyanın insanlara faydası nədir? Deyək ki, insanların doğum tarixini bildiniz, onların taleyini necə deyə bilirsiniz?
- İnsanların doğulduğu günü öyrənib, o günün ulduz xəritəsini çıxarıb xəritəyə görə o günün ilahi planını öyrənirəm. Daha sonra günəş bürcünü onun taleyinə təsbit edirəm. Ayın formasını hesablayıram. Beləliklə, o insanın xarakteri üzə çıxır. Ümumiyyətlə, başqalarına göndərdiyiniz enerjinin fiziki görünüşünüzü göstərən forma bizim bürcümüzdür. Bütün bu bilgilər həyatımızı çox asanlaşdırır. Misal üçün, hansısa bir bürcün nümayəndəsinin psixologiyası haqqında özünün belə o ana qədər fərqində olmadığı tərəflərini deyirəm. Bununla yanaşı, bürclərin xüsusi keyfiyyətlərini bilməyin faydası çoxdur. Kiminsə bürcünü bildikdən sonra o şəxslə yaxşı yola gedirsiniz və gözəl münasibət qurursunuz. Misal üçün, Oğlaqla tanış olanda daima sağlam biri olduğunu bilirsiniz. Onu dəyişdirə bilməyəcəyinizi, harada danışıb, harada susmanız lazım olduğunu bilib, onunla münasibət qurursunuz.
- Bəs kuantum nədir?
- Kuantum enerjidir. Kuantum atomun zərrəciklərində hamımızın var olan parçaları və təbiətdə yaydığımız işıqdır.
“Xəstələnmişəm” kəlməsini istifadə etməyin
- Müsahibələrinizdən əvvəllər daxilən çox sıxıntı çəkdiyinizi, ancaq kuantumu öyrəndikdən sonra daxilinizin zənginləşdiyini demisiniz. Kuantumun sirri nədir?
- Onun sirri doğru insan olmaqdır, yaxşılıq etmək, qarşılığında isə yaxşılıq görməkdir. Kuantum sevmək və sevilməkdir, özünü kəşf etməkdir. Amma insanların bunu başqa şeylərlə qarışdırdığı tərəfləri də var. Ümumiyyətlə, insanlara zalım davranıb, qəddarlıq edib, sonra da arzu tutmaqla olmur. İnsanlıq doğru və dürüst olmaqla başlayır. Kuantuma əməl etmək üçün öncə insan olmaq lazımdır. Yaxşı insan olmaqla kuantum yaranır. Sadəcə hər şeyə müsbət yanaşma ilə hər şey yaxşı olmur. Müsbət yanaşma doğru sözləri istifadə edərək gözəllikləri həyatına cəlb etməkdir. Misal üçün, mən xəstəyəm deyirsiniz və xəstəliyi bir növ dəvət edirsiniz. Əslində pis sözlərdən uzaq durmaq lazımdır. “Xəstəsinizmi” sualına “xeyr, xəstə deyiləm” yerinə, “mən hər zaman yaxşıyam və sağlamam” cavabını vermək lazımdır. “Xəstələnmişəm” kəlməsini istifadə etməyin. Bu, insana mənfi emosiya da gətirir. Bundan əlavə, mənfi enerji ilə ətrafımızı qaraltmamaq lazımdır ki, bu da kuantumun əsasını təşkil edir.
- Müsbət yanaşmanın niyyətdən bir fərqi varmı?
- Elə də böyük fərqi yoxdur, eyni şeydir də deyə bilərəm. Məsələn, niyyət deyəndə sadəcə “ev almaq istəyirəm” deyirsiniz. Ardınca da “ya ev ala bilməsəm?” deyə heyfslənirsiniz. Halbuki sonunda arzunuza çatmaq üçün niyyət edib arzularınızın arxasınca getməlisiniz. Onsuz da müqəddəs kitablarda bu qeyd olunub. Tanrı bir işimizin olması üçün bizə dua etməmiz lazım olduğunu buyurub. Yaxşı düşünsəniz, sonunda xeyirlisi də olacaq.
Mənim kitabım “Sekret”-i keçdi
- Təbiət hər işdə bizə xidmət edirsə, nədən hərdən başımıza çox faciəli hadisələr gəlir? Nəyə görə tez-tez pis hadisələrlə rastlaşırıq?
- İnsan gərək başına gələn hadisələrdən nəticə çıxarsın. Xətaları ilə üzləşsin. Oturub düşünməsin ki, “bu hadisə niyə mənim başıma gəldi?” Xətalarını görən insan düşünəcək ki, “mən harada səhv etdim?”. Əgər içinizdəki bu neqativ enerjidən qurtula bilməsəniz, bu hadisə daima sizin beyninizdə təkrarlanacaq. Əgər hər zaman günahı başqalarında axtarsanız, ürəyinizin qaranlıq bir tərəfinin olduğunu görəcəksiniz. Ona görə də içimizə dönüb “nə üçün hər zaman mənim başıma gəlir?” - deyərək diz döymək yerinə, “mən nə etdim də bununla qarşılaşdım?” deyərək özünüzə sual etməniz, xətanızı artıq təkrarlamamağınız lazımdır ki, eyni hadisələrlə qarşılaşmayasınız.
- Bəs sizin dediklərinizin “Sekret”-dən fərqi nədir?
- Mənim dediklərimin “Sekret” kitabında qeyd olunan hadisələrlə heç bir əlaqəsi yoxdur. “Sekret”-də vurğulanan əsas məsələ “xəyal et, arzuna çat” misalıdır. Orada bundan artıq bir şey yoxdur. Oradakı fikirlər müəyyən bir təməl üzərində qurulmayıb, oradakıların hamısı havada uçan məlumatlardır. O kitabda ən önəmli detallara toxunulmur. Məsələn, orada “Dostunu üzmə” deyilmir. Yaxşı, bəs sən insanlara əzab verirsənsə, Yaradan sənə nədən istədiyini versin? Bunu heç zaman unutmayın: əzab çəkdirən özü də hər zaman əzab çəkər. Hər şeyin də dayağı budur. Yaxşılıq etməyən heç zaman yaxşılıq görməz. “Sekret”-də bu kimi məsələlər insanlara çox şişirdilmiş şəkildə təqdim olunur. Əslində “Sekret”-də deyilənlərin hamısı doğrudur. Amma oradakı bütün fikirlər çox köhnədir. “Sekret” ilk mərhələsində hər kəsin marağını cəlb etdi. Amma sonrası ilkinin təkrarı oldu. Mənim kitabımda isə elə deyil, kitabım “Sekret”-i keçdi. Çünki onun içindəkilər insanların işinə yarayır. Hər zaman insanlara dəqiq xəbərlər verirəm. Öz həyat hekayəm söylədiklərimin nə qədər doğru olduğunu onsuz da isbat edir. Həyat bir güzgüdür. İçində var olan enerjini ortaya çıxarmaq üçün doğru duyğulara sahib olmaq lazımdır. Onlar olmadan nə edirsinizsə-edin, həyatda hər zaman uğur qazanmayacaqsınız.
- İnsanlar eyni anda bir neçə iş görmək, hər şeyə daha tez çatmaq istəyirlər. Siz isə hər şeyi yavaş-yavaş və aramla görməyi tövsiyə edirsiniz. Bunun insanlara nə kimi faydası var?
- Asta şəkildə fəaliyyət göstərmək hər şeyin yolunda getməsi üçün çox faydalıdır. “Təcili işə şeytan qarışar” sözü boşuna deyilməyib. Ruhun sürətli olmasının nə faydası var ki? Qaça-qaç işlə, amma hara qədər. Qaçaraq işləyəndə Tanrının yaratdığı gözəl şeyləri gözdən qaçırırıq. Siz niyyətinizi edin. Çalışın, adil olun. Amma ətrafınızı da görün. Misal üçün, indi gözəl fəsildir, çiçəklər açıb, aləm gözəlləşib. Onlara diqqət edin. Bu gözəlliyi yaşayın. Parka gedin, gəzintiyə çıxın, mövsümü heç zaman qaçırmayın. Zamanın fərqliliyini dərk edin. Qaça-qaça pul qazanırsınız, təbiətin, gözəlliyin fərqində olmadıqdan sonra bunlar nəyə yarar?
Dəli olduğumu düşünürdülər
- Siz daha çox insanlara “özünüzü sevin” deyirsiniz. Özündən məmnun qalmayan insan özünü necə sevə bilər?
- Əgər insan özündən məmnun deyilsə, başqasını xoşbəxt edə bilməz. Hazırda hər kəs xarici gözəlliyə daha çox önəm verir. Bəs gözəllik nədir? İdeal bir bədən quruluşuna sahib olmaqmı? Bunlar gözəl olmaq üçün yetmir. Bunun üçün insanda birinci özünə güvən hissi olmalıdır. Özünə güvənən qadın bəyənilən qadındır. Bunun üçün də əvvəlcə özümüzü sevməliyik. Hər yeni günə şükür edərək girməliyik. Güzgüyə məmnun halda baxmalıyıq. Öz əksimizə baxıb özümüzü çox sevdiyimizi təkrarlamalıyıq. Mən neçə ildir ki, hər güzgüyə baxanda, bədənimi nə qədər çox sevdiyimi təkrarlayıram. Əvvəllər hər kəsə bu çox qəribə gəlirdi. Hətta mənim dəli olduğumu düşünürdülər. Amma məndəki dəyişikliyi görəndən sonra haqlı olduğumu söylədilər. Hamımız Tanrının bir əksiyik. Ona görə də özünü sevməyən Tanrını da sevməmiş olur. Özünü sevməyən insan cəmiyyətdə sevilmir.
- Bəs yuxular haqqında nə düşünürsünüz? Yuxu arzuladığımız xəyalların şüurumuzun altında formalaşmasıdırmı?
- Xeyr. Yuxular bu qədər bəsit deyil. Bizim şüurumuz oyaqdırsa, o zaman olmasını istədiklərimizi görürük. Misal üçün, iş axtaran biri yuxusunda gecə işə başladığını görə bilər. Amma yuxular hər zaman bu qədər sadə olmur. İki cür yuxu var. Biri aktual yuxulardır ki, yaşadıqlarımızı bizə əks etdirir. Digər yuxular isə bizə gələcəkdən xəbər verən yuxulardır. Onlar heç zaman yanlış olmurlar. Ümumiyyətlə, insanlara yuxu günlükləri tutmağı məsləhət görürəm. Yuxuda nə görmüsünüzsə, hamısını boş bir kağıza yazın. Yuxunuzu yazaraq içinizi o kağıza tökmüş olarsınız. Əgər yuxunuz qaranlıq və sizə pis təsir edən yuxudursa, həmin kağızı yandırın. Beləcə, həmin yuxunu yox etmiş olarsınız. Əgər yuxuda xoşunuza gələn nəsə görmüsünüzsə, o zaman Tanrıya şükür edin.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər