• şənbə, 20 Aprel, 01:05
  • Baku Bakı 15°C

Eyni məhsul, müxtəlif dükanlar, fərqli qiymət

28.02.18 10:30 2281
Eyni məhsul, müxtəlif dükanlar, fərqli qiymət
Yəqin ki, bir çoxunuz sizinlə eyni ayaqqabını, köynəyi geyinən və ya eyni çantanı götürən birini gördükdə, dərhal yaxınlaşıb həmin məhsulu haradan və neçəyə aldığını soruşmaq istəyirsiniz. Məsələnin ən maraqlı məqamı isə qarşı tərəfin həmin məhsulu sizdən kifayət qədər ucuz qiymətə aldığını söyləməsi ola bilər. Bu situasiya eyni ilə mənim də başıma gəlib.

Bir tədbirdə qarşılaşdığım rəfiqəmlə təsadüfən ayaqqabılarımızın eyni olduğunun fərqinə vardıq. Və bu an təbii ki, içimdəki maraq hissi ilə ondan ayaqqabını neçəyə aldığını soruşdum. Həmin an eşitdiyim rəqəm həqiqətən məni şok etdi. Nə az, nə çox, arada 20 manatlıq fərq vardı. Mənim 60 manat verdiyim ayaqqabını o, 40 manata almışdı. Yəqin bir çoxumuz razılaşar ki, 20 manat elə də kiçik bir məbləğ deyil. Ona görə də qərara gəldim ki, bu dəfəki yazımda eyni məhsulların satışındakı qiymət fərqinin səbəbini araşdırıb, ekspertlərin fikirlərini öyrənim.

Eyni məhsul, eyni mağaza, fərqli qiymət

Bazarda eyni məhsulun fərqli qiymətlərə satılmasının normal hal olduğunu deyən "AzMarketinq MMC”-nin marketinq direktoru Seymur Quliyev bildirir ki, bu fərqliliyə təsir edən faktorlar çoxdur: "Nəzərə almalıyıq ki, satış qiymətləri əsasən pərakəndə mağazalarda formalaşır, çünki son müştəri ilə təmasda olan paylama kanalı pərakəndə satıcıdır. Əvvəlcə onu da qeyd edim ki, bir məhsulun eyni mağazada fərqli qiymətə satılması ilə eyni məhsulun başqa mağazalarda müxtəlif qiymətlərə satılması ayrı-ayrı yanaşmalardır. Eyni məhsulun eyni mağaza tərəfindən fərqli qiymətlərə satılması dərəcələndirmə əsasında yaranan qiymətdir və hər müştəriyə, günün saatına, alınacaq miqdara görə fərqli ola bilər. Məsələn, kino biletlərinin günün ayrı-ayrı saatlarında, müxtəlif müştəri kütləsinə (ailə, qrup, komfort zona) fərqli qiymətə satılması və s. kimi situasiyalar buna misal ola bilər. Burada satan və satılan məhsul eynidir, amma müəyyən amillərdən asılı olaraq fərqli qiymətlərə satılır”.

İşçi sayı, əməkhaqqı, kommunal xərc, iş saatı, göstərilən xidmət...

Müsahibimizdən eyni məhsulun ayrı-ayrı mağazalarda fərqli qiymətə satılmasına təsir edən faktorları soruşduq: "Eyni məhsulu müxtəlif satıcıların fərqli qiymətə satmağı bir az daha təfərrüatlıdır. Bəzən elə hallar olur ki, eyni küçədə bir-birinə yaxın olan iki geyim mağazası eyni məhsulu fərqli qiymətə təklif edir. Mağazanın ödədiyi kirayə haqqı buna təsir edən amillərdəndir. Burada ödənilən məbləğ mağazanın böyüklüyündən, daxili və xarici interyerindən asılıdır. Həmçinin işçinin sayı və ödənilən əməkhaqqı, satış nöqtəsinin istifadəsi üçün ödənilən kommunal xərclər də rol oynayır. Mağazada işçilərin neçə saat işləməsi və iş saatına görə xərclərin artıb-azalması, satış zamanı müştəriyə göstərilən xidmətdə fərqlilik (məhsulun daşınması üçün verilən paketin keyfiyyəti və ya satış zamanı müştərinin özünü xüsusi hiss etməsi üçün edilən xidmətlər), məhsulların satış nöqtəsinə çatdırılma, stok və anbar xərci, məhsulun satılmaq üçün alındığı qiymət və s. kimi faktorların qiymətə təsiri olur”.

"Yüksək qiymət yüksək keyfiyyət” düşüncəsi

S.Quliyev deyir ki, bütün bu faktorları nəzərə alsaq, eyni məhsulu ayrı-ayrı satıcıların niyə fərqli qiymətə satdığı aydın olar: "Müştəri kimi yanaşarkən qərar vermə zamanı keyfiyyət və qiymət faktoruna nəzər yetiririk. Bu, məhsulu aldığımız mağazaların iş prinsipi, xərc bölgüsü haqqında tam məlumatlı olmadığımız üçün baş verir. Mağazalar bəzən bundan sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırıb, müştərinin zehnini zəbt etmiş "yüksək qiymət, yüksək keyfiyyət” düşüncəsindən bəhrələnir. Amma bəzən bunun əksi də olur. Yəni bəzi müəssisələr rəqiblərindən fərqlənmək üçün qiyməti bir az daha ucuz edir və müştəri cəlb etməyə çalışır”.

Əslində müsahibimiz burada maraqlı bir məqama toxundu. Deməli, bəzi satış müəssisələri qiymətdə və keyfiyyətdə müştəri psixologiyasına təsir edə bilib, istədikləri malı istədikləri qiymətə satırlar. Bəs bunun müqabilində müştəri nə etməlidir? Marketinq direktoru deyir ki, əgər müştəri almaq istədiyi məhsul haqqında məlumatlıdırsa, yəni keyfiyyət baxımından bir şübhəsi yoxdursa, o zaman ucuz satılan malı alsın. Yox, əgər əlavə dəyəri sevirsə, xoş qarşılanmaq, malının daha gözəl görünüşlü paketdə daşınmağını, mağazadan çıxarkən gülərüz satıcının qapını açaraq onu yola salmağını istəyirsə, bahalı malı seçsin.
Ödəniş məhsula yox, xidmətə edilir

Bazar araşdırmaçısı, marketoloq Vaqif Hüseynovdan "Sədərək” ticarət mərkəzində pərakəndə satılan məhsulla digər ticarət mərkəzlərindəki brend məhsulların qiymətindəki fərqi soruşduq. O bildirir ki, yeni dövrün insanlarının ödənişi məhsula deyil, xidmətə etmələri məhsullar arasındakı kəskin qiymət fərqinin ən əsas faktordur: "Əslində bəziləri eyni məhsul olduğunu düşünür, amma eyni məhsul deyil. Eyni məhsul olsa belə, şəhərin mərkəzində olan mağazalardakı xidmət "Sədərək”dəki xidmətdən kifayət qədər üstün səviyyədədir. Şərait və məkanın əlverişli olması da qiymətlər arasında fərq yaradır. Yəni bu kimi nüanslar bilavasitə olaraq qiymətə təsir edir və insanlar onlara göstərilən xidmətə görə əlavə ödəniş etmiş olurlar. Bəli, eyni məhsulu gedib "Sədərək”dən, yeraltı keçidlərdən və digər dükanlardan ucuz qiymətə ala bilərlər. Amma onlara göstərilən xidmət eyni olmayacaq”.


Böyük və tanınmış markalar arasındakı qiymət fərqi

Marketoloq deyir ki, keyfiyyət məsələsinə gəlincə isə, markalar öz adlarına görə satış etdikləri üçün keyfiyyətə böyük önəm verirlər: "Brend məhsul satan ticarət mərkəzləri imiclərinə xələl gəlməməsi və müştəri məmnuniyyətinə önəm verdikləri üçün keyfiyyətə xüsusi diqqət yetirirlər. Yəni tutaq ki, hansısa tanınmış bir marka keyfiyyətsiz mal sataraq öz dəyərini aşağı salmaq istəməz. Ona görə keyfiyyət məsələsində adi satış müəssisələrinə nisbətən tanınmış markalar daha çox maraqlıdırlar. Bu dediklərim xırda mağazalar ilə böyük ticarət mərkəzlərində olan qiymət və keyfiyyət fərqinə aid idi. Amma böyük və tanınmış markalar arasındakı qiymət fərqinə gəlincə, bu, həmin şirkətlərin özlərinin reklamına xərclədiyi məbləğə görə dəyişir. Yəni onlar marka dəyərini qaldırmaq üçün reklama xərclədikləri pulu məhsuldan çıxardırlar. Məsələn, bir marka satışda daha çox maraqlı olduğu üçün orta və aşağı təbəqəni götürərək qiyməti aşağı qoyur. Amma başqa bir marka isə qiyməti maksimum baha qoyur və ancaq yuxarı təbəqə üçün xidmət göstərir”.

Sahibkarların qiymət qoymaq siyasəti

Müsahibimizdən xırda satış müəssisələri arasındakı qiymət fərqini də soruşduq: "Həmin mağazalarda qiymət qoyma siyasəti birbaşa olaraq sahibkarın özündən asılıdır. Belə ki, yuxarı qiymət qoyaraq satır, bir müddət sonra alver olmadıqda, qiymətləri aşağı salır. Digər bir tərəfdən, orada işləyən satıcılar məhsulun qiymətini müştərinin xarici görünüşünə görə təyin edirlər. Yəni sənin daha yaxşı geyimlə daxil olub 50 manata aldığın məhsulu, bir başqası daha sadə geyimlə 30 manata ala bilər. Həm də peşəkar satıcılar işlədikləri müddətdə o qədər insan görüb tanıyıblar ki, mağazaya daxil olan alıcının nə üçün ora gəldiyini dərhal bilirlər. Yəni sənin həmin malı almaq, yoxsa sadəcə qiymət soruşmaq üçün mağazaya daxil olduğunu anlayanda, sənə fərqli qiymət deyirlər”.
İstehlakçı və istehsalçı hüquqlarının pozulması

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, hazırda bazarda anormal vəziyyət hökm sürür: "Demək olar ki, hər gün istehlakçılar qiymətlərin bu vəziyyətindən şikayət üçün bizim birliyə zəng vururlar. Təbii ki, azad bazar iqtisadiyyatıdır, vergiləri vaxtında və tam həcmdə ödəmək şərti ilə kim nəyi neçəyə istəsə, həmin qiymətə də sata bilər. Heç kim buna mane ola bilməz. Lakin ölkəmizdə olan liberal bazar iqtisadiyyatından, həmçinin biznesmenlərə yaradılmış rahat şəraitdən sui-istifadə edib, istehlakçıların hüquqlarını pozanlar var. Bəzi satış müəssisələri brend malları imitasiya edib, üzərinə etiket vurmaqla və ya həmin məhsulu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək aşağı qiymətə satırlar. Əslində, bu həm istehlakçı, həm də istehsalçı hüquqlarının pozulmasıdır. Son dövrlər bu hal xüsusilə də kosmetika məhsullarında müşahidə olunur. Təsəvvür edin, bir firma heç bir qanuna uymadan, vergi vermədən, sənədsiz şəkildə həmin malların satışı ilə məşğul olur və bazarda haqsız rəqabət yaradır”.


E.Hüseynov deyir ki, Azərbaycan bazarının bütün seqmentlərində bu problem var: "Lakin bunu da vurğulamaq istəyirəm ki, bahalı mal heç də keyfiyyətli məhsul demək deyil. Hətta bəzən bahalı brendlərdə belə saxta, keyfiyyət göstəricisi aşağı olan məhsullar ola bilər. Azad İstehlakçılar Birliyi vətəndaşların ucuz və keyfiyyətli mal almaları üçün çalışır. Və bunun üçün bəzi keyfiyyətsiz malların bazardan çıxarılması istiqamətində bir sıra işlər görür. Vətəndaşlara məsləhət görərdim ki, məhsul alarkən satış müəssisəsindən məhsulun sertifikatını soruşsunlar. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, alıcıların malın bütün sənədlərini soruşmaq, bu haqda məlumat əldə etmək hüququ var”.

Günel Azadə

banner

Oxşar Xəbərlər