• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

Eyni fikrin təlqini

15.02.16 10:49 2161
Eyni fikrin təlqini
Həyatımız, mədəniyyətimiz bir-birinə qarışmış bir neçə hekayədən ibarət olur, qovuşur, qarşılaşdırılır. Roman yazarı Çimamanda Adiçie öz yerli mədəniyyətini necə kəşf etdiyinin hekayəsini danışır. Dinləyiciləri və yazmağa yeni başlayanlara isə bir fikrin şəxslər və ölkələr haqqında necə yanlış təsəvvür formalaşdırması ilə bağlı xəbərdarlıq edir. Bir fikrə inanmaqla biz qarşılıqlı anlaşmanı təhlükə altına atmış oluruq. Müəllifin TED-in “Ideas Worth Spreading” layihəsi çərçivəsində 2009-cu ildə, Oksford Universitetində etdiyi çıxışı ixtisarla təqdim edirik.
Mən hekayə danışanam. Öz terminimlə desəm, “bir fikrin təhlükəsi” haqqında sizə bir neçə fərdi hekayə danışmaq istəyirəm. Mən Nigeriyanın şərqində bir universitetin yataqxanasında böyümüşəm. Anam deyir ki, iki yaşında oxumağa başlamışam, amma məncə, dörd yaş həqiqətə daha yaxındır, bir sözlə, oxumağa çox erkən başlamışam. Oxuduqlarım İngiltərə və Amerika ədəbiyyatına aid uşaq kitabları idi.
Elə yazmağa da çox tez başladım. Karandaş və rəngli qələmlərlə çəkdiyim şəkillərlə bəzənmiş hekayələr yazmağa başlayanda yeddi yaşım var idi. Yazıq anam bu hekayələrin hamısını oxumalı olurdu. Yaratdığım bütün obrazlar ağ dərili və mavi gözlü idi, qartopu oynayır, alma yeyirdilər. Çünki mən oxuduğum amerikan və ingilis hekayələrini yazırdım. Qəhrəmanlarım havadan danışır, günəş çıxmasına sevinirdilər. Halbuki mən Nigeriyadan kənara çıxmamışdım, bizdə isə qar yağmırdı. Alma yox, manqo yeyirdik. Hava haqqında isə ümumiyyətlə danışmazdıq, çünki buna ehtiyac yox idi, hamı bilirdi.
Qəhrəmanlarım zəncəfilli pivə içirdilər, çünki oxuduğum kitablarda da belə idi. Halbuki onun nə olduğu ilə bağlı heç bir fikrim yox idi. (Gülüş). Uzun illər bu pivənin dadına baxmaq arzusu böyütdüm içimdə, nə isə bu başqa məsələdir.
Məncə, bu xüsusilə də, uşaq yaşlarında bir hekayədən nə qədər təsirlənə və nə qədər geridə qala biləcəyimizə işarəsidir. Oxuduğum bütün kitablardakı qəhrəmanlar xarici olduğu üçün təbii olaraq, mən də özümlə şəxsən əlaqələndirə bilməyəcəyim hekayələr yazmalı və mütləq xarici qəhrəmanlar yaratmalı olduğumu düşünürdüm. Sonra afrikalı yazarların kitablarını kəşf etdim və hər şey dəyişdi. Onları xarici ədəbiyyat nümunələri qədər asanlıqla tapmaq olmurdu.
Ancaq Çinua Açebe və Kamara Laye kimi yazarların hesabına ədəbiyyatla bağlı düşüncəmdə kəskin d’yi.iklik oldu/ Mənim kimi insanların da – qıvrım saçlarından əsla atquyruğu yığılmayan, şokolad rəngli dərisi olan qızların - ədəbiyyatda özünə yer edə biləcəyini anladım. Və bələd olduğum şeylər haqqında yazmağa başladım.
Oxuduğum o amerikan və ingilis kitablarını sevirəm. Xəyal gücümü canlandırmış, mənə yeni dünyaların qapılarını açmışdılar. Ancaq tək idilər, mənim kimi insanların ədəbiyyatda özünə yer edə biləcəyinə inamımı gücləndirmişdilər. Bunu təsdiq etməyimə Afrika ədəbiyyatı nümunələri kömək etdi, məni tək bir fikrə sahib olmağın zərərlərindən qorudu.
Bildiyiniz ənənəvi, orta sinfə aid bir ailədən gəlirəm. Atam professor idi. Anam isə idarə işçisi. Adətən, yaxınlıqdakı kəndlərdən gələn xidmətçilərimiz var idi. Səkkiz yaşım olanda bizə yeni bir xidmətçi uşaq gəldi. Adı Fide idi. Anamın onun haqqında verdiyi yeganə məlumat ailəsinin çox kasıb olduğu idi. Anam onun ailəsinə kartof, düyü, köhnə paltarlar göndərirdi. Axşamlar yeməyini axıracan yeməyəndə: “Yeməyini axıracan yeir! Bilirsən, Fidenin ailəsinin yeməyə heç nələri yoxdur” – deyirdi. Mənim də Fidenin ailəsinə yazığım gəlirdi.
Bir gün şənbə günü onun kəndinə, ailəsini görməyə getdik. Anası bizə Fidenin qardaşının boyalı palma liflərindən toxuduğu və inanılmaz dərəcədə zərif görünən səbəti göstərdi. Heyrətlənmişdim. Onun ailəsindən kiminsə, həqiqətən də, nəsə bacardığını təsəvvür edə bilmirdim, inanmırdım. Onun ailəsi haqqında eşitdiyim yeganə söz kasıb olmaları idi. Onları kasıbları təsəvvür etdiyimdən başqa cür təsəvvür edə bilmirdim. Beynimdə bircə fikir var idi onlarla bağlı.
İllər sonra ABŞ-a universitetdə təhsil almaq üçün gedəndə baş verən hadisə məni bu haqda düşündürdü. 19 yaşım var idi. Amerikalı otaq yoldaşım mənimlə birinci söhbətində şok olmuşdu sanki. Dərin təəccüblə ingilis dilində necə bu qədər mükəmməl bildiyimi soruşdu. Nigeriyanın rəsmi dilinin bir zamanlar ingilis dili olduğunu deyəndə isə əməlli-başlı fikrim qarışdı. Hər şeyi öyrətmək istəyirdi, elektrik sobasını necə istifadə etməli olduğumu bilmədiyimi düşünürdü.
Məni təəccübləndirən isə məni hələ görmədən xəyalında mərhəmət hiss oyandırmağım olmuşdu. Sırf afrikalı olduğum üçün mənə qarşı ilk reaksiyası xor özünü üstün saymaq olmuşdu. Çünki onun beynində Afrika ilə bağlı bircə təsəvvür var idi - fəlakət. O təsəvvür isə afrikalıların da onun kimi ola bilmə ehtimalına yer yox idi. Bərabərhüquqlu insanlar kimi ünsiyyət qura biləcəyimizi ağlına sığdıra bilmirdi.
Onu da deyim ki, ABŞ-a getmədən əvvəl özümü şüurlu şəkildə, xüsusi bir şeymiş kimi “afrikalı” olaraq ayırmırdım. Ancaq ABŞ-da nə zaman Afrikadan danışsalar, hamı mənə baxırdı. Namibya haqqında heç nə bilməsəm belə. Mən də bu yeni obrazı mənimsədim. Bir çox cəhətdən özümü artıq tam afrikalı kimi görürəm. Amma Afrikadan hələ də bir ölkə kimi bəhs ediləndə narahat oluram. İki gün əvvəl Laqosdan qayıdanda, hər şey əslində, o elana kimi yaxşı gedirdi, Vircin hava yollarına aid təyyarədə yardım elanı verdilər: “Hindistan, Afrika və digər ölkələrdəki...”(Gülüş)
ABŞ-da afrikalı kimi keçirdiyim növbəti illərdə otaq yoldaşımın mənə olan münasibətini daha yaxşı anladım. Əgər Nigeriyada böyümüş olmasaydım, Afrika haqqında bildiklərim məşhur rəsmlərdən ibarət olsaydı, mən də Afrikanın möhtəşəm mənzərələr, nadir heyvanlar, yoxsulluq və QİÇS-dən ölən, özü m haqda danışmağa aciz, zərif ağdərililər tərəfindən xilas olunmağı gözləyən barbar insanların yaşadığı bir yer olduğunu düşünərdim. Uşaq vaxtı Fidenin ailəsini təsəvvür etdiyim kimi görərdim.
Afrika haqqında bu tək, alternativsiz təsəvvürün Qərb ədəbiyyatından gəldiyini düşünürəm. Sizə 1561-ci ildə Afrikanın qərbinə yelkən açmış, səyahəti haqqında xırda incəlikləri ilə yazmış londonlu tacir Con Lokenin xatirəsindən bir cümlə oxumaq istəyirəm: “Qara afrikalılar, evləri olmayan məxluqlar. Bunlar nədir belə?! Başları olmayan, ağızları və gözləri sinələrində olan bu qəribə xalqın...”. Bu memuarı nə zaman oxusam, yüksək səslə gülürəm. Və məncə, Con Lokenin yaradıcı qabiliyyəti alqışa layiqdir. Bu yazı Qərb dünyasında Afrika haqqında təsəvvürlərin yaranmasının başlanğıcı olub. Şair Rudyard Kiplinqin yaradıcılığında belə afrikalılar “yarı şeytan, yarı uşaq” insanlar kimi təsvir edilib. Otaq yoldaşım da bu və buna bənzər söz-söhbətlərin olduğu cəmiyyətdə böyüdüyündən onu anladım.
Bir dəfə bir professor ona təqdim etdiyim romanın “autentik Afrika”nı əks etdirmədiyini mənə irad tutmuşdu. Romanda bəzi şeylər yerində deyildi, bəzi yerlərinin çox uğursuz yazıldığını da bilirəm. Amma “autentik Afrika” deyilən o qəribə məfhumu əks etdirməkdə uğursuz olduğunu heç düşünmürdüm. Əslində, onun nə demək olduğunu da bilmirdim. Sən demə, bu onun beynindəkilərə görə “orijinal Afrika” deyilmiş. Professor romandakı qəhrəmanların onun kimi “normal” insanlara çox oxşadığını, oxumuş, orta sinif insanlar olduğunu dedi. Yaratdığım obrazlar maşın sürürdü, ac yaşamırdı. Buna görə də ora Afrika ola bilməzmiş.
Ancaq dərhal onu da vurğulamalıyam ki, mən də dəfələrlə bir fikrə inanmağın utancını yaşamışam. Bir neçə il əvvəl, o vaxt immiqrantlarla bağlı ABŞ-da siyasi mühit gərginləşmişdi, Meksikaya getdim. ABŞ-da meksikalılar haqqında o qədər qaçaq, sərhəddə tutulan, səhhəti təhlükəli xəstəliklərə düçar olmuş sonsuz söz-söhbətlər var idi. Quadalajaradakı ilk gün ətrafı müşahidə etməyə çıxanda işə gedən, bazarda tortilla satan, siqaret çəkən, söhbət edib mehriban-mehriban gülümsəyən insanları görəndə necə təəccüblənmişdim. Dərhal da utanmışdım. Mediadakı xəbərlər məni o qədər içinə almışdı ki, beynimdə sadəcə bir simvol – səfil qaçqın - yaranmışdı. Bir fikir belə yaranır, bir şey sadəcə bir şey kimi göstərilir, təkrarlanır və alternativsiz olur. Mən də o tək fikrə inanmışdım.
Tək fikirdən bəhs edərkən güc haqqında da danışmaq lazım gəlir. İqbo dilində bir söz var – “nkali - başqasından daha güclü olmaq”. Siyasi-iqtisadi sistem kimi təsəvvürlər də güc üzərində qurulur. Necə danışıldığı, kimin danışdığı, nə zaman danışdığı, neçə hekayəti danışa bildiyi güclə çox bağlıdır. Güc başqasının hekayətini danışa bilməklə bitmir, eyni zamanda, həmin hekayəti onun alternativi olmayan hekayətinə çevirməkdə də rol oynayır. Fələstin şairi Mourid Barquti deyir ki, kimisə pisləmək istəyirsinizsə, onların başına gələnləri ikinci mərhələsindən danışmağa başlayın, tamamilə fərqli hekayət alınacaq. Məsələn, Amerika haqqındakı təsəvvürlərə ingilislərin buraya gəlişindən yox, yerli qəbilələr dövründən başlayanda tamam başqa hekayət alınır. Qərblilər də Afrika haqqında dövlətlərin koloniyalardan xilas olduğu dövrlərə yox, uğursuz idarəçilərin hakimiyyətə gəldiyi zamanlara aid hekayətlər danışmağa başlayıb. Güc onlarda olduğu üçün bu hekayətlər sürətlə yayılıb.
Bu yaxınlarda universitetlərdən birində çıxış etdim. Tələbələrdən biri nigeriyalı kişilərin romanlarımdakı kimi fiziki şiddətdən xoşlanmalarının kədərli olduğunu dedi. Ona “Amerikan manyakı” əsərindən danışdım, dedim ki, məni də amerikalı gənclərin manyak, qatil olması kədərləndirir. Etiraf edim ki, bu qıcıqlandığım üçün demişdim. (Gülüş). Onun qatillərlə dolu xalqa aid olması ağlıma da gəlmədi təbii ki. Çünki onun Afrika haqqında sahib olduğu təsəvvürdən çox daha geniş idi mənim Amerika haqqındakı təsəvvürüm. Ona görə yox ki, ondan daha üstün və ya ağıllı idim. Ona görə ki, o daha güclü ölkənin vətəndaşıdır. Bu gücün nəticəsi idi ki, mən uzaq Afrikada Taylor, Apdayk, Steynbek, Qeytskil kimi məşhur yazarları asanlıqla tapıb, oxuyurdum. Amerika haqqında yek fikrə sahib olmamağım Amerikanın gücü idi.
Yazarların uğurlu karyera üçün bədbəxt uşaqlıq taleyindən keçməli olduğunu eşidəndə anamla atamın mənə çəkdirdikləri “qorxunc əziyyətlər”i necə çatdıra biləcəyim üzərində düşünməyə başladım. (Gülüş). Əslində isə mən xoşbəxt və sevgi dolu, bir-birinə olduqca bağlı ailədə əvəzolunmaz illər keçirmişəm. Düzdür, əsir düşərgələrində ölən babalarım var idi. Məsələn, dayım oğlu Pol müalicə ala bilmədiyi üçün öldü. Yaxın dostum Okoloma təyyarə qəzasında yanaraq öldü, çünki yanğınsöndürən maşınlarda su yox idi. Təhsilə əhəmiyyət verməyən, təzyiqə meylli hərbi idarəçilik sistemində böyüdüm, bəzən valideynlərimin maaşı belə ödənmirdi. Yeməklərin süfrədən bir-bir azalmasından daha çox siyasi qorxunun həyatımızı ağuşuna alması dözülməz idi.
Ancaq nə olursa olsun, bunlar məni yaradan, böyüdən hadisələrdir. Sadəcə bu bədbəxt hadisələrə köklənmək üçün məni formalaşdıran bir çox başqa fikri dondurmaq lazım idi. Amma mən artıq bilirdim ki, bir fikir qəlibləşmiş şüurlar yaradır. Qəlibləşmiş şüur isə əsla yanlış düşüncə demək deyil, sadəcə əskik düşüncədir, yarımçıqdır.
Düzdür, Afrika fəlakətlərlə dolu qitədir. Çox böyük kədərlər yaşanıb orda. Konqoda baş alıb gedən qorxunc təcavüzlər, minlərlə insanın həyat işığını söndürən terror və aclıq, Nigeriyada bir iş üçün 5000 insanın müraciət etməsi, bəli, bunlar həqiqətdir. Amma müsbət məqamlar da var. Bunlar haqqında da danışmaq lazımdır.
Həmişə deyirəm ki, bir insan və ya məkan haqqında fərqli fikirləri təhlil etmədən onun haqqında tam təsəvvür formalaşdırmaq mümkün deyil. Bir fikrin nəticəsi budur: zamanla onu danışanın nüfuzunu və etibarını zədələyir, onu oxuyanların hamının, əslində, bərabər olduğuna inanmasını çətinləşdirir. Bir-birimizə nə qədər oxşadığımızı yox, nə qədər fərqli olduğumuzu qabardır. Əgər Meksika səyahətimdən əvvəl qaçqınlarla bağlı informasiyaları hər iki tərəfin mediasından izləsəydim, necə olardı? Anam bizə Fidenin ailəsinin kasıb, amma bir o qədər də qoçaq olduğunu niyə deməmişdi? Afrika haqqında fikirləri bütün dünyaya bir Afrika kanalı yayımlasaydı, ora sizin təsəvvürünüzdə necə bir yer olardı? Çinua Açebe təlqin edilən fikirlərlə qurulan dünyalarda “Fikirlərin balans yaratma” mexanizmini məhz buna görə əhəmiyyətli hesab edir.
Hamı nigeriyalıların oxuya bilmədiyini düşünür. İlk romandan sonra bir kanaldan dəvət aldım. Xadimə olaraq işləyən bir qadın mənə yaxınlaşıb dedi: “Romanınızı həqiqətən, çox bəyəndim. Amma sonunu bəyənmədim. Məncə, bunun ardını yazmalısınız. Orada isə...” Və orada nələr yazmalı olduğumu saymağa başladı. (Gülüş). Bu məni o qədər həyəcanlandırmışdı. Həyəcanverici olan onun romanla bağlı dedikləri deyildi, heç kimin “oxuyan insan” gözü ilə baxmadığı bu qadının romanı nəinki oxumuş olması, hətta bu qədər mənimsəməsi idi. Hamı təəccüblə onu izləyirdi.
Kaş otaq yoldaşım Laqos xəstəxanasında açıq ürək əməliyyatı edildiyini bilərdi. Çağdaş Nigeriya musiqisini dinləyərdi. Pasportlarını dəyişmək istəyən qadınların ərlərindən razılıq kağızı alması haqqındakı qanunu dəyişməyi düşünmüş və bunun öhdəsindən gəlmiş gənc hüquqşünası tanısaydı nə olardı?! Əgər böyük texniki çatışmazlıqlara baxmayaraq, film çəkən yaradıcı insanlarla zəngin Nollivudu görsəydi nə olardı?! Ya da öz işini qurmağa çalışan, bəzən uğursuz olan, yenə də hədəflərindən əl çəkməyən milyonlarla əzmli nigeriyalını tanısaydı...
Hər yay Laqosda yaradıcı yazarlıq seminarları oxuyuram. Nə qədər insan müraciət edir, nə qədər insan yazmağa, hekayə danışmağa meyllənir, heyrət edirəm. Uğursuz idarəçilərə baxmayaraq, insanlar durmadan hərəkət edir, mübarizə aparır, yaratmaq istəyir.
Hekayətlər əhəmiyyətlidir. Əslində, əksər hekayətlər belədir. Zaman-zaman hekayətlər məhrum etmək və pisləmək üçün istifadə edildi. Amma onlardan gücləndirmək və əhliləşdirmək üçün də istifadə etmək olar. Hekayətlər bir qrup insanın qürurunu qıra, heysiyyətinə toxuna bilər, amma yaraları sağaldan hekayətlər də var.
Amerikalı yazıçı Alis Volker şimala köçmüş cənublu qohumları ilə bağlı yazır: “Onlara geridə buraxdıqları cənubda baş verən hadisələrdən danışan bir hekayə oxudum. Ətrafımda oturdular, kitabı özləri oxumur, sadəcə məni dinləyirdilər. Üzlərində bir ifadə var idi – sanki cənnət geri gəlmişdi”.
Mən elə bunu demək istəyirdim, bir fikri rədd edəndə, bir insan və yer haqqında bir əhvalat ilə qərar verməyin yanlış olduğunu anladığımızda cənnət geri qayıdır. Təşəkkürlər!
İngilis dilindən tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər