AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əylislinin son rekviyemi

Əylislinin son rekviyemi

Təfsilat
08 Fevral 2013, 13:00 2005
Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” roman-rekviyemi ictimaiyyətin gündəmdə olan mövzusuna çevrilib. Bəzi internet saytları və qəzetlərimizdə Əkrəm Əylisli tanınmış Azərbaycan yazıçısı kimi təqdim olunur. Yazıçının son romanından sonra artıq bu təqdimə ehtiyac duymuram. Əsəri başdan axıradək oxuduqdan sonra məndə qəti bir fikir formalaşdı: bu romanın müəllifi Azərbaycan türkü ola bilməz! Onun damarlarında azərbaycanlı qanı axa bilməz!

Bəs bu romanla yazıçı nə demək istəyir, onun nail olmaq istədiyi məqsəd nədir? Bəzi цzdəniraq ədalət carçıları insanları əsərin tam mətnini oxumamaqda ittiham edib, romanda yazılanları yazıçının deyil, obrazın dilindən verildiyini iddia edirlər. Tam mətni dəfələrlə oxuyan və təhlil edən bir insan kimi deyirəm: Burada səslənən bütün fikirlər yazıçının öz düşüncələri, gerçəkləşməyən arzularıdır. Əsər nəinki Azərbaycan türklərinin tarixini təhrif etməyə yönəlib, hətta Azərbaycan vətəndaşlarının qaniçən və qəddar xalq kimi təqdiminə rəvac verib.

Əsərdə Azərbaycan qadını təhqir edilib. Burada Azərbaycan qadını öz milli-adət-ənənələrinə bağlı, dininə inanclı, yüksək insani keyfiyyətlərə malik erməni qadınları ilə müqayisədə alçaq, səviyyəsiz, elmsiz, dünyagörüşü olmayan insanlar kimi təsvir edilib. İnsanlığa yaraşmayan bu müqayisə yazıçının öz anasına, onu dünyaya gətirən varlığa verdiyi “dəyərin” bir ifadəsi kimi də qiymətləndirilməlidir.

Əsərdə İslam dini və onun müqəddəs peyğəmbəri də aşağılanıb. Bakının Nardaran kəndindəki kiçik toyların birində erməni aktyorun dilindən verilən islam əxlaqı əleyhinə şüarlarla yazıçının nə demək istədiyi anlaşılmır. Bu süjet daha sonra davam etdirilərək ruslarla ailə quran Azərbaycan kişilərinin dini inanclarını da şübhə altına qoyur. Əsərdə Azərbaycan kişisi ailəsinə, övladına sahib çıxa bilməyən, ailə idarə etməyə qadir olmayan, dini ayinləri yerinə yetirməyə gücü çatmayan bir obraz kimi təqdim edilir. Əkrəm Əliyslinin təqdimatında ermənilər isə hətta ölüm ayağında belə dininə sadiq, ayinləri olduğu kimi yerinə yetirən, kilsələrini və tarixini qoruyan bir millət kimi təqdim olunur. Bu sədaqət onun keçmişdən gələn bağlarını qopmağa qoymayan yeganə stimuldur. Bu düşüncələr yazıçının əsərindəki obrazların həyat yolunu izlədikcə ortaya çıxır.

Əkrəm Əylisli nəinki Azərbaycan xalqını, onun qadınını, ailə başçısını təhqir etməklə kifayətlənmir, hətta Azərbaycanın tarixi qonşuları olan Türkiyə və İran əleyhinə də tezislər səsləndirməkdən çəkinmir. Türklər barbar, Şah Qacar isə qəddar və Allahsiz kimi təsvir olunan bu əsərdə Azərbaycanın yaxın qonşuluq əlaqələrinə də kölgə salınır.

Əkrəm Əylisli əsərdəki bu təhqirli ifadələrdən çəkinməyərək daha irəli gedir, sətiraltı da olsa, ad çəkmədən Ümummilli lider Heydər Əliyev haqqında erməni aktyorun düşüncələrini təqdim edir. Heç bir erməninin, hər hansı bir obraz olsa belə, Azərbaycan xalqının lideri haqqında fikir söyləmək, onun fəaliyyətinə qiymət vermək haqqı yoxdur. Bu haqq Əkrəm Əylislidə də yoxdur! Müəllifin dahi öndərin hələ sovetlər birliyi dönəmində sənətə və sənətkara milli ayrıseçkilik qoymadan göstərdiyi diqqəti kinayə ilə təqdim etməsi, eyhamlı ifadələrlə bəzəməsinə heç bir haqq qazandırmaq olmaz!

Roman müəllifi 1919-cu il və Sumqayıt hadisələrində yenə də azərbaycanlıları günahlandırır, onları “günahsız” ermənilərin qanını tökməkdə ittiham edir. Tarixi Azərbaycan ərazisi olan Əylis kəndini, onun tarixi, etnoqrafiyasını, etnik xüsusiyyətlərini təhrif edir. Bu uydurma faktlar erməni aktyor və Ermənistana xidmət edən həkimin dilindən verilir. Roman müəllifi o zaman “Kommunist” qəzetində dərc olunmuş tarixi məqalədə Əylis kəndinin tarixinin qədim şumerlərə gedib çıxması faktına da real yanaşmır. Bu rişxəndli yanaşmaya hətta yazici İsa Hüseynovun “İdeal” əsəri də məruz qalır.

Mən Əkrəm Əylisinin daşlaşan və paslaşan yaddaşına aydınlıq gətirərək bildirmək istəyirəm: Sən əsrlərlə erməni daşnaklarinin yüz minlərlə Azərbaycan türklərinin axıtdığı qanı görməyəcək qədər kormu oldun? Erməni əsirliyində namusları tapdanan qadınlarımızın bağırtısını, əzilən heysiyyətimizi, yandırılan körpələrimizin naləsini eşitməyəcək qədər karmı oldun? Keçmişdən gələn bu səslər sənin daşlaşan yuxularına heçmi sirayət etmədi? Vicdan və ədalət adlanan hissləri özünə yaxın buraxmayacaq qədər heysiyyətsizmi oldun? Atdığın bu addımla Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda qanı tökülən şəhidlərimizin ruhu qarşısında cavab verə biləcəksənmi?

Beləliklə, roman bütövlükdə Azərbaycan xalqını, millətini, adət-ənənələrini alçaltmağa yönəlmiş bir əsərdir. Bəzi ictimaiyyət nümayəndələri düşünür ki, yazıçı bu əsərlə Nobel mükafatına iddialıdır. Amma bir əsərdə ki, Azərbaycan, Türkiyə, İran, Ermənistan kimi dövlətlərdə gedən tarixi proseslər təhrif olunursa, irqi, milli, dini ayriseçkilik təbliğ olunursa, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə kölgə salınırsa bu əsər nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də dünya ictimaiyyətinin qınağına səbəb olacaqdır.

“Drujba Narodov” jurnalı isə bu əsəri çap etməklə öz imicinə ən böyük zərbəni vurmuş oldu. Bu əsər xalqlar dostluğuna deyil, xalqlar arası münasibətlərdə şovinizm, irqçilik və millətçilik kimi anlayışların qabardılmasına gətirib çıxara bilər. Xalqlar arası dostluq və qardaşlıq missiyasına xidmət etmədiyindən müəllif və jurnalın redaksiya heyəti bu məsuliyyətsiz addımına görə bütün dünya ictimaiyyəti qarşısında cavab verməli olacaqdır.
Əminəm ki, bu əsərdən sonra çətin ki, Əkrəm Əylisli bir də əlinə qələm ala bilsin, çünki bu roman-rekviyem onun yaradıcılığına nöqtə qoyan son rekviyem olacaqdır.

Surə SEYİD,
Naxçıvan Dövlət Universitetinin prorektoru,
Filologiya üzrə fəlsəfə doktoru