• çərşənbə axşamı, 23 aprel, 15:14
  • Baku Bakı 24°C

“Əylənərək işləyirəm...” - Debüt

12.09.16 10:41 2329
“Əylənərək işləyirəm...” - Debüt
"Debüt” rubrikamızın qonağı gənc aparıcı, kinoşünas Nərminə Abbasovadır. Muz TV-də "Top 10”, "Sən məndən mahnı istə” verilişlərinin aparıcısı kimi tanıdığımız müsahibimiz bizimlə söhbətində gələcək planlarından danışdı.

-Nərminə xanım, istərdik ilk olaraq sizi daha yaxından tanıyaq.
- Nərminə öz aləmində, öz dünyasında yaşayan biridir. 1989-cu ilin 11 dekabrında Bakıda anadan olmuşam. Orta təhsilimi 94 nömrəli məktəbdə almışam. Məktəbi mükəmməl qiymətlərlə bitirsəm də, ancaq nədənsə ali təhsil üçün qəbul imtahanında istədiyim nəticəni əldə edə bilmədim. Bu məni çox məyus etdi. Hesab etdim ki, bununla da taleyim həll olundu. Anam məni məktəbə 8 yaşımda qoymuşdu və düşünürdüm ki, növbəti dəfə univesitetə sənəd versəm, 1 ilimi də itirmiş olacam. Topladığım az balla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq” ixtisasına qəbul oldum. Tələbə adı qazandığım üçün sevinə də bilmədim. Bu ada görə məndən çox çevrəmdəki insanlar sevinirdi. Sırf incəsənəti seçdiyim üçün bu ixtisasa yiyələnməyə razılıq verdim. Əvvəllər o universiteti sevmədiyim üçün qəbul olduğum ixtisasla da heç maraqlanmamışdım. Onun üçün tələbəlik illərimin ilk dövrü çox darıxdırıcı keçdi. Ancaq zaman keçdikcə bütün düşüncələrim, həyata baxışım dəyişdi.

- Seçdiyiniz ixtisası sizə sevdirən nə oldu?
- Düşdüyüm mühit məni dəyişdi desəm, yəqin ki, yanılmaram. Qrup yoldaşlarımla öz aramızda qısametrajlı film çəkdik və mən heç vaxt olmadığım qədər özümü xoşbəxt hiss etdim. Nəinki film çəkirdik, onlarla günlərimiz çox əyləncəli və maraqlı keçirdi. Həyata baxışım yavaş-yavaş dəyişməyə başlamışdı. Universitetdə təhsil aldığım zaman müəllimlərimizi, çevrəmdəki dostları sevməyə, onları tanımağa başladım. Ətrafımda müxtəlif fikirləri olan, həyata fərqli aspektdən baxan kifayət qədər insanla tanış oldum. Sanki bizim gündəlik baxıb da görə bilmədiklərimizi onlar həmən görür və ondan nəticə çıxarırdılar. Mən anladım ki, insanı dəyişən və formalaşdıran mühit imiş. Beləcə 4 il çox əyləncəli, heç vaxt unuda bilməyəcəyim tələbəlik illəri keçirdim. Bu 4 ildə həyatımda çox şey dəyişdi. Çoxlu dostlar qazandım. Düzdür, tələbəlik illərimdə nümunəvi tələbə olmadım. Ancaq praktik işlərlə məşğul oldum. Bakı Film Studiyasında Beynəlxalq "Star Film Festivalı”nda çalışdım, dostlarımla kiçik həcimli filmlər çəkdik və tələbə yoldaşlarımızın kurs, diplom işlərinə çəkildik. Və bu bizə çox şey qazandırdı.

- Bəs necə oldu ki, aparıcı olmaq qərarına gəldiniz?
- Aparıcı olmaq istəyi içimdə uşaqlıqdan vardı. Bu mənim üçün heç zaman bir arzu olmayıb. Sadəcə sevirdim aparıcıları və bunu iş kimi görmürdüm.

-Bəs nə tip veriliş aparıcısı olmaq istəyirdiniz?
- Özümü daha çox xəbər aparıcısı kimi görürdüm. Amma ilk başladığım iş heç ağlımın ucundan da keçmirdi. Belə ki, şıltaq obraza malik, musiqili verliş aparacağım yatanda belə yuxuma girməzdi (gülür). İlk başlar çətin oldu, amma düşünürəm, mən bunu bacardım. Bacarmaqdan əlavə, mən özümü tapdım. Əslində bu veriliş sayəsində özümü sevdiyimi anladım. Bəlkə də bu gün başqa peşələrdə də çalışıb uğur qazana bilərdim. Ancaq düşünürəm ki, sevərək işini gördüyüm peşə məhz bu sahədir. İnsan həyatının çox hissəsi işdə keçirir. Və bu peşədə sanki işdən əvvəl və işdən sonra deyə bir qanun yoxdur. Evdən çıxarkən işə gedirəm deyə düşünmürəm. Elə hesab edirəm ki, əylənərək gördüyüm, sevərək etdiyim bir iş sahibiyəm.

- "Kinoşünaslıq” ixtisası üzrə təhsil almısınız. Bəs təhsil aldığınız bu xitisası davam etdirmək niyyətiniz varmı?
- Bu ixtisasa könülsüz daxil olsam da, zamanla sənətimi sevməyə başladım. Əslində kino aləmi çox maraqlı sahədir. Film izləyərkən məzmunundan daha çox onun çəkiliş məkanı, rejissor yozumu, aparatların keyfiyyəti məni daha çox düşündürür. Şükürlər olsun ki, bu gün kino sahəsində az da olsa irəliləyiş var. Belə ki, kinoteatrlarımızda yerli filmlərimizə də rast gələrmişik. Buna da şükür, heç yoxdan yaxşıdır. Seriallarımız barədə də eyni sözləri demək olar. O ki qaldı ixtisasımı davam etdirib-etdirməyəcəyimə, bu barədə qəti bir söz deyə bilmərəm. Taleyin bizə nələr bəxş edəcəyini öncədən demək olmur. Əsas odur ki, işimi sevirəm. Sənətimə o qədər vurulmuşam ki, hətta aktrisa kimi özümü sınamağa da hazıram. Bu da kinonun bir hissəsidir. İncəsənət çoxşaxəlidir, yəni ona yiyələnirsənsə, mümkün deyil ki, digər qollarından xəbərsiz olasan. Kino, musiqi, teatr, rejissorluq bir-birlərinə yaxın sahələrdir. İndi dünyanın inkişaf etmiş ölkələrində müğənnilərin özləri belə filmlər çəkirlər. Düzdür, bizdə də yeni-yeni ifaçıların filmlərə çəkilməyi başlayıb. Bunu yüksək qiymətləndirirəm. Həyatdır, hərşey ola bilər. Bəlkə növbəti il fəaliyyətimi kinoşünas kimi davam etdirdim, qabaqcadan heç nə demək olmaz.

- Gələcək hədəfləriniz nələrdən ibarətdir?
- Bir müddət bundan əvvələ qədər bir hədəfim yox idi. Onun da səbəbləri vardı. Artıq mənim də öz hədəflərim var. İşimi və təhsilimi daha da genişləndirmək istəyirəm. Təhsil çox vacibdir, ancaq təcrübə olmasa, onu tətbiq etmək mümkün olmaz və təhsilin heç bir önəmi qalmaz. Xaricdə magistr təhsili alıb, təcrübələrimi artırmq niyyətindəyəm. Bizim ölkədə incəsənət çox yavaş inkisaf edir. Bacara bildiklərimi daha da təkmilləşdirib bu yöndə getmək istəyirəm.

- 20 ildən sonra özünüzü necə görürsünüz?
- Düzü, 20 ildən sonranı görə bilmirəm (gülür). Amma hər kəs kimi mənim də arzularım klassikdi. Hamının düşündüyü, amma etmədiklərini, bəlkə də edə bilmədiklərini etmək istəyirəm. Həyat xoşbəxt anlardan ibarətdir. Mən o xoşbəxt anların çox olması üçün heç kəsi düşünmədən öz doğru bildiyim yolla getməliyəm və inanıram ki, bu məndə alınacaq.

- Nərmin xanım, maraqlıdır bəs, ilk işə necə başladınız?
- Muz TV-də kastinq elan olunmuşdu və oradan seçilən uşaqlara uyğun verilişlər seçilmisdi. Mənə də "Keçi” obrazı həvalə olundu. İlk əvvəl bu məni utandırsa da, zamanla alışdım. Muz TV-də mən "Top 10” aprıcısı kimi başladım. "Sən məndən mahnı istə" verilişi ilə davam etdim. Hazırda hər iki verilişin aparıcısıyam. Əsas verlişim isə "Sən məndən mahnı istə"dir.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər