• şənbə, 20 Aprel, 15:15
  • Baku Bakı 23°C

Əylənə-əylənə işləyən gənclər - Gənclər təşkilatında bir gün

01.12.17 11:30 11719
Əylənə-əylənə işləyən gənclər - Gənclər təşkilatında bir gün
Gənclərin çalışdığı ofisə daxil olmamışdan öncə, səs-küylü, dəhlizdə söhbət gedən, müzakirələr gedən bir iş rejimi görəcəyimi düşünürdüm. Lakin əksinə, səssiz, sakit iş mühiti ilə qarşılaşdım. Bu sükutu "xoş gəlmisiniz” deməklə ofis meneceri və qeydiyyat şöbəsinin katibi Gülər Hümbətova pozdu. Ümumi otaqlara göz gəzdirəndə hər kəsi kompüter arxasında gördük. Gülərlə ofisdəki ümumi ab-hava haqqında söhbət etdik. Ofisdə belə sakit iş şəraitinin olmasının səbəbini isə bir azdan işçilərdən soruşacağıq...

Hələlik isə, unutmamış deyim ki, biz "İrəli” İctimai Birliyinin ofisindəyik. Yeni başladığımız "Gənclər təşkilatlarında bir gün” rubrikasını hazırlamaq üçün gəlmişik... 19 yaşlı Gülər deyir ki, bir ilə yaxındır burda çalışır: "Mən bura gələndə ilk dəfəydi ki, gənclər təşkilatında olurdum. Maraqlı olduğunu gördüm, işləri öyrəndim və bir neçə ay sonra bu vəzifəyə təyin olundum. Hər gün yeni insanlar tanımaq bir gənc olaraq mənim üçün çox maraqlıdır”.


"Salam”dan öncə gəlişi hiss olunan adam...

Elə işçilər var ki, artıq ofisə daxil olan kimi bütün heyət kimin gəldiyini hiss edir. Bunu ofisdə hər kəsi qarşılayan adamdan soruşmaq daha doğru olardı. Gülər xanım deyir ki, əslində hər kəs gələndə bir-bir digər otaqlardakı işçilərlə salamlaşır, amma hələ salamdan öncə gəlişi hiss olunan adam "İradio”nun rəhbəri Elvin Səhətbəylidir.

Ofisə daxil olarkən, artıq müsbət aurasını Gülərdən başlayaraq digər işçilərə ötürənin kim olduğuna gəlincə, bunun birliyin rəhbəri Mirhəsən Seyidov olduğunu bildirdi. "Yaxşı adam sözünün üstünə gələr” – deyirlər, elə bu vaxt qapıdan M.Seyidov daxil olur, hər kəslə salamlaşıb otağına keçdi. Onunla söhbətimiz sonda olacaq, hələ ki otaqlara keçib digər əməkdaşların işləri ilə maraqlandıq.


"Ofisə gecikmişəm, işə yox”

Salamdan öncə gəlişi hiss olunan "İradio”nun rəhbəri Elvin Səhətbəyli də bir az gecikmişdi, gəlişini hiss edib elə onun çalışdığı otağa üz tutduq. İlk sualımız "rəhbərlərə gecikmək olarmı” oldu. O deyir ki, işə yox, sadəcə ofisə gecikib: "İşimiz təkcə ofislə bitmir axı, ofisdə olmasam da, iş dalınca getmişdim. Yəni, ofisə gecikmişəm, işə yox (Gülür).

Elvin deyir ki, radionun bu balaca otağında çox gənc təcrübə keçib: "Bizdə hər üç aydan bir təcrübə proqramları keçirilir. Hər dəfə 10-12 gənc burda radio işini öyrənməyə gəlir. Bizdə təcrübə keçən bir çox gənc bu gün fərqli televiziya və radiolarda çalışır. Burda biz gənclərlə bağlı verilişlər hazırlayırıq, xəbərlərimiz də gənclərlə bağlı olur”.

Amma otaqda təcrübəçilərdən heç kim yoxuydu. Elvin deyir ki, hamısı tələbə olduqları üçün dərsləri bitdikdən sonra gəlirlər.

Elvinlə bir otaqda birliyin dizayneri olan Emin Məmmədov oturur. Belə hiss etdik ki, onun danışmaqla bir o qədər də arası yoxdur, üstünlüyü işləməyə verir. Biz də onu işindən ayırmadıq.

"Daim qaynar olan bir iş mühitimiz var”

Qonşu otağa baş çəkirik. Burda birliyin baş katibi ilə, sədrin müşaviri çalışır. Müsahibə ilə yanaşı, şəkil çəkiləcəyini bilib, stollarının üstünü qaydaya salırlar. Amma qeyd edim ki, ofisdə daxil olduğumuz bütün otaqlarda – həmçinin hazırda olduğumuzda da səliqə-səhmanın qaydasında olduğunu gördük... Birliyin baş katibi 26 yaşlı Şahin Rəhmanlıdır. Onunla söhbətə isə ofisdə belə səssiz rejim olmasından başladıq. Bildirdi ki, əslində işin yeni başladığı vaxtda bu cür səssizliyin olması normaldır: "Səhər tezdən işə gələndə hamı birinci kompüterdəki işlərini görür. Ona görə sakit təəssürat bağışlayır. Əslində, daim qaynar olan bir iş mühitimiz var”.


2 ildir burda çalışan Ş.Rəhmanlı deyir ki, tələbələri, universiteti yeni bitirmiş gəncləri iş mühitinə hazırlayırlar. Şahindən bir ay əvvəl burda işə başlayan birliyin mühasibi, sədrin müşaviri Orxan Rüstəmovun sözlərinə görə isə, gənclərlə işləməyin maraqlı tərəfləri çoxdur. Orxan bildirdi ki, təcrübə üçün gələn gənclər bir dəfəyə bütün şöbələrin işini öyrənmək istəyirlər. O, gənclərin öyrənməyə maraqlı olduqları qədər çətindən qaçmağa meyl etdiklərini də gizlətmədi: "Hər şeylə maraqlanırlar, bu normaldır, amma eyni anda 5 işi öyrənmək o qədər də effektli olmaya bilər. Gənclər maraqlıdırlar, amma çətinlikdən qaçandırlar. Əsas problemləri də budur”.


"Bütün gün işləməlisən” deyə bir şey yoxdur”

Daxil olduğumuz digər otaqda işçilərlə yanaşı, təcrübəçiləri də gördük. Onlar kompüter arxasına çalışırlar, işçilərdən nəsə soruşurlar... Birliyin insan resursları departamentinin katibi Səmayə İbrahimova deyir ki, onun da "İrəli”yə gəlişi, elə təcrübəçi kimi olub. Sonra ofis meneceri keçib, ardınca isə indiki vəzifəyə təyin olunub: "Yeniliyi, gəzməyi, görməyi, öyrənməyi, nə isə təşkil etməyi, insanlarla işləməyi sevirəm. Yəqin ki ona görə burda qalmışam. İş şəraiti də yaxşıdır”.

İş arasında yaranan boş zamanın necə dəyərləndirilməsinə gəlincə, Səmayə dedi ki, gərgin bir iş rejimi olmadığı üçün elə iş və əyləncə bir yerdədir: "Boş vaxtlarda üzvlərimiz, digər layihələrdən dostlarımız gəlir, imkan olan kimi layihələrlə bağlı brifinqlər edirik. Əylənə-əylənə işləyirik. Hamımız gəncik, burda heç kəsi sıxmırıq. İşi olan icazə alıb çıxa bilir. Tələbələr burda dərslərini də hazırlayırlar. "Bütün gün işləməlisən” - deyə bir şey yoxdur”.

"İş tələbi ciddidir, amma...”

Əgər Elvinin gəlişini şən olduğuna görə hamı hiss edirsə, Əfsanəni sakit gəlişindən bilirlər. Kimsə qapını açıb sakit şəkildə otağa daxil olursa və ortalıqda səs-küy yoxdursa, bu zaman artıq bilinir ki, gələn birliyinmətbuat katibi Əfsanə Şükürovadır. Deyir ki, burdakı iş ixtisası ilə bağlı olduğu üçün ona maraqlı gəlir: "Çətinlik o baxımdan olur ki, yorula bilərəm. Amma insan motivasiyaedici fikirlər gördükdə, komanda birliyini hiss etdikdə nə qədər işləsə də, yorğunluğu hiss etmir, əksinə, məsuliyyət daha çox olur, öhdəliklərini yerinə yetirir”.

Mətbuat katibindən M.Seyidovun necə rəhbər olduğunu soruşduq: "Tələbkar deyərdim. Həmçinin çox mehriban, məsləhətləri ilə dəstək olan sədrdir. İş tələbi ciddidir, amma məsuliyyət, tələbkarlıq olmayan yerdə səhlənkarlıq yarana bilər”.


"Dərslə yanaşı, bura gəlmək məni heç yormur”

Bu tələbkarlıq barədə M.Seyidovun öz fikirlərini də öyrənəcəyik. Amma təcrübəçi xanım Diana Seyidovanın da təəssüratlarını alaq. O deyir ki, dərsdən əvvəl də, sonra da birliyə gəlir. Bildirdi ki, bu rejimə onu məcbur edən yoxdur, sadəcə, özü gəlmək istəyir: "19 yaşım var, Azərbaycan Dillər Universitetinin tələbəsiyəm. Bura 3 aya yaxındır gəlirəm. Bu müddətdə çox şey öyrənmişəm. Dərslə yanaşı, bura gəlmək məni heç yormur. Çünki sevdiyim bir işdir, maraqlı kollektivdir. Əsas məsələ dərslərə hazırlaşmaqdır, burda onun üçün də şərait var”.


"Komanda işləri peşəkar şəkildə görə bilir”

Çalışanların bir qismi tələbə olduqları üçün günü birinci yarısı ofisə gələ bilmirlər. Ona görə işçilərlə söhbətimizi yekunlaşdırıb rəhbərin otağına keçirik. Söhbətə gənc rəhbərin gənclərlə işləməsindən başlayırıq. Mirhəsən Seyidov deyir ki, ofisdə çalışan hər kəs gəncdir və bunun üstünlükləri böyükdür. Çətin tərəflərinə gəlincə, bildirdi ki, bu sahədə problem yaşamır: "İrəli”dən öncə 4 dəfə gənclər komandasına rəhbərlik etmişəm. Ona görə gənclərlə işləmək cəhətdən hər hansı çətinlik hiss etmirəm. Üstün tərəfləri daha çoxdur. Onlardan biri odur ki, insan hər zaman dövrün tələblərinə cavab verməyə çalışır. Gəncləri maraqlandıran mövzular ətrafında nəsə hazırlamaq, yeni ideyalarla çıxış etmək istəyirsən”.

Tələbkarlığa gəlincə, müsahibimiz bu fikirlə razılaşdı, hətta bunun səbəblərini də izah etdi: "Gənclər təşkilatında işləmək bir məktəb, təcrübədir. Biz də gənclər sahəsinə təcrübə adı ilə gəlmişdik, yeni nələrsə öyrənirdik. Bu gün dövrün tələbləri dəyişir. Bugünkü gəncliyi rəqabətliliyə alışdırmalıyıq. Artıq burda çalışan komanda işləri peşəkar şəkildə görə bilir. Bu da iş məsuliyyətinin olmasından, vaxtından düzgün istifadənin nəticəsində zamanla yaranıb. Burda çalışanların demək olar ki, hamısının ilk gəlişi təcrübəçi kimi olub. Müəyyən zaman kəsiyində təcrübələrini toplayıb, gənclər sahəsində işləməyin nə olduğunu bildikdən sonra işçi kimi qalıblar”.

"Gənclər təşkilatında işləmək səhvetmə ixtiyarı verir”

Əgər öyrədilirsə, mükəmməl iş alınana qədər səhvlər də olmamış olmaz. M.Seyidov deyir ki, bəzən adi bir məktubun yazılma qaydası 4 dəfə düzəliş olunmaq üçün geri qaytarılır. Belə məqamlarda onun necə reaksiya verməsinə gəlincə, bunlara öyrəşdiyini bildirdi: "Məktub rəsmiyyətdir. Onu doğru-düzgün formada hazırlamaq lazımdır. Hamı kargüzarlığı bilmir, burda öyrənirlər. Bəzən özlüyümdə çox əsəbiləşirəm, fikirləşirəm ki, qarşımdakı gəncin peşəkarlıq dərəcəsini mən daha çox görürəm, amma o bir məktubda belə yanlışlığa yol verir. Bəzən isə heç fikirləşmirəm, çünki gənclər təşkilatında işləmək onlara səhv etmə ixtiyarı verir. Sadəcə, eyni adamın hər dəfə eyni səhvi etməsi yox”.

Artıq nahar vaxtı olduğu üçün işçilər işçilər yemək fasiləsinə çıxırlar, biz də onlara mane olmayıb ofisdən ayrılırıq...

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər