Əyləncə mərkəzlərində təhlükəsizlik nə dərəcədə təmin olunur?
Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında
yerləşən "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində yanğın baş verib.
Dəqiqləşdirilmiş məlumata görə, hadisə helium şarlarının partlaması səbəbindən
yaranıb. Hadisə hazırda aidiyyəti orqanlar
tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi
ilə bağlı lazımi tədbirlər görülür. bu barədəTrend-ə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, iyunun 22-də "Megafun" əyləncə mərkəzində
helium şarlarının partlaması nəticəsində baş verən alışma 3-ü uşaq olmaqla 8
nəfərin xəsarət almasına səbəb olub: "Baş verən hadisənin nəticələrindən
dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin
hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi
yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib.
Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik
tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş
xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək
əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf
dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını
məsləhət görürük".
Məsələnin aktuallığını nəzərə alaraq, ölkəmizdə fəaliyyət göstərən
bir sıra əyləncə mərkəzləri ilə əlaqə saxlayıb, təhlükəsizlik baxımından nə
kimi işlər gördüklərini öyrənməyə çalışdıq. Amma təəssüflər olsun ki, bəzi uşaq
əyləncə mərkəzlərindən ya telefonu götürən olmadı, ya da götürənlər mövzu ilə
bağlı danışmaq istəmədilər. Yalnız "Happyland” uşaq əyləncə mərkəzinin baş
meneceri Nemət Abbasovla həmsöhbət ola bildik.
Nemət bəy qeyd etdi ki, təhlükəsizlik onlar üçün prioritet məsələdir:
"Bu sahədə 9 ildir ki, fəaliyyət göstərirəm. Normalda helium şarı
partlamamalıdır. Təcrübəmizdə belə bir hal yaşanmayıb. Helium şarları havadan
yüngül olur və yanmayan qazdır. Ola bilsin ki, həmin şarın içindəki helium qazı
olmayıb. Çünki helium qazı olan şarın partlaması mümkünsüzdür. Bu, insanın bir
qaşıq suda boğulması kimi şeydir”.
Müsahibim menecerliyini etdiyi əyləncə mərkəzindəki təhlükəsizlik
qaydalarından da danışdı: "Bizim mərkəz 1 saat gec açılır. Buna səbəb isə həm
təmizlik işlərinin getməsi, həm də texniki heyətin qurğuları yoxlamasıdır.
Bizdə hər gün xidmətə açılmamışdan əvvəl qurğularımız, avadanlıqlarımız texniki
baxışdan keçirilir. Çünki bizim əsas müştəri kontingentimiz uşaqlardır və ona
görə daha həssas yanaşırıq. Ümumiyyətlə, bizim məkanda alovlu şoular
keçirilmir. Çünki bağlı və balaca məkanda o cür oyunların olması təhlükəlidir.
Bizim məkanda belə bir hadisə baş verməyib, bundan sonra da baş verməməyi üçün
çalışırıq”.
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov deyir ki, istehlakçıların hüquqlarından biri də təhlükəsizliklərinin
təmin edilməsidir: "İstehlakçıların təhlükəsiz xidmət almaq hüquqları var.
İstehlakçıların hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlərdə də
göstərilir ki, dövlət istehlakçıların təhlükəsiz xidmətdən istifadə etməsinə
şərait yaratmalıdır. Təəssüf ki, bu kimi hallarla dəfələrlə qarşılaşmışıq. Vətəndaşları
istirahətləri zamanı hovuzda elektrik cərəyanı vurması, boğulma halları da bu
qəbildəndir. Ölkəmizdə kolibrasiya, yəni cihazların standartlara uyğun işləyib-işləməməsinin
yoxlanılması çox ciddi məsələlərdəndir. Bütün texniki avadanlıqlar ən azı ildə
bir dəfə texniki yoxlanışdan keçməlidir. Çox təəssüf ki, bu yoxlanış tətbiq
edilmir deyə belə hadisələr baş verir”.
Hüquqşünas Ceyhun Cəfərli bu hadisədə qapalı şəraitdə
yanğın təhlükəsizlik tələblərinin pozulduğunu qeyd edir: "Belə ki, hadisənin
baş verdiyi əyləncə mərkəzi hündürmərtəbəli yaşayış binasının içərisində
yerləşən qeyri-yaşayış sahəsidir. Belə şəraitdə, xüsusilə də uşaqların
əyləndiyi yerlərdə fişənglərdən istifadə edilməsi yolverilməzdir. Yəni, əslində
hər kəs hadisənin helium qazı ilə dolu olan şarın partlaması nəticəsində baş
verdiyini düşünür. Amma məsələ burasındadır ki, hadisə klounun əlindəki
fişəngin heliumlu şara dəyməsi ilə baş verib. Yəni, helium özlüyündə yanğın
mənbəyi deyil. Bu hadisə yanğın təhlükəsizlik tələblərinin pozulması
nəticəsində baş verib. Qapalı şəraitdə fişəng tipli yanğın törədə biləcək vasitələrdən
uzaq olmaq lazımdır. Yalnız açıq havada və ətrafda partlamaya meyilli əşyanın
olmadığı yerlədə istifadə edilə bilər. Yanğın təhlükəsizlik qaydalarının pozulması
nəticəsində baş verən hadisələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
225-ci maddəsi ilə tənzimlənir. Amma burada bir şərt var. Əgər zərərçəkən
şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olubsa, qarşı
tərəf cinayət məsuliyyətinə cəlb edilir. Yəni, tibbi kateqoriyaya əsasən,
xəsarətlərin dərəcəsindən asılı olaraq cinayət işi qaldırıla bilər”.
Günel