• cümə, 19 Aprel, 05:16
  • Baku Bakı 18°C

Əyalətdə 126-cı mövsümünü bitirən teatr - Fotolar

26.07.17 14:40 5020
Əyalətdə 126-cı mövsümünü bitirən teatr - Fotolar
Bu mövsüm mütəmadi olaraq Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladıqları tamaşalar, qastrol səfərləri ilə bağlı məlumat vermişik. Ancaq min eşitməkdənsə bir görmək prinsipi ilə hərəkət edərək, 126-cı teatr mövsümünün son günündə Lənkəran Teatrına yollandıq. Mövsümün son tamaşanı izlədikdən sonra mövsümü böyük uğurla başa vuran teatr kollektivinin rəhbəri Tofiq Heydərovla görüşdük. Əvvəla onu deyim ki, Tofiq müəllim səmimi və bir o qədər də qonaqpərvərdir. Deyir ki, Lənkəran Teatrının qapıları teatrdan yazan və teatrı anlaya bilən bütün mətbuat nümayəndələrinin üzünə açıqdır. Yetər ki, onlar ölkəmizin cənub bölgəsində belə bir teatrın olmasının fərqinə varsınlar və bizim heç də paytaxt teatrlarından az işləmədiyimizin şahidi olsunlar: "Qoy, mətbuat nümayəndələri bizim teatra gəlsinlər, yazsınlar, bəlkə biz yaxşı tamaşa hazırlamırıq, bəlkə haradasa nöqsanlarımız var? Biz sağlam tənqidə hər zaman hazırıq”.Rəngarəng repertuarı və biri-birindən maraqlı tamaşaları ilə Lənkəran tamaşaçılarının zövqünü oxşayan bu teatrın öz ənənələri var. İzlədiyimiz "Ay lolu və Moskvalı gəlin” tamaşası ilə bunu deməyə tam səlahiyyətimiz çatır.Nəinki Lənkəran tamaşaçıları, hətta sərhədləri aşaraq İrana mütəmadi olaraq qastrol səfərlərinə gedən teatrın orada da kifayət qədər tamaşaçı kütləsi var. Onlar teatrın tamaşalarını sevərək izləyir və ölkələrində hər il keçirilən festivallarda onları qonaq qismində görməkdən məmnunluq hissi duyurlar.Belə ki, iyunun 29-dan 30-a kimi qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin "İlan Sultan” tamaşası ilə çıxış edən teatrın kollektivi oradan əlidolu geri dönüb. T.Heydərovun sözlərinə görə, iki gün müddətində "İlan Sultan” tamaşasına İranın Ərdəbil, Parsabad, Germi və digər şəhərlərindən 1000-dən çox sənətsevər baxmaq imkanı qazanıb. Anşlaqla keçən tamaşa barədə İranın informasiya agentlikləri, qəzetləri, "Səhər” və "Seda Sima” televiziya kanalları məlumat yayıblar.Sonda Lənkəran sənətçiləri Parsabad Şəhər Mədəniyyət İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb.Bu mövsüm sözügedən teatr bir-birindən maraqlı tamaşalar hazırlayaraq tamaşaçılarına təqdim edib. Bu və digər məsələlərlə bağlı teatrın direktoru "Kaspi”yə danışır.
- Tofiq bəy, teatrın 126-cı mövsümünü başa vurduq. Bu mövsümü necə qiymətləndirirsiniz?
- Lənkəran Teatrının 126-cı mövsümünü məhsuldar və uğurlu hesab edirəm. Çünki bu mövsümdə bir sıra uğurlu qastrol səfərlərimiz oldu. İstər uşaqlar, istərsə də böyüklər üçün bir neçə tamaşalarımızın premyeraları baş tutdu. Mövsümə başlayandan teatrımızın yaradıcı heyəti ilə çalışır və tamaşaçılarımız üçün maraq kəsb edən tamaşalar hazırlamağa çalışırıq. Bu mövsümdə Hafiz Mirəznin "Ay Lolu və Moskvalı gəlin” tamaşasını hazırladıq. Sözügedən tamaşa bölgə tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Bundan əlavə, fransız dramaturqu Jan Batist Molyerin "Jorj Danden və ya aldadılmış ər” komediyasına müraciət etdik. Tamaşaya quruluşu teatrın baş rejissoru Tural Mustafayev verib. Səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Tamaşa növbəti mövsüm izləyicilərimizə təqdim olunacaq. Teatrda paralel olaraq daha iki səhnə əsərinin – italyan dramaturqu Lüidci Lunarinin "Üç nəfər yelləncəkdə” və Rövşən Ağayevin "Bir gecənin nağılı” əsərləri üzərində iş gedirdi. Bu tamaşaların da növbəti mövsümdə təhvil verməyi düşünürük. Bu il həmçinin J.B.Molyerin "Jorj Danden”, Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”, M.Musabəylinin "Toy səyahəti” və daha bir neçə uşaq əsərini tamaşaya hazırlamağı planlaşdırmışıq. Ümid edirik ki, bu tamaşalar da tamaşalarımızın marağına səbəb olacaq.
- Bəs, peşəkar aktyor cəhətdən qıtlıq çəkirsinizmi?
- Bu məslə ilə bağlı onu demək istəyirəm ki, Lənkəran Teatrına daha çox gənc nəslin nümayəndələri müraciət edirlər. Onların da aktyor və ya rejissor təhsili yoxdur. Ancaq bizə müraciət edən gəncləri ruhdan salmır, onların üzərində çalışırıq və səhnə üçün hazır olandan sonra onlara tamaşalar həvalə edirik. Bu gün teatrımızda aparıcı aktyorlar var ki, çox gözəl, peşəkar aktyordurlar ancaq onların təhsilləri yoxdur. Bunlara Şəbnəmi, Səyyad Əlini və repertuarımızda rol alan digər aktyorları misal göstərə bilərəm.
- Hazırda paytaxt teatrlarında aktyorların yaş limiti gündəm yaradır. Lənkəran teatrında bu məslə nə dərəcədə aktualdır?
- 65 yaşından sonra hər bir vətəndaş təbii olaraq pensiyaya çıxmalıdır. Dövlətin qanunu belədir. Ancaq məsələnin bu tərəfi bir az başqadır. Yaradıcı insanlar bir qədər həssas və kövrək olur. Yaşlaşdıqca daha çox diqqət tələb edirlər. Haradasa onları da başa düşmək olar. Ötən ay Odessada olarkən qonağı olduğum ölkənin teatrlarından birində tamaşaya baxdım. Baxmayaraq ki, aktyorun 75 yaşı var idi, o həm oxuyur, həm rəqs edir, həm də enerjili çıxışlar edirdi. Bu, çox möhtəşəm idi. Ancaq bizdə isə məsələ belə deyil... Teatrımızda istedadlı aktyorlar kifayət qədərdir. Klassik aktyorlarımızdan olan xalq artisti Qabil Quliyev var ki, o hələ də öz üzərində çalışır. Öz sağlamlığının qayğısına qalır. Onlar sənətkardırlar. Sənətkarların isə qəlbinə dəymək olmaz. Hətta o qədər həssas insandırlar ki, teatra gələndə hər kəsə salam verirəm, kiminləsə bir az soyuq salamlaşanda onların qəlbinə dəyir (gülürük). Mədəniyyət və Turizm Nazirliyi də bu məsələdə bizi dəstəkləyir. Bu günün yaşlı aktyorları gələcək nəsil üçün bir örnəkdir. Hər hansı gənc aktyor görsə ki, illərini teatra həsr edən yaşlı bir aktyoru işdən çıxardırlar və o aktyor mənəvi cəhətdən ölüb, haqlı olaraq düşünəcəklər ki, bəs görəsən biz bu sənətdə yaşlanandan sonra necə olacağıq? Bizim üçün hər bir aktyorumuz qiymətlidir. Xüsusən də bu sənətdə sözünü demiş klassik aktyorlarımız.
- Biz bura gəlməyənə qədər teatrın təmirsiz olduğundan xəbərsiz idik. Bəs nə üçün mətbuat bundan xəbərsizdir.
- Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi özü maraqlanır. Yaxın zaman ərzində Lənkəran Teatrının təmiri gözlənilir. Ancaq mən bu barədə kimlərisə xəbərdar etməyi və vəziyyətimiz barədə acınacaqlı xəbər verməyi xoşlamıram. Hazırda teatrın vəziyyəti o qədər də faciəvi deyil. Bir az işıqlarda və foyedə problem var. Bu da dəhşətli bir şey deyil. Səhnənin quruluşu bizə icazə verir ki, maraqlı tamaşalar hazırlayaq. Sizə ancaq onu deyə bilərəm ki, nazirlik teatrımızın binasının təmirini dövlət proqramına salıb. O vaxta qədər yəqin təmir olunar. Bu, bizdən asılı olan bir məsələ deyil.
- Teatrın repertuarını seçərkən nəyə daha çox önəm verirsiniz?
- Repertuar seçərkən çalışıram ki, rəngarənglik olsun. Eyni janr, eyni mövzulara müraciət etməkdən imtina edirəm. Bu mövsüm isə daha çox klassikaya, müasir dramaturgiyaya müraciət etdik. Gələcəkdə türk müəlliflərinin əsərlərinə də müraciət etməyi planlaşdırırıq. İstəyirik ki, növbəti mövsümdə İran və Türkiyədən rejissor dəvət edək. Onların da təcrübələrindən yararlanaq.
- Bəs nə üçün gənc yazarlara müraciət etmirsiniz?
- Mən işimlə əlaqədar olaraq bir çox romanlar oxuyuram. Bunların içərisində gənc müəlliflər də üstünlük təşkil edir. Mənimlə bərabər rejissorlarımız da əsərlər oxuyur və ümumi bir nəticəyə gəlirik. Ancaq hansı əsər bizi qane edirsə, onları da səhnələşdiririk. Parsabad şəhərində olarkən bizdən 20 yanvar və Qarabağ hadisələri ilə bağlı bir əsər istədilər. Biz çox araşdırmalar etdik və normal, xalqımızın başına gətirilən hadisələri özündə şərh edən qənaətbəxş bir əsər tapmadıq.
- Lənkəran teatrı bu vaxta qədər həm yerli, həm də xarici rejissorlarla çalışıb. Hansı rejissorla işləmək teatrın kollektivi üçün daha rahatdır?
- Rejissordan çox şey asılıdır. Hər rejissorun özünün dəsti-xətti olur. Rejissor kollektivi yığır, ətrafına cəm edir, onlarla danışıqlar aparır. Hesab edirəm ki, xarici rejissorlar daha çox çalışır. Çünki onlar sırf başqa dövləti təmsil etdiyi üçün işlərinə daha məsuliyyətlə yanaşırlar. Uşaqlarımız onlarla işləməkdən yorulmurdu. Onlar imkan vermir ki, hazırlayacağı tamaşanın məşqi hədər yerə getsin. Çalışırlar ki, gəldiyi müddətdə bir iş görsünlər. Müəyyən vaxtdan sonra da işlərini bitirib gedirlər. Bizim rejissorlar isə işi çox uzadırlar.
- Tofiq bəy, Lənkəranda çəkilən "Günəşim ol” serialının əsas iştirakçıları məhz Lənkəran Teatrının kollektivindən seçilmişdi. Çox zaman teatr rəhbərləri aktyorlarının seriala çəkilməsinə qarşı çıxır, bu layihələrin teatrın işini ləngitdiyini deyir.
- Təbii olaraq hər bir teatr rəhbəri çalışır ki, onun işçisi daha çox qazansın və evinə bir tikə çörəkpulu aparsın. Burda pis heç nə ola bilməz. "Günəşim ol” filminin təşkilatçı heyəti ilə tez-tez görüşür və əlaqə saxlamağa çalışırdıq. Düzdür, onlarla bəzən işimiz toqquşurdu. Ancaq mən heç vaxt onların əleyhinə çıxmamışam. Teatrımızın aktyorları seriala çəkilməklə daha da məşhurlaşdı. Bu təbii ki, teatrın adına xidmət edir. Hətta sizə bir hadisə danışım. Biz İrana qastrol səfərinə gedərkən gömrükdə serial qəhrəmanları olan Qafuru, Natiqi, Nüşabəni və digər aktyorları oynadıqları rolun adı ilə çağırdılar. Astara, Biləsuvar gömrüyündə bizi yaxşı tanıyırlar. Onlar bizə yüksək səviyyədə kömək edirlər. Sərhəddə belə bizim aktyorları məndə çox tanıyırlar (gülürük). Təbii ki, biz buna sevinirik. Onların seriala çəkilməsi və tanınması bizə çox xoş təsir bağışlayır. Mən də bacardığım qədər buna şərait yaradıram. Yenə təklif olsa, məmnuniyyətlə buna razılıq verərdim. Bəzən olurdu ki, seriala çəkilən aktyorlar tamaşanın məşqlərinə gələ bilmirdilər və o zaman tamaşaları dəyişirdim. Tamaşaların premyeralarında qarşılıqlı koordinasiya edirdik. Aktyorun bu gün teatrdan əlavə yerdə də qazancının olması böyük işdir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər