• çərşənbə axşamı, 19 mart, 10:04
  • Baku Bakı 8°C

Ey sevgili bayrağımın o dalğalı duruşu!

08.11.19 16:18 5572
Ey sevgili bayrağımın o dalğalı duruşu!
Bayrağım varsa, deməli, dövlətim var, vətənim var

Üçrəngli bayrağımızın dalğalandığı zirvədən – Soltanbud təpəsindən Ağdamın işğal olunmuş bütün torpaqları görünür. «Biz o təpəyə çıxanda məyus oluruq. Göz yaşlarımızı saxlaya bilmirik» - deyir ağdamlılar. Təpədə dalğalanan bayrağımız indi onlara təkcə təsəlli deyil, işğal olunan torpaqlarımızın bir gün alınacağı günə inamdır, ümiddir. 1988-ci ildən müharibə şəraitində olan, torpağının 70 faizdən çoxu işğal olunan, minlərlə şəhid verən, məcburi köçkünləri ölkəmizin dörd bir yanına səpələnən ağdamlılar üçün Soltanbud təpəsində dalğalanan bayrağımız Vətənimizin rəmzi, qürur mənbəyidir.
Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin ənənəvi olaraq keçirdiyi "Bayraq yürüşü”nün Ağdamın Quzanlı qəsəbəsində keçirilməsi də təsadüfi deyil.
Düşmənlə az qala bir addımda yerləşən qəsəbənin sükutunu hərbçilərin, "Hər birimiz bu bayraq üçün savaşdıq. Bundan sonra da savaşmağa hazırıq” deyən qazilərin, "Bayrağımız Vətənimzidir” deyib qürurlanan gənclərin, məktəblilərin, bu yürüşə qoşulmağa gələn qonaqların və yerli sakinlərin «Yaşasın Bayrağımız!» - nidaları pozdu. Azərbaycan xalqının möhtəşəm birliyinin bariz nümunəsinə çevrildi "Bayraq yürüşü”. Yürüşün keçirildiyi Bayraq Meydanından cəmi 5 kilometr sonra ermənilərin işğal etdiyi Baş Qərvənd ərazisi başlayır...

Harada bayraq varsa...

Ön sırada Milli Ordunun piyadaları - əsgər və zabitləri, ağır artilleriyanı idarə edən hərbçilər, əllərində "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür”, "Qarabağ Azərbaycandır!”, "Bayrağımız qürurumuzdur!” şüarları yazılan məktəblilər, yerli sakinlər və tədbirə qatılan digər insanlar – ümumilikdə 4 min nəfərin qatıldığı yürüş Rayon Təhsil şöbəsinin yanından Bayraq meydanına qədər məsafəni əhatə etdi.
"Arxadakı insan selini, dalğalanan bayraqlar və onların önündə gedən Milli Ordunun əsgər və zabitlərini, qazilərini görürsənsə, insan hansı hissləri keçirə bilər? – deyə Respublikanın Xalq artisti Nurəddin Mehdixanlı yaşadığı qürur hissindən qəhərlənir: «Xoşbəxtlik nə nəsnədirsə, bax, o, budur. Milləti ilə, bayrağı ilə, ordusu ilə, ziyalısı, sıravi vətəndaşı ilə bir yerdə və bir yumruq olmaq. Çünki biz bir olanda güclüyük».

Həm dosta, həm düşmənə...

Təhsil nazirinin müavini Firudin Qurbanov yürüşün hər bir iştirakçısı kimi qürur duyduğunu deyir: "Qürur duyuram ki, dövlət atributlarına sevginin bu cür nümayişinin şahidiyəm. Bu yürüş onu göstərir ki, Qarabağın azad olunmasına xidmət edəcək belə yürüşlərə hər bir ölkə vətəndaşı hazırdır. Bayrağımız ölkəmizin varlığını, eyni zamanda gücünü bütün dünyaya - həm dostlarımıza, həm də düşmənlərimizə göstərir. Bu gün bayrağımız dünyanın hər yerində - mötəbər idman yarışlarında, mədəniyyət forumlarında dalğalanır. Bu, xalqımızın gücünün, ölkəmizin qüdrətinin göstəricisidir. Nazir müavini bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, iqtisadi qüdrətinin artmasının ayrıca qürur hissi yaşatdığını söyləyir: "Fəxr etməliyik ki, Azərbaycan kimi bir ölkədə yaşayırıq. Bayraq yürüşümüz bizim bir xalq olaraq bir olduğumuzu göstərir. Biz hər zaman işğal olunmuş ərazilərimizi azad etməyə hazırıq. Prezidentin Rusiyanın Soçi şəhərində «Qarabağ Azərbaycandır!» - deyə qətiyyətlə səsləndirdiyi fikir bütün Azərbaycan vətəndaşlarına qürur hissi yaşatdı. Biz Ali Baş Komandanın əmri ilə hər zaman işğal altında olan torpaqlarımızı azad etməyə hazırıq. İnanırıq ki, bir gün üçrəngli bayrağımız Qarabağın işğaldan azad edilən bütün bölgələrində dalğalanacaq».
Millət vəkili Aydın Mirzəzadə bayrağımızı işğal olunan ərazilərə sancmağa da, sancıldığı yerlərdə dalğalandırmağa da gücümüz olduğunu söylədi: «Artıq beşinci ildir ki, müharibə bölgələrimizdə "Bayraq yürüşü” keçirilir. Bu gün təkcə yürüşün keçirildiyi Ağdam rayonu deyil, bütün Azərbaycan belə bir möhtəşəm tədbirdən xəbərdardır. Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi ölkədir. Bu gün Azərbaycan dünya liderlərinin toplaşdığı «Qarabağ Azərbaycandır! Nida!» deyən ölkədir. Ölkəmiz bu səviyyəyə xalqımızın səyi, özünün qətiyyətli lideri ilə çatıb. Gün o gün olsun, bayrağımız Laçında, Şuşada, Kəlbəcərdə - işğal altında olan bütün bölgələrdə dalğalansın! İnanırıq ki, o gün uzaqda deyil. Harada bayraq varsa, Azərbaycan vətəndaşı ordadır. O bayrağı qorumaq üçün ölkə vətəndaşları canından keçməyə hazırdır”.
Ağdam rayonun icra başçısı Vaqif Həsənov «Bu gün ağdamlılar bütün ordusu və mülki əhalisi ilə birgə "Bayraq yürüşü”nü Ağdam rayonunun mərkəzində keçirməkdən şərəf duyurlar” dedi: "Bu, bizim möhtəşəm birliyimizin göstəricisidir. Bayraq xalqın qürurunu ifadə edir. Fəxr edirəm ki, bayraq gününü Ağdam rayonunda belə möhtəşəm qeyd edə bilirik».
N saylı hərbi hissənin birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli dalğalanan bayrağımızda milli mənsubiyyətimiz, türklüyümüz, dinimiz və gələcək hədəflərimizin əksini tapdığını söylədi: "Vətəndaşlarımızda bayraq sevgisini artırmaq, dövlətçiliyimizin möhkəmlənməsi üçün dövlət başçısının ətrafında sıx birləşmək üçün bayraq yürüşünü həyata keçiririk. Bu bayrağın dalğalanması üçün Azərbaycan xalqının mərd oğulları canlarını qurban veriblər. Bu bayraq uğrunda şəhid olanlarımız saysız-hesabsızdır. Bu bayraq uğrunda döyüşən qazilərimiz var. Bu bayramı belə möhtəşəm şəkildə qeyd etməklə tezliklə düşmən işğalından torpaqlarımızı azad edəcəyimizə inanırıq. Hər bir Azərbaycan əsgər və zabiti söz verir ki, Baş Komandanın əmri ilə və rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı azad edəcək, ərazi bütövlüyümüzü bərpa edərək bayrağımızı Azərbaycanın bütün bölgələrində, işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq”.
Ağdam rayon Müharibə Veteranları Birliyinin rəhbəri Baxşeyiş Abbasoğlu «Dilimiz, dilimiz, qanımız bir olan soydaşlarımızın, həmvətənlərimizin bayrağa olan sevgisini görürük” -deyə qürur hissini bölüşdü: "Yer üzündə torpağa, vətənə türk xalqı qədər sevgisi olan bir xalq yoxdur. Bu gün dövlətimizin ən müqəddəs atributu onun bayrağıdır. Dövlətimizin bayrağı bizim ləyaqət simvolumuz, qürur mənbəyimiz, iftixarımız, baş ucalığımızdır. Bu bayrağın uca tutulması üçün hər birimiz bir vətəndaş olaraq canımızdan, qanımızdan keçməyə hazırıq».

Düşmənə göz dağı

Yürüşə qatılan qonaqlar da Quzanlı qəsəbəsində yaşanan əhval-ruhiyyəni bölüşürlər. Azərbaycan vətəndaşlarının bayrağa olan sevgisinin şahidi olduğunu deyən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Bayraq Gününü "qürur günümüz” kimi dəyərləndirir: "Bayrağımız bizim dövlət müstəqilliyimizin, birliyimizin rəmzidir. Gün gələcək üçrəngli bayrağımız işğal olunmuş ərazilərimizdə, tarixi Qərbi Azərbaycan torpaqlarında dalğalanacaq. Həmişə bayrağımızın uca olmasını arzulayıram”.
Əslən ağdamlı olan Aynur Cavid Qobustan rayonundan gəldiyini bildirdi. "Ağdamda hansı tədbir keçirilirsə, mütləq iştirak etməyə gəlirəm. Mən bu gün "Bayraq yürüşü”ndə qürur hissini yaşamaq üçün gəlmişəm. Biz həmişə vətənimizin yanındayıq. Ağdam ata ocağımızdır. Ağdamın dörd tərəfi şəhid məzarlığıdır. Bu torpaqlar uğrunda nə qədər insanlar itirmişik. Mənim atam da 1993-cü ildə şəhid olub. Bayrağımız bizə onlardan əmanət qalıb. Biz onu daim yüksəklərə qaldırmalıyıq. Bu gün yürüşdə dörd min nəfərin birliyini nümayiş etdirməsi düşmənə göz dağıdır”.
Yürüşdə iştirak edən azyaşlı bayraqdarların sevincini görmək ayrıca bir qürur yaşadır. Qasımbəyli qəsəbə məktəbinin 10-cu sinif şagirdi İradə Ağayeva: «Hesab edirəm ki, bu gün Azərbaycan üçün ən önəmli gündür. Bayraq mənim üçün qürur mənbəyidir. Hər zaman başımızın üstündə saxlayacağımız atributdur. Bayraq mənim üçün müstəqillik, suverenlik deməkdir. Bayrağım varsa, deməli, dövlətim var, vətənim var. Biz bayrağımızı həmişə ucalarda saxlamalıyıq”.
10-cu sinif şagirdi Nərgiz Mehdizadə «Bayraq yürüşü”nün Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu sevinclə dilə gətirir: " Ağdamın işğal altında olan torpaqlarından da əzəmətli bayrağımız görünür. Mən istəyirəm ki, bu bayraq tezliklə həmin torpaqlarda da dalğalansın və biz bu yürüşü işğaldan azad ediləcək torpaqlarımızda davam etdirək”.
Bütün ölkə əhalisi kimi ağdamlılar da tezliklə üçrəngli bayrağımızın Soltanbud təpəsindən daha yüksəkdə olan Şahbulaq dağı, Yeddi Xırman dağı, Mantar dağı, Şuşadakı Kirs dağı, Dəlidağın zirvəsində dalğalanacağını gözləyirlər. Bu dağların zirvəsi bu gün üçrəngli bayrağımızın dalğalanması həsrətindədir. Bir gün o dağların da sinəsinə insan ayaqlarının izi düşəcək. Bayrağımız o dağların zirvəsində də dalğalanıb insanlarımıza qürur hissi yaşadacaqdır.

Təranə Məhərrəmova





banner

Oxşar Xəbərlər