Ey hörmətli müəllim!
Son illər müəllim peşəsinin nüfuzunun deqradasiyası
haqqında cəmiyyətdə birmənalı olmayan fikirlər yer alır. Bu amili müəllimin öz
şəxsiyyəti ilə də, məktəblə də, valideynlərin, şagirdlərin ümumən təhsilə
yanaşması ilə də əlaqələndirənlər var. Hər şeydən əvvəl valideynlərin məktəbə
münasibətində radikal dəyişikliklər müşahidə olunur. Əgər illər öncə valideyn
övladının əlindən tutub müəllimin yanına gətirərək "əti sənin, sümüyü mənim”
deyirdisə, bu gün "övladıma gözün üstündə qaşın var” demə” deyir. Əgər əvvəllər
valideynlər "Müəllim həmişə haqlıdır” deyirdilərsə, bu gün pedaqoji prosesin
əsas postulatı "Müştəri həmişə haqlıdır” müddəasıdır. Elə bir vəziyyət yaranıb
ki, müəllim uşağın davranışı ilə bağlı qüsurları valideyninə söyləməyə az qala
qorxur - birdən onu səhv başa düşər, rəhbərliyə şikayət üçün əlinə bəhanə keçər
və s. Bu kimi səbəblər müəllimi bəzən geri adım atmağa vadar edir. Müəllimlərlə
valideynlərin görüşü daha çox dostluq münasibətində olmayan qonşu dövlətlərin
hökumət nümayəndələrinin rəsmi mərasimlərini xatırladır. Bir çox müəllimlər
söhbətin protokolunu yazır. Valideynlərin davranışı daha təəccüb doğurur: bir
çoxları müəllimlə söhbətə diktafonla, bəziləri hətta videokamera ilə
"silahlanmış” halda gəlir. Bu o deməkdir ki, sabah sosial şəbəkələrdə hansısa
reportajın olacağına və ya hüquq-mühafizə orqanlarına şikayət edilməyəcəyinə
heç bir təminat yoxdur. Bu gün məktəbə və ya müəllimə qarşı qəzəbini boğa
bilməyən valideyn birbaşa təhsil şöbəsinə və ya prokurorluğa tələsir, və ya
məktəbdə müəllimi hədələyir. Hərçənd qanun hər ikisini – valideyni də, müəllimi
də eyni dərəcədə qoruyur, ancaq bəzən reallıq yazılan qanunlardan uzaq olur.
Nəticədə, çoxsaylı pedaqoji üsullara malik müəllim münaqişəli vəziyyətdə gücsüz
qalır.
Müəllim peşəsinin nüfuzunun son illər aşağı
düşməsinin səbəbi nədir? Müəllim özü peşəsinin nüfuzunu zədələyir, yoxsa
qloballaşan dünyanın yeni trendləri ilə
uyğunsuzluq yaranıb? Z nəsli - "MənMənMən” və ya "rəqəmsal insanlar” adlanan
yeni nəsil bəlkə öz dəyərlərini tanımır? "Nəsillər nəzəriyyəsi”nin problemin
dərinləşməsindəki rolu get-gedə dərin hiss olunur.
Müəllim peşəsinin nüfuzunun artması ilə bağlı
müddəa ölkə başçısının hələ 2013-cü ilin oktyabrın 24-də imzaladığı "Təhsilin
İnkişafı Üzrə Dövlət Strategiyası”nda da yer alıb: "Müəllim amili təhsilalanın
inkişafında həlledici rol oynayır. Bilik və bacarıqlarını davamlı artıran
müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər.Təhsilin
keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən
qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim
peşəsinin nüfuzunun artırılması zəruridir”.
Təəssüf ki, keçən müddət ərzində müəllim peşəsinin
nüfuzunun daha çox aşağı düşməsi faktları ilə qarşılaşırıq. Elə, bu yaxınlarda
162 saylı məktəbdə baş verən intihar hadisəsindən sonra müəllimin "nüfuzu”
məsələsi yenidən gündəmin mövzusuna çevrilib. Heç şübhəsiz, müəllimin nüfuzu
ümumən çalışdığı məktəbin nüfuzudur. Övladının yaxşı təhsil almasını istəyən
valideyn isə onun əlindən tutub məhz həmin perspektivli hesab etdiyi məktəbə
aparır...
Pedaqoji elmin
istiqaməti
Ziyalıların isə müəllimin nüfuzunun cəmiyyətdə
aşağı düşməsi ilə bağlı səslənən fikirlərə münasibətlərində narahatlıqdan doğan
məqamlar çoxdur.
Azərbaycan
Dillər Universitetinin dilçilik kafedrasının müdiri, filologiya üzrə elmlər
doktoru, professor Adil Babayev hesab edir ki, müəllimin
nüfuzunun olması üçün ilk növbədə milli ənənələrimizə, mənliyimizə, kimliyimizə
hörmətimiz olmalıdır: "Əvvəllər müəllimin yeməkxanası ayrı, tələbə və
şagirdlərin yeməkxanaları ayrı idi. İndi mən yeməkxanadan gəlirəm. Tələbələr
orda yaşlı müəllimlər yoxmuş kimi
özlərini aparır, bərkdən gülür, zarafat edirlər. Onlar müəllimi saya salmır,
hörmət etmirlər. Niyə? Çünki milli dəyərlərimiz itib. Milli dəyər itəndə belə
olacaq – orta məktəbdə də, ali məktəbdə də. Biz oxuyanda elə bilirdik ki,
müəllim nə çay içir, nə yemək yeyir. Müəllimin nüfuzu vardı. Böyükdən kiçiyə
qədər hamı müəllimə hörmət edirdi”. Professor hesab etmir ki, müəllim şagird
üzərində despot olmalıdır. Belə ki, şagirdin öz yeri, müəllimin də öz yeri
olmalıdır: "Şagird müəllimə hörmət etməsə, onun dərsini öyrənməz və dediklərinə
də qulaq asmaz. «Müəllim mənə bir söz desə, mənə bir sillə vursa onu işdən
çıxartdıraram» - bu gün bütün şagirdlərdə bu iddia var. Belə olanda şagirdlər
nə oxuyacaq, nə də müəllimə hörmət edəcəklər. Ona görə müəllimin nüfuzu
qorunmalıdır. Pedaqoji elmin də istiqaməti budur ki, müəllimin nüfuzu olsun”.
A.Babayevin fikrincə, müəllimin nüfuzu və şəxsiyyəti təlim-tərbiyədə mühüm
amildir. Yəni əgər şagird və tələbə müəllimi sevməsə, onun dərsini öyrənməz,
dediklərinə də əhəmiyyət verməz: "Əgər şagird müəllimi birinci sinifdən sevməsə
«A» hərfinin necə yazılmasını da öyrənməyəcək». Professor problemin
dərinləşməsində müəllimlərin özlərinin də səhvlərinin olduğunu bildirir:
«Məktəblərdə o müəllim ki rüşvət aldı, onun dərsinə şagirdlər qulaq asmaz. O,
müəllim ki, «Bu gün 8 martdır» və ya digər bayramdır – deyə şagirdlərdən pul
yığdı, ona hörmət olmaz. Müəllim gərək mənəviyyatı, əxlaqı ilə özünü ali səviyyədə
saxlasın. Onda şagird ona hörmət edəcək. Məktəblərdə müəllim-valideyn
münasibətləri düzgün qurulmalıdır. Əgər müəllim valideyndən nəsə umursa, onun
yanında gözükölgəli olacaq”. Professor hesab edir ki, repetitorluq da problemin
yaranmasında rol oynayır: "Əgər müəllim şagirdə «Gəl, səni evdə hazırlaşdırım»
- deyirsə, o zaman həmin şagirdə münasibəti fərqli olur. O biri şagirdə – yəni
yanına hazırlaşmağa gəlməyən şagirdə isə aşağı qiymət verir. Bu, pedaqogika
deyil”. A.Babayev müəllimlərin işdən kənarlaşdırılmasını da düzgün hesab etmir:
"Hər şeydən ötrü müəllimi işdən çıxarıb işsiz qoymaq olmaz. İndi müəllimi işdən
çıxarmaq adiləşib. Hesab edirəm ki, müəllim, şagird-məktəb münasibətlərinə
yenidən baxılmalıdır. Kompleks tədbirlər proqramı hazırlanmalıdır». A.Babayevin
fikrincə, bu sahədə problemlərin yaranmasının səbəbi həm də müəllimin maaşının
azlığıdır. Məktəbin təlim-tərbiyəsində kişi müəllimlərin roluna gəlincə,
professor bildirir ki, bu gün kişi müəllimlər məktəblərdə müəllim kimi işləmək
istəmirlər: "Çünki onlar ailə dolandırmalıdır. Müəllimin aldığı maaşla ailə
dolandırmaq çətindir. Ona görə də onlar özlərinə başqa peşələri seçirlər. Əgər
müəllimin zəhməti yüksək qiymətləndirilsə, bu problemlər öz həllini tez
tapacaq».
Cəmiyyətdəki
tələbat
Yazıçı Natiq
Rəsulzadə hesab edir ki, ilk növbədə müəllim öz nüfuzunu
qorumalıdır: "Müəllim nüfuzunun yüksəlməsinə cəmiyyətdə çoxdan tələbat var.
Bizim nəsil yaxşı bilir ki, əvvəllər şagird-müəllim münasibətləri hansı
səviyyədə olub. Həm orta məktəbdə, həm də institutda oxuduğum illərdə müəllimə
necə böyük hörmət olduğunun şahidi olmuşam. Biz müəllimin dəhlizdə gəldiyini
görəndə kənara çəkilərdik ki, o, keçsin, sonra yolumuza davam edək. Dərslərdə
də eyni vəziyyət idi. Mən indi institutda dərs deyirəm. Tələbələrdə müəllimə
qarşı nə hörmət, nə məhəbbət qalıb. Ona görə hesab edirəm ki, ilk növbədə
müəllim öz hörmətini saxlamağı bacarmalıdır. Müəllim özü şagirdə nümunə
olmalıdır. Şagird görməlidir ki, müəllim ona bilik verməyə çalışır, ondan nəsə
almağa yox. Müəllim evində yox, məktəbdə uşaqla məşğul olmağa çalışmalıdır».
Yazıçının fikrincə, müəllim-şagird münasibətlərinin belə səviyyəyə çatmasının,
müəllimə münasibətin dəyişməsinin səbəbləri çoxdur: «Ədəbiyyat dili ilə desək
bunun 1, 2, 3 dərəcəli süjet xətləri var. Problemlər də bundan qaynaqlanır”.
Müəllim 2-3
yerdə işləməməlidir
Xalq artisti
Nurəddin Mehdixanlı da hesab edir ki, ilk növbədə köklərimizə dəyər vermək lazımdır. Belə ki, müəllim
təmin olunmuş təbəqə olmalıdır: «Mən kənd məktəbində oxumuşam. O zaman müəllimlər
öz geyim-keçimləri ilə seçilirdilər. Qalstuk taxma mədəniyyətini cəmiyyətə
müəllim gətirmişdi. Qohum-qonşuya pul lazım olanda müəllimdən borc alırdı.
Müəllim təmin olunmuş təbəqə idi. Müəllim bir millətin varlığının təməli, onun
zəmanət verənidir. Müəllimin hazırladığı uşaqlar sabah bir cəmiyyəti, bir dövləti
idarə edən nəsil olacaq. Biz bu gün müəllimə dəyər verməli, onu cəmiyyətə layiq
olduğu pilləyə qaldırmalıyıq ki, o da bunun əvəzini ödəsin”. N.Mehdixanlının
fikrincə, müəllim dolanışıq üçün 2-3 yerdə işləməməlidir. O, yalnız pedaqoji
fəaliyyətlə məşğul olmalı, özünün maddi təminatını ödəməlidir: "Sabah ona
şagirdlərinin qarşısına hazırlıqlı çıxmaqdan ötrü vaxt, imkan lazımdır. Bu gün
müəllim həm məktəbdə şagirdlərə dərs verir, həm də kənarda repetitor kimi
çalışır. Ancaq onun repetirorluq etdiyi şagirdlər yüksək balla ali məktəbə
daxil ola bilsələr də, məktəbdə dərs dediyi uşaqlar həmin balı toplaya
bilmirlər. Çünki müəllim repetitor kimi artıq zəhməthaqqı aldığına görə
enerjisini daha çox ora sərf edir. «Bunun müqabilində mən həyatımı təmin
edirəm. Ona görə də o uşaqları hazırlamalıyam» - deyə düşünür. Ancaq orta
məktəbdə həmin təminat olmadığına görə uşaqları sadəcə yola verir”. N.Mehdixanlı
bəzən cəmiyyətdə səslənən "Əsas təminat deyil, millətinin övladını sevməlisən»
fikirlərinə də münasibət bildirir: "Bu fikirlərin əsası yoxdur. Müəllim də bu
ölkənin vətəndaşıdır. O, hər şeydən əvvəl millətinin, dövlətinin taleyini həll
edən şəxsdir. Ona görə bu insanlara qayğı olmalıdır. Hesab edirəm ki, müəllimlər
və ordu bütün mənalarda təmin olunmalıdır. Çünki onlar mənəvi dünyamızın və
ölkəmizin, bayrağımızın qoruyucularıdır. Müəllim üçün kimsədən asılı olmayan,
mənəvi ehtiyatların içində çırpınmayan və yalnız peşəsi ilə məşğul olmağa imkan
verən şərait yaradılmalıdır. Zaman çox şeyi dəyişə bilər. Demirəm, 200-300 il
geriyə gedək. Ancaq o vaxtlarda yaxşı şeylər də var idi. Onları bu günümüzə
tətbiq edək. Hesab edirəm ki, bu gün təhsil sahəsində islahatlar davam
etdirilməli, yaxşı təcrübələr yayılmalıdır. Biz də bir vətəndaş olaraq hər
zaman müəllimlərin yanında olmağı bacarmalıyıq».
Təranə Məhərrəmova