• cümə axşamı, 28 mart, 23:43
  • Baku Bakı 13°C

Ey hörmətli müəllim... - Fotolar

22.05.18 11:00 2786
Ey hörmətli müəllim... - Fotolar
Müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Sevindirici haldır ki, bu vəzifənin öhdəsindən ləyaqətlə gələn, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs imicini doğruldan müəllimlərimiz çoxdur. Belə fədakar müəllimlərdən biri də Gülnarə Fətiağa qızı (Əbilova) Qasımovadır. O, 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1977-ci ildə Samux rayonunun İnstitut qəsəbəsindəki orta məktəbin 1-ci sinfinin rus bölməsinə daxil olub. 1987-ci ildə həmin orta məktəbi medalla bitirib. 1987-ci ildə Bakı Dövlət Universitetinin rus bölməsinin kimya fakültəsinə daxil olub. 1992-ci ildə həmin universiteti bitirib. 2000-ci ildən Bakı şəhəri Yasamal rayonu A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyir.

G.Qasımova əmək fəaliyyəti müddətində bir çox təlimlərdə, treninqlərdə iştirak edib. Xatırladaq ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkil etdiyi Ümumi orta təhsil səviyyəsində texniki və təbiət fənlərinin interaktiv tədrisi üzrə təhsilverənlər üçün təlimdə maksimum 60 baldan 52 bal toplayıb.
Onu da əlavə edək ki, Təhsil Nazirliyi Bakı şəhəri üzrə Diaqnostik Qiymətləndirmədə (DQ) yüksək nəticə göstərən müəllimlər 5 təbiət və texniki-riyaziyyat, fizika, kimya, coğrafiya və biologiya fənləri üzrə bu təlimdə iştirak edib. G.Qasımova bu fənlərə öz fənni çərçivəsində inteqrasiya etməklə, mövzuları tərtib edib və bu mövzular komissiya tərəfindən yoxlanılaraq yüksək qiymətləndirilib. Beləliklə də o, DQ-dən keçib, yüksək nəticə göstərib, müvafiq sertifikata layiq görülüb. Bu sertifikat Bakı şəhəri üzrə məhdud sayda müəllimlərdədir. Bakı şəhəri Yasamal rayonu A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin direktoru Kərim AbidiDQ-dən keçib yüksək nəticə göstərdiyinə görə, G.Qasımovanı məktəbdə tam dərs yükü ilə təmin edib.

Azərbaycan və rus dillərini sərbəst bilən, hər iki dildə öz fənnini yüksək səviyyədə tədris etməyi bacaran G.Qasımova, pedaqoji fəaliyyətlə yanaşı, elmi və ictimai fəaliyyətlə də məşğul olur. O, 3 kitab müəllifidir. Gülnara xanımın müəllifi olduğu "Qeyri-üzvi və üzvi kimyadan vəsait” 2003-cü ildə, "Üzvi kimyadan vəsait” (X-XI siniflər üçün) 2004-cü ildə, "Kimyadan sərbəst öyrənənlər üçün vəsait” 2006-cı ildə Bakıda işıq üzü görüb. Bununla yanaşı, G.Qasımova çalışdığı məktəbdə 2016-cı ilin mart ayında "Möcüzəli aləm” adlı kimya gecəsini yüksək səviyyədə təşkil edib. Bu tədbir Təhsil Nazirliyinin rəsmi mətbu orqanı olan "Azərbaycan Müəllimi” qəzetində 19 mart 2016-cı ildə işıqlandırılıb.

G.Qasımova bu gün də öz vəzifəsinin öhdəsindən layiqincə gələrək, öz bilik və bacarıqlarını Azərbaycanın gələcəyi olacaq uşaqların təhsilinə həsr edir. O, sabahın kamil vətəndaşlarını yetişdirmək istiqamətində fəaliyyətini bundan sonra da böyük əzmkarlıqla davam etdirəcək. Buna zərrəcə şübhəmiz yoxdur.

Alpər TURAN




banner

Oxşar Xəbərlər