• cümə, 19 Aprel, 20:17
  • Baku Bakı 24°C

“Exit-poll-un ictimai-siyasi həyatdakı rolu getdikcə artır”

05.09.13 08:05 2729
“Exit-poll-un ictimai-siyasi həyatdakı rolu getdikcə artır”
Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə prezident, parlament, ardınca isə bələdiyyə seçkilərinin keçirilməsinə başlanılıb. Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün isə “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilib. Artıq Azərbaycan cəmiyyəti üçün də yad sayılmayan exit-poll-un mahiyyəti, məqsədi, ölkəmizdə keçirilmə tarixi, seçicilərin bu sorğuya münasibəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova cavablandırır.
- İradə xanım, istərdim ilk öncə exit-poll-un yaranma tarixinə nəzər salaq.
- İctimai rəyin öyrənilməsi bütün dövrlərdə mövcud olan dövlətlərin, eləcə də cəmiyyətlərin hər zaman maraq dairəsində olub. Məxsusi olaraq sorğuların keçirilmə tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Maraqlı tərəfi burasıdır ki, bu sorğuları keçirən məhz jurnalistlər olub. O zaman sorğu anketləri açıqca şəklində qəzetlərə abunə olan insanların poçt ünvanlarına göndərilib. 1880-ci ildə belə sorğu-anketlərin sayı 3 milyonu ötürdü. Bütün bunlar yalnız ictimai rəyi öyrənməyə xidmət edirdi. Seçicilərin rəyini öyrənmək məqsədilə isə ilk “saman” sorğuları adlanan sosioloji tədqiqatlar hələ XIX əsrdə keçirilib. Bundan sonra uzun müddət sorğular seçki ərəfəsində keçirilib. Lakin bu, müəyyən xətalarla müşayiət olunub. Belə ki, bəzən seçkilərdən bir neçə gün əvvəl baş verən hadisələr seçicilərin rəyinə təsir göstərdiyi halda, sorğular bunu nəzərə almırdı. Nəticədə verilən proqnozlar səhv olurdu. Səbəb sorğu ilə əhatə olunanların müəyyən hissəsinin heç də real seçici olmamaları, yəni seçki günü səs verməmələri idi. Baxmayaraq ki, sorğu zamanı onlar səs verəcəklərini və seçdikləri namizədin adını göstərirdilər. Bundan başqa rəyi soruşulanların bir hissəsi öz seçimini hələ etmədiklərindən sualları cavablandıra bilmirdi. Təcrübə onu göstərir ki, real seçicilərin rəyini öyrənmək yalnız seçki günü seçki məntəqələrində mümkündür. Beləliklə tədricən məhz bu gün bütün dünyada geniş tətbiq olunan seçki günü seçki məntəqələrinin çıxışında səs vermiş seçicilərin rəy sorğusu exit-poll həyata keçirilməyə başlanıb. İlk dəfə səs vermiş seçicilərin rəy sorğuları ABŞ-da televiziya kanalları tərəfindən 1960-cı illərdə tamaşaçıları seçkilər barədə maksimal dərəcədə operativ məlumatlandırmaq məqsədilə icad olunub. Sonradan bu tədqiqat seçkilərin KİV-də işıqlandırması üsullarından ən əhəmiyyətlisinə çevrilib. 1972-ci ildə isə ABŞ-ın bütün seçki dairələrində ilk müasir exit poll keçirilib. Hazırda da bu tədqiqat çox geniş yayılıb. Meksikadan tutmuş Yaponiyaya kimi, hətta 1990-cı illərdən etibarən Rusiya, Ukrayna, Gürcüstan və MDB məkanındakı digər ölkələrdə də exit-poll tətbiq edilir.
- Exit-poll-un mahiyyəti nədən ibarətdir?
- Exit-poll-un mahiyyəti seçki məntəqələrini səs vermədən sonra tərk edən seçicilərin rəyini öyrənmək, alınan nəticələri seçkinin gedişatına təsir göstərməmək məqsədilə yalnız səsvermə bitdikdən sonra açıqlanmaqdadır. Bunun üçün xüsusi sorğu anketləri hazırlanır. Anonim şəkildə keçirilən sorğu prosesində anketlərə namizədlərin siyahısı ilə yanaşı, bir sıra başqa suallar da daxil edilir. Bunlar demoqrafik göstəricilər (yaş, cins, məşğuliyyət), səsvermə prosesinin təşkilinə münasibət və sairdən ibarətdir. Nəticədə fəal elektoratın sosial-demoqrafik göstəriciləri, konkret namizədin və ya partiyanın elektoratı, səsvermə prosesinin obyektivliyi, namizədin müəyyənləşdirilməsi vaxtı və təsir edən amilləri, həmçinin də digər məlumatlar əldə edilir. Bu da gələcəkdə seçki prosesinin, seçkiqabağı kampaniyaların keçirilməsi texnologiyalarının və exit-poll tədqiqatının özünün təkmilləşdirilməsinə kömək edir. Digər tərəfdən, exit poll seçki komissiyasının nəticələri rəsmi elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, seçkilərin nəticələrinə ictimai nəzarəti həyata keçirir. Onu da qeyd etmək yerinə düşər ki, beynəlxalq səviyyədə dünya təcrübəsinə əsaslanan elmi metodologiyaya uyğun keçirilən exit-poll-un nəticələri seçkilərin düzgün keçirilməsini qiymətləndirmək imkanını verir.
- Azərbaycanda exit-poll nə zamandan keçirilməyə başlanılıb?
- Azərbaycanda bu tədqiqatın keçirilmə tarixi XXI əsrin ilk illərinə təsadüf edir. Sovetlər Birliyi dövründə və müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra baş verən seçki proseslərində exit-poll sorğusundan istifadə edilməyib. Yalnız 2003-cü ildə ölkədə keçirilən prezident seçkilərində “Şəffaf seçkilər” İctimai Birliyi tərəfindən ilk dəfə exit-poll keçirilib. Bunun ardınca 2004-cü ilin bələdiyyə seçkilərində “Şəffaf seçkilər” İctimai Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası iki seçki dairəsində exit poll keçirib. 2005-ci ilin parlament seçkilərində isə artıq bir neçə exit-poll keçirilib. Beləliklə də exit-poll ölkəmizdə seçkiləri müşayiət edən, seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitəyə çevrilib. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament seçkiləri zamanı exit-poll tədqiqatını həyata keçirib. Nəticələri seçkilər bitdikdən sonra 1 saat ərzində geniş ictimaiyyətə çatdırıb. Üstəlik, toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib.
- İlk vaxtlar seçicilərdə exit-poll barədə yetərli məlumat olmayıb. Bu səbəbdən seçki günü məntəqədə səs verib çıxan seçicinin sorğuya cəlb edilməsi problemlərlə müşayiət olunub. İndi vəziyyət necədir? Seçicilər belə sorğularda aktiv iştirak edirlərmi?
- Exit-poll-un real nəticələr verməsi bir neçə amildən asılıdır. Birincisi düzgün metodologiyanın seçilməsidir. Həm məntəqələrin seçilməsi, həm də işləmə mexanizmini özündə əks etdirən proqram olmalıdır. İkincisi seçicilərin seçiminin düzgün aparılmasıdır. Seçicilərlə son dərəcə həssas davranılmalı, onlarla ciddi iş aparılmalıdır. Onlara inandırmaq lazımdır ki, həqiqətən də seçicilərin cavabları anonim qalacaq. Digər tərəfdən, suallar seçicilərə düzgün izah edilərək onlardan real cavab alınmalıdır. İş prosesində bu, ən zəruri məqamlardır. Ola bilər ki, seçici içəridə birinə, bayıra çıxıb exit-poll-un sorğusuna cavab verən zaman isə başqasına səs versin. Bütün bu proseslərin düzgün həyata keçirilməsində, eləcə də seçicilər arasında exit-poll-la bağlı düzgün maarifləndirmə işinin aparılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. Bu mənada medianın hazırkı işini yüksək qiymətləndirirəm. Məhz KİV-in seçkidən əvvəl exit-poll, onun mahiyyəti və məqsədi barədə düzgün məlumat verməsi seçki günü sorğu prosesinə müsbət təsir edir. Bütünlükdə ölkə vətəndaşları exit-poll barədə məlumatlı olurlar. Yaxşı yadımdadır, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2004-cü ildə bələdiyyə seçkilərində exit-poll keçirirdi. Mən də koordinator kimi bu prosesdə iştirak edirdim. O zaman məntəqədən çıxan seçicilər onlara exit-poll tədqiqatını aparan intervüerin yaxınlaşdığını görəndə yollarını, istiqamətini dəyişir, üzlərini çevirib qaçırdılar. Çünki exit-poll-un nə olduğunu bilmirdilər. Amma medianın dəstəyi sayəsində 2008-ci ilin prezident seçkilərində biz belə hallarla rastlaşmadıq. Beləcə düzgün təbliğatın aparılması bizim işimizi xeyli asanlaşdırdı. İnsanlar başa düşdülər ki, exit-poll zəruridir və ictimai nəzarət funksiyasını yerinə yetirir. Seçkilərin daha da demokratik, şəffaf keçirilməsinə təsir edir. Buna görə də 2008-ci ildən etibarən əhalinin exit-poll-a münasibəti müsbət mənada dəyişib. Hər seçki müddətində exit-poll-a cəlb olunan seçicinin sorğudan imtina etməsi halları daha da azalır. Əgər əvvəllər 150-180 sorğu anketinin doldurulduğu bir məntəqədə sorğudan 5-6 imtina halına rast gəlinirdisə, 2010-cu ildə bu rəqəm orta hesabla 3-dən artıq olmayıb. Əksəriyyət məntəqələrdə sorğudan imtina edənlər ümumiyyətlə olmayıb. Bu səbəbdən düşünürəm ki, exit-poll-un Azərbaycanın ictimai-siyasi həyatında rolu getdikcə daha da artır. Cəmiyyət exit-poll-u seçki prosesinin ayrılmaz hissəsi kimi qəbul edir.
- Seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının nəticələri ilə exit-poll-un nəticələri nə dərəcədə üst-üstə düşür?
- 2010-cu ildə keçirilən parlament seçkilərində Mərkəzi Seçki Komissiyası ilə bizim nəticələr arasındakı fərq maksimum 3-5 faiz idi. Lakin burada bir məsələ var. Deyək ki, 2008-ci ilin prezident seçkilərində nəticələr arasındakı fərq lap az idi. Hətta biz həmin seçkidən əvvəl də ekspress sorğu keçirmişdik. O zaman prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər orta hesabla 88 faiz idi. Elə rayonlar var idi ki, bu rəqəm 90-92, bəzilərində 86 faizi təşkil edirdi. Seçkidən sonra Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəqəmlər bizim nəticələrlə üst-üstə düşdü. Yəni, prezident seçkilərində fərq o qədər də çox deyildi. Amma parlament və bələdiyyə seçkiləri isə tamamilə başqa yanaşma tələb edir. Burada namizədlərin çoxluğu, seçkiyə gələn seçiciyə qohum-əqrəbanın, dost-tanışın, qonum-qonşunun rəyi və tövsiyəsi də təsir edir. Bu isə seçkidən bir gün əvvəl keçirilən sorğu ilə seçki günü aparılan tədqiqatın nəticələri arasında fərqin yaranmasına səbəb olur. Prezident seçkilərində isə seçkiyə gələn seçici əvvəlcədən özündə formalaşmış fikirlə, rəylə məntəqəyə gəlir və həmin adama da səs verir.
- Bu il oktyabrın 6-a təyin olunan prezident seçkiləri öncəsi də ekspress sorğu keçirmək niyyətiniz varmı?
- Hazırda belə bir sorğu keçirməmişik. Prezidentliyə namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən tam təsdiqlənəndən və rəsmən elan ediləndən sonra belə bir sorğu keçirmək olar.
- “ELS” Müstəqil Araşdırmalar Mərkəzi olaraq siz növbəti prezident seçkilərində exit-poll keçirəcəksinizmi?
- Seçki davamlı olaraq bir neçə ildən bir təkrarlanır. exit-poll da o tədqiqatdır ki, yalnız seçkilər zamanı keçirilir. Bu səbəbdən biz həm öz təcrübəmizi daha da artırmaq, həm də seçkilər barədə ictimai rəyi ortaya qoymaq üçün exit-poll keçirməkdə maraqlıyıq. Azərbaycan qanunlarına əsasən Mərkəzi Seçki Komissiyası exit-poll keçirmək niyyətində olan təşkilatlardan sentyabrın 19-a kimi müvafiq sənədləri qəbul edəcək. Biz də həmin vaxta kimi exit-poll keçirib-keçirməyəcəyimiz barədə niyyətimizi açıqlayacağıq. Bundan sonra Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul edəcək. Əgər exit-poll üçün müraciət edənlərin təcrübəsini, imkanlarını, resurslarını təsdiq edən sənədlər qaydasında olsa, həmin təşkilat və ya təşkilatlar seçki günü bu tədqiqatı apara biləcəklər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər