• çərşənbə axşamı, 19 mart, 13:49
  • Baku Bakı 8°C

“Exchange”lərin bərpası “qara bazar”ı ləğv edəcək

26.04.17 12:00 1102
“Exchange”lərin bərpası “qara bazar”ı ləğv edəcək
Milli Məclisin dünən keçirilən plenar iclasında "Valyuta tənzimi haqqında” qanuna müvafiq dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdə Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi təklif olunur. Millət vəkilləri bu dəyişikliyi müsbət qiymətləndirib.
Deputat Elmira Axundova bildirib ki, valyutadəyişmə məntəqələri həm "qara bazarı” ləğv edəcək, həm də ölkəmizə valyuta axınını artıracaq: "Valyutadəyişmə məntəqələrinin açılması xarici turistlər üçün əhəmiyyət daşıyır. Xarici qonaqlar bəzən Azərbaycanda valyutanı dəyişə bilmirdilər və xarici valyuta yenidən ölkədən çıxırdı. Amma valyutadəyişmə məntəqələrinin açılması xarici turistlərə imkan verəcək ki, dolları manata dəyişsinlər. Bu, həm də ölkədə turizmin inkişafına töhfə verəcək”.
Sonda "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər təsdiq edilib.
Əslində valyutadəyişmə məntəqələri bağlanan vaxtlarda bir çox ekspertlər bildirirdilər ki, "exchange”lərin bağlanması "qara bazar”ın genişlənməsinə gətirib çıxaracaq. Bəs yenidən bərpa olunması "qara bazar”ın ləğv edilməsinə səbəb olacaqmı? Maliyyə bazarları üzrə ekspertCəfər İbrahimli "Kaspi”yə açıqlamasında bildirdi ki, o, valyutadəyişmə məntəqələrinin bağlanmasını dəstəkləməyib: "Valyutadəyişmə məntəqələri bağlananda bir çoxları bunu dəstəkləyirdi. Qeyd edirdilər ki, bu məntəqələr valyutanın oynaqlığını yaradırdı, onlar olmasa valyutanın qiyməti tənzimlənəcəkdi. Mən o qənaəti paylaşmamışam. Bu gün də o fikirdəyəm ki, tam tərsi olaraq valyutadəyişmə məntəqələri və valyutaya insanların əlçatanlığı, sürətli dəyişdirilməsi, hətta bankların valyutanın alqı-satqısını təmin etməsi tam tərsi olaraq bazarda real qiymətin formalaşmasına kömək edir. Çünki bazarda nə qədər oyunçu olsa, bu, daha real qiymətin formalaşmasına gətirib çıxarır. Buna əmtəə bazarının timsalında nəzər salaq. Əmtəə bazarında hər yer yığışdırılsa, satış ancaq bir marketdə aparılsa, burada qiymətlərin oynaqlığı qeyri-düzgün şəkildə gedər. Bu mənada valyutadəyişmə məntəqələri lisenziya alınmış təşkilatlar olduğu üçün və bunlar baş ofisin gün ərzində müəyyənləşdirdiyi kurs siyasətinə uyğun, hətta o kursun eynisini həyata keçirmək məcburiyyətindədirlər. Özbaşına kurs müəyyənləşdirmirlər. Əvvəllər də belə hallar qanunvericiliklə tənzimlənirdi. Məzənnə baş ofisin təlimatları çərçivəsində dəyişdirilirdi. Dolayısı ilə o qənaətdəyəm ki bazarda nə qədər çox oyunçu olsa, bu, valyutanın qiymətinin daha real formalaşmasına kömək edər”.
C.İbrahimli qeyd etdi ki, əgər valyutadəyişmə məntəqələri açılsa, insanlara əlçatan yerlərdə sürətli şəkildə valyuta dəyişimi aparılsa, bu, "qara bazar”ın ləğv olunması istiqamətində atılan uğurlu bir addIm olar”.
İqtisadçı ekspert Rəşad Həsənovdeyir ki, valyutadəyişmə məntəqələrinin olmaması ölkədə son dövrlərdə prioritet istiqamətlərdən biri olan turizm üçün ciddi problemlər yaradır. Belə ki bir sıra hallarda turistlər bank filiallarını axtarıb tapmalı, burada öz vəsaitlərini dəyişməlidirlər. Bu çətinlik isə onların hansısa formada bu istiqamətdə fəaliyyətlərini tormozlayır. Nəticədə bəzi hallarda turistlər istədikləri qədər vəsaiti burada xərcləyə, arzularına uyğun davrana bilmir. Bu isə nəticədə bazarlara turistlər tərəfindən çıxarılan vəsaitlərin həcminə təsir göstərir. Digər tərəfdən, valyutadəyişmə məntəqələrinin olmaması bu sahədə spekulyativ davranışlara və "qara bazar” iştirakçılarının turistləri aldatmasına şərait yaratmasına gətirib çıxarır. Bu isə nəticədə turistlər üçün xəyal qırıqlığı, Azərbaycanla bağlı təəssüratlarında mənfi fikirlər yaradır, təkrar turizmin gələcəyi ilə bağlı təhlükələrin yaranmasına gətirib çıxarır. Bankların, bank filiallarının sayının məhdud olması, valyutaya əlçatanlığında problemlər məzənnənin müəyyənləşərkən marjanın yüksək həddə olmasına gətirib çıxarır, alış və satış arasında ciddi fərqlər yaranır. Bu da son nəticədə biznesə, vətəndaşlara, onların yığımlarına mənfi təsir göstərir. Eyni zamanda, biznesin xərcləmələrində əlavə əməliyyat xərclərinin ortaya çıxmasına gətirib çıxarır”.
R.Həsənov deyir ki, qeyd etdiyi faktorlar əslində bazarı liberallaşdırmaq, yumşaltmaq lazım olduğunu labüd edirdi: "Bazar iştirakçılarının sayını artırmaqla rəqabət mühitini dərinləşdirmək lazım idi. Eyni zamanda, valyuta əlçatanlığını yüksəltmək lazımdır. Məhz bunun nəticəsidir ki, qeyd olunan istiqamətdə hökumət yenidən yumşalma siyasəti həyata keçirmək məcburiyyətində qalıb. Ümid edirəm ki, növbəti dövrlərdə məhz qeyd edilən nöqsanların aradan qaldırılması, yaxud təsirlərinin zəiflədilməsi, qara bazarla mübarizənin effektivliyinin artırılması məsələsində məhz valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması əhəmiyyət kəsb edəcək”.
Aygün
banner

Oxşar Xəbərlər