• cümə axşamı, 28 mart, 19:17
  • Baku Bakı 13°C

Əvvəllər 70 faiz, indi 1 faiz...

11.07.13 08:35 1760
Əvvəllər 70 faiz, indi 1 faiz...
Evə bazarlıq edəndə ən çox seçim qarşısında qaldığım çay olur. Satışda çayın çeşidi çox olsa da, keyfiyyətlisini tapmaq çətindir. Yəqin çoxları razılaşar ki, Azərbaycan bazarlarında rəng qatılmış çaylar at oynadır. Xalis çay isə çox nadir rast gəldiyimiz məhsula çevrilib. Bunun səbəbi ölkədə vaxtilə öndə gedən çayçılığın indi hətta on dəfələrlə zəifləməsidir. Məsələn, əvəлlər çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm 1000 hektara düşüb. Bu da ölkədə daxili tələbatı ödəmir. Azərbaycanın çayçılıqla məşğul olan bölgələrində sovet dövrü ilə müqayisədə indi çay plantasiyalarının çox az hissəsi qalıb. Həmin dövrdə yaşıl yarpaьın tədarükü 36 min tona çatmışdı ki, bu da təxminən 8500 ton qara çay deməkdir.
Hazırda istehsalçılar xammalın böyük hissəsini xaricdən, əsasən də Şri-lanka və Hindistandan gətirirlər. Yerli məhsul ölkənin daxili tələbatının 1-2 faizini ödəyir. Qeyd edək ki, hər il Azərbaycanda təxminən 18-20 min ton çay içildiyi halda onun cəmi 350 tonu yerli çaydır. Mütəxəssislər hesab edirlər ki, Lənkəran-Masallı bölgəsilə yanaşı, sovet dövründə olduğu kimi Zaqatala-Balakən zonasındakı çayçılıq sahələri bərpa olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, ənənəvi çayçılıqla məşğul olanları bu işə cəlb etmək üçün çayçılığın inkişafına dair 2012-2020-ci illər üçün dövlət proqramı hazırlanıb. Sənəddə 2020-ci ilə qədər daha 10 min hektar çay plantasiyası salınması nəzərdə tutulur. Nazirlikdən eyni zamanda bildirirlər ki, yeni emal sənayesinin yaradılması da bazarda qiymətlərin aşağı düşməsinə səbəb olar.
Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ailə başına düşən illik çay istehlakının həcmi təxminən 1 kilo 700 qramdır. Başqa sözlə, bir nəfər ayda orta hesabla 145 qram çay istifadə edir. Lakin indi çoxluğun istifadə etdiyi çayların tərkibinə əsaslansaq, bu normativin özünü doğrultmadığının şahidi olarıq.
Azərbaycanda çay istehsalının zəifləməsinə səbəb olan amillərdən biri də xarici ölkələrdən gətirilən aşağı keyfiyyətli və ucuz qiymətli çaylardır. Mütəxəssislər deyirlər ki, daxili istehsalı artırmaq üçün gərgin iqlim şəraitimizdə çayın becərilməsi üçün lazımi aqrotexniki qulluq aparılmalı və sahələr vaxtında gübrələnməlidir. Yalnız bu halda yüksək keyfiyyətli çay əldə etmək olar.
Kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyevin sözlərinə görə, tədqiqatlar göstərir ki, kommersiya məqsədi ilə bəzi hallarda çayların emalında, saxlanmasında, yığımında, dəmlənməsində tələskənliyə yol verilir. Beləliklə əsl çay tərkibini itirmiş olur. Fərman Quliyev çayçılığın inkişafındakы problemlərə səbəb kimi suvarma aqreqatları, fosfor gübrəsinin tapılmasındakı çətinlikləri qeyd edir: “Vaxtilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm dəfələrlə aşağı düşüb. Nəticədə yerli məhsul ölkənin daxili tələbatının çox cüzi hissəsini ödəyə bilir”. Müsahibimizin fikrincə, çayçılığın inkişafına dövlət dəstəyi daha artırılmalıdır: “Dövlət tərəfindən lazımi müdaxilə olmayacağı təqdirdə bir vaxtlar ölkəmizdə məşhur olan bu sahənin tənəzzülə uğraması qaçılmaz olacaq. Proseslərin real gedişi göstərir ki, nəhayət hökumət çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaq üçün lazımi addımlar atmağa hazırlaşır”.
Çay istehsalçılarının sözlərinə görə, ölkədə becərilən çay qiymətinə görə ən bahalı çaylarla rəqabət apara bilər. Bildirilir ki, vaxtilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm dəfələrlə aşağı düşüb. Nəticədə yerli məhsul ölkənin daxili tələbatının çox cüzi hissəsini ödəyə bilir.
Torpaqların özəlləşdirilməsi və insanlara torpaqların paylanmasından sonra çay kolları demək olar ki, kəsilib. Hazırda cəmi 2% çay zəmiləri qalıb ki, onları da həvəskarların və öz işlərini peşəkar səviyyədə bilən adamların sayəsində qoruyub-saxlamaq mümkün olub. Ekspertlərə görə, Azərbaycanda dövlətin xüsusi diqqətinə ehtiyacı olan 3 sahə var: çayçılıq, üzümçülük və zeytunçuluq. Bu bitkilərin becərilməsinə qoyulmuş vəsaitlər isə ancaq 7-10 ildən sonra geri qayıtmağa başlaya bilər. Bu baxımdan da özəl sektor üçün bu sahələr elə də cəlbedici deyil. Azərbaycanda mövcud olan banklar da kreditləri çox qısa müddətə - bir-iki ilə verirlər. Ona görə də burada aşağı faizlə kreditin verilməsi üçün xüsusi güzəştli sistem yaratmaq dövlətin üzərinə düşür.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda çayçılığın inkişafı üçün ən perspektivli region cənub bölgəsidir. Vaxtilə çaylarının məşhurlaşdırdığı Lənkəran rayonunda çay bitkisi ilk dəfə 1912-ci ildə gətirilib. İlk çay fabriki isə Lənkəranda 1937-ci ildə qurulub ki, bundan sonra da çayın kütləvi istehsalına başlanıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyaları salınıb. 14 çay emal edən, 2 çay çəkən və qablaşdıran fabrik fəaliyyətə başlayıb. Sovet dönəmində Azərbaycanda 34 min ton çay yarpağı hazırlanırdı. Lənkəran çayı 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə “Azərbaycan buketi“ mükafatına və qızıl medala layiq görülüb.
F.Quliyev deyir ki, sovet dönəmində Azərbaycanı özü-özünü 70 faiz çayla təmin edirdi: “İndi heç 1 faizə də gücümüz çatmır”. Çayçı alim bu sahənin dirçəldilməsi üçün böyük işlər görülməsinin də vacib olduğunu söylədi. Professor çayçılığın həm də yeni iş yerlərinin açılması demək olduğunu bildirdi: “Yaxın keçmişdə çay istehsalı və emalında 65-70 min adam işləyib. İndisə bu sahədə işləyənlərin də sayı həddən artıq azdır. Azərbaycana 20-25 min ton quru çay lazımdır. Bu sahə də dövlətin nəzarəti altında olmalıdır. Taxılçılığa dövlət tərəfindən göstərilən qayğı kimi bu sahəyə də qayğı göstərilsə, məni sizi inandırım ki, Azərbaycanda bu sahədə çox yüksək gəlirlər əldə olunar”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər