AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əvvəlki həyat tərzinə nə vaxt qayıda biləcəyik?

Əvvəlki həyat tərzinə nə vaxt qayıda biləcəyik?

Cəmiyyət
02 İyul 2020, 18:42 372
Karantin bitsə belə, bir müddət adaptasiya problemi yaşanacaq

Artıq, 6 aya yaxındır ki, bütün dünya koronavirusla mübarizə aparır. Demək olar ki, əksər sahələrdə fəaliyyət tamamilə dayanıb. Bir çox sahələr iflasa uğrayıb, bəziləri iflasın bir addımlığındadır. Əsas çıxış yolu kimi görünən vaksin isə hələ ki tapılmayıb. Mütəxəssislərin fikrincə, dünya hələ bir müddət bu virusla mübarizəni davam etdirəcək. Hətta virusun yayılma arealı daralsa belə, əvvəlki həyata qayıdış bir müddət çəkəcək.
Hazırda bir çox ölkələr pandemiyanın ikinci dalğasını yaşayır. Bəziləri sərt karantin rejiminə keçib. Maska və əlcəkdən istifadə, sosial məsafənin saxlanması prioritet məsələ halına gəlib. Bu qaydalara riayət etməyənlər ciddi şəkildə cəzalandırılır. Bütün bunların fonunda insanlar bu çətin həyat şəraitinin tezliklə bitəcəyini və əvvəlki həyat tərzlərinə qayıdacaqlarına ümid edirlər. Lakin görünən odur ki, əvvəlki həyata qayıtmaq elə də tez və asan olmayacaq. Bəzi qaydalar gündəlik yaşamımızda vərdişə çevriləcək.
Hazırda mediada gedən yerli və xarici xəbərlər də bunu təsdiq edir. Belə ki, İspaniya ilə bağlı verilən bir xəbərdə qeyd edilir ki, ispanların yerdəyişmə azadlığının geri qaytarılmasına baxmayaraq, adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir. İspaniya Kralının Konqres tərəfindən qəbul edilmiş yeni fərmanı koronavirusun yayılmasına qarşı mübarizə şəraitində riayət edilməsi zəruri olan davranış qaydalarını tənzimləyir. Bu tədbirlər ölkədə virusun ikinci dalğasının qarşısını almağa yönəlib. Fərmanda bildirilir ki, yaşı 6-dan yuxarı olan şəxslərin maska taxması əvvəlki kimi məcburidir. Təkcə ictimai nəqliyyatda deyil, sizinlə bir yerdə yaşamayan şəxs sizin şəxsi avtomobilinizdə getdiyi halda da maska taxmaq lazımdır. Bundan əlavə, küçələrdə, açıq məkanlarda və ya ümumi istifadəli hər hansı qapalı yerlərdə maska taxılması zəruridir. Qanunun bir mühüm bəndi 1,5 metrlik sosial məsafəyə riayət edilməsi barədədir. Mehmanxanalarda və restoranlarda, o cümlədən terraslarda insanlar (həm işçilər, həm də müştərilər) arasında məsafə bundan az olmamalıdır. Bu qaydaların pozulmasına görə cərimənin məbləği pozuntunun və onun doğura biləcəyi riskin dərəcəsindən asılı olacaq.
Digər tərəfdən, Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts Le Figaro qəzetinə verdiyi müsahibəsində bildirib ki, koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin ləğvi normal həyata qayıdış anlamına gəlməyəcək. Bu, bir ildən və ya hətta iki ildən sonra olacaq: "Test və izləmə sistemi vasitəsi ilə infeksiya sahələrini tez bir zamanda müəyyən edə və onlara nəzarət edə bilərik. Ancaq tamamilə normal fəaliyyətə qayıtmayacağıq, çünki insanlar yoluxma ehtimalı ilə əlaqədar çox narahat olacaqlar və davranışlarını kəskin şəkildə dəyişdirəcəklər". Biznesmenin fikrincə, müalicə metodları üzərində iş son dərəcə vacibdir və davam etməlidir, bununla birlikdə peyvəndlərin hazırlanması normal həyata qayıtmaq üçün əsas addım olmalıdır: "Peyvəndin hazırlanması üçün demək olar ki, bütün işlər özəl sektorda aparılır və biz (Bill və Melinda Qeyts fondu) neytral oyunçu olduğumuzdan və bütün mütəxəssislərlə əlaqə qurduğumuzdan (şirkətin əksər rəhbərləri ilə əlaqə saxlayıram), onların istehsal müəssisələrini istifadə üçün təqdim etmələrini xahiş edirik. Onlardan 7 milyard doza, bəlkə də 14 milyard doza peyvənd istehsalının mümkünlüyünü nəzərdən keçirmələrini xahiş edirəm”.
ABŞ-da virusla mübarizədə cəmiyyəti məlumatlandıran Beynəlxalq Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci də açıqlamaları ilə hər kəsi təəccübləndirib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Fauci, həyatın nə vaxt normala qayıdacağı ilə bağlı suala belə cavab verib: "Əgər normala dönmək deməklə koronavirusun heç vaxt yaşanmamış olmağını nəzərdə tutursunuzsa, yanılırsınız. Bir peyvəndlə bütün əhalini qorumayana qədər bu, mümkün deyil. Normal həyata qayıtmaq üçün ilk olaraq keçirdiyimiz bu çətin günləri geridə qoymalıyıq. Cəmiyyət olaraq keçmiş günlərə qayıtmaq üçün bir az zaman lazım olacaq".
Maraqlıdır, yerli mütəxəssislər bu mövzuda nə düşünür, normal həyat şəraitinə nə zaman qayıdacağıq, bu zaman nə kimi problemlərlə üzləşə bilərik, hansı qaydaları həyat tərzimizə çevirməliyik?
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovun sözlərinə görə, bu mövzuda dəqiq zaman demək mümkün deyil: "Tibb işçiləri xəstəliklə mübarizədə ön cəbhədədirlər. Xüsusi qoruyucu kombinezonda, eynəkdə 8 saat dayanmadan işləmək olduqca çətindir. Mən bir daha bunun şahidi oldum. Elə həkimlər, tibb personalı var ki, aylarla öz ailələrini, yaxınlarını, övladlarını görə bilmirlər. Vətəndaşlarımız həkimlərin çəkdiyi əziyyəti də düşünsələr, çox yaxşı olar. Doğrudur, görülən tədbirlər və həkimlərin əzmkar mübarizəsi nəticəsində sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Lakin çox təəssüf ki, vətəndaşların məsuliyyətsizliyi günbəgün artan yoluxma göstəricilərində açıq-aydın əks olunur. Onları hər bir xəstə üçün sonadək aparılan mübarizəni, saatlarla dayanmadan işləyən tibb işçilərinin əməyini, görülən bu qədər işləri hədər etməməyə səsləyirəm. Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması, hətta bir müddət sonra karantin rejiminin bitməsi belə əvvəlki həyat tərzinə qayıtmaq demək deyil. Bir müddət özümüzün, yaxınlarımızın sağlamlığını düşünməliyik, tövsiyələrə əməl etməli, tibbi maska taxmalıyıq. Sanitar-gigiyenik normalara əməl etməyi həyat tərzimizə çevirməliyik”.
Psixoloq Aysel Qurbanova qeyd edir ki, insanların əvvəlki həyat tərzinə qayıtmağı həm fizioloji, həm də psixoloji olaraq bir az vaxt aparacaq: "Xatırlayırsanızsa, ilk dönəmlər karantin rejimi tətbiq ediləndə, insanların alışmağı çətin idi. İnsanlarda ciddi aqressiya, depressiv hallar müşahidə olunurdu. Vəziyyətin konkret nə vaxt düzəlməsi, insanların əvvəlki həyat şəraitinə qayıtmağı ilə bağlı bir söz demək tezdir. Çünki məlum məsələdir ki, COVİD-19 hələ də dünya ölkələrini təhdid altında saxlayır. Bu da insanlara hım psixoloji, həm də fizioloji təsir edir. Yumşalmalar olsa, hətta lap karantin bitsə belə, bir müddət adaptasiya problemi yaşanacaq. İndi evdən işləyən insanlar var, yenidən ofis mühitinə qayıdıb işləməkdə çətinlik çəkəcəklər. Fizioloji olaraq tez yorulacaqlar. Çünki ev şəraitinə alışdıqlarından, çölə çıxıb harasa getmək, müəyyən qədər enerji sərf etmək onları tez yora bilər. Amma bu da düzələcək və insanlar alışacaqlar. Vərdişlərə gəlincə isə, insanlar məkanından asılı olmayaraq, gigiyenik qaydalara riayət etməyə və getdikləri yerdə buna əməl edilməsinə xüsusi önəm verəcəklər. Özəlliklə də iaşə obyektlərində buna diqqət yetirəcəklər”.
 
Günel