• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

Əvvəlcə özümü yola gətirməliyəm Müsahibə

29.11.13 11:09 2376
Əvvəlcə özümü yola gətirməliyəm Müsahibə
Türkiyənin məşhur ifaçısı Özcan Deniz uzun müddətdir ki, özünün də baş rolda yer aldığı filmləri pərəstişkarlarına təqdim edir. Özünü rejissorluq sahəsində də sınayan Özcan noyabrın 15-də Türkiyə kinoteatrlarında növbəti ekran əsəri olan “Su və Ateş” filmini tamaşaçıları təqdim etdi. İfaçının bundan öncə “Ya sonra”, “Evim sensin” filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı.
Nəzərinizə çatdıraq ki, dekabrın 19-da Bakıda, Özcan Denizin iştirakı ilə Nizami Kinoteatrında Azərbaycan tamaşaçıları üçün “Su ve Ateş “ filminin təqdimatı keçiriləcək. Tanınmış ifaçı Türkiyə mətbuatına müsahibəsində filmin çəkiliş prosesi və onun taleyi barədə danışıb.
Montajda filmi iki dəfə dəyişdik

- Özcan bəy, “Su və Ateş” filminin çəkilişləri Türkiyədə və Londonda həyata keçirildi. Çəkilişlərdə hansı çətinliklərlə üzləşdiniz?

- London çətin və insanlarla dolu olan bir şəhərdir. Orada hər şeyin özünə görə bir qanunu var. Çəkiliş apardığımız məkanların hər yerində müxtəlif problemlərlə qarşılaşdıq. Bu da təbii ki, bizim işimizi ləngitdi. Çəkiliş zamanı yaşanan bir çox problemlərdən tamaşaçılar bixəbərdir. Onlar üçün nəticə önəmlidir. Əsas odur ki, tamaşaçılar izlədikləri filmi bəyənsinlər. Bu film çətinliklə ərsəyə gəlsə də, mənim ən çox sevdiyim filmlərim sırasına daxil oldu.
- Film yalnız iki məkanda çəkildi?

- Xeyr, Londondakı çəkilişlərimiz 3 həftə sürdü. Bundan sonrakı çəkilişlərimiz iki yerdə oldu – Mudanya Tireli və İstanbulda.
- Ssenariyə tamamilə sadiq qaldınız, yoxsa çəkiliş zamanı bəzi dəyişikliklər oldu?

- Ssenaridən əlavə dəyişikliklərimiz oldu. Hətta film montajda da ikinci dəfə dəyişdi. Ümumiyyətlə, dünya film prosesində də belədir ki, film montajdan çıxdığı ana qədər çəkiliş sistemi, ssenarisi dəfələrə dəyişir. Bu bütün filmlərdə olur. Ona görə bizim filmdə də belə halın olması qeyri-adi hal deyil.
Filmdə əsas hissələri kəsdim

- “Su və Ateş” filminin ideyası necə ortaya çıxdı?
- Öz yaşadıqlarımdan, oxuduqlarımdan, izlədiklərimdən və çevrəmdə baş verən hadisələrdən təsirlənib filmin ssenarisini yazdım. Dəqiq deyə bilmərəm ki, hansısa əsəri oxudum və o əsər bu ssenarini yazmaq üçün mənə təsir etdi. Ssenarini yazmamışdan öncə beynimdə hər şey toplanır və nəhayət, böyük bir duyğu əmələ gəlir. Həmin duyğunu kağıza töküb maraqlı bir ssenari yazdım. Nəzərinizə çatdırım ki, filmin ideyası heç bir yerdən götürülməyib. Filmin ssenarisini yazarkən Barışcan Hayat adlı bir dostumun “Bilməzdin” adlı şeiri mənə çox təsir etdi. Filmin içində həmin şeirdən musiqi olaraq istifadə etdim. Sizə əminliklə deyə bilərəm ki, mənə təkcə o şer ilham verdi.
- Ssenarini yazarkən diqqətdən kənarda buraxmaq istədiyiniz mövzu var idimi?

- Bu, filmi necə ərsəyə gətirmək istəyinizdən asılıdır. Əgər cəmiyyətə xidmət edən film çəkirsinizsə, o zaman insanların marağına uyğun film hazırlamalısınız. Misal üçün, filmdə çox sərt şəkildə çəkdiyim bir səhnə var idi. Bu qədər ədəbi gerçəkliyi əks etdirməyimin tamaşaçının narahat edəcəyimi düşündüm və həmin səhnəni kəsərək yumşaltmağa çalışdım. Çox istəyərdim ki, filmin o halı əks etdirilsin və o səhnə olduğu kimi tamaşaçıya çatdırılsın. İşin digər tərəfinə qalanda isə, düşündüm ki, əgər o səhnə filmdə yer alsa, təsiri tamaşaçı üzərində çox travmatik ola bilər. Biz rejissorlar bəzən belə hallarla rastlaşırıq.
- Qeyd etdiyiniz səhnə filmin daha çox məşhurlaşmasına yol aça bilərdimi?

- Bəli, əgər filmin o hissəsini yumşaltmasaydıq, o səhnəyə görə film daha çox məşhurlaşacaqdı. Ola bilər ki, filmin o hissəsini yumşaltmamız tamaşaçıya yetərli olmasın. Ancaq biz bütün qanunlara əməl edərək, filmi çərçivədən kənara çıxmayaraq lentə alıb, tamaşaçılara təqdim etdik.
- Film artıq tamaşaçılara təqdim olunub. Filmdən gözləntiləriniz nədən ibarətdir?

- İnanıram ki, tamaşaçılar filmi sevəcək. Ancaq neçə nəfər izləyəcək, finalda mənim əlimə nə qədər pul gələcək, tamaşaçıların kinoteatrlara axını sayəsində məni zirvələrəmi qaldıracaq, yerin altınamı salacaq - heç birini bilmirəm. Hər şeyi zaman göstərəcək.
“Yanlış çəkmisən”

- Filminiz artıq iki həftədir ki, kinoteatrlarda nümayiş olunur. Filmi izləyən kino mütəxəssislərinin fikirləri bizə maraqlıdır.

- Bu günə qədər filmi izləyən mütəxəssislərdən, adi tamaşaçılardan yüzlərlə fikir aldım. Ancaq yaddaşımda qala biləcək bir qeyd, filmdə irad tutulan hər hansı bir hissə və ya filmin bu hissəsini “yanlış çəkmisən” deyən olmayıb. Ola bilər kimsə film barədə mənə iradını söyləyib, ancaq həmin irad böyük problem olmadığı üçün yadımda qalmayıb. Ümumiyyətlə, dünyanın ən yaxşı filmlərində belə, biri çıxıb adi bir şeyi səhv tuta bilər. Belə hadisələr indiyə qədər çox olub. Bunun qarşısını heç kim ala bilməz.
- Özcan bəy, xarakteri yaradarkən nəyə daha çox diqqət edirsiniz?

- Düşünürəm ki, hər bir xarakteri yaradarkən aktyor oraya özündən əlavə nəsə qatmalıdır. Baş rolda çəkildiyim obraz da o gücə sahib və tamaşaçıların yaddaşında uzun müddət qala biləcək bir obrazdır. Yaratdığım xarakterlərin bu ampluada olması mənim üçün çox önəmlidir. Çünki mən elə obrazları çox sevirəm. Hərəkətsiz və sakit, heç bir özəlliyi olmayan, heç nəyə münasibət göstərməyən xarakterləri sevmirəm. Tamaşaçılara təqdim etdiyim bu filmdə xarakterləri güclü və həyəcanlı olaraq təqdim etmişəm.
- Özcan bəy, idealınız olan aktyor və ya rejissor varmı?

- Yaradıcılığı ilə insanlara bir çox şey öyrətmiş, öz karyerasını ölümsüzləşdirmiş hər kəs mənim idealımdır. Mən o dahi insanlara hələ də pərəstiş edirəm.
- Necə düşünürsünüz, rejissorluq sahəsində sizin öz dəsti-xəttiniz varmı?

- Bilmirəm. Çalışıram ki, filmlərimlə öz yolumu və filmə baxış bucağımı tamaşaçılara çatdırım. İstəyirəm ki, hər hansı bir film izləniləndə musiqisi, dialoqları, filmin ritmi, çəkiliş səviyyəsi ilə hər kəs ilk saniyələrdən onun “Özcan Dəniz filmi” olduğunu anlasın. Bilirəm ki, bu, bir-iki film çəkməklə olan iş deyil. İstəyimi həyata keçirmək üçün mənə zaman lazımdır. Düşünürəm ki, 9-10 film çəkdikdən sonra artıq tamaşaçılar mənim çəkdiyim filmləri ilk saniyəsindən tanıyacaq. Bu, mənim ən böyük arzularımdan biridir. Sözün düzü, film çəkdikcə özümü inkişaf etdirdiyimi hiss edirəm. İnkişaf etdikcə də öz gücümə bələd oluram və yavaş-yavaş özümü tanımağa başlayıram. Çəkdiyim filmlərin hamısı mənim üçün təcrübədir. Filmləri çəkərək onun çəkiliş qaydasını, strukturunu öyrənirəm. “Su və Atəş” mənim üçün öyrəndiklərimi ən yaxşı səviyyədə ortaya çıxardığım bir filmdir. Hətta bu mənim ilk filmimdir deyə bilərəm. Çünki elə olmasa, bundan əvvəlki çəkdiyim filmlərim səviyyə baxımından aşağı olduğunu düşünərəm. Filmlərimin aşağı səviyyədə çəkildiyini bilmək isə mənə pis təsir edər. Ona görə də mən o hissiyyatı sevmirəm. Filmi izləyəndə, “gördüyüm işin ən yaxşısıdır” deyə bilərəm.
- Filmlə bağlı başqa planlarınız varmı?

- Bəli, filmlə bağlı bir sıra fərqli planlarım var. Ancaq bu aralar özümü yola gətirməyə çalışıram. Bir neçə layihələrin çərçivəsində daima gördüyüm işlərdən çıxaraq başqa layihələr üzərində işləmək istəyirəm. Bunlar çox böyük layihələrdir. Beynimdə qurduğum bu planları həyata keçirmək üçün ilk öncə özümü yola gətirməliyəm. Artıq özümü yavaş-yavaş yola gətirməyə başlamışam (gülür).
Bu günə qədər ona görə çalışmışam

- Özcan bəy, sizin adınızın qarşısında həm müğənni, həm aktyor, həm rejissor, həm də ssenarist yazılır. Bunların yanına əlavə etmək istədiyiniz başqa bir peşə varmı?

- Adımın əvvəlinə hansısa bir peşənin yazılmaq məcburiyyətində olmadığı günün gəlməsini gözləyirəm. Çox istəyirəm ki, adım sadəcə olaraq hər kəsin yaddaşında Özcan Dəniz kimi qalsın. Bu gün Lütfü Akad və ya Barış Manço deyəndə onların adlarının əvvəlində hər hansı bir peşəni deməyə ehtiyac yoxdur. Çünki onları total olaraq bir çox şeylə tanıyırıq. Onların isimləri bizə həmin sənətkarların gördüyü fəaliyyəti onsuz da xatırladır. O sənətkarların adlarının qarşısına heç nə əlavə etməyə ehtiyac yoxdur. Arzulayıram ki, elə bir gün gəlsin ki, mənim də adımın qarşısına əlavə bir status yazılmasın. Bu günə qədər nə etmişəmsə, məhz o adı almağa görə etmişəm.
Hazırladı: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər