• çərşənbə axşamı, 19 mart, 06:14
  • Baku Bakı 8°C

“Əvvəlcə finləri tanıdıq, sonra özümüzü tanıtdıq”

20.02.18 09:30 2209
“Əvvəlcə finləri tanıdıq, sonra özümüzü tanıtdıq”
Nə xoş bizə ki, dünyanın harasına gedirsə-getsin, qəlbində vətən, dövlət, dil sevgisi gəzdirən vətəndaşlarımız var. Hər dəfə onlarla görüşdükdə, vətəndən kənarda gördükləri işlərlə tanış olduqda, bir daha qürurlanıram. Bu gün sizə bəhs edəcəyim müsahibim Avropa Azərbaycan Konqresinin (AAK) İcraiyyə Heyətinin üzvü, Azərbaycan-Finlandiya Assosiasiyasının vitse-prezidenti Arzu Oqtaydır.Arzu xanım 1991-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2002-ci ildən Finlandiyada yaşayır. Orada diaspor fəaliyyəti ilə bərabər, pedaqoji fəaliyyətini də davam etdirir.Arzu xanımla söhbətdə, ilk olaraq dünyada ən çox diqqət çəkən və hətta bir nömrəli hesab edilən Finlandiya təhsili ilə bağlı danışdıq. O, pedaqoq olaraq bizi Finlandiya təhsili ilə yaxından tanış etdi və oradakı təhsil metodunun nə üçün bu qədər effektli olmasından bəhs etdi.

- Uzaq bir məmləkət, dilini bilmədiyiniz bir cəmiyyət... Necə oldu ki, getdiniz, uyğunlaşmaq çətin olmadımı?
- 2002-ci ildə qızım Finlandiyada liseyə qəbul olundu və biz ailəlikcə ora köçəsi olduq. Finlandiyaya uyğunlaşmağa, dilini öyrənməyə çalışdıq. Müəllimliyimi davam etdirmək üçün fin dilini öyrənməyə başladım. Əlbəttə ki, adi bir səfərə gedəndə belə, getdiyin yerə uyğunlaşmaq çətin olur. Mütləqdir ki, uyğunlaşasan. Əsas məsələ insanları tanımaq, onların içində olmaq, sıx münasibət qurmaqdan ibarətdir. Belə olduqda heç bir şey çətin olmur. Biz özümüzü tanıtmaq üçün ilk növbədə finləri tanıdıq, ondan sonra özümüzü tanıtdıq. Bəlkə mənə asan gəlir, bəlkə də mən yolumu düz tutdum. Dil kursuna getdim və kursun hər bir səviyyəsini bitirdikdə, bizi praktikalara göndərirdilər ki, dilimiz açılsın. Müəllimə kimi mən də məktəbə üz tutdum. Fin təhsil sistemindən çox şey öyrəndim. Gördüm ki, fin orta məktəblərində azsaylı xalqların nümayəndələrinin öz ana dilləri tədris olunur. Düşündüm ki, nə üçün Azərbaycan dili tədris olunmasın? Bu, bir müəllimə olaraq məni çox maraqlandırdı. Artıq bu prosesi araşdırmağa başladım. Xarici dillərin tədris olunduğu siyahıya nəzər yetirdim, orada azərbaycanlılardan başqa digər xalqların adını gördüm. Mənə bildirdilər ki, ölkədə yaşayan hər bir xalqın nümayəndəsi öz dilini unutmasın deyə, məktəblərdə həmin dil tədris olunur. Qanuna görə, bir məktəbdə 5-6 azərbaycanlı və yaxud da eyni ölkədən başqa millətin şagirdi varsa, onlara mütləq öz ana dili dərsi keçirilməlidir. Hər bir sinif müəlliminə tapşırılır ki, sinfində başqa xalqların nümayəndələrindən neçə nəfər varsa, qeyd edib rəhbərliyə bildirsin. Birinci sinifdən doqquzuncu sinfə qədər hər sinifdə bir nəfər də olsa azərbaycanlı varsa, nazirlik o dil üzrə mütəxəssis olan bir müəllim çağırır. 2004-2005-ci tədris illərində mən buna nail oldum. Diplomum təsdiq olundu. Fin müəlliməsinin yanında köməkçi müəllim işləyə-işləyə təcrübə topladım.Bir gün Təhsil Nazirliyindən məktub göndərildi ki, bir məktəbdə 5-6 azərbaycanlı şagird var və siz onlara dərs deməlisiniz. Beləliklə, artıq Finlandiyada azərbaycanlılara dərs deməyə başladım. Uşaqlara keçdiyim dərsə rüblük qiymətlər yazılırdı və bu onların attestatlarına kömək edirdi. Finlandiyada azərbaycanlılar həddindən artıq az olduğundan, bəzən növbəti nəsil gənclərin gəlməsini gözləyirdim. Mənim bir müəllimə kimi ixtiyarım yoxdur Təhsil Nazirliyinə deyim ki, filan yerdə azərbaycanlı var. Təhsil Nazirliyi şagirdləri özü qeydə alır və bizə müraciət edir.

- Azərbaycan dilini öyrənmək istəyən finlər olubmu?
- Bəli, yaşlı nəsil finlər mənə tez-tez müraciətlər edirlər. Finlər özləri bələdiyyələrə müraciət edirlər ki, biz Azərbaycan dilini öyrənmək istəyirik. Bələdiyyə də dil üzrə kurs açır. Elə qrupum olub ki, bizneslə məşğul olan finlər bu dili mənimsəmək istəyib. Onlara 5 ay dərs keçmişəm. Hətta səyahət məqsədilə gələnlərə də dərs keçmişəm. Mənim təəssüf etdiyim bir məsələ var. Bəzi azərbaycanlılar ana dili kimi rus dilini seçirlər. Mən bunu anlamıram. Əgər şagird ana dilini Azərbaycan dili yazırsa, onların seçim etmək ixtiyarı yoxdur. Əgər sənədlərində İslam dini yazılıbsa, digər dinlərlə bərabər onlara İslam dini də keçilir.

- Fin təhsili dünyada ən inkişaf etmiş və uğurlu təhsil sistemi kimi göstərilir. Onlar buna necə nail olublar?
- Onlar 40 ildir ki, eyni praktikadan istifadə edirlər. Sadəliyi üstün tutaraq hər şeyi asan həyata keçirirlər.

- Bu sadəlik nədən ibarətdir?
- Fin təhsil proqramı ilə maraqlananda, bir təhsil işçisi kimi, öz təhsil proqramımızla onu müqayisə etdim. Gördüm ki, çox cüzi fərq var. Ancaq eyni bir proqramdır. Fərqlilik ondan ibarətdir ki, biri Azərbaycan, biri fin dilində yazılıb. Baxıram ki, eyni proqramı Finlandiyada çox sadə, bəsit yollarla uşaqlara çatdırırlar və şagirdlər bunu sevə-sevə öyrənirlər. Həmin proqram isə Azərbaycanda çox çətin, qəliz və ağır formada keçirilir. Fərq budur. Müəllim peşəsinə yiyələnənlər yüngül tədris metodikası ilə dərs keçsələr, mənə elə gəlir ki, həmin nailiyyətə sahib olmaq mümkündür. Finlandiyada repetitor anlayışı yoxdur. Əgər mənim sinfimdə 20 şagird varsa və onlardan biri dərsi qavramırsa, valideynə deyil, direktora müraciət edirəm.

- Direktora nə üçün?
- Valideyn nə edə bilər? O, uşağını müəllimə həvalə edib. Müəllim direktora müraciət edir ki, bu uşağın filan dərsdən qavraması çətindir. Belə uşaqlara əlavə xüsusi ixtisaslaşmış müəllimlər tutulur. Onlar uşağı hazırlayır, öz sinfinin şagirdlərinin proqramına uyğunlaşdırırlar. Beləliklə, hər bir şagird eyni səviyyədə tədris proqramını qavrayır. Uşaq məktəbə gələndə ona bildirilir ki, siz müvəqqəti olaraq ananızın, atanızın övladısınız. Əgər məktəbə gəldinizsə, artıq dövlətin övladısınız. Siz bizə əmanətsiniz.

- Bizdə valideynlər uşaqların çox yüklənməsindən gileylənirlər. Bəs orada?
- Finlandiyada şagirdlər məktəbdən evə heç bir ləvazimat, kitab aparmırlar. Məktəbdə öyrənir, evdə isə əylənirlər. Onlarda nəinki ev tapşırığı, evdə kitab oxumaq belə yoxdur. Uşaq oynayaraq, əylənərək, uşaqlığını keçirməyə imkan verən bir mühitdə böyüməli və bu mühitdə təhsil almalıdır. Düz 9-cu sinfə qədər. 9-cu sinifdən sonra uşaqlar liseyə gedir. Orada şagirdlərə artıq tələbə kimi baxırlar. Lisey 10-11-12-ci siniflərdən ibarətdir. Universitetə qəbul olunan uşaqlara isə rektor deyir ki, "aramıza xoş gəldiniz, siz bizlərdənsiniz, artıq siz gələcəyin professoru, müəllimisiniz. Biz sizə tələbə kimi baxa bilmərik. Əgər siz buraya daxil olmusunuzsa, siz bizdənsiniz”. Sovet dövründə böyümüş, universiteti bitirmiş bir müəllim kimi, 1-ci, 2-ci il mənə bu sistem ağır gəlirdi. Təsəvvür edin, o sinifdə ki sakitlik var, müəllim sakit oturub uşaqlara dərs başa salır, müdiriyyət bunu hiss etsə, həmin müəllimə töhmət verib işdən çıxarırlar. Hər bir sinif qaynamalıdır. Əgər sinif qarmaqarışıqdırsa və hay-küylüdürsə, onda o müəllim yaxşı sayılır.

- Bəs uşaqlar şeiri necə əzbərləyirlər?
- Fin təhsil sistemində şeir əzbərləmək, lövhədə dərs danışmaq deyə bir şey yoxdur. Uşaq məcbur deyil ki, şeir əzbərləsin. Onlarda dərs danışmaqla qiymət almaq metodu yoxdur. Cəmi 16 yaşında bir dəfə imtahan verirlər. O da müsabiqə yolu ilə. Ümumi liseylərə və peşə məktəblərinə keçmək üçün. Kitab, dəftər, çanta – hər şeyi məktəb təmin edir və bunlar məktəbdə də qalır. Bizə deyirlər ki, evdə uşaqları ana dilindən başqa dildə danışdırmayın. Uşaq 6 saat burada yetərincə fin dilində danışır, bu ona kifayətdir. Çünki uşaq əgər öz dilini bilməsə, başqa dili mənimsəyə bilməz, mütləqdir ki, öz dilini bilsin. Onlar çox dil bilirlər və səhayət etməyi çox sevirlər. Finlandiyada ana dili önəmlidir. Nə qədər müxtəlif dil bilsələr də, başqa dildə onlara ünvanladığınız sualları fin dilində cavablandıracaqlar.

- Bəs universitetlər ödənişlidirmi?
- Finlandiyada heç bir təhsil ödənişli deyil. Ancaq növbəti ildən xaricdən gələn tələbələr üçün ödənişli etməyi fikirləşirlər. Ötən ilə qədər onlar da ödənişsiz təhsil alırdılar.

- Arzu xanım, keçək sizin diaspor fəaliyyətinizə. Bilirik ki, siz Finlandiyada Azərbaycan üçün tədbirlərə qatılır və haqq səsimizi orada qaldırırsınız. Finlandiyada Azərbaycan Assosiasiyasının vitse-prezidenti olaraq hansı işləri görürsünüz?
- AAK-ın nüfuzlu quruma çevrilməyində yeni rəhbərliyin və idarə heyətinin böyük rolu olub. Bizim Azərbaycan naminə görmədiyimiz işlər yoxdur. Orta məktəblərdə bu dilin tədrisinə nail olduq. Azərbaycanın milli matəm və bayram günlərini qeyd edirik. Bunu şəhər merinin tədbirlər proqramına salmağa çalışırıq. Finlandiyada finlərin öz proqramı var və bu proqramda hər il yanvarın 20-də, fevralın 26-da Azərbaycanın milli matəm günləri qeyd olunmalıdır. Parlamentdə deputatlarla görüşlər keçirir, Xocalını, Qanlı Yanvarı, soyqırımlarımızı onlara çatdırırıq. Eyni zamanda, mən Avropa Azərbaycan Konqresinin İcraiyyə Komitəsinin üzvüyəm. Bildiyiniz kimi, 2017-ci ilin fevral ayında AAK-ın qurultayından sonra böyük dəyişikliklər baş verdi. Qurultayda qəbul olunan qanunların hər bir bəndi kağız üzərində qalmaqdan çıxaraq yeni seçilmiş rəhbərlik və idarə heyəti tərəfindən yerinə yetirilməyə başlandı. Bu bir il ərzində AAK tərəfindən görülən işlər, keçirilən toplantı və görüşlər bunu sübut edir. Fevralın 8-də AAK-ın Helsinkidə Skandinaviya toplantısı uğurla başa çatdı. Finlandiya parlamentində, Xarici İşlər Nazirliyində olan rəsmi görüşlərimiz və AAK-ın 2018-ci ilin ilk rübündəki növbəti toplantısı bir daha sübut etdi ki, artıq AAK Avropada böyük nüfuza malik bir təşkilata çevrilib. Biz artıq diaspor fəaliyyətindən çıxıb lobbiçiliyə köklənmişik. Artıq azərbaycanlı gənclərimiz bələdiyyə seçkilərinə qatılıb qalib olurlar. Bu bizim diaspor fəaliyyətimiz sayəsində olub. Yoxsa bizi kim tanıyardı? Artıq biz dövlət səviyyəsində sözümüzü deyə bilirik.

- Finlər Azərbaycanı nə qədər tanıyır?
- Açığını deyim, əvvəllər tanımırdılar. Azərbaycandan danışanda, çox vaxt anlamırdılar. Biz orada sərgilər, tədbirlər keçirdik. Prezidentimizin yeritdiyi uğurlu xarici siyasət də günü-gündən ölkəmizi dünyada tanıdır. Artıq bu gün Azərbaycan Finlandiyada tanınır.

- Sizin Finlandiyada "Azərbaycanlı qadınlar” cəmiyyətiniz də var. Azəri qadınları orada hansı işləri görürlər?
- Bu, assosiasiyanın nəzdində fəaliyyət göstərən bir cəmiyyətdir. Assosiasiya bir neçə cəmiyyəti özündə birləşdirir. Düşündük ki, ayrı-ayrı fəaliyyət göstərməkdənsə, assosiasiyanın içində qollar yaradaq. Qadınlar və gənclər cəmiyyəti yaratdıq. Finlandiyada apreldə bütün cəmiyyətlər arasında qadınların rolu qeyd olunur. Bundan başqa, Ədəbiyyat günlərində bu cəmiyyət orada Azərbaycan ədəbiyyatını təbliğ edir. Biz bu işləri finlərlə birgə görürük. Şəhər merindən bizə məktub gəlir və bildirilir ki, siz bu işləri görməlisiniz. Misal üçün, ötən il görkəmli oftalmoloq alim Zərifə Əliyevanın timsalında Azərbaycan qadınının simasını göstərdik. Böyük sərgi nümayiş etdirdik. Artıq finlər Azərbaycan qadınının bir nümunəsini gördülər.

- Tədbirlər hansı səpkidə keçirilir?
- 50 azərbaycanlını yığıb bağlı qapı arxasında tədbir keçirməyi effektli bir hadisə saymıram. Biz uşaqlarımızın doğum günündə də bunu edə bilərik. Tədbir odur ki, yaşadığın cəmiyyətin üzvləri ilə işləyəsən. Finlandiyada çox az azərbaycanlı var. Hər hansı bir tədbiri keçirmək istəyəndə əllərindən gələn köməyi edirlər. Mən bu layihələri tək edə bilmərəm. Orada hamımız bir-birimizə dəstək oluruq.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər