• cümə, 19 Aprel, 15:13
  • Baku Bakı 25°C

Əvvəlcə anons verirlər, sonra isə materialı yaymamaq üçün rüşvət tələb edirlər

05.04.14 10:14 1639
Əvvəlcə anons verirlər, sonra isə materialı yaymamaq üçün rüşvət tələb edirlər
Son vaxtlar jurnalistika sahəsində reket fəaliyyətinin yazılı mətbuatdan onlayn mediaya transfer olunduğunu müşahidə edirik. Əvvəllər “reket qəzetlər”də çalışan “jurnalistlər” sayt yaradaraq məkrli fəaliyyətlərini yeni müstəvidə davam etdirirlər. Mətbuat Şurasının son vaxtlar “reket jurnalistikası” ilə bağlı qəbul etdiyi qərarlara nəzər saldıqda da söylənilənləri əyani şəkildə müşahidə etmək olur. Bu baxımdan, deyilən formada fəaliyyət ortaya qoyan saytlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyac olduğu görünür.
Qeyd edək ki, yaranmış neqativ durumla bağlı bir neçə gün öncə Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının tədbiri baş tutub. İclasda üç sayta ciddi xəbərdarlıq edilib. Öncə Masallı rayonundan bir qrup ziyalının Jurnalist Araşdırmaları Mərkəzinin (jam.az) bu bölgə barədə təqdim etdiyi materiallarla əlaqədar müraciəti araşdırılıb. Komissiya üzvlərinin çıxışlarında saytda il ərzində, xüsusilə son aylarda yoxlanılmayan, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyən informasiyaların verilməsi JAM-ın direktoru Fikrət Fərəməzoğluna irad tutulub. "Poliqon” İnformasiya Agentliyinin (pia.az) 27 mart 2014-cü ildə yayımladığı "AMİ-nin Salyan filialında nələr baş verir?” sərlövhəli yazısı ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun adıçəkilən filialının şikayətinin müzakirəsi cavabdeh tərəfə xəbərdarlıq olunması ilə nəticələnib. Saytın rəhbəri Azər Qaramanlıya informasiya agentliyinin fəaliyyətində dönüş yaradılması tövsiyə olunub. Komissiya "demokratiya.info” saytına, direktor Xəyyam Salmanzadəyə də ciddi xəbərdarlıq edib. Bildirilib ki, saytda Salyan rayon İcra Hakimiyyəti ilə yanaşı digər idarə, müəssisə və təşkilatlar barədə gedən yazılarda birtərəfli fikirlər yer alır, şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuzun ləkələnməsi hallarına yol verilir.
Mövzu barədə fikirlərini bizimlə bölüşən Mətbuat Şurası İdarə Heyəti və komissiya üzvü Azər Həsrət dedi ki, Mətbuat Şurası yarandığı gündən Azərbaycanda jurnalistikanın daha saf, təmiz və daha hörmətli bir müstəviyə keçməsi üçün çalışır. Ona görə də jurnalistikadan sui-istifadə edən şəxslər və qurumlara qarşı mübarizə ehtiyac olduğu qədər davam etdiriləcək: “Şuranın tərkibində fəaliyyət göstərən şikayətlər üzrə komissiya vaxtaşırı toplaşaraq vətəndaşlardan, ayrı-ayrı təşkilat və qurumlardan daxil olmuş şikayətləri araşdırır, müvafiq qərarlar qəbul edir. Sonuncu toplantıda da bir neçə internet saytı və «Yeni Müsavat» qəzeti ilə bağlı olan narazılıqlar müzakirə olundu. Həm şikayətçi, həm də cavabdeh tərəfin fikirləri dinlənildi. Əmlak Məsələləri Dövlət Komitəsinin «Yeni Müsavat» qəzetinə qarşı iddiası rahatlıqla həllini tapdı. Belə ki, qəzet rəhbərliyi heç bir problem olmadan qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirdi. Amma bəzi özünə jurnalist deyən adamlarla bu cür məsələləri həll etmək çətin olur. Onlar peşələrindən sui-istifadə ilə məşğuldurlar. Ayrı-ayrı müəssisələri, məmurları, hətta bölgələri daimi nəzarətdə saxlayırlar. Çox zaman anonim mənbələrə istinad edərək doğru olmayan xəbərlər yayırlar. Hətta elə hallar olur ki, əvvəlcə anons verirlər, sonra isə materialı yaymamaq üçün müəyyən şəxslərdən rüşvət tələb edirlər”.
A.Həsrət bu cür dezinformasiya yayan saytlara xəbərdarlıq edildiyini söylədi: “Həmin resursların sahiblərinə xatırlatdıq ki, etdikləri jurnalistikanın etik prinsiplərinə ziddir və əgər belə hallar davam edərsə, onların adı qara siyahıya salınacaq. Təəssüf ki, dəvət olunanlardan demokratiya.info saytının rəhbərliyi gəlmədi. Məsələ onlarsız müzakirə olundu və müvafiq qərar qəbul edildi. Ümumilikdə fəaliyyətimiz həm Mətbuat Şurası, həm də şikayətlər komissiyası olaraq jurnalistikanın təmiz adının qorunmasına, yanlışlığın aradan qaldırmasına yönəlib”. Müsahibimiz gələcəkdə də bu cür işlərin davam etdiriləcəyini, medianın keyfiyyətinin artırılması üçün maksimum çalışacaqlarını dedi: “Bilirsiniz ki, Mətbuat Şurasının ötən il keçirilən qurultayında tərkib genişləndirildi. İdarə Heyəti üzvlərinin sayı 15-dən 17-yə qaldırıldı və 3 nəfər onlayn medianın təmsilçisi seçildi ki, mən də onlardan biriyəm. Mətbuat Şurası onlayn mediada keyfiyyət dəyişiklikləri ilə bağlı inkişafa nail olmaq üçün xeyli addımlar atıb. 2014-cü ilin “Onlayn media ili” elan edilməsi də təsadüfi verilən qərar deyil. Bu istiqamətdə müəyyən tədbirlər, konfranslar təşkil olunub. Mətbuat Şurasının özündə də dəyirmi masa keçirilib. Qeyd edim ki, il ərzində bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Əsas məqsədimiz odur ki, vətəndaşlarımız etik çərçivədə fəaliyyət göstərən saytlardan istifadə etsinlər. Çünki hazırda internetdən istifadə edən şəxslərin sayı kifayət qədərdir. Biz də yeni davranış qaydaları üçün təbliğat işinin qurulmasına yönəlmiş işlər görəcəyik. Bu işlər isə dəyirmi masaların təşkili, yeni qaydaların çap olunub yayılması, müxtəlif mütəxəssis rəylərinin ictimailəşdirilməsi və s ilə həyata keçiriləcək”.
İdarə Heyətinin üzvü görüləsi işlərin çox olduğunu da vurğuladı: “Biz Qərbin, xüsusən Avropa ölkələrinin təcrübəsini öyrənməyə çalışırıq. Çünki onlarda bu proses bizdən öncə başlayıb. Onlayn media ilə təmas və onun genişlənməsi ilə bağlı məsələlərdə ölkəmiz də o qədər geri qalmayıb. Amma bütün hallarda, müəyyən qaydaların tətbiqinə ehtiyac var. Ona görə Qərb təcrübəsinin öyrənilib Azərbaycanda tətbiq edilməsi qaçılmazdır. Mətbuat Şurası da bu gün bu yöndə fəaliyyətini davam etdirir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər