Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa girib
Şəhər nəqliyyatı
son illər ən çox islahatlar aparılan sahədir, amma problem o qədər çoxdur ki,
bitib-tükənmək bilmir. Kart sisteminin tətbiqi ilə bir çox problemlər aradan
qalxacağı bildirilirdi, həqiqətən də bunu görürük. Amma həllini gözlədiyimiz
bir məsələ vardı ki, o, bir az formasını dəyişsə də, mahiyyət eynidir. Söhbət
bir-birini təkrarlayan marşrut xətlərindəki avtobus sürücülərinin dayanacağa
tez çatmaq "yarışı”ndan gedir.
Eyni hərəkət
istiqamətində fərqli daşıyıcı şirkətlərə məxsus marşrut avtobusları əvvəl də
olub, indi də. Əvvəllər bütün avtobuslarda ödəniş birbaşa sürücülərə edildiyi
üçün burada sürücülərin daha çox sərnişin aparıb, əlavə qazanc əldə etməsi məsələsi
vardı ki, indi də kartsız sərnişin daşıyan marşrutların yarışı var. Amma bəllidir
ki, artıq elə avtobuslar da var ki, onlarda gediş üçün ödəniş ancaq kartladır və
sürücülərin burda hər hansı maddi marağı yoxdur. Amma yenə də sürət həddini
artırıb, dayanacağa tez çatmaq üçün yarışa çıxan avtobus sürücülərini görür, sərnişinlərin
"kartof yox, adam aparırsan” tipli iradlarını eşidirik... Məsələn, 5 saylı
marşrut avtobusu ilə 88 nömrəli marşrut xəttinin hərəkət istiqamətinin böyük
bir hissəsi eynidir və 88 nömrəli avtobusun sürücüsünün dəfələrlə dayanacağa
tez çatmaq üçün sürət həddini artırmasını müşahidə etmişik.
Sürət həddinin
aşılması isə insan həyatı ilə oynamaq deməkdir. Sonuncu bu tipli hadisənin
"istisi” hələ soyumayıb. Söhbət Bakının Zığ şosesində baş verən ağır qəzadan
gedir. 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq aşmışdı. 20-dən çox insan xəsarət
almışdı. Bu tipli avtobus yarışlarının tez-tez şahidi oluruq. Bəs bu problemdən
çıxış yolu nədir? Ümumiyyətlə, bu istiqamətdə iş görülürmü? Kartsız
avtobuslarda sürücülər rəqabət aparırdılarsa, belə çıxır ki, indi daşıyıcı şirkətlər
dayanacağa tez çatmaq məsələsində maraqlıdırlar?
Sürücüləri həvəsləndirəcək bonus
Hüquqşünas, nəqliyyat məsələləri
üzrə ekspert Ərşad
Hüseynov bildirdi ki, burada şirkətlərin də rəqabəti ola bilər,
sürücülərin də: "Nəzəri
olaraq belədir ki, hər sürücünün idarə etdiyi avtobusda ödəniş aparatı olur ki,
onun vasitəsilə hər gün hər sürücünün gündəlik nə qədər sərnişin daşıdığını müəyyənləşdirmək
olur. Ola bilsin ki, şirkət sürücüləri daha çox sərnişin daşımağa həvəsləndirmək
üçün bonus müəyyənləşdirsin. Bonus olduğu üçün sürücülər gündəlik daha çox sərnişin
daşımaq üçün bu cür yarışlara gedə bilərlər. Bonus verilməsi rəqabət,
stimullaşdırma cəhətdən effektiv üsul ola bilər. Amma qanunun pozulmasına gətirib
çıxarırsa, insanların həyatını təhlükəyə atacaq bir mənzərə yaranırsa, artıq bu
zaman bonusa gedilməməlidir. Rəqabət yaxşı şeydir, amma qanuni olmalıdır.
Qanunun tələbinə görə, Bakıda bütün marşrut avtobuslarına Bakı Nəqliyyat
Agentliyinin (BNA) təsdiq etdiyi marşrut sxemi və hərəkət qrafiki verilir. Orda
həm avtobusların hərəkət istiqaməti göstərilir, həm də dəqiqələrinə qədər vaxt
cədvəli. Filan dəqiqədə filan dayanacaqda olmalısan. Sürücü onların hər ikisinə
və üstəgəl də yol hərəkəti qaydalarına ideal surətdə riayət etməlidir. Qrafiki,
yol hərəkəti qaydasını pozan, marşrutdan kənara çıxan və pozan sürücü məsuliyyətə
cəlb olunmalıdır”.
"Çıxış yolu çoxtərəfli nəzarət sisteminin
olmasıdır”
Ə.Hüseynov deyir
ki, avtobusların bu cür yarışını görən hər kəs BNA-ya məlumat versin: "Kart
sisteminin problemi həll etmədiyi ilə bağlı bədbin olmayaq. Çox problemi həll
edən addımdır. Bu cür tək-tək hallar varsa, səbəbi araşdırmalıdır. Çıxış yolu
çoxtərəfli nəzarət sisteminin olmasıdır. Nəzarət sözündən bizdə qorxurlar. Amma
burda nəzarət sadəcə olaraq qaydalara riayət edilməsini diqqətdə saxlamaq,
qayda pozuntularına yol verənləri məsuliyyətə cəlb etməkdən ibarətdir. DYP öz
işini görməli, qayda pozuntularına yol verən marşrut avtobuslarının sürücülərini
məsuliyyətə cəlb etməlidir. Ən əsası isə sahibkarlar özləri sürücülərinə nəzarət
etməlidir. Sərnişinlər də bu cür hallarla qarşılaşanda Nəqliyyat Agentliyinə məlumat
verməlidirlər ki, onlar da daşıyıcı şirkətlərə iradları bildirsinlər”.
"Sürücüyə görə sahibkarın fəaliyyəti zərbə görür”
Avtosfer.azsaytının
baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə
görə, bu kimi problemlər Bakının nəqliyyat sferasının vahid strukturdan idarə
olunması məsələsini ortaya çıxarır: "Vahid sistem qurulmalıdır ki, rəqabət aparıb,
yarışa çıxacaq başqa bir şirkət olmasın. Bir tərəfdən bunu məcburən deyirik.
Digər tərəfdən, fikirləşirik ki, sahibkarlar bu fəaliyyətlə məşğul olurlar,
onlar da inkişaf etməli, fəaliyyətlərini genişləndirməlidirlər. Nağd ödəniş
götürülən avtobusların sürücülərinin dələduzluğuna görə, əziyyətlə qurulmuş bir
şirkət bağlana bilər. Sürücüyə görə sahibkarın fəaliyyəti zərbə görür. Zaman gələcək
ki, o cür intizamsız sürücülərə görə hansısa şirkətlər bağalanacaq. Kartla olan
avtobusların dayanacağa tez çatmaq yarışına gəlincə, artıq burda daşıyıcı şirkətlər
özləri məsuliyyətli olmalı, sürücülərindən də bu cür fəaliyyət tələb etməlidirlər.
5 və 88 saylı marşrut avtobuslarına gəlincə... 88 nömrəli marşrutun məxsus
olduğu "Çinar M-Trans" bəlkə də, Bakıda ən
intizamsız, ən çox qayda pozuntusu məsələlərində sürücülərinin adı çəkilən şirkətdir.
Bu gün Bakıda kart sisteminin tətbiqi genişləndirilir, 88 nömrəli marşrutla hərəkət
edən avtobuslar da kartla ödənişə keçib. Amma o marşrutun sürücüləri sərnişinləri
ödənişi nağd etməyə məcbur etmir, deyir "kart lazım deyil, qəpiyini ver”. Hətta
bəzi sürücüləri düşüb dayanacaqlarda karta pul yükləmək üçün aparatları sıradan
çıxarırlar ki, camaat pul yükləyə bilməyib nağd ödəniş etsin”.
"Bununla bağlı dəfərlə şikayətlər gəlib”
BNA-nın
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayevdeyir ki, bir-birini təkrarlayan marşrut xətlərinin bir
çoxunda dayanacağa tez çatma yarışına rast gəlinir və BNA-nın başladığı və
hazırda da davam etməkdə olan optimallaşdırma işləri də bu kimi problemlərin həllinə
yönəlib: "Optimallaşdırma işləri çərçivəsində ən son 155 nömrəli marşrut xətti
ləğv edilərək 108 nömrəli xətlə birləşdirildi. Daha əvvəl 7 nömrə ləğv edildi və
18 xətti bir qədər uzadıldı. Yəni, bu işlər davam edir. Bu gün Ziya Bünyadov
prospekti boyunca bəzi marşrut xətləri var ki, hərəkət sxemləri 70-80 faiz
bir-birini təkrarlayır. Bununla bağlı dəfələrlə sərnişinlərimizdən eləcə də,
digər hərəkət iştirakçılarından şikayətlər gəlib. Hazırda onların
optimallaşdırılması məsələsinə baxılır”.
Aygün Asimqızı