• cümə, 19 Aprel, 19:54
  • Baku Bakı 24°C

“Əvvəl mövzu kor-koranə keçirilirdi”

16.04.15 12:38 3388
“Əvvəl mövzu kor-koranə keçirilirdi”
“Kurikulum müəllimin qarşısında çox imkanlar açır”- deyə “Bir məktəbin tarixi”nə müsahibə verən “İlin müəllimi” Xoşqədəm Orucova hesab edir ki, Vətənimizin tarixini sevən onun təbiətini də sevməlidir.
- Hazırkı dövrdə - şagirdlərin müasir texnologiyalara meyl etdiyi bir vaxtda biologiya fənninin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Biologiya fənninə marağı artırmaq üçün Təhsil Nazirliyində mühüm işlər görülür. Biologiya elə bir fəndir ki, praktikanı sevir. Yəni bu, nəzəri elm deyil. Praktika olmasa, biz şagirdə bu elmi sevdirə bilmərik. Şagird nəzəri surətdə dediklərimizi əyani surətdə görməsə, bu fənnə maraq göstərməyəcək. Bu yaxınlarda İsraillə Azərbaycanın Təhsil Nazirliyi arasında müqavilə bağlanılıb və məktəblərə praktiki yönümü daha da artırmaq üçün lazımi avadanlıq göndəriblər. Laboratoriya olmadan biologiya fənnini şagirdə sevdirmək olmaz. Biz bu yaxınlarda həmin avadanlığın treninqindən keçdik. Onlar çalışırlar ki, məktəblərdə təcrübələri aparmaq işi daha da sadələşsin. Aparatın köməyi ilə təcrübələri aparmaq daha da asanlaşacaq. Şagirdlər həmin təcrübələri sərbəst şəkildə ev şəraitində, məktəbin həyətində və s. apara bilərlər. Məktəbdən xaric çoxlu ekskursiyalarımız olur. Uzun illərdir ki, biz Ekologiya və Təcrübəçilik Stansiyası ilə əlaqə saxlayırıq. Bundan əlavə, hər il Beynəlxalq Biomüxtəliflik Gününü qeyd edirik. Hətta, bunun üçün məktəbimiz qalib də seçilib və Almaniyanın Texnika Bankı tərəfindən mükafatlandırılmışıq. Bu da vətənpərvərliyi artırır. Şagirdlərimizi təbiətimizlə daha yaxından tanış edirik. Həmçinin hər il Bakı Baş Təhsil İdarəsi Beynəlxalq Yer Gününü qeyd edir və biz də o tədbirə qatılırıq. Şagirdlərimiz həmin yarışlarda müəyyən yerlər də qazanırlar. Bu cür tədbirlərdə təbiətlə təmas çoxalır və şagird fənni sevir. Yoxsa sinfə daxil olub 45 dəqiqə ərzində danışmaqla fənni şagirdə sevdirə bilmərik.
- Kurikulum təlim proqramının mahiyyətini müəllimlərin özləri də bəzən yaxşı başa düşmürlər. «Kurikulum nədir?» - deyə ortaya çoxlu suallar çıxır. Ənənəvi tədris metodundan kurikulumu fərqləndirən nədir?

- Biz təlimlərə gedəndə də müəllimlərimizə ilk olaraq bu sualı ünvanlayırıq. Bunun üçün də müəllimlərə köhnə proqramları gətirməyi xahiş edirik. Həmin proqramlarda 6-cı sinifdən 11-ci sinfə qədər biologiya proqramı üzrə şagirdə nəyin tədris olunması qeyd olunub. Başqa heç nə yoxdur. Amma kurikulum proqramlarında nəyi və necə öyrədirsiniz və ya hansı üsullardan istifadə edirsiniz – bu, çox mühümdür. Demək kurikulum proqramında müəllimin qarşısına hər şey qoyulur və əlinə bütün silahlar verilir. Əvvəl isə mövzu kor-koranə keçirilirdi. Kurikulumda dərslərin hamısının səviyyəsi və standartı gözlənilir. Müəllim bilir ki, nəyi hansı səviyyədə keçməli, nədən istifadə etməlidir.
- Sizcə, bütün müəllimlər bu metodu tədris etməyə hazırdırlarmı?

- Bu, müəllimə kurikulumu təlim edəndən asılıdır. Əgər müəllim o təlimi keçəcəyini gözəl bilirsə, özünü aşılayıbsa, onun qarşısında oturan müəllimlər də bilirlər. Təlim tədris edənin özünə dumanlıdırsa və bilmirsə nəyi öyrədəcək, onda alınmır. Əgər hər hansı bir müəllim «Mən bilmirəm kurikulum nədir»- deyirsə demək, təlimi ona yaxşı keçməyiblər. Kurikulum müəllimin qarşısında çox imkanlar açır. Dərslikdən əlavə, müəllimin əlində metodik vəsait var. Əvvəlki tədrisdə isə müəllim üçün bunlar yox idi, hər şey şablon yazılırdı. Amma burada müəllim bilir ki, 7-ci sinifdə uşağa nə deyir və 8-ci sinifdə nə deyəcək. Kim deyirsə kurikulum yaxşı deyil, onun təlimlə bağlı fikirləri dumanlıdır.
- Bəs ortada hansı çatışmazlıq var?

- Ola bilsin ki, bu, yeni proqram olduğu üçün çətinlik yaradır. Hər bir yenilikdə təbii ki, nöqsanlar da var. Hər beş ildən bir standartlar dəyişdikcə təbii ki, bu da təkmilləşəcək. Bu, Azərbaycan üçün yeni bir şeydir. İş varsa, nöqsan da var. Bunlar get-gedə aradan qaldırılacaq. Amma şagirdlərdə fənnə marağın artdığı hiss olunur. Biz həmin müəllimik, amma fənnə baxışımız bir qədər dəyişib. Kurikulumda biologiyada praktiki həyati bacarıqlar lazım olan mövzuları daha da açıqlamaq tələb olunur. Bizsə buna çalışırıq. Azərbaycanın flora və faunasını bilməyən şagirddən hansı vətənpərvər yetişər? Yoxsa biz yarımçıq vətənpərvər olarıq. Vətənimizin tarixini sevən onun təbiətini də sevməlidir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər