AZE | RUS | ENG |

Çevrilmə istəyi, “kiçik” qəhrəmanlar və ya az sözlə böyük həqiqətlərin ifadəsi

Çevrilmə istəyi, “kiçik” qəhrəmanlar  və ya az sözlə böyük həqiqətlərin ifadəsi
Bu qarışıq, problemlərlə dolu həyatımızda planlaşdırıb yazmaq istədiyimiz, amma yazmağa imkan, zaman, bəzən hətta mənəvi güc tapa bilmədiyimiz nə qədər yazı var. Siyahısı qeyd dəftərimizdə, oxuduğumuz kitablar masamızın üzərində, düşüncələr isə beynimizdə bir-biri ilə iç-içə yazılacağı günü gözləyə-gözləyə qalıb... Nəhayət ki, mən belə yazıların birindən qurtulmaq qərarına gəldim. (Deyilmiş söz qurtuluşdur axı həm də!) "Gecikmiş yazılar” silsiləsindən ilk məqaləm Təranə Vahid haqqındadır...
 
Bir neçə müddət öncə bəsit, sıradan, konflikti üzdə olan hadisələrin ünvanına çevrilən müasir hekayələr, nəsr nümunələri, zənginlikdən uzaq, obrazlılıqdan kənar mətn "dilləri” arasında dolaşmaqda ikən maraqlı bir hekayə diqqətimi çəkmişdi. Sonra da müəllifin digər əsərlərini aramağa, oxumağa, yaradıcılığını izləməyə vadar etmişdi məni. Əlbəttə, bu marağa dəstək verən əsas cəhətlərdən biri də müəllif ətrafında süni ajiotajın olmaması idi. Nəticədə, oxuduğum hekayələrinin böyük əksəriyyəti özüm üçün son zamanlar kəşf etdiyim (əminəm ki, bu kəşfi edən yeganə oxucu deyiləm!) ikinci yazıçının (birincisi isə Mübariz Örən idi!) imzasını hər zaman axtaracağım, maraq dairəmdə qalacaq yazıçılar sırasına yazdı: istedadlı nasir kimi!
Bu müəllifin əsərlərində fərqli olan nə idi?
 
Əvvəla, Təranə Vahidin yazdığı hekayələr sıradan həyat hadisələri üzərində qurulmur (sadə insanların həyatından bəhs etsə də, onlar özü-özlüyündə fərqli və qeyri-adidir). Hər birində simvolik-metaforik mənalandırmalar mövcuddur. Təsvir və təhkiyənin axını üçün elə bir rakurs və elə bir mövqe seçilir ki, müəllif (təhkiyəçi), ümumiyyətlə, yaddan çıxır, unudulur. Bəzi anlarda var olduğu yada salınsa da (müəyyən intonasiya fərqində, hadisələrin gedişatına müdaxilədə, büruzə verilən münasibətdə və s.), əminəm ki, bu, istənmədən, fərqində olmadan baş verir, həmçinin təcrübə, püxtələşmə əsasında hekayədən-hekayəyə keçib gedəcək qüsurdur. Çünki çox epizodik hallarda müşahidə edilir.
 
Təranənin hekayələrində (müasir nəsr nümunələrinin əksəriyyətindən fərqli olaraq) hadisənin, əhvalatın nəqli deyil əsas olan. Bədii fakta çevrilən hissin, duyğunun, yaşantının özüdür... Ən vacibi də budur ki, mətndə qurulan hər süjetin yaratdığı zahiri təəssürat altında böyük mənalar gizlənir. Yəni onsuz da, sıradan olmayan hadisənin arxasında onun özündən də dərin, mənalı bir mahiyyət dayanır...
 
İkincisi, Təranə heç bir fikri, heç bir hadisəni birbaşa ifadə və təsvir etmir. Onun nasir kimi ən üstün xüsusiyyətlərindən biri də budur. Sözlə, ifadə ilə yaradılası təəssüratları hadisələr, situasiyalar özü "oynayır” və "göstərir”. Sanki müəllif demək istədiklərini bütün rəngləri, incəlikləri, səsi, detalları, hətta konturları ilə birlikdə nümayiş etdirir. Buna "göz önündə yaradır” da deyə bilərik. Məsələn, "Durna adam” hekayəsinin qəhrəmanı olan Əlif kişinin nə yaşantıları, nə duyğuları müəllif təhkiyəsində detallı təsvirə gətirilmir. Yazıçı xüsusi çaba sərf edərək qəhrəmanını anlatmağa çalışmır. Sadəcə, hansısa "həyat faktı”nı göstərir. Amma hadisənin, faktın özü elə ustalıqla verilir ki, qoca kişinin durnaya çevrilib uçmasının, yaddaşının – "sərhədin sərhədini keçə bilməyərək” geri qayıtmasının səbəbi, nəvənin bir kəlməsi ilə verdiyi ağrılı mesaj, həyətdə qalan əl ağacı detalı ayrı-ayrılıqda çox əhəmiyyətli mətləbləri açıqlamaqla bərabər, "böyük hadisə”ni yarada bilir.
 
Əsərdə Əlifin durnaya çevrilmək istəyinin səbəbi ilk baxışda aydınlaşmır. Arzu təbii qarşılansa da (kimin ağlından keçməz ki, belə bir istək? Ən azından, sadə bir məqsədlə – olduğu məkana yüksəklikdən baxmaq üçün!), dərhal da "niyə?” sualı yaranır. Mahiyyət isə sonra meydana çıxır. Və müəllif bu istəyin səbəbini yenə də birbaşa ifadə etmir. İşarələr, detallar danışır. Doğmalarının – oğlunun, gəlininin... tanımadığı (deməli, artıq ruhsal yadlaşma, qopma faktı mövcuddur!) Durna adamı, hadisə nə qədər qeyri-adi, gözlənilməz olsa da, bircə balaca nəvə tanıyır: "Nətəhər də babama oxşayır”... Yoxluğu "it-pişik, toyuq-cücə rahatlanandan sonra” meydana çıxan Əlif kişinin tənhalığının böyük mənzərəsini müəllif xırda bir ştrixlə yaratmağa nail olur. Beləliklə, oxucu olaraq sən də Durna adamın hislərini duya bilirsən.
 
Oxucu mətndə reallaşan arzunun təsiri altında təkcə qeyri-adi hadisəyə təəccüblənmir. Eyni zamanda da bunun baş verdiyinə sevinir. Çünki Əlif kişinin durnalara qoşulmaq istəyi çin olmaqla bərabər, "nəfəsinin yeri genişlənmişdi”... Azadlıq, uçuş təəssüratı, onun ruhunu, əl-qolunu keçmişə, yerə, evə bağlayan iplərin qırılması elə bircə bu ifadə ilə çox dolğun, dəqiq şəkildə canlandırılır.
 
Ümumiyyətlə, az sözlə çox (dərin!) mətləb ifadə etmək – Təranənin yazıları üçün xarakterik xüsusiyyətdir. Durna adam arzusuna çatsa da, qarşılığında qurban vermək – yaddaşını itirmək istəmir. Çünki "...keçmiş onun içində ürək kimi döyünür”. Müəllif burada arzu və ona görə veriləcək qurban məsələsinə də diqqət yönəldə bilir və çox böyük həqiqəti yada salmış olur: axı bizi xoşbəxt edəcəyini düşündüyümüz arzuların bizdən, əslində, hansı qurbanlar alacağı bəlli olmaz... Arzunun reallaşması hələ xoşbəxtlik demək deyil. Əlif kişi istəyinə çatır... Sərhədi keçmək, yaddaşını – vətəni itirmək tələbi isə onun şüurunun, ruhunun xoşbəxtlik deyə qəbul etdiyi bu istəyə fərqli mahiyyət qazandırır. Müəllif insan arzusunun, insan istəyinin əks üzünü göstərməklə oxucunu düşündürməyə nail olur.
Mən yazımın əvvəlində təsadüfən metaforik-simvolik mənalandırma demədim. Əsərin qəhrəmanı Durna adam (Təranə Vahid!) üçün vətən yaddaşdır, vətən "Mən”dir, yaşadığın zaman və məkandır, "sümüyü sürmə olmuş anasının” xatirəsidir...
 
Hekayədə daha bir incə məqam (mətləb!) vurğulanır: varlığı ilə diqqət çəkməyən birinin yoxluğu ilə diqqət çəkməsi... İnsan itirdikdən sonra dəyər verir, itirildikdən sonra dəyərə minir... Əslində, getmək istəyinin mahiyyətində də elə bu durmurmu? Həqiqətən də, İnsanın yoxluğu ona çox şey qazandıra bilər, bir şərtlə ki, Durna adam kimi geri qayıdışı olsun. Çünki geri qayıdanda "durnaya çevrilmiş ata” daha böyük diqqətlə qarşılaşır. Ən azından, toxunulmadan (incidilmədən!) həyətdə dolaşa bilir.
 
Təranə Vahidin yazı üslubu ifadə və təsvir zənginliyi ilə fərqlənir. Bu zənginlik yazıçının hekayələrindəki təsvirləri daha təsirli edir. "Durna qatarının qaqqıldaşa-qaqqıldaşa kəndin, həm də elə payızın üstündən ötüb keçməsi”, "Payızın alabəzək qanadını kəndin üstünə sərməsi”, "Gödək payız gününün dağın dalına keçib itməsi” kimi ifadələr elə bir intonasiyaya, təsvir yükünə, görüntü yaratmaq gücünə malikdir ki, bu lakonikliyin, yığcamlığın yaratdığını ifadə etmək üçün, bəlkə də, başqa bir nasirə abzaslar gərək ola bilərdi...
 
O, rəngin səsini, səsin isə rəngini duyan yazıçıdır. Bizim "rəngli”, "səsli” yazan nasirlərimiz də var, şairlərimiz də. Amma Təranəni fərqləndirən məhz budur. Çünki müəllifin görmə bucağı, duyumu, ifadə və təsvir imkanları buna şərait yaradır. "Ay işığında ağ-qara səslər eşidib yerə endi...” Bu mətndə durna səsi də duyulur, o səsin rəngi də sezilir. Hətta bunu görməyənlər belə, zülmət qaranlıq içində ağaran durnaların görüntüsündə o səsi çox böyük asanlıqla tapa bilər.
Təranənin təsvirləri də qeyri-adidir, təsvir və ifadə metodları da... O bəzən təbəssümdə, deyilmiş kəlmədə, yaşanan əhvalda elə bir dəqiq çalar görüb yaza bilər ki, bu, başqa birinin ağlına gəlməz: "Cəmonun dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi. Mənası da belə olardı ki, darıxma, indi səni ağ yuxularına büküb gəldiyin yerə göndərəcəyik. Bilirik ki, günahsızsan, elə gəldiyin kimi tərtəmizsən, vicdanına toz qonmayıb, ruhun yaralanmayıb, Tanrı canını alıb, amma səndən əlini üzməyib, kənd buna şahiddir. Bu yerdə bütün kənd  qıyya çəkib "şahidik!” – deyərdilər. Elə içdən qışqırardılar ki, ölünün üzünə təbəssüm qonardı” ("Dəfn nəğmələri)”.
 
İtburnu çiçəyi kimi ağ kəlmələrlə, ağ yuxular və ölünün üzün qonan (ağ!) təbəssüm ölüyə (oxucuya!) rahatlıq gətirir. Ən əsası da, ölümü adi, qanunauyğun hal kimi sakitcə qarşılanmasını şərtləndirir. (Ümumiyyətlə, ölümə aqil münasibət onun bir çox hekayələrinə xasdır. Məsələn, "Axşamüstü” hekayəsi... Təranə Vahid digər əsərlərində olduğutək burada da həyatın iki nöqtə arasında olduğunu xatırladır. Kənddəki üç yoldan – üçüncü hər zaman yaddan çıxarılan, kol-kos basmış qəbiristanlıq yolundan bəhs edir. Unudulan, yalnız dünyasını dəyişən biri olanda yada düşən, amma elə həmin gündəcə yaddan çıxan o yol insanın ölümlü olmasını unutduğuna işarədir. Əslində, bulaq başı, üzümlük və qəbiristanlıq yolları insan həyatının əvvəli, ortası və sonunu simvolizə edir. Unudulmuş, yada düşməyən, yalnız ölüm anında xatırladığımız və tez də unutduğumuz yol bu hekayədə "unutma!” mesajını verir, həm də belə bir əminliklə: onsuz da, unudacaqsınız! Çünki o kənd də unudur. Özü də elə həmin axşam. Kəndin üstünə çökən axşam sakitliyi ilə birgə...)
 
Təranə dilin incə çalarlarını da, zərifliyini də, gücünü də duyan nasirdir. Hər birindən ayrı-ayrılıqda hansı məqamda yararlanmaq mümkündür – bunu dəqiq görür. (Hərdən dilində "Gecə qara çarşabını şəhərin üstünə atmışdı” ("Asan xidmət”) kimi tanış, çox işlənmiş ifadələrə də rast gəldim. Amma bu, nadir hallardan idi ki, ümumi təəssüratı qətiyyən dəyişmədi). Hətta insan ruhunun, hadisənin – yaşantının ovqatı ilə təbiət, mənzərə və təbiət hadisəsi arasında elə bir harmonik məqamı tutmağa nail olur ki, bu harmoniyanın içərisində nəyin önə keçdiyini – təbiət hadisəsininmi, insan faciəsininmi – dəqiqləşdirməkdə çətinlik çəkirsən. Məsələn, "Göy üzü qanamışdı” hekayəsinin qəhrəmanının əlindəki qanla yağışdan əvvəl qızarmış səmanın çox uğurlu uyumu və təsviri vasitəsilə o, təbiət hadisəsi ilə insan faciəsi (hadisəsi!) arasında uğurlu bir keçid (eyni zamanda da mahiyyət eyniliyi) yarada bilir. Hətta Səfinin əlindəki qan haqqında söz açılmadığı məqamlarda belə səmanın qan qırmızı rənginin təsiri, yağışın təsvirinin yaratdığı ovqat altında haradansa qırmızılığı ilə birgə qan "sızacağını” gözləməyə başlayırsan... "Səfi yaşlı adamlar kimi əlini üzünə çəkib salavat çəkmək istəyəndə ovcundan isti, nəmiş qan qoxusu gəldi. Eyməndi, əlini tez geri çəkdi. Yerin-göyün kişnərtisindən yaddaşı indi-indi macal tapıb üstünə qayıdırdı. Yox, qayıtmırdı, iri qırxayaq kimi yaddaşı üstünə yeridikcə qırmızı rəngli hadisələr kələf kimi bir-birinə dolaşırdı”. Sən demə, bayaqdan göy üzünü bürüyən yağışöncəsi qızartı əldəki qanın əksi imiş... Bunun ildırım çaxmasına bənzəyən ani, gözlənilməz dərki Səfini baş götürüb qaçmağa – özündən, hadisədən, törətdiyi əməldən uzaqlaşmağa doğru "itələyir”... Və ən əhəmiyyətlisi budur ki, oxucu da bu "qaçış”ın bir parçasına çevrilir. Ruhu itmiş (ruhi xəstə) birinin arzusu ilə yuvarlanacağı uçurum arasında çabalaması elə bir uğurla oxucuya ötürülür ki, sən də o qırmızılıqla Səfinin "at arzusu”nun ağlığı arasında çırpınaraq qəhrəmanın yaşadığı çaşqınlığı, sıxıntını, "itkinliyi”, "özünü (ruhunu) arama” "prosesini” onunla birlikdə keçirsən.
 
Onu da deyim ki, kiçik bir hekayədə yaradılmış bu obraz nəsrimizdə olan və yaddaşlara köçə biləcək maraqlı, yaddaqalan obrazlardan biridir.
Bu hekayədə baş verən hadisənin özü böyük bir insan faciəsini əks etdirir. Həm də bir insanın deyil – ananın, atanın və oğulun faciəsini... Hər biri ayr-ayrılıqda dəhşətli, təsirlidir. Səfinin – ruhunu itirmiş adamın yaddaşı, açılan-qapanan şüuru, etdiyi əməlin qırıq-qırıq (qəhrəmanın yaddaşında boy verdiyi kimi), hissə-hissə işıqlandırılması baş verən faciənin təəssüratını, ruhunu, qoxusunu, rəngini dəqiq əks etdirir. 
 
Müsahibələrinin birində Təranə: "Mən o qəhrəmanlara qoşulur, onların həyatını yaşayıram”, – deyirdi. Əslində, deməsə də olardı. Çünki yazdığı yazılarda bu o dərəcədə aydın hiss edilir.
 
Təranə Vahid o qələm sahiblərindəndir ki, hər zərrəciyi, canlını – təkcə insanı deyil – danışdıra, onun cildində, onun ruhunda ola, o ruhdan dünyaya boylana bilir və bu boylanma yazıçı üçün böyük əhəmiyyət daşıyan bacarıqdır. Məsələn, o, bir ağacın ağrısını, yaşantısını, faciəsi elə təsvir edir ki, heyrətlənməyə bilmirsən. Ən əsas da bunun üçün gözlənilməz ifadə döngələrindən istifadə etdiyindən təəssürat silinməz olur. "Qorxu çiçəkləri” hekayəsində bağbanın "bir xeyli əlləşdikdən sonra məftilləri açdı, bununla sanki həm də ömrünün səksəninci baharının qapısını itələyib içəri keçdi”... yazan müəllif insanla təbiət – bu məqamda ağac – arasındakı ruhsal bağlılığı dəqiq ifadə edir. Bu bağlılığın və təmasın təsviri elə canlı verilir ki, bunu, az qala, cisminlə, əzanla duyursan: "Bu isti sözlər armud ağacının budanan qollarının ağrısını unutdurdu”. Hekayədə ifadə edilən əsas fikir isə "Təbiətin istəklərinə, qanunlarına qarşı çıxmaq mümkün deyil” düşüncəsidir. Çünki arvadının "ölümün cəngindən qoparıb aldığı” bağban da, bağbanın əlində balta üstünə yeriyərək çiçəkləməyə vadar etdiyi ağac da təbiət qanunlarına qarşı durmağa çalışdıqları üçün məhv olurlar. Axı ölümün (talenin, yazının, təbiətin!) qarşısına keçmək mümkün deyil! 
 
Təranəni fərqli edən xüsusiyyətlərdən biri də yaratdığı, əsəri üçün obyekt seçdiyi obrazlardır: zahirən kiçik, sıradan, mahiyyət və keyfiyyət etibarilə fərqli, qeyri-adi və ən əsası da, insanın qaçış, qurtulma və çevrilmə arzusunun meydana çıxardığı obrazlar: qarışqa, durna adam, toz dənəsi, sərçə...
Ümumiyyətlə, "çevrilmə” Təranənin yazıları üçün xarakterikdir. Hər birinin də öz səbəbi, öz haqqazandırması var. Durna adam da, toz dənəsi də, qarışqa da fərqli obrazlara girmiş darıxan, boğulan, dərk edilməyən, qurtulmağa çalışan, ruhuna azadlıq istəyən insanlardır. Və bunu hiss etməmək, özünü o toz dənəciyinin, o qarışqanın, o Durna adamın cildində – ruhunda görməmək mümkün deyil. Amma bu çevrilmə (məsələn, Kafkadakı kimi) insana darıxdırıcılıq, sıxıntı, əzab deyil, rahatlıq, qurtuluş, işıqlı azadlıq gətirir. İçində çox ağrılı mətləbləri və mənaları daşısa da... Burada böyük məqsədlər, arzular yaşadaraq içində olduğu cəmiyyətdə özünü tapmayan insandan söhbət getmir. Qətiyyən! Bu hekayələrdə sadə, səmimi, dürüst və sıradan mühit istəyib onu tapmayan, yaşadığı cəmiyyətdə susmaq məcburiyyətində qaldığı üçün çevrilmək arzusuna düşən insanlardan söhbət açılır: "Parkda qoca, arıq bir kişinin çiyninə qonuram... Allah, bu kişinin fikirləri nə qədər qarışıqdır, bu insan nə qədər yüklüdür? Qulağının dibində var gücümlə bağırıram ki, ay evi tikilmiş, tez ol, canın qurtarsın bu lazımsız yüklərdən... kişi eşitmir. Yadıma düşür ki, qorxu hissi kimi səsimi də itirmişəm. Guya adam olanda səsimi kim eşidirdi ki?” ("Mən toz dənəsiyəm” hekayəsindən)... Göründüyü kimi, təsvir edilən toz dənəsi elə çiyninə qonduğu "yüklü insan”la eyni yükü daşıyan bir zərrədir... Bu hekayədə Təranə çevrilmək istəyinin səbəblərini belə açıqlayır: "Toz olmaq üçün həyat səni dəyirmanda buğda dənəsi kimi əzməlidir, insanlar səni bilərəkdən sındırmalıdır, haqqı çatmayan haqqını yeməlidir, sənə məxsus olanı kimsə qamarlayıb əlindən almalıdır, ən yaxın dostun gözünün içinə baxa-baxa sənə xəyanət etməlidir...” Bütün bunlar baş verməlidir ki, sən insanlıqdan qaçıb toz dənəsi olmaq fikrinə düşəsən....
 
Onun qəhrəmanının çevrilərək qaçdığı, üz tutduğu cəmiyyət arzulanan cəmiyyətdir: "Qorxulu şeylərdən xəbərsiz  adamlar Yer üzündə heç kimin görmədiyi rəngli, ətirli yuxular görərdilər. Görərdilər ki, ağ atlar çəməndə otlayır, qartallar havada uçuşur, qəddi əyilmiş bir ağaca cavan pöhrələr dayaq verir, parabüzənlər, rəngli kəpənəklər havada "Yallı”  gedir, bütün bağlı qapılar gec-tez xeyirin əliylə açılır...” ("Dəfn nəğmələri”)
 
Təranə Vahid kolorit yaratmağı, daha dəqiqi, koloriti ötürməyi gözəl bacarır. Bir kəndin yaşam tərzinin, insanlarının, xarakterlərinin koloritini vermək üçün bəzən bircə cümləsi belə bəs edir. Məsələn, "Dəfn nəğmələri” hekayəsində olduğu kimi: "Kəndin ayağında Əmir kişi asqıranda kəndin yuxarısında Ədil kişi qımışa-qımışa "öz başını ye” – deyərdi. Ya da kəndin yuxarısında Pilə Lətif tütəyini püfləyib "Çoban-bayatı” çalanda, kəndin ayağında Tutu arvad yaylığının ucuyla gözünün yaşını silib "Ürəyinə qurvan olum, a Lətif, bizi qırıf batırdın”  – deyib köks ötürərdi”.
 
Fikir verin, burada insan sadəliyindən başqa, ərkli zarafatın da, kövrəkliyin də, evləri iç-içə, qoyun-qoyuna, insanları ruh, məkan, şərait doğması olan kəndin kiçikliyinin – məkan darlığının, deməli, ünsiyyət səmimiyyətinin dəqiq konturları verilir. Koloriti ilə birgə... Müəllifin arzuladığı məhz bu doğmalıq, bu yaxınlıqdır, əslində.
 
Bəzən müasir nəsrimizdə müasir cəmiyyətimizi, onun problemlərini aramaq meylləri müşahidə edilir. Təranə Vahid cəmiyyətin sosial problemlərini əsərlərində uğurlu bir şəkildə qabarda bilir. Lakin bunu əsasən mövcud problemləri fərqli müstəvilərə ötürməklə edir. O bütün qəhrəmanlarının – hətta ən kiçiyinin belə vasitəsilə arzulanan gücü, məğlubiyyətin labüd olduğu yerlərdə belə mübarizənin vacibliyini görməyə və göstərməyə çalışır. Onun nəzərində Qarışqa belə güc mücəssiməsi ola bilir. Zəhməti, əziyyəti, azadlığa çıxmaq istəyi, apardığı mübarizənin nəticəsizliyi ilə birlikdə istəyinə doğru can atdığı üçün yenə də qəhrəmandır: "O tezliklə başa düşdü ki, burdakı qarışqalar ümidlərini çoxdan torpağa tapşırıblar. O bunları düşünürdü ki, yanından keçən qoca, əldən düşmüş qarışqanın pıçıltısını eşitdi: "Taleyi ilə barışanı Tanrı xilas edə bilməz” ("Qarışqa təqvimi”). Azadlıq istəyini "Qarışqa təqvimi” ilə obrazlaşdırmağa çalışması, əslində, hər bir belə istəyin nə qədər böyük zəhmət və çaba hesabına reallaşa biləcəyinə edilmiş vurğudur. "Qarışqa təqvimi ilə nə qədər yol getdiyini xatırlamasa da, arzuları onu günəşə tərəf aparırdı”. Təranənin bu hekayəsində genetik faktor, ulu babaların qəhrəmanlığının yada salınması kiçik bir qarışqa üçün də qurtuluş ola, azadlıq hissini coşdura bilir: "Elə bil uzaq keçmişdən qulağına ulu babasının səsi toxundu. O, sadəcə eşitdiklərini təkrarladı: "Təslim olma!” Məhz bu hekayənin təsiri altında fərqinə varırsan ki, müəllif "pessimist” adlandırıla biləcək qədər realistdir. Maraqlı süjet qurma texnikası var. Qurduğu süjetdə seçdiyi qəfil "döngə”lərlə oxucunu çaşdıra bilir.
 
Təranənin hekayələrində sosial mühitin çox böyük problemlərinin çox sadə həll yolları açıqlanır. Bəzən cəmiyyətdə bu cür problemlərin həllinə istiqamətlənmiş böyük-böyük "işlər” görməyə çalışırlar. Halbuki söhbət bəzən adi insan qayğısından, diqqətindən gedir. Məsələn, "İntihar” hekayəsində bu addımı atmağa çalışan bir gəncdən söhbət açılır: "İndi hər şey hazır idi: kəndir də, kətil də, tavandakı tir də”... Sevdiyi qızın toy günündə içindəki ağrıdan xilası intiharda görən bir gəncin "Həşimin çilli qızı” ilə qarşılaşması, "O qız nə qızdı ki, ondan ötürün pis olursan”... kimi sadəlöhv bir təsəllini eşitməsi, "sənnən elə xoşum gəlir ki”... etirafı ilə "kəllə-kəlləyə gəlməsi” bir ölüm hadisəsinin qarşısını alır, eyni zamanda da oxucuya çox dəqiq və əhəmiyyətli bir mesaj verir: insanın insana diqqəti, bir anlıq qayğısı belə böyük faciələrin qarşısını almaq gücündədir. Cəmiyyətdə intihar faktı o səbəbdən artıb ki, insanlar arasındakı "Həşimin çilli qızı” səviyyəsində və sadəliyində olan ünsiyyət, münasibət, doğmalıq yoxa çıxıb.
 
Eyni sosial mesaj "Quş dili” hekayəsində də var. Təbiətin, canlıların, cansızların belə diloni bilən, hiss edən qəhrəman insanları deyil, təbiəti duyur: "Dənizin özünə necə layla çaldığını eşidib mat qalır...”, "qumları sığallayanda qum dənələrinin necə qıdıqlandığını, uğunub getdiklərini öz gözləri ilə görür”, yazda qıdıqlanan qumların payızda necə üşüdüyünü hiss edir. Amma adamların cəmiyyətində yaddır, tənhadır. Buna görə də  intihar edir... "İntihar” hekayəsinin qəhrəmanından fərqli olaraq onu bu yoldan döndərən tapılmır.
 
Təranənin hekayələrində qabartdığı sosial problemlər arasında işsizlik, maddi sıxıntı, çarəsizlik və s. də var. Lakin, yuxarıda da qeyd etdiyim kimi, bu hekayələrdə hər bir problem öz adı ilə deyil, mahiyyəti ilə qabardılır. Məsələn, "Qırmızı quyu” hekayəsinin "Tanrı hardan bilsin ki, ruzi oğruları çoxalıb”, – düşünən qəhrəmanın içində olduğu və içində yaranan quyular – ehtiyac quyuları dolğunluqla təsvir edilir. Həyat yoldaşına kömək etmək istəyən qəhrəmanın halı "Səlimə qurama tikə-tikə bir sürü ehtiyaclarını ipə-sapa düzürdü” şəklində ifadəyə gətirilir. "Hər şeyin bazar qiyməti ilə ölçüldüyü bir vaxtda vicdan və humanizmdən dəm vurmaq dənizdə boğulan adamın "sudan zövq alıram” deməsinə bənzəyir” – həqiqəti ironik bir şəkildə ifadə edilir. Pəncərəsini sildiyi evin 11-ci mərtəbəsindən yıxılıb həlak olan başqa bir qəhrəmanın ölümü də sosial mahiyyət daşıyır və maraqlıdır ki, burada da naturalist bir təsvir müşahidə edilmir. Hətta son məqam – ölüm anı (sözlə!) təsvirə gətirilmir. Əvəzində son düşüncə olan "Ey yerin göyün sahibi, niyə bəndələrini tərk etmisən, onsuz da, aşağılarda heç kim heç kimin səsini eşitmir, bəs yuxarıya nə olub, xətt işləmir” sualına "Tanrı susurdu” cavabı gəlir... Yerə az qalmış kəkələnən son sözlər isə "Eşidirsiz, dünya bazarlarında bir barel neftin qiyməti...” kimi televiziyaların bar-bar bağırdığı sözlər olur... Və bu, yerə çırpılmanın ağrılı effektini daha faciəvi, daha ironik və daha dəhşətli edir. Əlbəttə ki, daşıdığı həqiqət yükü səbəbindən. Özü də sona qədər deyilməyən bir həqiqət!
 
Torpaq itirmiş insanlar Təranənin bir çox hekayəsinin qəhrəmanlarıdır. Lakin bu əsərlərin heç birində ağrı soyumayıb, adiləşməyib, hələ də təzədir. Məsələn, "Tapılmayan torpaq” hekayəsində qaçqınların çadırlarda öldükləri canlandırılır. Lakin faciəyə baxın ki, "qaçarkən” götürdükləri "bir parça” torpaq belə tapılmır ki, son anda ölənin açıq qalan gözlərinə tökülsün... Qərinin (!) ölüm anı, Yusif kişinin onun başı üstündə "yıxılmamaq üçün dizlərini qucaqlayaraq oturması” torpaq itirmiş o insanların faciəsinin ifadəsidir. Qəribin "gözləri açıq” gördüyü yuxu isə öz məzmunu ilə çox böyük mətləbləri açır: yuxuda anasının  əlindən tutub yol gedən Qəri görür ki, "birdən yolları qurtardı... Uçurumun ucunda dayandılar. Anası dönüb gəldikləri yola baxdı. Gəldikləri yolun torpağı bir ucdan axıb gedirdi”... "Ayaq altdan axıb gedən torpaq” mövcud problemin mahiyyətinin, çıxılmazlığın təsvirinə hesablanıb. Uçurum çarəsizliyin simvoludur. "Başsız kölgələr” elin, obanın dərddən, xəcalətdən başını itirmiş kişiləri simvolizə edir. Və "Bu başsız kölgələr Qəribin ürəyini kötüyünəcən yandırır”... Çünki o da, müəllif də bu adamların "torpaqları kimi talelərini də itirmiş” insanlar olduğunu dərk edir. Ən ağrılı mahiyyət, əslində, məhz bundan ibarətdir. İtirilənin təkcə torpaq deyil, həm də talelərdir...  
 
Təranə bu cür hekayələrində yaddaqalan uğurlu "səhnələr” yarada, maraqlı detallar verə bilir. Məsələn, "Müharibə, nənəm və itən vaxt” hekayəsində qaçmağa çalışdıqları anda səliqəli-sahmanlı nənənin ölmüş ərinin şəkli qarşısında dayanaraq sanki həmişəki kimi "a kişi, gedim-getməyim” – deyə soruşurmuş kimi dodaqlarının altında nəsə danışması (əslində, bu, dua da ola bilərdi, şikayət də, amma müəllifin bu mənalandırması çox maraqlıdır) böyük bir ağrının canlı obrazını yaradır. Yaxud eyni hekayədə "Ədil kişi gəlmədi” – deyərək evini tərk etmək istəməyən ağsaqqalın arxasınca üç-dörd dəfə gedilməsi, "Maşın kənddən qaçdıqca maşındakıların ürəyi kəndə qaçırdı” təsviri, şəhid oğlu kənddə dəfn edilən Nənəş arvadın birdən-birə ayılaraq oğlunun qəbrinin kənddə qaldığı həqiqətini dərk etməsi və havalanması, onun özünü maşından atmamaq üçün əlinin-qolunun bağlanması, nəvənin nənəsinə verdiyi "az qalıb” təsəllisi... Bütün bunlar təsvir edilən hadisənin mahiyyətini, ağrısını, faciəviliyini dəqiq ifadə edən detallardır. Ədil kişinin sanki uzaqdan eşidilən səsi və "Maşın qaranlıqda yolunu azdı, biz hamılıqla vətənimizi itirdik” etirafı isə bu hadisənin ən ağrılı yekununu "vurur”. Heyf ki, torpaq itkisindən danışan hekayələrdə bəzən publisistik ahəng gözəl təsvirlərə qarışaraq Təranəyə mane olur, ahəngə yad çalarlar qatır, təsir effektini azaltmış olur. Məsələn: "Çaşqın köç” tablosu... Yaxşı ki, yaddaşımız hələ üstümüzdədir”... sonluğu kimi...
 
Bununla belə, o hekayələrdə yaradılan obrazlar – "93-ün qışı”nda oğlu qışda şəhid olaraq qar altında qalıb deyə qaçqın qaldığı yataqxana otağında çayı isti saxlayaraq bütün qışı blokun ağzında keçirən Həvva arvad, hər gün dəmir yolu vağzalına gələrək Ağdama gedən qatarı gözləyən qarı, "ayaqlarını Qarabağda tapan kimi başını da o torpağa basdırıb dirilmək” ümidində olan qazi... Təranənin müxtəlif hekayələrinə səpələnmiş "torpaq itirən insan”ların uğurlu, yaddaqalan obrazlarıdır.
 
Sonda əminliklə demək istərdim ki, nəsrimiz bu imza ilə artıq bir çox dəyərli nümunələr qazanıb və ümid edirəm ki, bundan sonra da qazanacaq.
 
Nərgiz Cabbarlı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779