AZE | RUS | ENG |


Evlilik təklifini oğlan, yoxsa qız etməlidir? - Diskussiya

Evlilik təklifini oğlan, yoxsa qız etməlidir? - Diskussiya
“Qadın ittifaqı”ndakı müzakirədə qadın “hiylə”si faş oldu

Məşhur Fransız yazıçısı Aleksandr Düma deyir ki, evlilik zənciri o qədər ağırdır ki, onu ikilikdə daşımaq lazım gəlir. Bəs evlilik təklifi?  Əgər ailədən söhbət gedirsə və bütün yük iki nəfərin üstünə düşürsə, evlilik təklifi niyə oğlanların boynunda olmalıdır? Ümumiyyətlə, evlilik təklifini kim etməlidir? Oğlan, yoxsa qız? Bu sualın cavabını gənc xanımlarla -  "qadın ittifaqı”nda müzakirə etdik.     
  Pərişan Qasımova:
- Məncə, bunun heç bir fərqi yoxdur. Əgər sevdiyin insan səninlə eyni fikirdədirsə və evlənməyə hazırdırsa, burada evlənmə təklifini qızın etməsində qəbahət yoxdur. Düzdür, bizim cəmiyyətdə təklifi qızın etməsi o qədər də yaxşı qarşılanmır. Amma qız da insandır və istəyini bildirməlidir. Necə ki, oğlanın istəyini bildirməsində qəbahət yoxdur, qızın da istəyinin bildirməsində qəbahət olmamalıdır. Buna normal baxıram.
 
Nuranə Əliyeva:
- Evlənmə təklifini qız da edə bilər, oğlan da. Amma burada bir məsələ var. Bizim cəmiyyətdə qadın gərək o qədər komplekssiz olsun ki, cəmiyyətin düşüncələrini fikirləşməsin və ilk təklifi özü etsin. Mən buna normal baxsam da, təəssüf ki, bizim cəmiyyətdə qızın evlilik təklif etməsi qəbul olunmur.
 
Zəkiyyə yoldaşlarından fərqli düşünür. O, bu təklifi qızın etməsini qəbul etmir. Ümumiyyətlə, o düşünür ki, Azərbaycanda cütlüklər arasında evlənmə təklifi olmur.
 
Zəkiyyə Abdullazadə:
-Mən qızın evlilik təklifi etməsi ilə razı deyiləm. Yoldaşlarımın fikrinə hörmət edirəm. Amma bu da həqiqətdir ki, biz Azərbaycanda yaşayırıq və mentalitetimizdə "evlilik təklifi” anlayışı yoxdur. Qızla oğlan bir-birini sevir, danışıb-görüşür, razılığa gələndə isə ailələr işə qarışır. Arada heç bir təklif olmur, qızın xəyalları da suya düşür. Oğlanlar mütləq evlilik təklif etməlidirlər. Bizdə evlilik təkliflərinin 90 faizi belədir: "Evdəkilərə de, bizimkilər sizə gələcəklər”. Daha "mənimlə ailə həyatı qurarsanmı” sualı verilmir. Bu, düzgün deyil. Hər bir qız sürpriz gözləyir, amma sonu "bizimkilər sizə gələcəklər”lə bitir. Düzdür, son zamanlar cüzi dəyişikliklər var, amma dediyim kimi, az hallarda normal evlilik təklifi olur.
 
Vəfa düşünür ki, qadın qadın kimi davranmalı və evlilik təklifini də qarşı tərəfdən gözləməlidir.
Vəfa Yusifova:
- Məncə bu, mentalitet məsələsi deyil. Xanıma naz, qəmzə yaraşır. Hər xanım istəyər ki, sevgilisi onun qarşısında "sınsın”, onun nazını çəksin və evlənmək istəyini sürprizlərlə bildirsin. Xeyir ola, evlənmə təklifini biz niyə edək? Biz xanımıq. Hər bir insanın vəzifələri var, təklif isə kişinin üzərinə düşür. Qadın qürurunu qorumalıdır.
 
Nuranə Əliyeva:
- Sevgidə qürur olmur. Oğlanların da hissləri var. Qızlar nazlanmaq istədiyi kimi, oğlanlar da istəyər sevdiyi qız onun nazını çəksin. Hər bir insan özünə qayğı istəyir. 
  Vəfa:
– Mən heç vaxt özümü sındırıb, evlənmə təklifi edə bilmərəm. Ən azından utanaram. Oğlanın qarşısında əzilməkdən qorxaram.
 
Nuranə: 
- Əgər sən sevdiyinin qarşısında əzilməkdən, utanmaqdan qorxursansa, deməli, həmin münasibətdə problem var. Əgər münasibət normaldırsa, niyə sevgilinin qarşısında əzilməkdən qorxasan?
 
Aysel Ağayeva:

- Evlilik təklifini qızın etməsi normal haldır. Amma mən düşünürəm ki, hər kəsin öz statusu var. Elə qızdansa, oğlan təklif etsin də... Niyə qız təklif etməlidir ki?
 
Türkanə Əsədova:
- Aysellə razılaşmıram. Bu, əsassız fikirdir. Bəyəm, "mütləq oğlan təklif etməlidir” qaydasını kim qoyub? Məncə, istər qız, istərsə oğlan olsun, hansının ürəyindən təklif etmək keçirsə, etməlidir. Bunları bir-birindən ayırmaq düzgün deyil. "Bu oğlanın vəzifəsidir” deyə bir şey yoxdur. Bir halda ki, gender bərabərliyindən danışırıq, bu məsələni ayırmaq absurddur. Qız, ya oğlan fərq etməz insan arzularının ardınca getməlidir. Bu arzudursa, çəkinmə. Necə istəyirsiniz, elə də yaşayın. Əgər mənim münasibətim ciddidirsə, həyatımdakı oğlan ürəyimə yatırsa, dünya görüşünə bələdəmsə, onunla ailə qurmağı düzgün hesab edirəmsə, niyə də evlənmə təklifi etməyim?
 
Nuridə Yəhyazadə:

- Hər münasibətin inkişaf dinamikası fərqlidir. Hər bir fərdin sevgiyə, evliliyə baxışı müxtəlif olur. Hansısa münasibətdə oğlan təklif edər, hansındasa qız. Feminist düşüncə tərzi qadınların azadlığını ən çox sıxan düşüncə tərzidir. "Bunu qadın, bunu kişi etməlidir” qadağası ilə razılaşmıram. Əgər kişi və qadın bir-birinə kişi və qadın kimi yox, fərd kimi yanaşsa, ona uyğun hərəkət etsə, burada heç bir feminizmə, yaxud da digər "izm”lərə ehtiyac qalmaz. Onsuz da sürpriz evlilik təklifi deyilən bir şey yoxdur. Sən bilirsən ki, qarşındakı buna hazırdır, ondan sonra ona evlənmə təklifi edirsən. Fikrimcə, bunu oğlanın və ya qızın etməsində heç bir fərq yoxdur. Hər iki tərəf fikrini sərbəst ifadə edə bilər.
Nuranə:
- Əgər bu fikri oğlana bildirməkdə tərəddüd edirsənsə, deməli, o münasibətdə qeyri-ciddi nəsə var. Münasibət normal olsa, qız da çəkinmədən təklif edə bilər. 
Diskussiyamızın qəhrəmanları xanımların evliliyə gedən yolda etdiyi "hiylə”lərdən də danışdılar.
 
Nuridə:
- Mənə görə sevgi ürəkdə verilən qərardır, evliliksə beynin məhsuludur. Beyninlə ürək eyni sözü deyirsə, əmin olursan ki, artıq sən evlənməyə hazırsan. Biz də qız görəndə ki, yaşı keçir və o oğlan onunla evlənmir, bundan istifadə edib, evlənmək istədiyini eşitdirir. Əgər oğlan buna hazır deyilsə, evlənməkdə fayda yoxdur. Sadəcə, hər iki tərəf bir-birinin fikirlərinə hörmət etməli, hər iki tərəf hazır olduqdan sonra evlənməlidir.
 
 Zəkiyyə Abdullazadə:
Qızlar evlənmək üçün "xalam oğlu elçi gəlir” kimi fikirlərdən istifadə edirlər. Düzdür, bəzən bu, həqiqət olur. Amma boynumuza alaq ki, əksər qızların ən sevimli hiyləsidir "xalam oğlu” məsələsi…
 

Türkanə:
Artıq belə hiylələrə oğlanlar inanmır. Özümüzü gülünc vəziyyətə salmayaq. Hiyləyə ehtiyac yoxdur. Fikirlərimizi tam sərbəst ifadə etməliyik. Əgər qarşındakını sevir və ona inanırsansa, o, səni düzgün başa düşəcək.
 
Vəfa:
Məncə, hər bir qadının məqsədi, hədəfi olur. Hiylələr qızların hədəflərinə getdikləri yolda istifadə etdikləri silahdır. Hədəfə gedən yolda hər şey məqbuldur.
 

Nüranə:

Mən münasibətdə qızların hiylə işlətməsinə düzgün baxmıram. Düzdür, bəzən həqiqətən belə hadisələr olur. Amma hazırda qızların əksəriyyəti o qədər şablonlaşıb ki, oğlanlar onsuz da buna inanmır və qız onun yanında gülünc vəziyyətə düşür. Bayağı yalanlardan istifadə edib özünü alçaltmaqdansa, açıq şəkildə fikrini deməlisən.
Aygün ƏZİZ
 








 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025