• çərşənbə axşamı, 23 aprel, 13:52
  • Baku Bakı 24°C

Evlilik təklifini kim etməlidir: qız, ya oğlan? - Polemika

29.06.15 11:43 2842
Evlilik təklifini kim etməlidir: qız, ya oğlan? - Polemika
Evlilik qərarı hər bir insanın həyatında mühüm əhəmiyyət kəsb edir. İngilis yazar Çarlz Dikkensin də dediyi kimi: “Bir məmləkətin yüksəlişi ev və ailə məhəbbəti ilə bağlıdır”. Möhkəm təməllər üzərində ailə qurmaq hər kəsin arzusudur. Amma ailə qurmazdan öncə evlilik təklifinin kim tərəfindən və necə edilməsi də mühüm əhəmiyyət kəsb edir.
Əvvəllər oğlanlar bəyəndiyi qızlara elçi göndərər, xanımın ailəsi razı olardısa, el adətinə uyğun toy edərdilər. Evlilik təklifi kimi məsələlərə ehtiyac qalmırdı. Lakin dövr dəyişdikcə, milli adət-ənənələrimiz də müəyyən qədər dəyişir. İndi yaxşı evlilik təklifi etmədən ailə qurmaq müşkül məsələyə çevrilib. Lakin evlilik təklifini kimin etməsi əsas müzakirə mövzusudur. Bəs gənclər nə düşünür? Evlilik təklifini kim etməlidir: oğlanlar, yoxsa qızlar?
“İlk addımı kişilər atmalıdır”
Güney Firidunbəyli, müəllimə
Güney düşünür ki, əgər qız və oğlanın bir- birlərinə olan hissləri həqiqidirsə və hər ikisi münasibətlərini evliliyə bağlamaq istəyirsə, ilk təklifin oğlandan gəlməsi daha doğrudur. Müsahibimizin fikrincə, bu, artıq milli mentalitetimizdə oturuşmuş və daşlaşmış bir qəlibdir. Həmsöhbətimiz bu təklifi qızların etməsini düzgün hesab etmir: “Toy bizim milli adət-ənənələrimizi özündə əks etdirməklə yanaşı, müasir dövrün koloritini də saxlamağı bacarmalıdır. Yəni milli irsimizə sadiq qalmaqla, qadın hüquqlarını sərt şəkildə çərçivəyə salan adətlərdən də zaman keçdikcə uzaqlaşmağı bacarmalıyıq. Evlilik təklifini ilk olaraq oğlanlar etməlidir deyə düşünsəm də, bəzən elə hallar olur ki, heç evlilik təklifinə ehtiyac qalmır. Ailələr arasında razılıq əldə olunur və daha sonra nişan, toy mərasimləri həyata keçirilir. Təbii ki, belə olan təqdirdə, bir-birini tanımadan, kor-koranə qurulmuş ailənin təməli də tez bir müddət ərzində laxlamağa məcburdur. Gənclər ilk olaraq bir-birini tanımalı, xarakterlərinin uyğun gəlib-gəlmədiyini müəyyən etdikdən sonra belə mühüm bir qərarı almalıdır”.
Həmsöhbətimiz deyir ki, xanımların evlilik təklif etməsi və ilk addımı atması bizim mentalitetimizə uyğun deyil: “Belə hallara daha çox Avropada və dünyanın inkişaf etmiş digər dövlətlərində rast gəlinir.Bura Avropa deyil, Azərbaycandır. Bu səbəbdən bəylərin bu təklifi xanımlardan gözləməsini düzgün hesab etmirəm. Xanımların evlilik təklif etməsi bizim milli mentalitetimizə uyğun deyil. İstənilən halda bu təklifi əks cinsin nümayəndəsi etməlidir”.
“Kişi jest edən tərəf olmalıdır”
Nurlan Səlim, tələbə
Nurlan düşünür ki, həyatımızdakı ən önəmli qərar evlilikdir və bu işdə məsuliyyətin böyük payı məhz oğlanların üzərinə düşür. Həmsöhbətimizin sözlərinə görə, evlilik təklifi evliliyin əsasını qoyur: “Doğru insanı seçməyi bacarmalıyıq ki, həyat yoldaşımız bütün çətin və dar məqamlarımızda bizə arxa-dayaq olsun, yeri gəldikdə, ondan ən yaxın dost kimi məsləhət almaqdan da çəkinməyək. Ən kiçik problemdə bir-birimizin qəlbini qırıb, işi daha da çıxılmaz vəziyyətə gətirməyək. Əksinə, problemlərimizin həllinə birlikdə çarə axtaraq. Evlilik nə qədər çətin və məsuliyyətlidirsə, evlilik təklifi də bir o qədər maraqlıdır. Evlilik təklifi evliliyin əsasını qoyur. Necə deyərlər, özül yaxşı olmalıdır ki, bina möhkəm olsun”.
Nurlanın fikrincə, evlilik təklifi kişi tərəfindən edilməlidir: “Hələ ki, ətrafımda xanım tərəfindən kiməsə evlilik təklifi olunduğunu görməmişəm”.
Nurlan deyir ki, evlilik təklifinin kişilər tərəfindən edilməsini milli mentalitetlə əlaqələndirmək düzgün deyil: “Dünyanın istənilən ölkəsində bu addımı kişi atır. Gördüyüm qədərilə elə Avropada, dünyanın əksər yerlərində belədir. Ümumiyyətlə, mənə belə gəlir ki, sevgililik, nişanlılıq və evlilik boyunca jest edən tərəf kişi, jest gözləyən tərəf isə qadın olmalıdır. Hər birinin öz vəzifəsi olmalı və bunlar lazımi dərəcədə yerinə yetirilməlidir”.
“İlk addımı qız atırsa...”
Nərmin Mehdiyeva, müəllimə
Nərmin digərlərindən fərqli olaraq, düşünür ki, evlilik hər iki şəxsin bir yerdə ala biləcəyi qərar olduğuna görə, təklifin hansı tərəfdən gəlməsinin önəmi yoxdur. Onun sözlərinə görə, insan xoşbəxtliyi üçün hər şeyi gözə almalıdır: “Məhz buna görə üçüncü bir şəxsin, yaxud ailələrin bu məsələyə qarışması yanlışdır. Əslində bəlkə də bu, müəyyən dərəcədə münasibətdən və tərəflərin xarakterindən aslıdır. Yəni qız oğlanı sevir və onun sevgisindən əmindirsə, belə bir təklif edilməsində mənfi qarşılanacaq və şişirdiləcək elə də böyük bir problem yoxdur. Əksinə, ilk evlilik təklifinin xanım tərəfindən gəlməsi həmin xanımın sevgisinin böyüklüyündən və özgüvənindən xəbər verir. Bu da cəmiyyət tərəfindən qınanmaq əvəzinə təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir. Bizdə hər şey o qədər dar çərçivədə formalaşır ki, bir çoxumuz artıq bu qəliblərdən kənara çıxsaq, özümüzü günaha batmış kimi hiss edirik. Milli adət-ənənələrimiz demək olar ki, insanların həyatına və azadlığına kobud şəkildə müdaxilə edir və bir çoxlarımız buna göz yumuruq. Bu, ən çox da qadın azadlığında və qadınların hüquqlarının tapdalanmasında özünü büruzə verir”.
Nərmin fikirləşir ki, sevgi varsa, bütün qaydalar və stereotiplər qırılmağa məcburdur: “Əgər iki gənc bir-birini həqiqətən sevir və ailə qurmağı düşünürsə, onların qarşısında heç bir maneə olmamalıdır. İstər qız, istərsə də oğlan öz sevgisinin arxasında dayanmalı və xoşbəxt olmaq üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu, evlilik təklifi olsa belə, ilk addımı atmaqdan qorxmayın”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər