AZE | RUS | ENG |


Evlilik öncəsi tibbi müayinə vacibdir- Diskussiya

Evlilik öncəsi tibbi müayinə vacibdir- Diskussiya
Gənclər hesab edirlər ki, ailə qurarkən mütləq dünyaya gələcək uşaqları da düşünmək lazımdır

Belə bir düşüncə var ki, gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün lazımi üsullardan istifadə qəbahət deyil. Nikahdan əvvəl tibbi müayinə də sağlam nəslin formalaşdırılmasına təkan verir. Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Lakin nikahdan əvvəl tibbi müayinə insanlar tərəfindən birmənalı qarşılanmır. Bəs gənclər nə düşünür? Evlilik öncəsi tibbi müayinənin əhəmiyyəti nədir? Bu sualın cavabını Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri ilə müzakirə etdik.
 
Günel Nəsirova:
 – Evlilik öncəsi müayinələr vacib və əhəmiyyətlidir. Çünki gələcəkdə ailələrin müəyyən problemlər üzündən dağılmasının qarşısını alır, dünyaya gələn övladların xəstə olması ehtimalından gənclər əvvəlcədən xəbərdar olur. Məncə, evlənmədən problemlərdən xəbərdar olmaq və o ailəni qurmamaq, ailə qurduqdan sonra boşanmaqdan yaxşıdır.
 
Səadət İsmayılova:            
 – Günelin fikirlərini təsdiqləyirəm. Nikahdan öncə tibbi müayinə mütləqdir. Ona görə ki, sən ən azından ailə quracağın şəxsi sağlamlıq baxımından da tanımış olursan. İrsi, yaxud genetik bir xəstəliyinin olub-olmadığından xəbərdar olursan. Əgər nəsə problem olarsa bu, tərəflərin öhdəliyinə buraxılır. Sağlam doğulmaq hər bir şəxsin hüququdur. Məhz dünyaya gələcək körpənizi sağlam doğulmaq hüququndan məhrum etməmək üçün evlilik öncəsi tibbi müayinə mütləqdir.
Yaqut Alışova:
 – Məncə sağlamlıq əvvəlcə beyində, təfəkkürdə olmalıdır. Çünki ailənin qurulmasında sağlam düşüncə, sağlam fikir önəmlidir. Cəmiyyətdə sağlam körpənin doğulması üçün bu pillələrdən keçmək lazımdır. Necə ki, insanlar uşaq dünyaya gəldikdən sonra onun tərbiyəsi ilə bağlı fikirlər irəli sürə bilirlərsə, digər tərəfdən də onların sağlam dünyaya gəlməsi üçün əllərindən gələni etməlidirlər.
 
Əsmər Hüseynova:
 – Tibbi müayinələr şüurlu şəkildə dərk edilməlidir. Bəzi rayonlar var ki, orada belə müayinələr absurd hesab olunur və buna riayət edilmir. Bəzi ailələr düşünür ki, bu cür tibbi müayinələr müəyyən problemlər yaradacaq, ən əsası ailənin başlamadan bitməsinə səbəb olacaq. Məncə, bunu ilk olaraq valideynlər tələb etməli və həyata keçirməlidir. Bəzən bu, valideynlərin istəyi ilə həyata keçirilmir.
 
"Bəzi insanlar düşünür ki, tibbi müayinə gizliliyin pozulması deməkdir”
 
Əsmər:
– Bəzi insanlar düşünürlər ki, məndə bir xəstəlik varsa və bu, önə çıxırsa, həyatımı məhv edə bilər. Amma düşünmürlər ki, bu xəstəlik önə çıxırsa, bunu müalicə etmək olar. Yəni sağaldıqdan sonra yenidən ailə həyatı qurmaq mümkündür.
 
Fatimə Həmzəyeva:

– Xəstəliklərini qarşı tərəfdən gizlədən cütlüklər var. Bu, heç də düzgün deyil. Cütlüklər tibbi müayinədən keçməsələr belə, bunu bir-birlərinə deməlidirlər. Ailə qurarkən insanlar bir-birinə qarşı açıq sözlü olmalıdır. Xəstəlik varsa, bunu olduğu kimi qarşı tərəfə demək lazımdır. Əgər o, buna görə ayrılırsa, deməli, səni sevmir.
 
Həsən Abbasov:
 – Genetik analiz formaları var. Bu analiz formaları sənin nəslində olan, hətta gələcəkdə belə üzə çıxa biləcək xəstəlikləri göstərir. Və ola bilər ki, bu, indi səndə və sənin uşağında yaranmasın, amma növbəti nəsildə problem yarada bilər. Sağlam nəslin inkişafı üçün nikahdan öncə tibbi müayinə vacibdir.
 
Nikahdan əvvəl hansısa xəstəliyiniz aşkarlansa, necə davranarsınız?
 
Şəhanə Şirəliyeva:
– Bu məsələdə qadınlar daha düşüncəli olurlar. Qarşı tərəfin gələcəkdə peşman, bədbəxt olmaması üçün onlardan ayrıla bilərlər. Problem qarşı tərəfdə olarsa, əminəm ki, çox qadın buna razı olar.
 
Əsmər:

 –Elə xəstəliklər var ki, müəyyən müddətdən sonra onlar müalicə oluna bilir. Amma elə xəstəliklər də ola bilər ki, bu, uşağa da keçə bilər. Gələcəkdə xəstəliyə göz yumub uşaq dünyaya gətirsək, uşaq da xəstə doğularsa, bu, həmin ailənin bədbəxtliyi deməkdir. Yəni bunun əzabını valideyn ömrü boyu çəkir. Evlənərkən və xəstəliyi qəbul edərkən bunu nəzərə almaq lazımdır.
  Sona Piriyeva:
–      Sevgi müvəqqətidir. Yəni uzunmüddətli bir münasibət qursanız belə, sevgi axıra qədər sizinlə qalmır. Evlilik öncəsi müayinə vacibdir. Yəni hər şey sevgi ilə bitmir. Genlərdə də uyğunluq olmalıdır. Bizim cəmiyyətimizdə uşağa böyük önəm verilir. Yəni ailə qurulduqdan bir müddət sonra sevgi barədə heç nə qalmayacaq və uşaq olmur deyə, problemlər yaşanacaq. Ona görə də əgər belə bir problem varsa, bunu əvvəlcədən bilmək və sonlandırmaq daha yaxşıdır.
 
Fatimə Həmzəyeva:
-        Bu, mənim başıma gəlsə, düşünərəm ki, sevgi elə də önəmli deyil. Əsas olan doğulacaq uşağın taleyini düşünməkdir. Bu mövzuda Sona da haqlıdır ki, bir müddət sonra sevgi yox olur və arada olan sevgi uşağa olan sevgiyə çevrilir. Ona görə də bu cür tibbi müayinələr çox vacibdir.
 
Günel Nəsirova:
 – Dostlar söylədilər ki, sevgi önəmli deyil, əsas olan uşağın gələcəyini düşünməkdir. Ailəli biri olaraq demək istəyirəm ki, həyatda hər şeydən önəmli sevgi və hörmətdir. Düzdür, iki gəncin bir yerdə yaşaması üçün sağlamlıq da vacibdir, amma tutaq ki, bir insan çox sağlamdır, amma mən onu sevmirəm. Mən həmin insanla bir yerdə necə yaşayacam? Amma sevirəmsə, xəstə insanla bir yerdə yaşayıb xəstəliyə qarşı birgə mübarizə apara bilərik. Yəni gələcək uşaqdan əvvəl sevdiyim insanın sağalması üçün çalışaram. Təbii ki, əgər bu, keçici xəstəlik deyilsə. Mən şəxsən özüm başıma belə bir şey gəlsəydi, qəbul edib ailə qurardım.

Sona Piriyeva:
 –Təbii ki, əgər müalicə olunan xəstəlikdirsə, niyə də olmasın.
 
Şəhanə:
-        Yoldaşların bəziləri düşünür ki, əgər bir insan qarşı tərəfi sevirsə, hər nə olursa olsun, axıra qədər onunla davam edə bilər. Amma mən buna yaxşı baxmıram. Bədbəxt olmaqdansa, əvvəlcədən ayrılmaq daha yaxşıdır.
 
Yaqut Alışova:
-        Əgər qarşı tərəfdə xəstəlik çıxarsa, onunla ailə qurmağa razı olaram. Əgər biri ilə bir yola başlamışamsa, kimisə yarı yolda qoymaram. Çünki bu, sevgidirsə, bağlılıqdırsa, qarşılıqlıdır. Sağalmaz bir problem olsa belə, hər zaman ona dəstək olaram. Çünki onunla bu yola sağlam vəziyyətdə başlamışam. Xəstə olduğunu bildiyim anda yarı yolda qoymaram. Əgər onu qoyub, başqası ilə ailə qursam, sağlam övladlarım olsa belə, mən yenə də xoşbəxt olmayacağam. Çünki xoşbəxtliyimin bir ucu da onun bədbəxtliyində qalacaq. Ailə dəyərlər üzərində qurulmalıdır. Əsas odur ki, insanın ruhu xəstə olmasın. Can xəstəliyini hər hansısa bir yolla müalicə etmək olar.
 
Arifə Məmmədbəyova:
– Söhbət sevgidən gedirsə, bu, bənzərsiz hissdir. Sırf sevgi üzərində ailə qurmaq fərqli hissdir. O zaman hər şeyi qəbul edirik. Yox, əgər mentalitetə əsaslanıb sırf uşaq dünyaya gətirmək üçün ailə qururuqsa, mütləq belə problemlə rastlaşdıqda ayrılmalıyıq. Elə ailələr də var ki, sevgi üzərində qurulub. Övladları olmayıb, övladlığa uşaq götürüb xoşbəxt yaşayıblar. Tibbi müayinədən keçən zaman problem məndədirsə və xəstəliyim ciddi, keçici bir xəstəlikdirsə, onu heç bildirmədən özüm geri çəkilərəm. Çünki qarşı tərəfi sevdiyimdən onu bədbəxt etmək istəmərəm. Yox, əgər xəstəlik bizim üçün uşaqdan başqa bir əngəl törətməyəcəksə və qarşı tərəfi həqiqətən sevirəmsə, ailəni qurub kimsəsiz bir uşağı övladlığa götürüb xoşbəxt yaşamaq mümkündür.
 

Səadət İsmayılova:

 – Ailə həm sevgi, həm də məntiqlə qurulmalıdır. Çünki bir ailədə sevgi varsa, həmin ailədə hörmət, anlayış var. Amma çevrəmizdə elə adamlar var ki, övladları olmasa da, bunu səbəb gətirərək ayrılmırlar. Bunun səbəbi isə aradakı sevgi və anlayışdır. Elə xəstəliklər var ki, onun sağalması ətrafındakı insanların dəstəyi ilə mümkündür. Məhz bu zaman ona dəstək olmaq sağalmasında böyük önəm kəsb edir. Yəni həmin insan bu qədər insanın içərisində səni tapıb səninlə yar olmaq istəyirsə, onu yarı yolda qoymaq düzgün deyil.
 
Həsən:
- Burda xəstəlik çox önəmlidir. Çünki bəzi xəstəliklər var ki, müasir tibb belə, onun çarəsini tapmayıb. Məsələn, DAUN sindromu, talassemiya kimi xəstəliklər nəsildən-nəsilə ötürülür. Buna görə də belə bir halla rastlaşsam, sırf öz xoşbəxtliyim üçün bir körpənin deyil, nəsildə olan bir neçə şəxsin bədbəxt olmasını istəmərəm. Məsələ bir uşaqla bitmir, bu nəsillər boyu davam edən problemə çevrilir. Bunun yaşanmaması üçün həmin insandan ayrılaram.
- Evlilik öncəsi tibbi müayinəni qəbul etmək istəməyən gənclərə nə demək istəyərdiniz?
 
Əsmər:
- Bu, həm insanın öz sağlamlığı, həm də gələcək nəsil üçün önəmlidir. Tək sənin uşağınla iş bitmir. Proses zəncirvari davam edir. Burada valideynlərə də yük düşür. Valideynlər övladlarını yönləndirməlidirlər. Bəzi bölgələr var ki, onların heç bu tibbi müayinədən xəbərləri yoxdur. Düşünürlər ki, tibbi müayinə müəyyən problemlər çıxaracaq və ailələr arasında nifaq salacaq. Amma bu, gənclərin gələcək həyatı üçün çox vacibdir.
 

Günel:
- Məncə, cəmiyyəti maarifləndirmək lazımdır. Çünki insanlar düşünür ki, mənim xəstəliyim çıxsa, camaat nə fikirləşər, kənardakı nə deyər. Amma unutmamalıyıq ki, bu, hər bir insanın başına gələ bilər. Gənclər özləri də başa düşməlidirlər ki, bunu nə qədər tez bilsələr, müalicəsi bir o qədər asan olar. Əgər buna görə onları kimsə tərk etsə belə, əvvəl-axır qəbul edən biri ilə qarşılaşacaqlar. Əgər qarşılaşmasa da, bu, onun üçün bədbəxtlik deyil. Bir insan məni bu gün xəstəliyimlə qəbul etmirsə, sabah mən xəstələnəndə də qəbul etməyəcək. Gənclərə demək istəyirəm ki, tibbi müayinədən mütləq keçsinlər. Gələcəkdə həyat quracaqları insanı vizual deyil, həm də genetik olaraq tanısınlar.
 
Həsən:
- Tibbi müayinədən yayınan insanlara səslənirəm ki, bir az vicdanlı olsunlar, düşünsünlər ki, özləri Daun sindromlu bir uşaq kimi dünyaya gəlmək istəyərdilərmi? Yəni, özlərini sabah dünyaya gələcək xəstə uşaq yerinə qoysunlar və sonra qərar versinlər.
 
Səadət İsmayılova:
- Sağlam doğulmaq hər bir körpənin haqqıdır. Niyə biz bunu bilə-bilə bu haqqı ondan alaq? Əvvəlcədən xəbərimiz olsa və bununla bağlı bir tədbir görsək, sağlam övladın dünyaya gəlməsinə nail ola bilərik. Çünki sağlam körpə sağlam gəncdir, sağlam gənc sağlam gələcək, sağlam fikir deməkdir. Ona görə də tibbi müayinəyə böyük önəm verilməli və yüksək səviyyədə aparılmalıdır.
Aygün ƏZİZ
Günel AZADƏ

 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008