• çərşənbə, 24 Aprel, 19:42
  • Baku Bakı 23°C

Evlilik dəftərimi bağlamışam

16.05.14 11:02 1527
Evlilik dəftərimi bağlamışam
Ötən gün Türkiyənin sevilən ifaçısı, eləcə də filmləri ilə insanların könlündə taxt qurmuş Hülya Avşar Türkiyə mətbuatına maraqlı müsahibə verib. Hülya Avşar deyib ki, əvvəl-axır, siyasət qadını olacaq: “Əslində siyasət məni çox güldürür. Əvvəllər efirlərdə liderlərin çıxışlarını dinləyirdim, analiz edirdim. İndi televiziyalarda liderlərin mitinqlərini sözlərini kəsərək verirlər, kənardan sitkom kimi görünür. Neçə ildir hesab edirdim ki, insanları tanıyıram. Onların çıxışlarını dinlədikdə, elə hesab edirəm ki, hamısı doğru söyləyir. Ona görə hələ ki baxmaqdan başqa heç nə edə bilmirəm”.
Dörd divar arasında xoşbəxtəm
- Hülya xanım, uzun müddətdir ki, sizi kinolarda görmürük. Bu nə ilə əlaqədardır?
- İndi filmlərin sayı çoxalıb. Belə olan halda, yaxşı ssenari tapmaq çətin məsələdir. İndi gündəmdə daha çox komedik filmlər yer alır. Mən də gələcəkdə romantik komediyada çəkilmək istəyirəm. Hazırda elə bir vəziyyət gəlib çatıb ki, sənətkarın öz hekayəsini tapıb, onu yazdırıb, daha sonra peşəkara çəkdirməsi prosesi çətindir. Həm də bu mənim işim deyil. Ona görə də filmlərdə çəkilmirəm. Ancaq indi də unudulmayan, tarixə yazılan filmlər var. Elə filmlərdə oynamaq istəyirəm. İstəməklə də hər şey həll olunmur, buna heç vaxtım da yoxdur.
- Hazırda sevgi məsələləriniz nə yerdədir? Həyatınızda özəl biri varmı?
- Həyatımda qızımdan başqa heç kim yoxdur. Həyat yoldaşımdan ayrılmamışdan öncə demişdim ki, səndən sonra uzun müddət həyatımda heç kim olmayacaq. Səbəb isə sadiqlik deyil. Qızımın dəyişik insanlarla tanış olmasını, onu ata kimi qəbul etməsini istəmirəm. Zəhra atasından sonra yalnız bir kişini tanıdı. Ondan sonra da başqasını ata olaraq tanımasını istəmirəm. Bu onun psixologiyana pis təsir edir. Hərəkətimi fədakarlıq olaraq da görmürəm. Qızım üçün hər şeyi edərəm. Bəlkə onun 18 yaşı olanda, həyatı tam dərk edəndə biri ilə ciddi münasibət qurub, evlənərəm. Qızımın 18 yaşı olanda artıq mənim 53 yaşım olacaq. Bəlkə o zaman ürək qapılarımı kiminsə üzünə açaram. Özümə söz verdim və sözümü tutacam.
- Ola bilərmi ki, evlilikdən bezmisiniz və bu səbəbdən evlənməyə çəkinirsiniz?

- Artıq evlilik dəftərimi bağlamışam. Bu vaxtdan sonra niyə evlənim ki? İndiki evliliklərin sağlam olmadığını da görürəm. Kaş ki, bütün evlilər xoşbəxt olardılar... Bilirsinizmi, kiminləsə evli olanda hər zaman o insanla birlikdə olursan, vaxtını ona ayırırsan. Bunlar mənim üçün darıxdırıcı bir şeydir. İndi həyatımdan son dərəcə məmnunam. İşimə, özümə zaman ayırıram. Qızıma daha çox vaxt ayırıram, çünki ata sevgisi ilə ana sevgisi bir olmur. Onun anasını qısqanacağı bir yaş dövründə vaxtımı başqa biri ilə keçirmək istəmirəm. Dörd divar arasında xoşbəxtəm. İnternetim, dostlarım, maraqlı kitablarım həmişə mənimlədirlər. Daha nə olsun? Onsuz da zirvədəki insanlar həmişə yalnız olublar. Çox yorulmuşam. Günüm tez gəlib, tez də bitir. Misal üçün, bir gündə 2 dostumla söhbət edirəm, onlarla oturub çay içirik. Daha sonra tenis oynamağa gedirəm, evimə gəlib kitab oxuyuram və beləcə gün bitir.
Siyasətə qatılmaq istəyirəm
- Bir müddət siyasətçi olmaq istədiyiniz deyirdiniz.

- Bəli. İndi də deyirəm. Siyasətə qatılmaq istəyirəm. Bir az zaman keçsin, siyasətlə də maraqlanacam. Əvvəl-axır mütləq siyasətə girəcəm. Təki sağlıq olsun. Bir az daha yaşlanım. 60 yaşımda artıq siyasət qadını olacam. Mənim siyasətə daxil olmağımla siyasət rənglənəcək. Siyasətin tam mərkəzində deyil, kənarında olacam. Xatırlayırsınızsa, sinəsi açıq olan bir millət vəkili var idi - italyan Cicilyano. Bax mən onun kimi bir millət vəkili olacam. Ancaq mənim sinəm deyil, ətəyim mini olacaq.
- Müsahibələrinizin birində demisiniz ki, işimdə zirvə qazanmaq üçün, ölməmək üçün öldürərəm.

- Bəli. Bizim sənətdə kimsədən dost olmaz. Bu sözümün də arxasında dururam. Eyni peşədə olub da başqasının uğur qazandığını görəndə, “sən uğurlu ol, mən xoşbəxtlikdən havada uçaram” deyə bilmərəm. Elə şey olmaz. Mənimlə bərabər eyni sənəti paylaşan insan məndən uğurlu olacaq, mən isə uğursuz? Heç kim inciməsin, bu işin duyğusal tərəfi yoxdur.
- Hülya xanım, pula görə proqramlarda münsif heyəti qismində çıxış etdiyiniz söylənilir. Siz nə düşünürsünüz?

- Bu çox yanlış fikirdir. Şükürlər olsun ki, ailəmin həyatını artıq sığortalamışam. Neçə illərdir çalışıram və bunu etməməyim üçün ağıldan kəm olmalıydım. Pul və reklam arxasınca qaçan heç kim mənim indi olduğum səviyyədə ola bilməz. Elə insanlar özlərindən o qədər razı olurlar ki, əvvəl-axır partlayırlar. Belə insanların həyata baxışı tamamilə fərqli olur. Onlar işlə məşğul ola bilmirlər. Mən isə əylənirəm, işin kefini çıxarıram. Onsuz da mən sənətdəyəm. Səhnəyə çıxıram, bu işi sadəcə televizorda etmək mərifət deyil. İşimi, sənətimi çox sevirəm və ona hörmət edirəm. Artıq mən Hülya Avşar kimi bir brendə çevrilmişəm. Əvvəlcə özümə və işimə hörmət edirəm ki, hər kəs mənə hörmət etsin.
Bunun heç bir aidiyyəti yoxdur
- Yeni bir albomunuz çıxdı və həmin albomun ikinci buraxılışı da yoldadır, deyirlər.

- Bəli, həyatımda ilk dəfə Hülya Avşarın albomu ikinci dəfə təqdim olunur. Bu albomum bundan əvvəlki albomlarımdan daha yaxşı oldu. Açığını desəm, heç bir albomum bunun qədər reytinq toplamayıb. “Bana bir koca lazım” mahnısının klipini tamamilə reklam məqsədi ilə çəkmişdim. Əslində əsas mahnı bu deyildi. İndi isə bu albomda yer alan mahnıların 3-4-ünə klip də çəkmək niyyətindəyəm.
- Son zamanlar qızınızın köhnə sevgilisi ilə bir masada əyləşən xanımın üzərinə isti çay tökməsi məsələsi gündəmi zəbt edib. O gündən sonra qızınızı mətbuatda demək olar ki, heç görməmişik. Zəhraya qadağalarmı qoymusunuz?

- Mən qızıma hər şeyə icazə verirəm. Bunun heç bir aidiyyəti yoxdur. Mənim qızım məndən gizli, bilmədiyim bir şeyi əsla etməz. 15 yaşındadır və o öz gəncliyini yaşayır. Hansımız o yaşlarda gizlin siqaret çəkmədik, içki içmədik? Hətta mənim nəzarətimin altında hərdən bir içki içməyini istəyirəm. Qoy görsün ki, içəndə nələr olur. İstəyirəm qızım anlasın ki, içki yaxşı şeydir, yoxsa pis. Buradan hər kəsə mesaj göndərirəm – qızımın həyatına qarışmayın. Qızıma belə davrandığım üçün hər şeyin yerini bilən bir uşaq olub. Biz belə vərdişlərə 15 yaşından başlamışıq. Mənim qızıma heç bir qadağam yoxdur, bunu hər kəs bilsin.
- Bu günə qədər mətbuatın bütün suallarına cavab vermisiniz. Amma qızınızla bağlı xəbərlərdə çox aqressiv olursunuz.

- Bəli, neçə ildir bu sənətdəyəm. Bu illərdə mənə təsir edən heç bir xəbər olmayıb. Amma Zəhraya zərər gətirə biləcək bir xəbəri yazan jurnalisti tapıb boğazına yapışaram. Zəhrayla bağlı son xəbərlər sırasında etdiyim söyüşlər qədər həyatım boyunca söyüş söyməmişəm. Bəzən jurnalistlər hər şeyə ürəksiz yanaşırlar. Reallıq belədir ki, hamımız uşaq olduq, siqaret çəkdik, içki içdik, tans etdik, hətta öpüşdük də. Bu uşaqlar onsuz da bunu edəcək, ancaq valideynləri görməyəcək.
Tərcümə etdi: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər