AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Evlərimizi daha asan və daha ucuz qiymətə qızdıra bilərik

Evlərimizi daha asan və daha ucuz qiymətə qızdıra bilərik

Müsahibə
30 Aprel 2013, 10:50 4909
Çoxlarımız qışda pərdələri istilik sistemlərinin üzərinə çəkirik, yaxud çoxmərtəbəli binalarda blokların qapısını açıq qoyuruq. Bu da istehlak etdiyimiz və pulunu da ödədiyimiz enerjinin bir hissəsinin “havaya uçmasına” gətirib çıxarır. Bu, azmış kimi həm də işlətdiyimiz bolluca enerji ekologiyamızı da çirkləndirir. Müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru Nurməmməd Məmmədovla dünyada baş verən bütün müharibələrin əsas səbəbi olan enerjiyə necə qənaət etməli olduğumuz barədə danışdıq.

- Nurməmməd müəllim, “enerji effektivliyi” Azərbaycan oxucusu üçün yeni termindir? Enerji effektivliyi nədir?

- Enerji effektivliyi o deməkdir ki, az enerji sərf etməklə binadakı mənzillər isidilir və soyudulur. Yəni enerjidən effektiv istifadə ilə az enerji işlədirsən, amma çox enerji sərfi zamanı əldə etdiyin istiliyi ala bilirsən. Enerji effektivliyi qızdırıcıları söndürməklə enerjiyə qənaət etmək demək deyil, xarici konstruksiyaları düzgün qurmaqla, binanı düzgün tikməklə enerjiyə qənaət etməkdir. Bayırda və mənzilin içərisindəki temperatur fərqi nəticəsində xarici konstruksiyalar, məsələn, qapı, pəncərə, tavan, döşəmə və s. vasitəsilə özümüz də bilmədən evdəki enerjini itiririk.

- Bakıda elə binalar varmı ki, tikilərkən orada enerji effektivliyi nəzərə alınsın?

- Belorusda 1998-ci ildən binalar enerji effektivliyi nəzərə alınmaqla tikilməsinə baxmayaraq, təəssüflər olsun ki, indiyədək ölkəmizdə tikilən binaların heç biri enerji effektivli olmayıb. Bakıda iki binanın auditini aparmışam. Biri Buzovna qəsəbəsindəki 144 saylı uşaq bağçasıdır. Təsəvvür edin, audit nəticəsində aydın olub ki, 2 mərtəbəli bağçada hər 100 KV/saat enerjinin 83 KV/saatı çölə atılır. Binəqədi rayonundakı doqquz mərtəbəli, 162 mənzilli Leninqrad tipli binada apardığımız audit nəticəsində isə bəlli oldu ki, enerjinin 51 faizi heçə gedir. Buradan da belə çıxır ki, Leninqrad tipli mənzilin qızdırılması üçün, tutaq ki, 50 manatlıq enerji sərfiyyatı olursa, enerji effektivliyi texnologiyasını tətbiq etməklə iki dəfə az - 25 manat pul ödəməklə eyni istiliyi almaq mümkündür.

- Binada istilik əsasən hansı hissələrin sayəsində itir?

- Pəncərə, qapı, divar, tavan, döşəmə – bunların hamısı istiliyi itirir. Bina tikərkən onu elə layihələndirmək lazımdır ki, istilik itkisi az olsun. Ümumiyyətlə, enerji effektivliyi nəzərə alınmadan tikilən hər hansı binada 15 faizədək istilik pəncərələrdən, 35 faizə qədəri xarici divarlardan, 12-13 faizi tavandan, o qədəri də döşəmədən itir. Çoxmərtəbəli binaların istilik itkiləri əsasən şaquli konstruksiyalardan, qapı-pəncərə və divarlardan itir, azmərtəbəli binaların istilik itkisi isə əsasən döşəmə və tavandan olur. Apardığımız araşdırma nəticəsində bəlli olub ki, Xruşşov tipli binalarda bloklara qapı qoymaqla və blokdakı sınıq pəncərələri yeniləri ilə, məsələn, plastik pəncərə ilə əvəz etməklə həmin binanın bütün mərtəbələrindəki mənzillərdə enerjiyə 25 faiz qənaət etmək mümkündür. Deməli, blokunda qapı-pəncərə olmayan binalardakı mənzillərdə enerjinin dörddə biri bu yolla itkiyə gedir. Düşünürəm ki, bloka qapı qoymaq, yaxud mövcud olan qapını örtmək və pəncərələri yeniləmək o qədər də çox xərc tələb etmir.
Bakıda olan binaların əksəriyyətinin zirzəmisi suyun içindədir. Bu da enerjinin itməsinə gətirib çıxaran amillərdəndir. Ümumiyyətlə, döşəmədən istilik daha çox itir. Bir də əgər tikilinin tavanı düzdürsə, bu zaman da enerji sərfiyyatı çox olur.

- İstiliyi itirməmək üçün Avropada selektiv şüşələrdən istifadə edilir.

- Bəli. Norveçdə pəncərələrin istilikötürmə əmsalı 0,8-1,2 arasındadır. Bizdə isə 2,3-2,75 arasında dəyişir. Onlar pəncərənin künc hissəsində olan məsafəni tənzimləyirlər, şüşənin daxilinə arqon, yaxud kripton qazı vururlar. Eyni zamanda, həm içəri, həm də çöl şüşəyə emulsiya lövhəsi çəkirlər. Bu lövhə qışda soyuğun, yayda isə istinin içəri dolmasını əngəlləyir. Bu şüşələrin bir kvadratının qiyməti Azərbaycanda 50 manatdan 130 manata qədər dəyişir.

- Sadə bir ailə hansısa qurumun köməyi olmadan enerji effektivliyinə necə nail ola bilər?

- Enerji effektivliyi şəhərsalmadan başlayır. Ev tikilərkən onun küləyin istiqamətinə görə yerləşdirilməsi elə olmalıdır ki, istilik itkisi minimuma ensin. Əgər bütün evlər bir istiqamətdə tikilibsə və vətəndaş da evini həmin istiqamətdə tikməyə məcburdursa, bu zaman digər nüanslara fikir verməklə də enerji effektivliyinə nail ola bilər. Məsələn, divarlar hörülərkən, yaxşı olar ki, mişar daşlarının arası palçıqla doldurulmasın. Ora ya hava boşluğu kimi saxlanılsın, yaxud da mişar daşlarının arasına şüşə pambıq qoyulsun. Şüşə pambıq tapılmasa, çox ucuz qiymətə satılan istilik izolyasiya materialı qoymaq məsləhətdir. İstilik izolyasiya materialının istilik keçirmə əmsalı mişar daşının istilik keçirmə əmsalından dəfələrlə aşağıdır. Birinci mərtəbənin döşəməsinə və evin üstünə də izolyasiya materialı qoymaq məsləhətdir. Bu zaman istilik itkisi çox olmur. Bir sözlə, xarici konstruksiyaların istilik keçirməyə müqaviməti artırılmalıdır. Azərbaycan ailələrinin əksəriyyətində evlərdə qızdırıcı cihazların üstünə pərdə çəkirlər. Bu da istiliyin mənzilə keçməsinə mane olur, əksinə, istilik çölə çıxır. Həmin qızdırıcı cihazların arxasına, yəni divara istiliyi əks etdirən lövhə qoyulmalıdır ki, radiatorun arxadan verdiyi istilik çölə axmasın, evin içərisinə daxil olsun. İnşaat bazarında istiliyi şüalandıran lövhələr çoxdur. Mağazalardan alınan plitələrin altına da istilik lövhəsi qoymaq məsləhətdir ki, istilik aşağıya getməsin. Ümumiyyətlə, mağazadan radiator alarkən enerji effektivliyinin olduğunu göstərən sertifikatı yoxdursa, onu almayın.

- Dediniz ki, Belorusa 15 ildir binalar enerji effektivliyi nəzərə alınmaqla tikilir. Niyə Azərbaycanda indiyədək bu tətbiq edilməyib, neftimiz çox olduğuna görəmi?

- Bunun əsas səbəblərdən biri odur ki, Bakı daxil olmaqla Azərbaycan mülayim iqlim şəraitində yerləşir. Yəni, qışda bayırda havanın temperaturu çox aşağı olmadığından evlərin qızdırılması məsələsinə o qədər də fikir verilmir. Digər tərəfdən, bizdə elektrik və qaz ucuzdur deyə, bu vasitələrdən geninə-boluna işlədərək evlərimizi qızdıra bilirik. Nəticədə çox enerjidən istifadə etməklə Bakı şəhərinin ətraf mühiti, ekologiyasını çox pis vəziyyətə salırıq. İşlətdiyimiz hədsiz dərəcədə enerjinin sayəsində havada insanın normal fəaliyyətinə, sağlamlığına ziyan vuran zərərli maddələrin konsentrasiyası digər ölkələrdən dəfələrlə artıqdır. Avropa ölkələrində hava çox təmizdir. Orada havanın temperaturu bizdəkindən dəfələrlə aşağı olmasına baxmayaraq, enerji bizdən az, qənaətlə işlədilir, alternativ enerjiyə üstünlük verilir.

- Ölkəmizdə enerji effektivliyinə nail olmaq üçün nə etmək lazımdır?

- İlk növbədə Beynəlxalq Ekoenergetika və Beynəlxalq Kadrlar Akademiyası tərəfindən hazırlanan “Enerji effektivliyi haqqında” qanun layihəsini qəbul etmək lazımdır. Qeyd edim ki, qanun layihəsi bu il qəbul olunmaq ərəfəsindədir. Mən də bu layihənin müəlliflərindən biriyəm. Yeni sənədə əsasən, ölkədə hər bir binanın və müəssisənin enerji effektivliyi auditi aparılacaq və buna uyğun iş görüləcək. Tikiləcək binaların layihələndirilməsində isə yeni sənədə əsasən, enerji effektivliyi bölməsi olmalıdır. Əgər o layihə qəbul olunsa, artıq heç bir tikinti təşkilatı, heç bir sahibkar enerji effektivsiz bina tikməyəcək.

- Azərbaycanın iqtisadi imkanları dediyiniz layihəni gerçəkləşdirməyə imkan verirmi?

- Enerji effektivliyində istifadə edilən inşaat materialları ölkəmizdə istehsal olunur, bu sahədə kadrlarımız da var. Bu gün iqtisadiyyatımız inkişaf edir və Azərbaycan hökumətinin də enerji effektivliyini təmin etmək üçün siyasi iradəsi var. Fikrimcə, istənilən sahəyə qoyulan pulu 10 il gecikdirmək olar. Amma enerji effektivliyinə yatırılan maliyyəni gecikdirməməliyik. Əks halda, hər gün itiririk, ekologiyamız get-gedə daha da çirklənir. Biz enerjini ona görə qənaət etməməliyik ki, çatışmır. Ona görə qənaət etməliyik ki, ətraf mühit, yumşaq desək, pis vəziyyətdədir. Neft və qazımız var və ucuzdur deyə onu geninə-boluna istehlak etməməliyik. İmkanımız var ki, enerjini 3 dəfə az istifadə edək, qalanını da beynəlxalq qiymətlərlə xaricə sataq. Bir binanı enerji effektivli tikmək üçün 10-15 faiz əlavə xərc çəkmək lazımdır. Buna gücümüz çatar. Bundan əlavə, küləklər şəhəri olan Bakıda binanı düzgün istiqamətdə tiksək, yəni binanı hakim küləklərin gəldiyi tərəfdən qorusaq, onun daxilində nəmişlik olmaz, həm də enerjiyə 25 faizə qədər qənaət edə bilərik.

- Belə başa düşdüm ki, yeni qanun layihəsində sahibkarların vətəndaşlar üçün tikdiyi binalarda enerji effektivliyi gözlənilməlidir. Bəs adi vətəndaş necə, özünə ev tikərkən enerji effektivliyini əldə etmək üçün lazım olan qaydalara əməl etməlidirmi?

- Adi vətəndaş özü maraqlı olacaq ki, evini elə tiksin ki, enerji effektivliyinə nail olsun. Bunun üçün kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlara izah edilməlidir ki, bu, təkcə hökumətin cibindən deyil, həm də sizin cibinizdən gedir. Üstəlik, təmiz havada nəfəs almış oluruq. Vətəndaş enerji effektivliyini gözləmədən 50 min manata 50 il istismar edəcəyi ev tikir. 50 min manatın əvəzinə, 10-15 faiz artıq, 60-65 min manat xərcləyərək 50 il istismar müddətində həmin evə çəkiləcək enerji xərcini 2-3 dəfə azaltmış olar. Əgər vətəndaşlarımız bunu bilsə, 10-15 min artıq pul qoyub enerji effektivli bir ev tikməyə razı olar.

- Biz azərbaycanlılar istiliyi çox sevirik. Mənzilimizin çox isti olmasını istəyirik. Amma normalar başqa şey deyir...

- Bəli. Normada evdəki temperaturla bayırdakı temperatur arasında böyük fərq olmamalıdır. İstehlakçılara məsləhətim budur ki, evdə havanın temperaturunu qışda 24 dərəcədən yuxarı qaldırmasınlar. Çünki temperatur 24 dərəcədən yuxarı olanda bakteriyalar baş qaldırır. Bundan başqa, temperaturun hətta 1-2 dərəcə aşağı salınması da enerjiyə 2-3 faiz qənaətə gətirib çıxarır. Xüsusən də yataq otağının temperaturu aşağı olmalıdır. Almaniya normalarında yataq otağının temperaturu 16, Azərbaycanda isə 19 dərəcədir. Çünki otaq sərin olduqda insan daha rahat yatır, bakteriyaların fəallığı azalır. Üstəlik, enerjiyə qənaət edilir.

Yayda da evdə temperaturu 24 dərəcədən aşağıya salmaq məsləhət deyil. Təsəvvür edin, bayırda temperatur 40 dərəcə, otaqda kondisionerin sayəsində 18 dərəcədirsə, ortada 22 dərəcə fərq yaranır. Bu zaman insan fərqli temperaturlara çətin adaptasiya olunur. Nəticədə vaxtından əvvəl qocalma prosesi gedir, üzdə qırışlar əmələ gəlir. Çünki orqanizm fərqli havaya adaptasiya olunarkən müqavimət göstərməkdə çətinlik çəkir. Qışda soyuğa, yayda da istiyə müqavimət göstəririk. Çöldə 40 dərəcə, içəridə 24 dərəcə olanda bu zaman temperatur fərqi 16 dərəcə olur. Bir var orqanizm 16 dərəcəyə, bir də var 22 dərəcəyə müqavimət göstərsin. Ümumiyyətlə, yaxşı olar ki, bayırla içərinin temperaturu arasında fərq 12 dərəcə olsun.

- Qarşıdan isti yay ayları gəlir. Otaqları soyuq saxlamaq üçün kondisionerdən və digər soyuducu vasitələrdən istifadə edilir. Bu zaman enerji effektivliyinə nail olmaq üçün nə etmək lazımdır?

- İstilik effektivliyini qorumaq üçün sadaladıqlarımızı burada da tətbiq etməliyik. Məsələn, dediyim izolyasiya qatları qışda evi isti, yayda isə sərin saxlayır.


Lalə Musaqızı