Eviniz tikilsin...

Eviniz tikilsin...

İqtisadiyyat
10 İyul 2015, 12:36 2930
Qanunvericiliyə edilən dəyişikliklər fərdi ev tikmək istəyənlərin işini xeyli asanlaşdırıb

Yaz və yay ayları ərzində tikinti sektorunda daim canlanma müşahidə olunur. Havaların mülayim keçməsindən istifadə edən hüquqi və fiziki şəxslər, adətən bu müddət ərzində sürətlə inşaat işləri aparırlar. Təbii ki, bu zaman özünə fərdi ev tikdirənlərin sayı daha çox olur. Lakin bir sıra hallarda ev tikən vətəndaşlar qanunvericiliyi bilməməkdən, məlumatsızlıqdan irəli gələrək, işbazların qurbanına çevrilir, yaxud məmur süründürməçiliyi ilə qarşılaşırlar. Bu, vətəndaşın əlavə xərcə düşməsinə, lazım oldu-olmadı kimlərdənsə icazə sənədi almasına, vaxt itirməsinə, son nəticədə də tikintinin yubanmasına səbəb olur. Bəs, vətəndaş bu kimi problemlərlə üzləşməmək üçün nə etməlidir? Tikinti apararkən hansı sənədləri hazırlamalı, kimə müraciət etməlidir? Bu kimi suallara aydınlıq gətirmək üçün ilk növbədə mövcud qanunvericiliyə müraciət etmək gərəkdir. 2012-ci il 6 sentyabr tarixli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin “Tikintiyə icazənin verilməsi üzrə icraat” adlı XIV Fəslinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı göstərilib.

Qanunvericilik nə deyir?

2013-cü il yanvarın 1-dən qüvvəyə minən bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililər üçün icazə tələb olunmadığı qeyd olunub. “Məlumatlandırma icraatı” adlı 80-cı Maddədə isə göstərilirdi ki, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması isə tələb olunmur. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. 80.4-cü maddəyə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.

Əlavə və dəyişikliklər

Bu Məcəllənin qüvvəyə minməsindən xeyli müddət sonra, daha dəqiq desək, 20 iyun 2014-cü və 25 may 2015-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunları təsdiq edib. Bu dəyişikliklərdən sonra Məcəllənin 80.4-cü maddənin ikinci cümləsində “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilib. Eyni zamanda, Məcəllədə barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsinin divarın hündürlüyünün 0,3 hissəsi qədər olması yer alıb.

Müddət 15 günə endirilib


Bununla bərabər, Məcəllənin “Tikintiyə icazə verilməsinin ümumi qaydaları” adlı 75-ci Maddəsində də dəyişikliklər edilib. Dəyişiklikdən əvvəl 75.4-cü maddədə göstərilirdi ki, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı iradların olmaması prezumpsiyasından çıxış edir. Dəyişiklikdən sonra 75.4-cü maddənin ikinci cümləsindəki “1 ay” sözləri “15 gün” sözləri ilə əvəz edilib. Bundan başqa, Məcəllənin “Tikintiyə icazə verən orqanın öhdəliyi” adlı 82-ci maddəsinin 2-ci bəndində dəyişiklikdən əvvəl göstərilirdi ki, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Son dəyişiklikdən sonra bu bənddəki “3 ay” sözləri də “1 ay” sözləri ilə əvəz edilib.

İcazə tələb olunmur!

Millət vəkili Tahir Rzayev bu barədə mətbuata açıqlamasında bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdən sonra fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər sadələşdirilib. Yeni qaydalara əsasən, həyət evlərinin tikintisinə artıq icazə tələb olunmur. Əgər indiyədək fərdi evlərin inşası üçün müvafiq icra hakimiyyətindən icazə tələb olunurdusa, Məcəllədə bu, “Məlumatlandırma icraatı” ilə əvəz edilib ki, bu da ev tikmək istəyən vətəndaşın işini xeyli asanlaşdırıb: “Ev tikmək istəyən vətəndaş onun layihəsini hazırlayır və həmin layihəni ərizə ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin qurum layihəni nəzərdən keçirir və əgər iradları varsa, tikinti sahibinə iradını qanunda nəzərdə tutulmuş müddətdə bildirməlidir. İrad bildirmə tikintiyə icazə verməmək deyil. İrad bildirən müvafiq qurum layihənin Şəhərsalma Planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır. İrad əsasında göstəriş tərtib olunur və şəxs bu göstərişi yerinə yetirdikdən sonra işə başlayır. Bu qayda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinə şamil edilir”.

Vətəndaş problemlə üzləşmir

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin rəhbəri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qəzetimizə açıqlamasında deyib ki, son dəyişikliklərdən sonra qanunvericiliyin tələblərinə tam riayət edən, oradakı normativ qaydaları nəzərə alan istənilən vətəndaş tikinti apararkən hər hansı problemlə üzləşmir. O, qeyd edib ki, bu məsələ vətəndaşların qanunvericiliyi bilmə səviyyəsindən də çox asılıdır: “Yeni qaydalara görə, ev tikmək istəyən vətəndaş müvafiq eskiz layihəsini hazırladıqdan sonra onu rayon icra hakimiyyəti orqanında fəaliyyət göstərən memarlıq və şəhərsalma şöbəsinə təqdim edir. Həmin layihə şöbə ilə razılaşdırılır. Şöbə layihəni nəzərdən keçirir, qanunda nəzərdə tutulan normativlərə riayət olunmasına əmin olur, tikintinin magistral qaz, su, elektrik xətlərinin mühafizə zolağının üstünə və ya altına düşüb-düşmədiyini yəqinləşdirir. Bütün bu proseslər qanunla müəyyən edilən müddətdə baş verməli, vətəndaşın müraciətinə cavab verilməlidir. Sözügedən proses mahiyyət etibarilə sadəcə məlumatlandırma hesab olunsa da, əslində cavabın müsbət olmaması məsələsi də ortaya çıxa bilər. Bu da tikintiyə icazənin verilməməsi kimi ehtiva olunur”.

Evlərin tam qeydiyyata alınması

Məcəllənin müvafiq bəndlərini bir qədər də açıqlasaq belə aydın olur ki, özünə fərdi ev tikmək istəyən vətəndaş tikinti aparacağı torpaq sahəsinin çıxarışının, texniki pasportunun, öz şəxsiyyət vəsiqəsinin, həmçinin tikmək istədiyi evin lisenziyası olan şirkət tərəfindən çəkilmiş eskiz-layihəsinin notarial qaydada təsdiqlənmiş surətlərini hazırlayıb icra hakimiyyətinə təqdim etməlidir. Məlumatlandırma məqsədi ilə hazırlanan bu sənədlər təqdim edilərkən, tikintinin aparılacağı rayonda icra hakimiyyəti başçısının adına ərizə də yazılmalıdır. Müvafiq icra hakimiyyəti qanunda göstərilən müddətdə layihəyə dair irad vətəndaşa təqdim etmədikdə, o, tikinti işlərinə başlaya bilmək hüququna sahibdir. Vətəndaş evi layihəyə uyğun şəkildə tikib qurtarandan sonra vaxtilə icra hakimiyyətinə məlumat üçün təqdim etdiyi sənədlərin əslini, həmçinin icra hakimiyyətinin tikilən evin istismara yararlığı barədə rəyini də götürüb birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon idarəsinə müraciət edir, müəyyən edilmiş dövlət rüsumunu ödəməklə fərdi evinə çıxarış və texniki pasport ala bilir. Bu da yeni tikilən evin tam qeydiyyata alınması deməkdir.

Rufik İSMAYILOV