• cümə, 26 Aprel, 19:25
  • Baku Bakı 22°C

Evində “azadlığı” olmayanların çöldəki azadlıq axtarışları

06.11.19 17:04 1712
Evində “azadlığı” olmayanların çöldəki azadlıq axtarışları
Ekspertlərin fikrincə, "Freedom House”un sonuncu yanaşması əvvəlki hesabatlarının da qərəzli olduğunu bir daha ortaya qoyur

"Freedom House” kimi beynəlxalq təşkilatlar hər il müxtəlif istiqamətlər üzrə hesabatlar hazırlayır və bununla da ölkələri kateqoriyaya bölür. Belə təşkilatların hesabatları isə heç də həmişə ədalətli olmur. Bu günlərdə "Freedom House” təşkilatı yenidən internetin azadlığı baxımından hesabatını açıqladı, amma yenə də bu təşkilatın qərəzli və ədalətsiz olduğu bir daha öz əksini tapmış oldu. Belə ki, hesabatda Azərbaycanı region ölkələrindən geri göstərərək guya ölkədə internetin azad olmadığı vurğulayır. Maraqlı məqam ondadır ki, Azərbaycanda internetə heç bir məhdudiyyət olmadığı hər kəsə, o cümlədən dünyaya bəllidir.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, "Freedom House” hüquq müdafiə təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında aşağı sıralarda qeyd edib: "Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən qurumun hesabatları siyasi xarakter daşıyır.
"Freedom House" internetin azad olmadığı ölkə kimi əhalisi 1 milyard 200 milyonu keçən Çini göstərir. Təşkilatın reytinqində birincilik isə İslandiyaya məxsusdur. O İslandiyaya ki, orada əhalisinin sayı 300 mindən bir az artıqdır. Hələ mən ərazi barədə müqayisə aparmıram. Məsələyə sadə məntiqlə yanaşsaq, Çində hər bir halda internetlə bağlı problem İslandiyadan çox olmalıdır. Amma bunun önəmi yoxdur. Çünki məqsəd Çinin belə demək mümkünsə, azadlıqsevməz mənfi təqdimatına yönəlib.
"Freedom House” hesabat hazırlayarkən dünyada şəbəkə istifadəçilərinin 87 faizinin yaşadığı 65 ölkəni araşdırıb. Yanaşma qəribədir. Görəsən, siyahıda birinci olan İslandiyanın payına neçə faiz düşür? Və ya ona düşən faiz imkan verirmi ki, ölkə birinci olsun?
Deməli, internetin 87 faizi dünyadakı iki yüzə yaxın ölkədən 65-də cəmlənirsə, məntiqlə internetin azadlıqdan kənar mahiyyətini yerdə qalan ölkələrdə axtarmaq lazımdır. Təbii ki, niyyət safdırsa...
Azərbaycana keçməzdən öncə bildirim ki, "Freedom House" Gürcüstanı və Ermənistanı müvafiq olaraq 10 və 13-cü yerlərdə yerləşdirib. Bəli, təşkilat illərdir "ənənəsinə" sadiqlik nümayiş etdirir. Sən demə, Ermənistan internet azadlığına görə dünya liderlərindəndir. Ermənistan, özü də dünyada 13-cü yer. Tutalım Gürcüstandakı vəziyyət bizdən yaxşıdır. Amma müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz”.
Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda internet sahəsində problemlər, hətta çox ciddi problemlər var: "Bunu kimsə istisna etmir. Bu barədə çox danışılır. Amma məsələ "Freedom House"un iddia etdiyi kimi də deyil. Əksinə ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumən internet Azərbaycanın həyatına daxil olub. Təkcə facebook sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır.
Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Əgər problemdən danışmaq istəyiriksə, bəli, deməliyik ki, bu gün ölkəmizdə internetin verdiyi imkanlardan sui-istifadə də var. Gündə bir yeni xəbər saytının adı ilə rastlaşırıq. Bəli, azadlıq kimi dəyərləndirilməli olmayan, azadlığı təhdid edən təhlükə budur.
Sonda bir daha bildirim ki, "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Qurum köhnə şablonlarını bu hesabatında da istifadə edib. Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, "Freedom House” təşkilatının sonuncu hesabatda Azərbaycan üçün ayırdığı yer onun indiyə qədər açıqladığı hesabatlarda ölkəmizə verdiyi qiymətlərin bütünlüklə yanlış, qərəzli və reallığa uyğun olmadığının ən böyük təsdiqidir: "Biz indiyə qədər "Freedom House”un Azərbaycanla bağlı hesabatlarını dəyərləndirmək istəyəndə həmişə müxtəlif arqumentlər, obyektiv əsaslar gətirərək bunun yanlış olduğunu sübut etməyə çalışırdıq. Sözsüz ki, dünyanın bir sıra obyektiv dairələri Azərbaycanın gətirdiyi arqumentlərə inanır. Amma "Freedom House”un sonuncu yanaşması bütün əvvəlki hesabatların həqiqətən qərəzli olduğunu bir daha ortaya qoydu. Təsəvvür edin ki, Azərbaycanı interneti azad olmayan bir ölkə kimi qiymətləndirmək üçün ölkəmizdə internetin vəziyyətindən, hakimiyyətin internetlə bağlı siyasətindən və internetin cəmiyyətin üzünə açıqlıq dərəcəsindən nə qədər xəbərsiz olmaq lazımdır ki, belə bir qənaətə gələsən? Azərbaycan dünyanın, xüsusilə də Şərq, Asiya ölkələri içərisində bəlkə də yeganə dövlətdir ki, internetin məhdudlaşdırılması kontekstində hər hansı bir rəsmi dövlət sənədi, yaxud da ki, qeyri-rəsmi göstəriş yoxdur və icra olunmur”.
A.Quliyev qeyd etdi ki, bu gün Azərbaycan əhalisinin 80 faizindən yuxarı internet istifadəçisidir: "Qalan 20 faizi isə sadəcə olaraq əhalinin müəyyən yaş kateqoriyasıdır ki, onlar internetdən istifadə etməkdə maraqlı deyillər. Buna görə Azərbaycanı internet azadlığı məsələsində aparıb arxa sıralara salmaq, hətta onu internet şəbəkəsi üzərində rəsmi nəzarətin qoyulması ilə bağlı çağırışlar etmiş Ermənistanda arxada qoymaq ədalətsiz və qərəzli yanaşmanın nümunəsidir. Bütün dünya bilir ki, Paşinyan sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı az qala rəsmi göstəriş verib, onun icrası istiqamətində müəyyən addımlar atılıb. Bunun qarşılığında Ermənistanı öndə, Azərbaycanı arxa sıralarda qərarlaşdırmaq qərəzli münasibətin nəticəsidir. Hesab edirəm ki, bu qərəzli və qeyri-ciddi yanaşmaya Azərbaycanı tanıyanlar təbii ki, inanmayacaqlar”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər