“Evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar” - Fotolar
O, bu
sənət üçün doğulub. Daha çox dram janrının qəhrəman qadını olmağı istədiyi
halda, onun qismətinə televiziya seriallarında komediya obrazları düşüb. 4 il İrəvan
Dövlət Azərbaycan Dram Teatrında irili-xırdalı bir çox obrazlara can verib. Hər
dəfə onu fərqli amplualarda, müxtəlif səpkili rollarda görmüşük. Bu dəfə isə Xəzər
televiziyasının reytinqli seriallarından olan "Xalxın evi”ndə Mirvari obrazında
görürük. Müsahibimiz aktrisa, pedaqoq Ruhiyyə Yəhyayevadır.Serialda
Mirvari həyat yoldaşı Xoşbəxtin bir növ xoşbəxtliyini əlindən alır, bir çoxları
isə onu Xoşbəxtin xoşbəxtlik simvolu kimi qiymətləndirir. Mirvari evin kişisi
missiyasını yerinə yetirir. Evin kişisi Xoşbəxt isə yemək bişirir, evləri
təmizləyir, qızına evdar xanım olmağın sirlərindən danışır. Ruhiyyə xanımın Mirvari
obrazı cəmiyyətdə heç də birmənalı qarşılanmır. Biz də sevilən aktrisa Ruhiyyə
Yəhyayeva ilə görüşdük, onun canlandırdığı obrazın cəmiyyətdəki əks-sədasından
danışdıq.
- Ruhiyyə xanım, ilk dəfə Mirvari obrazına təklif
aldıqda, tərəddüd etdiyiniz məqamlar oldumu?
- Sevdiyim
peşə ilə məşğulam. Əgər bu sənətdə xoşbəxtəmsə, təklif olunan obrazları geri
çevirməməyə çalışıram. O zaman roldan imtina edərəm ki, onu çəkən rejissor, komanda
heyəti qeyri-peşəkar olsun. Əks təqdirdə, mənə təklif edilən bütün maraqlı
obrazları canlandırıram. "Xalxın evi” serialı yaradıcılığımda xüsusi bir yer
tutur. Çünki bu mənim üçün heç də "xalx” deyil, elə doğma insanlardan ibarət
bir komanda heyətidir.
- Həyatda Mirvari kimi xanımlarla rastlaşmısınızmı?
- Təəssüf
ki, qarşılaşıram. Mirvari kimi xanımların evdə başçılıq etməsində günahı kişilərin
zəifliyində görürəm. Əgər evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar.
Kişi evi idarə etməyəndə, istənilən bir mövzuda zəiflik göstərəndə, bütün yüklər
qadının çiyinlərinə düşür. İstər-istəməz, evin xanımı qadınlıqdan çıxır, kobudlaşır,
kişiləşir və evdə kişi rolunu oynamağa başlayır.
- Siz Mirvarinin yerində olsaydınız, necə hərəkət
edərdiniz?
- Mirvarinin
yerində olmağı heç istəməzdim. Mirvarini həyat buna məcbur edir. Bir kişi ki evdə
oturub həyat yoldaşına "qabları yuyummu?”, "yemək bişirimmi?” deyir, o kişinin yeri
ancaq mətbəxdir. Belə olduğu halda, qadın məcburdur ki, evə başçılıq etsin.
- Ancaq bir çox xanımlar özlərini Mirvari obrazında
görüb, bununla fəxr edirlər.
- Mənim
müşahidəmə görə, bu serial bəzi kişilər tərəfindən sevilmir. Hesab edirəm ki, onlar
burada özlərini gördükləri üçün serialı sevə bilmirlər. Elə ailələr var ki, həqiqətən
bu, kişiləri qıcıqlandırır və obrazı söyməyə başlayırlar. Mirvariyə də "belə qadınmı
olar?” - deyə rişxənd edirlər. Ancaq həyatda o qədər xanımlar olub ki, mənə yaxınlaşaraq
"siz eynən bizi canlandırmısınız” deyərək özləri ilə öyünürlər. Elə xanımlarla rastlaşanda
içim acıyır və onların gözlərində taleyi ilə barışmış Mirvariləri görürəm.
- Bəzən insan nəyi daha çox təbliğ etməyə çalışırsa,
özü də onu mənimsəməyə başlayır. Sizin xasiyyətinizdə mirvariləşmə gedirmi?
- (Gülürük)
Bir az olur. Bəzən hansısa məqamda özümü unuduram, o zaman anam və yoldaşım mənə xəbərdarlıq edir ki, "sən Mirvari
deyilsən”. Mən ev işləri görəndə bir az kobud hərəkət edirəm. Anam yarızarafat deyir
ki, sən elə öz yerini tapmısan. Səs tonum bir az yüksək olanda, yoldaşım "sən evdəsən,
bura çəkiliş meydançası deyil” – deyərək xəbərdarlıq edir.
- Mirvari, nə olursa-olsun, hər zaman qayınatasına
qarşı böyük hörmətlə yanaşır. Onun mənfi xüsusiyyətləri olsa da, müsbət
xüsusiyyətləri də az deyil.
- Mirvari
qadındır. İstənilən qadın həyatda nə qədər kobud, hay-küylü olsa da, onun
daxilində kövrək, zərif bir insan var. Elə qadınlar olur ki, ömrü boyu susur,
dözür, yaşadığı hadisələr qarşısında səsini çıxarmır və günün birində içində olan
o qəzəbi, kini üsyan edərcəsinə büruzə verir. İllərdir daşıdığı yükü kobudcasına
bildirəndə, bu, kənar insanlar tərəfindən çox pis qarşılanır. Belə olan halda,
qadın zərifliyini unudur və məcbur olur ki, çiyinlərinə ağır yük götürsün,
çevrəsindəki insanlara qarşı kobud davransın. Əslində Mirvari o qədər məzlumdur
ki...
- Ruhiyyə ilə Mirvarini bir-birinə bağlayan
ortaq xüsusiyyət varmı?
- Real
həyatda mən Mirvaridən tamamilə fərqli insanam. Mirvari mənim tam əksimdir. O, mənim
içimdən gələn bir qadın harayıdır. Elə bir haray ki, onun qadın olduğunu özünə hiss
etdirmir. Bizim yazılmamış qanunlarımız var və elə hesab edirik ki, qadın həm işə
getməli, həm də uşağa baxmalı, evin gündəlik qayğıları ilə məşğul olmalıdır. Çox
zaman deyirik ki, qadınla kişinin hüquqları bərabərdir. Ancaq mən evdə olduğum halda
yoldaşım yemək bişirərsə, bunu qəbul edə bilmərəm. Demək qadın doğulduğu gündən
o yükü çiyinlərində daşıyır. Axı sən qadınsan və bu işləri görməlisən, buna
məhkumsan. İstər alim, istər həkim, istər mühəndis - hansı peşənin sahibi
olmağından asılı olmayaraq, sənin qadınlığın evdə bilinməlidir. Bədbəxtçiliyimiz
burasındadır ki, bizim qadın aktrisalarımızın ailə, şəxsi həyatları bu üzdən dağılır.
İnsanlar elə zənn edir ki, əgər xanım aktrisadırsa, bütün gecə tədbirlərdə, çəkilişlərdə
olacaq və ev işləri görməyəcək. Aktrisalıq ən incə, zərif duyğuya malik olan bir
sahədir. Əksinə, aktrisalar daha gözəl həyat yoldaşı, ana, bacı, qadın ola bilirlər.
Çünki onlar bütün incə məqamlardan xəbərdardılar.
- Cəmiyyətimizdə aktrisalara qarşı olan yanaşma
həqiqətən birmənalı deyil.
- Çox
zaman oğlanlarımız hansısa bir aktrisaya elçi gedəndə, valideynləri, çevrəsindəki
insanlar onu bu yoldan daşındırmağa çalışırlar. Kimsə bir aktrisa ilə ailə
qurmaq istəyəndə, "o sənə necə xanım olacaq?”, "necə yemək bişirəcək?”, "aktrisaların
səhnədə, kinoda tərəf müqabilləri kişilər olur, gedib onlara toxunurlar” və bu
kimi ifadələr səsləndirirlər. Adi həkimləri götürək, məgər onlar iş prosesində
gecə növbəsində qalmırlarmı? Yad kişiləri müayinə etmək üçün onlara toxunurlarmı?
Xanımlarımız kişi ginekoloqlarımızın qəbuluna getmirlərmi? Aktrisalar üzdə olan
insanlar olduğu üçün insanların onlara qarşı yanaşması daha çox diqqət çəkir.
Və kökündən yanlış olan bu yanaşmanı dəyişmək lazımdır.
- Çox zaman bəziləri deyir ki, biz Azərbaycan
televiziyalarına, seriallara baxmırıq. Ancaq yeri gələndə, serial qəhrəmanlarını
elə təsvir edirlər ki... Siz belə hallarla rastlaşmısınızmı?
- Əlbəttə,
seriallarımızı tənqid, bəzən təhqir edənlər bizim daimi izləyicilərimizdirlər.
Mən bir tərəfdən onları qınayır, digər tərəfdən isə haqq qazandırıram. Bu gün işsizlikdən
insanlar evə qapanır və televiziya qarşısında əyləşirlər. Bəyənməyərək, sevməyərək,
təhqir edərək, müzakirə edərək televiziyalarımızı izləyirlər. Həqiqətən bu gün efirlərimiz
biabırçı vəziyyətdədir. Axı milyonların gözü efirə baxır, bizim övladlarımız televiziya
qarşısında böyüyür. Onlar televiziyamıza baxıb nə örnək götürəcəklər? Şou verilişlərinə
baxırlar və onların hərəkətlərinə "belə də olmalıdır” deyirlər. Uşağa nəyisə
irad tutanda deyir ki, yaxşı deyilsə, bunu niyə televiziyada göstərirlər?
- Buna görəmi sizi televiziya verilişlərində
görə bilmirik?
- Hər
peşənin öz missiyası var. Efirə çıxıb ailəmdən, yeməkdən, xəstəlikdən danışıb, başqalarına
söz atıramsa, mən onda necə sənətkaram? Bu "sənət” sözünü nəyə görə alçaldıram?
Bunun üçün imtina etdiyim verilişlər çox olub. Hər hansı efirə dəvət alanda,
onlardan nədən danışacağımı, hansı mövzunu müzakirə edəcəyimizi soruşuram. Əsas
məsələ odur ki, efirə çıxıb insanlara nə verəcəm? Elə ondansa, başımı aşağı salıb
pis-yaxşı obrazımı canlandırıram. Hərdən elə verilişlərə dəvət alıram ki, o verilişlərdə
başqalarının həyatları müzakirə olunur. Hər zaman da aparıcılara deyirəm ki, məndən
məni soruşun. O yerdə, sözün əsl mənasında ədəbiyyat, incəsənət, təhsil varsa, az
da olsa öz bildiklərimi sizinlə bölüşərəm, ancaq kiminsə həyatını müzakirəyə çıxarmağın
tərəfdarı deyiləm.
- Dram aktrisasının komediya janrında oynaması
necə bir hissdir?
- Hər
kəs məni dram aktrisası kimi tanıyır və o cür də qəbul edib. Sözün həqiqi
mənasında dram obrazlarını daha çox sevirəm. Komediya isə mənim daxili dünyama
bir qədər yaddır. Ancaq nədənsə rejissorlar məni komediyada görürlər. Mirvari
mənim ürəyimcə olan bir obrazdır.
- Dörd il İrəvan Dövlət Azərbaycan Dram
Teatrında çalışmısınız. Teatr səhnəsi üçün darıxmırsınız?
-
Özümü ancaq teatrda görürəm. İçimdə bir inamsızlıq var, elə bilirəm ki, hansısa
teatra getsəm, mənə "yox” deyərlər. Akademik Milli Dram Teatrında çalışmaq
istəyərəm. Hazırda eyni zamanda Bilgəhdə 11 saylı internat məktəbində tərbiyəçi-müəllimə
olaraq da çalışıram. Həm çəkiliş, həm məktəb - iş qrafikimi elə qurmuşam ki,
əlavə zamanım qalmır. Ona görə də yaxın zaman ərzində belə bir şey
planlaşdırmamışam.
Xəyalə
Rəis