• çərşənbə axşamı, 23 aprel, 11:47
  • Baku Bakı 20°C

Evin bəzəyi olan qız

05.08.17 12:00 2547
Evin bəzəyi olan qız
Qızdı, qızıldı,
Min tümən azdı…
Son günlər sosial şəbəkələrdə bölgələrdən birində altı günlük qız uşağının öldürülərək quyuya atılması geniş müzakirə olunmaqdadır. Öldürülən körpənin ailəsində bir dənə də qız uşağının olmasına görə, bir çoxları hesab edir ki, uşaq sırf qız olaraq doğulduğu üçün öldürülüb. Əslində, bir körpənin hər hansı bir səbəbdən öldürülməsi çox dəhşətlidir, vəhşilikdir, barbarlıqdır. Bəs bu vəhşilik, qəddarlıq, barbarlıq haçana kimi davam edəcək? Ailələr var ki, illərlə övlada həsrət qalır, qazandıqları pulları müalicələrə xərcləyir, dünyanın ən məşhur və bahalı xəstəxanalarına illərlə ayaq döyür, çarəsizlikdən falçıya gedir, ara həkimlərinə üz tutur. Bu gün minlərlə ailə Allaha yalvarır ki, qız ya oğlan, fərqi yoxdur, bir dənə (hətta şikəst olsa belə) övladları olsun...
Qız uşaqlarının keçmişdə də öldürülməsi haqda məlumatlar günümüzədək gəlib çatıb. Deyilənə görə, islamdan əvvəl ərəblər qız uşaqlarını doğulduqları gün diri-diri torpağa basdıraraq öldürürdülər. Qız uşaqlarının öldürülməsi həmin cəmiyyətlərdə qadın azlığına, hətta bəzən çatışmazlığına gətirib çıxarırdı. Əgər hər hansı bir cəmiyyətdə qadın azlığı varsa, ya bir neçə kişi bir qadınla evlənməlidir (necə ki, günümüzdə bir kişi bir neçə qadınla evlənir), ya da bir çox kişilər subay qalmağa məhkumdur.
Statistikaya nəzər salsaq, əminliklə demək olar ki, son illər qız uşaqlarının qətliamı yaşanır. Qız uşaqları təkcə doğulandan sonra öldürülmür, bəzi ailələrin, bəzi kişilərin "qız övladı istəməməsi” ucbatından qız uşaqları hələ ana bətnində ikən məhv edilir. Son dövrlər elmin inkişafı həm də qız uşaqlarının qətlini artırıb. Belə ki, hamiləliyin müəyyən dövrlərində uşağın cinsi USM-lə müəyyən olunur. Ailə doğulacaq övladın qız və ya oğlan olması xəbərini biləndən sonra qız istəməyən bir çox valideynlər uşağı abortla məhv edirlər. Qız uşaqlarının doğulmadan məhv edilməsi, abort son illər qanunla qadağan olunsa da, abort edən və etdirənlərə qarşı müəyyən cərimələr tətbiq edilsə də, bunun nəticəsi yoxdur. Əksər ailələr və həkimlər gizli yollarla qız uşaqlarını məhv etməkdə davam edir. Bunun nəticəsində isə yeni doğulan uşaqların əksəriyyəti oğlan olur ki, bu da gələcəkdə balansın pozulmasına, qız azlığına, çatışmazlığına gətirib çıxaracaq.
Keçmişdə insanlar oğlan uşağını ona görə arzulayırdı ki, ailənin soyadını daşıyırdı və nəslin davamçısı hesab olunurdu. Həm də oğlan uşaqları təsərrüfat işlərində qızlardan daha güclü sayıldığına görə, hamı çalışırdı ki, oğlu çox olsun. Çünki mal-qaranı oğlanlar otlaqlara aparırdı, meşədən odunu oğlanlar daşıyırdı, əkin-biçini oğlanlar edirdi. Bu gün də bir çox insanlar düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin möhkəmlənməsinə zəmanət verir. Oğlan uşağı doğulanda qonaqlıq verən, qız uşağı doğulanda isə kədərlənən ailələrə baxanda, XXI əsrdə də cahillərin olmasına təəssüflənməkdən başqa əldən heç nə gəlmir. Faktlar göstərir ki, çox zaman valideynlərinə sahib çıxanlar elə qız övladları olur. Yaxından tanıdığım, yaşı doxsandan çox olan yaşlı bir nənə var. Dünyaya altı oğul və bir qız övladı gətirib. Həyat yoldaşını itirəndən sonra min bir əziyyətlə, zəhmətlə oğullarını oxudub, ali təhsil verib. Bu gün oğullarının hamısı imkanlıdır, yaxşı vəzifələrdə çalışırlar. Qızı isə imkansızdır, ali təhsil almadan ərə verilib. Bu gün altı oğuldan heç biri anasına sahib çıxmır, yeganə qızı isə xəstə olmasına, yad oğlun qapısında olmasına baxmayaraq, anasına sahib çıxıb, onun əziyyətini çəkir, onun hər bir əzabına qatlaşır. Yaxşı yadımdadır, qonşuluğumuzdakı bir qoca nənə hər dəfə yas mərasimlərindən qayıdanda ağlayaraq "mən dünyadan köçəndə kim ağı deyib ağlayacaq? Bəxtəvər qızı olanların başına, analarını yaslarda ağlayaraq yaşadacaqlar, məni ağlayan olmayacaq” deyirdi. Deməli, həm ölüyə, həm də diriyə qız lazımdır. Kənd yerlərində qız uşaqları hələ balacalıqdan zəhmət çəkir. Özündən sonra doğulan bacı-qardaşlarını saxlayır, su daşıyır, ev təmizləyir, həyət süpürür, yemək bişirir, paltar yuyur, təsərrüfat işlərində analarına kömək edirlər. Atam həmişə deyir ki, ilk öncə qız övladlarına təhsil vermək lazımdır. Oğlan çətinliyə düşsə gedib harada olsa işləyər, daş daşıyar, gecələri yatmaz, çalışıb-çabalayıb pul qazana bilər. Amma qız uşağı çətinliyə düşsə, imkansızlığından istifadə edərək yoldan tez çıxararlar. Bir parça çörəyə, övladını saxlamağa görə azmı qadın pis yola düşüb? Bəziləri məcbur qalaraq, istəməyərəkdən, kimlərinsə pis niyyətindən xəbərsiz olaraq yollarını azıblar. Amma qızın təhsili olsa, ən azından müəllim, tibb bacısı işləyə bilər. Bu da onu pis yola düşməkdən azad edər.
Qız uşaqları həm də insanlığın məhvinin qarşısını alır. Qız uşaqları olmasa, gələcək analar da olmaz, yeni-yeni insanlar da doğulmaz. Bəşəriyyət məhv olar. Qız uşaqları cəmiyyətimizin ayrılmaz bir parçasıdır. Qız uşaqlarına qarşı qətliamı dayandırmaq, abortların qarşısının alınması üçün ciddi addımlar atmaq lazımdır. Qızlar evlərin bəzəyidir, onları öldürməyin. Bəlkə də bu gün bir çox ailədə olduğu kimi, gələcəkdə də bizə oğullarımız yox, qızlarımız sahib çıxacaq.
Əpoş Vəliyev
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat”
şöbəsinin aparıcı elmi işçisi,Filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər