• cümə, 19 Aprel, 23:38
  • Baku Bakı 24°C

“Evimizin yanından keçən təcili yardım maşınlarının səsi adamı vahiməyə salır”

03.04.20 13:33 3298
“Evimizin yanından keçən təcili yardım maşınlarının səsi adamı vahiməyə salır”
Milan Konservatoriyasının professoru Mais Nuriyev: "İndi İtaliyada hər kəsin daxilində sağlam bir adrenalin və qonağı qucaqlamaq üçün böyük bir istək var”
Koronavirus pandemiyasının ən şox yayıldığı ölkələr sırasında İtaliya birincilik təşkil etdiyindən, dünyanın gözü bu ölkədədir. Hər gün yoluxanlarla, ölənlərlə və sağalanlarla bağlı rəqəmlər sürətlə dəyişir. Vəziyyətdən minimum itki ilə çıxmaq üçün ölkə əhalisi karantin qaydalarına ciddi əməl etməkdədir.İtaliyadakı "Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının professoru Mais Nuriyevkarantin dövründə yaşantılarını bizimlə böluşdü:
- Mais müəllim, uzun müddətdir ki, gərginlik içindəsiniz. Bu vəziyyətdən necə qurtulmağa çalışırsınız?
- Hazırda təkcə İtaliya xalqı deyil, bütün dünya əhalisi uzun müddətdir ki, gərginlik içindədir. Artıq COVID-19 infeksiyasına yoluxması təsdiqlənmiş xəstələrin sayı bir milyona yaxinlaşır. İtaliyada koronavirusa yoluxanların sayı başqa ölkələrə nisbəttdə daha yüksəkdir. Ölkədə bu yolxucu xəstəlikdən ölənlərin sayı həddən artıq çoxdur. Hər axşam evimizin yanından keçən təcili yardım maşınlarının səsi adamı vahiməyə salır. Gecələr yata da bilmirsən. Bir az öskürən kimi qorxuya düşürsən. Hazırda qurbanlar və sağalanlar da daxil olmaqla yoluxmuş insanların ümumi sayı 110574 nəfərdir. İtaliyada koronavirusdan indiyədək 13155 nəfər dünyasını dəyişib və itki verməkdə davam edirik. Amma 16847 nəfər sağalanlar da var ki, bu da bizə ümid verir. Həmçinin İtaliyada koronavirusa yoluxanların ölümü ilə bağlı təfərrüatlar da məlum olub. İtalyan səhiyyə xidmətinin araşdırmasına istinadən, yoluxanların 99 faizindən çoxunun digər sağlamlıq problemləri olub. Ölənlərin orta yaşı 79-dur. Bu rəqəmlər 1 aprel tarixinə aiddir.Üç gün öncə İtaliyadakı Azərbaycan səfirliyi, bütün dövlət orqanları, həmçinin xaricdəki bütün İtaliya səfirlikləri dövlət bayraqlarını Covid-19 epidemiyasının qurbanlarının xatirəsinə yarıya qədər endirdilər.
- Bu sual çox aktualdır: italyanlar karantin həyatına necə riayət edirlər?
- Bəli, bu gün İtalyada insanlar karantin hayatı yaşayir. Hazırda hamı həmrəy olaraq əllindən nə gəlirsə, bir-birlərinə kömək edirlər. Maska düzəldənlər, öz restoranlarını xəstəxana yeri kimi istifadəyə verənlər, könüllülər, yaşlı, xəstə adamlara qulluq edənlər çoxalıb. Maddi yardım edənlər də çoxdur. Onu da deyim ki, burada əhali arasında maska ajiotajı da yoxdur. Maska apteklərdə satılır. TV proqramlarında təhlükəsizlik hallarına riayət olunma qaydaları hər an reklam olunur. Əlbəttə, evdə oturmaq da çətindir. TV-də, sosial şəbəkələrdə verilən informasiyalar, filmlərin hamısı gərginliyi daha da artirir, insanı qorxu içində saxlayır. Bu, çox dəhşətdir. Qorxu, çaxnaşma hallarından insan sağalmaq əvəzinə, daha da təşvişə düşür. Bunun üçün biz evdə oturduğumuz müddətdə özümüzü ələ almağa və səmərəli işlərlə məşğul olmağa çalışırıq. Hesab edirik ki, problemləri unudaraq bu virusu məhv edib ona qalib gəlmək olar. İtaliyada artıq hamı karantin qaydalarını ciddi qəbul edir və əməl edir. Biz bu yolla xəstəliklə birlikdə ciddi mübarizə aparırıq. Çünki biz təkcə özümüzü deyil, hamını düşünməliyik: bır nəfər hamını, hamı da bir nəfəri. Hamı çalışıb özünə ev daxilində məşğuliyyətlər tapsa, yaxşı olar. Məsələn, idmanla, yaradıcılıq işləri ilə məşğul olmaq mənə vaxtın tez və mənalı keçməsinə kömək edir. Dostum Davide Gualtieri Azərbaycanı sevir və ölkəmizlə bağlı çoxlu şeirləri var. Birlikdə Molla Pənah Vaqif, Nəsimi kimi klassiklərin, o cümlədən müasir şairlərimizin də şeirlərini italyan dilinə tərcümə etmişik. Əsas odur ki, dost-tanışla danışarkən onlara dərd verməyəsən, əksinə, başqasında olan qorxunu yüngülləşdirəsən.
- Sizcə, nəyə görə İtaliyada bu yoluxma daha böyük vüsət aldı? İtalyanlara xas hansısa xüsusiyyətlər yoluxmada rol oynadı, yoxsa əvvəldən məsələyə etinasız yanaşdılar?
- İtalyanlar gəzməyi, şən həyatı çox xoşlayırlar. Onlar ünsiyyətcil xalqdır - qonaq getməyi, dostlarla birgə şənlənməyi, görüşərkən iki dəfə öpüşməyi xoşlayırlar. Belə hallar əlbəttə, koronavirusun sürətlə yayılmasına şərait yaratdı. İtaliyada COVID-19 pandemiyasının ilk faktı yanvarın 30-da, Çindən gələn iki turistin Romada testdən keçirildiyi zaman aşkarlandı. Artıq mart ayında virus İtaliyada digər Avropa ölkələrindən daha çox yayıldı. Dünyada aktiv halların ümumi sayına görə ABŞ-dan sonra, ölüm sayına görə birinci siralarda durdu. İtaliya Çinə və oradan ölkəyə birbaşa uçuşları dayandıran iki Avropa ölkəsindən birincisi oldu. İnfeksiyanın yayılmasını ehtiva edən ilk tədbirlər arasında İtaliyanın şimalındakı 11 bələdiyyədə - Lombardiya və Venetoda karantin tətbiq olundu. Sonrakı günlərdə Baş nazir Cüzeppe Konte məhdudlaşdırıcı tədbirlərin daha sərt hala gətirilməsi və tədricən bütün ölkə ərazisinə tətbiq olunması ilə bağlı bir sıra sərəncamlar verdi. Lakin düşünürəm ki, gərək əvvəldən məsələyə ciddi yanaşılaydı. Çoxları qadağan olunmuş zamanlarda təhlükəsizlik hallarına fikir vermədi. Sərhədlər də sərbəst oldu. İtaliyaya əsasən Çindən gələnlər çox oldu. Bununla xəstəlik sürətlə artdı. İtaliya xalqı dindardır. Ölkə xristian dininin mərkəzidir. Koronavirus yayılmağa başlayarkən Roma Papası iman gətirən insanların özlərini tək, ehtiyac içində hiss etməmələri üçün "Kilsələrin açıq qalması yaxşıdır”- dedi. Ancaq din adamları birlikdə dualar edərkən məsafə saxlamırdılar. Sonra digər qadağalar kimi, kilsələrə getmək də qadağan olundu. Lakin gec idi. 50 adam pandemiyaya qarşı dua edərkən artıq xəstəliyə yoluxmuşdu. Burada da xalqa edilən çağırışlara hamı vaxtında qulaq asmadı. Milan zonasında küçədə bazarlar fəaliyyət göstərirdi. İnsanlar qatarla gedib gəlirdi. Metro işləyirdi. Bütün bunlar virusun ölkə ərazisində yayılmasında rol oynadı. Hazırda karantin dovrundə bütün restoran, kütləvi yiğıncaqlar, hətta insanların bir-birinə yaxınlaşması və s. kimi hallar qadağan edilib. Hamı iqtisadi ziyan içindədir. Ümumiyyətlə, İtaliya iqtisadiyyatına böyük zərbə dəydi. Böyük turizm şəhəri olan Florensiya koronavirusun yayılması səbəbindən boş səhraya çevrildi. İtaliyada kommersantlar çox narahatdırlar: «Biz heç bir həll yolu görmürük” deyirlər. Ölkə təhlükəli "qırmızı zona”ya çevrilib. Amma virusla mübarizə üçün dövlət tərəfindən lazımi tədbirlər də görülməyə başlanılıb.Hazırkı mənzərəyə gəlincə, yalnız supermarketlər işləyir. Heç kəs evindən 200 metrdən aralı gedə bilməz və yanında icazə sənədi gəzdirməlidir. Onu da qeyd edim ki, İtaliya əcnəbilərin leqallaşdırılması, miqrasiya məsələlərinin gündəmə gətirilməsi mövzusunu yenidən araşdırmaqdadır.
- Hazırda İtaliyada yaşayan çinlilərlə bağlı hansı müşahidələriniz var? Onların sayı çoxdurmu?
- İtaliyadakı çinlilər sürətlə böyüyən bir diaspordur. 2006-cı il siyahıyaalınmasına əsasən, onlar 144,885 nəfər təşkil edri və bu rəqəm yalnız qanuni immiqrantları, Çin - İtaliya vətəndaşlarını və İtaliyada anadan olanları əhatə etmir. Statistik cəhətdən çox sayda çinlinin yalnız restoran fəaliyyəti ilə məşğul olduğu İngiltərə və Hollandiyadan fərqli olaraq, İtaliyadakı çinlilərin əhəmiyyətli bir hissəsi geyim və aksesuar tikməklə məşğuldur. İtaliya gəzetlərində "Çinlilər İtaliyanı necə ələ keçirirlər” başlıqlı yazı vardı. "Suriyadan gələn qaçqınlar və afrikalı miqrantlar üçün narahat olduğunuzda, çinlilər İtaliyanı sakit şəkildə işğal edirlər”- deyə yazılmışdı. Florensiyanın yaxınlığında Prato adlı kiçik bir şəhər var və Avropada toxuculuq sənayesinin mərkəzlərindən biri hesab olunur. Bu, 90-cı illərə qədər belə idi. İndi daha çox "İtaliyanın Çin paytaxtı” kimi tanınır. Prato Çin miqrantlarının sayına görə Avropa şəhərləri arasında liderdir.
- Prato şəhəri çinliləri nə ilə cəlb edir?
- Hər şey toxuculuq sənayesindəki böhranla başladı. 1990-cı illərdə pul qənaət etmək üçün İtalyan istehsalçıları əmək qabiliyyətli və iddiasız çinliləri işə almağa başladılar. İllər keçdi… 2000-ci illərdə çinli sahibkarlar italyan həmkarlarından toxuculuq fabriklərini icarəyə götürməyə və almağa başladılar. Sonrakı on il ərzində çinlilər fabrik və dükanlarını tikməyə başladılar, buna görə öz toxuculuq sənayelərini təşkil etdilər və 3000 italyan müəssisəsini iflasa uğratdılıar. Fakt budur ki, Prato müəssisələrində tikilən bütün geyimlər "İtaliyada hazırlanmışdır" etiketlidir. Çinlilərin onu Çin parçalarından tikməsi faktı sayılmır. Bundan əlavə, miqrant işçilərin maaşları azdır, buna görə, geyim ucuz və rəqabətlidir. Prato Rikardo Marininin Sənayeçiləri Birliyinin prezidenti bununla bağlı "Çinlilər və firmalar əsasən ticarət qaydalarına hörmət etmədikləri üçün sağ qalırlar. Demək olar ki, heç bir vergi ödəmirlər, insanları qeyri-qanuni yollarla işə götürürlər, sosial ödənişlər etmirlər, şəhərin göstərdiyi xidmətlərə, məsələn, zibil yığmasına görə pul ödəmirlər və s. Nəticədə minimal xərclər alırlar və çox aşağı qiymətlərlə satırlar” demişdi.İtalyanlarin bir xüsusiyyəti də var: onlar başqa xalqların mədəniyyətlinə, o cümlədən yeməklərinə maraq və hörmətlə yanaşırlar. Cinlilərin restoranları hər axşam adamla dolu olurdu. Lakin koronavirusla baglı İtaliyada hələ karantin elan olunmamışdan əvvəl adamlar Cin restoranlarına az getməyə başladılar. Həmçinin çinlilərə münasibət də dəyişdi. Hər yerdə onların bu xəstəliyi ölkəyə gətirmələri ilə bağlı informasiyalar verilir, yarasa və ilan yeməkləri haqqında danışılırdı.
- Son günlərdə mətbuatda İtaliyanın 95 və 102 yaşlı sakinlərinin virusa qalib gəlməsi barədə xəbərlər eşitdik. İtalyanlar çox zərər çəksələr də, Avropada həmçinin ən uzunömürlü sakinləri ilə məşhurdurlar. Sizcə, bu uzunömürlülüyün sirri nədədir?
- İtalica Grondonanin 102 yaşı var. O, koronavirusdan sağaldı və yaxınlarda xəstəxanadan evə buraxıldı. Onun adı tarixə düşərək bütün dünyaya səs saldi. "Onu Highlander adlandırırlar” - deyə qocanı müalicə edən həkim Vera Sicbaldi deyir: "Bizim üçün o, sadəcə böyük Liguriali olmaqla, həm də güclü, qətiyyətli və davamlıdir”. Liguria bölgəsinin prezidenti Covanni Toti isə "Linaya təşəkkür edirəm! Adınız təsadüfi deyil, Italica! Siz tariximizin gözəl səhifəsisiniz!" deyir.Bəli, İtaliyada uzunömürlülər var. Onlar gəzməyi, fəaliyyətdə olmağı, şən həyatı, pozitiv olmağı, yaxşı və orqanik yeməyi xoşlayırlar. Onlarda başqalarına kömək və yaxşılıq etmək xüsusiyyətləri var. İtalyanlar ənənələrinə böyük hörmətlə yanaşırlar. Onların fikrincə, fasiləsiz işləmək olmaz. İtaliyada bütün dünyada qeyd olunan Pasxa, Yeni il və Milad kimi bir sıra bayramlar var. Xristianlığın təsiri ənənəvi olaraq İtaliya cəmiyyətində böyük rol oynayır. Buna görə İtaliyada bir çox insan dini ayinlərə ciddi əməl edir. Bəzi adətlər xoş təəccübləndirə bilər, məsələn, köhnə və lazımsız şeyləri atmağı və Yeni il ərəfəsində - il ərzində yığılan mənfi enerjini çıxartmaq üçün qabları sındırmağı məcbur edən bir adət var. Romada Yeni il gecəsində bir çoxu "uğurlar” üçün körpüdən Tiber çayına tullanır. Neapolitanlar atəşfəşanlığı sevirlər. Beləliklə, italyanların ənənələri olduqca spesifikdir və şəhərdən şəhərə dəyişir. Bütün bunlar onların sağlamlığında və uzunömürlülüyündə rol oynayır.
- İtalyanların eyvanda mahnı oxumasının canlı şahidi olubsunuz? Sizin yaşadığınız yerdə də oxudularmı?
-Yox, italyanlarin canlı oxumaqlarının şahidi olmamışam. Lakin internetdə bu paylaşımları gördüm və mən də paylaşdım. Adama emosional baxımdan müsbət təsir göstərir. Bu, insanlarin birliyi, qorxuya və dəhşətə qarşı həmrəy olmalarına sübutdur.
- İstərdik ki, müsahibəmizi pozitiv notlarla bitirək. Son iki ayın müsbət tərəfləri nə oldu?
- Təbii ki, əsl problem üzləşdiyiniz çətinliklər deyil. Koronavirus pandemiyası həqiqətən bizi sınamasına baxmayaraq, əminəm ki, həyatımızda bir neçə müsbət məqamlar da var. Koronavirus və milli karantin dovru hamımizi həftələrlə evə kilidlədi. Ancaq biz həyatınızda yaxşı olan ən azı 10 şeyi yazsaq, sonra da həmişə bu müsbət düşüncələrdən başlasaq, yaxşı olar. Hər çətinliyin bir həlli yolu var. Bəzi insanlar yalnız və ya hər şeydən əvvəl mənfi tərəfləri düşünürlər, bu, düzgün deyil. Pozitiv düşünmək və heç vaxt xoşbəxt olmaq ümüdini itirməmək lazımdır.Bu müddətdə daha dəstəkləyici və ünsiyyətcil olmağa, başqaları ilə ünsiyyət qurmağa can atdıq. İndi İtaliyada hər kəsin daxilində sağlam bir adrenalin və qonağı qucaqlamaq üçün böyük bir istək var.
Təranə Məhərrəmova,
Sevda Güləhmədova
banner

Oxşar Xəbərlər