• cümə axşamı, 25 aprel, 06:30
  • Baku Bakı 14°C

“Çevik müdavimlər” adlı estafet yarışı keçirilib

10.04.18 15:50 819
“Çevik müdavimlər” adlı estafet yarışı keçirilib
"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Bakı şəhərində yerləşən filiallarının xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı təşkil etmişdir. Cəmiyyətin sədri Niyazi Eynalov yarışı açıq elan etmiş və ölkə Prezidenti,Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyevin müharibə şəraitində olan ölkəmizdə ordu quruculuğunun möhkəm əsaslarınıyaratdığını demiş və hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı önə çəkdiyi məsələlərə toxunmuşdur.
Cəmiyyət sədri vurğulamışdır ki, bu yarış rəşadətli ordumuzun düşmən üzərində aprel qələbəsinin 2-ci ildönümünə və aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsinə təsadüf edir. O, seçkihüququ olan müdavimlərə seçkidə aktivlik göstərməyi və xalqımızın ən layiqli namizədinə səs verməyi tövsiyə etmişdir.
Daha sonra yarışın mahiyyəti barədə məlumat verən Cəmiyyətin sədri Niyazi Eynalov qeyd etmişdir ki, hər tədris dövründə müdavimlərlə təşkil edilən bu kimi ardıcıl yarışlar Silahlı Qüvvələrimizin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək müdavimlərin hərbi vətənpərvər, döyüşkən əhval-ruhiyyəli, fiziki cəhətdən sağlam və hərtərəfli hərbi hazırlıqlı formalaşdırılmasına xidmət edir.
7 tapşırıqdan ibarət olan yarış boyunca müdavimlərə şərti döyüş şəraitində hərəkət metodları, ayıq-sayıqlıq, əl qumbaralarından istifadə qaydaları, atıcı silahdan dəqiq nişanalma bacarıqları, yaranmış təsadüflər zamanı avtomobil texnikasını minalanmış sahədən çıxararaq sağ-salamat mənzil başına çatdırmağın yolları, bütövlükdə isə döyüş təcrübəsi praktik olaraq mənimsədilmişdir.
Münsiflər heyəti keçirilən yarışın nəticələrini qiymətləndirmiş, qalib komandaların üzvlərinə qol saatları hədiyyə edilmiş, diplom və kubokla mükafatlandırılmışdır. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekunlarına görə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialının komandası 93 balla 1-ci nəticə, Sabunçu rayon filialının komandası 61 balla 2-ci nəticə, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 42 balla 3-cü nəticə göstərərək qalib olmuşlar.

Xatırladaq ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmışdır.

banner

Oxşar Xəbərlər