• çərşənbə axşamı, 19 mart, 15:25
  • Baku Bakı 8°C

“Evdən kiməsə pul göndəriləndə, bütün otaqda toy-bayram olurdu” - Tələbəlik illəri

16.06.18 13:19 2097
“Evdən kiməsə pul göndəriləndə, bütün otaqda toy-bayram olurdu” - Tələbəlik illəri
Məktəb illəri hər kəsin həyatında unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu vaxtlardır. Zaman keçdikcə həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə azda olsa, təbəssüm yaranırsa, demək ki, həmin illər elə də sakit keçməyib. Sinif yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin bizə verdiyi cəzalar hamısı şirin bir xatirə olaraq yaddaşımıza həkk olunur. Bu dəfə Azərbaycanın Baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevlə məktəb illərindən danışdıq.
N.Quliyev universitet illərində yataqxanada başlarına gələn hadisəni unutmur. 1969-cu ilin sərt qışını indi xoş xatirə kimi xatırlayır: "Səhv etmirəmsə, 1969-cu ilin qışı idi, çox sərt keçirdi. Yataqxanada da şərait ürəkaçan deyildi. Bir gecəni səhərə kimi hamımız ədyala bükülüb oturduq. İmtahan vaxtı idi. Bu vəziyyətdə imtahana hazırlaşa bilməzdik. Qərara gəldik ki, səhər tezdən durub metro stansiyalarından birinə gedək və orada həm canımız qızsın, həm də imtahana hazırlaşaq. Beş nəfər indiki "Sahil” metrosuna getdik və hərəmiz bir skamyada əyləşib əlimizdə kitab imtahana hazırlaşdıq. Oradan qayıdanda artıq gecə 12-yə qalmışdı. Gec olduğundan marşrut da yox idi və keçmiş İnqilab küçəsinə - yataqxanamıza piyada gəldik. Bakıxanov küçəsini keçəndə otaq yoldaşlarımızdan İbrahim donduğundan şikayətləndi. Biz işıq olan yerə yaxınlaşanda gördük ki, həqiqətən də qulağının biri tamamilə ağarıb, don vurub. Bizdən böyük otaq yoldaşımızın məsləhəti ilə İbrahimin qulaqlarını ovxalaya-ovxalaya gəlib yataqxanaya çıxdıq”.
Müsahibimiz deyir ki, tələbəlik illərində ən maraqlı günləri elə yataqxanada keçib: "Otaqda 7 nəfər idik. Hər gün tələbələrdən biri yır-yığış, bazarlıq edir və yemək işlərinə baxırdı. Hər kəs də çalışırdı ki, bişirdiyi yeməyi otaq yoldaşları bəyənsin. Əlimin dadına görə, mən ikinci yerdə idim. Otaqda tez-tez bişirilən xörək isə kartof qızartması və mal əti konservi idi. Üçüncü kursa qədər maddi baxımdan çox çətinlik çəkirdik və bir-birimizdən təqaüdə qədər borc alırdıq. Evdən kiməsə pul göndəriləndə isə bütün otaqda toy-bayram olurdu. Çünki bilirdik ki, həmin adam gedib yaxşı bazarlıq edəcək. Hətta, kartofu da doyunca yeyəcəyik, üstəlik, yanında toyuq əti də olacaq”.
Aygün Əziz
banner

Oxşar Xəbərlər