• şənbə, 20 Aprel, 05:06
  • Baku Bakı 15°C

Evdə parlayan aktyorlar

05.05.20 18:35 2531
Evdə parlayan aktyorlar
Kimisi bina evində meyvə-tərəvəz yetişdirir, kimisi paltar toxuyur, kimisi də videolar çəkib paylaşır

Yaradıcı insanlarda böyük enerji olduğu üçün ən çox dinamik həyat tərzi keçirən də məhz onlardır. Karantin günlərində evdən çölə çıxa bilməyən bu insanlar evdə də boş dayanmağı sevmirlər. Ələlxüsus da söhbət teatrlarımızda çalışan aktyorlarımızdan gedirsə. Onlar sosial şəbəkə vasitəsi ilə öz bacarıqlarını da nümayiş etdirirlər. Belə ki, bir çox aktyorlarımız bu günlərdə ev şəraitində müxtəlif işlərlə məşğul olaraq karantin günlərinə rəng qatmağa çalışırlar.
İstər yaradıcı, istərsə də digər sahənin kişi nümayəndələrinin karantin günlərində yemək bişirmək istedadının üzə çıxması xanımlar tərəfindən müsbət qarşılandı. Kişi aktyorlarımız mütəmadi olaraq gündəlik bişirəcəkləri yeməkləri online şəkildə çəkib sosial şəbəkədə paylaşmaqla, digər həmcinslərini də ruhlandırmış oldular. İncəsənət nümayəndələri nəinki yemək bişirməyi bacarır, sən demə, bir çoxlarının beş barmağında beş mərifət varmış.
Bir çox tanınmış serialların baş rejissoru Şahin Qəhrəman bu dəfə qiraətçi kimi göründü. Sən demə, rejissorun gözəl səs imkanları da varmış. Əməkdar artist Ayşad Məmmədov taxtadan müxtəlif heykəllər düzəltməyi bacarır. Bu heykəllər fərqli dizayna malikdir. Belə ki, daha çox səmavi üslubda hazırlanan heykəllər olduqca diqqətçəkəndir. YUĞ Teatrının aktyoru Amid Qasımov daşlardan bəzək əşyaları düzəltməyi bacarır. Aktyorlarımızın bu istedadını gördükdə isə, onların bəzilərini sorğu-sual etməyə başladıq. Karantin dövründə üzə çıxan bacarıqlarını ikinci sənət kimi davam etdirib-etdirməyəcəklərini soruşduq.

Aktyor Bəhram Əliyehdər taxtadan ev əşyaları düzəldir, eyni zamanda ev şəraitində bitki yetişdirir. Deyir ki, bitkilər də insan kimidir, dilin tapmaq lazımdır: "Hazırda 200-ə yaxın bitki növü yetişdirmişəm. Becərdiyim bitkiləri satışa çıxarmıram. Onlara həvəslə qulluq edirəm. Əziyyətimin bəhrəsini satışa çıxarmağa əlim gəlməz. Bitkilərin üzərində çəkdiyim zəhmət heç bir pula dəymir. Ancaq gülün qədrini bilən insanlara hədiyyə edə bilərəm".
Aktyor qeyd edir ki, bitməyən bitki yoxdur: "Küçədə gözəl bir ağac gördümsə, ondan bir budaq qoparıb, yetişdirirəm. Nəinki karantin, digər günlərdə də bitkilərlə məşğul olmaq insanı ruhən çox sakitləşdirir. Karantin günləri qanın qaynayan, teatrda işlərin çox olduğu zamana təsadüf etdi. Tamaşaların qızğın vaxtı evdə oturmaq, dayanmaq təbii ki, psixoloji olaraq insana təsir edir. Hesab edirəm ki, işləyən adam onsuz da boş dayanmayacaq, evdə belə olsa, öz üzərində çalışacaq. Kim darıxıram deyirsə, demək ki, sənəti ilə məşğul olmur və işini sevmir. Mən evdə də öz üzərimdə çalışıram və bitkilərlə məşğul oluram. Onu da qeyd edim ki, bitkilər qədər insanın başını qatan, ona enerji verən ikinci bir məşğuliyyət yoxdur. Onlar da canlıdır. İnsanın əsəblərini çox sakitləşdirir. İnsanı riyakarlıqdan, paxıllıqdan, pis hisslərdən uzaqlaşdırır".

Aktyor bildirir ki, bitkilərə olan marağı və onların dilinə bələd olması nəticəsində 3 ildən çoxdur ki, evə tərəvəz məhsulları almır: "Misal üçün, uzun müddətdir ki, bibər almıram. Evdə mənim 14 sort bibər şitilim var. Bina evində 9-cu mərtəbədə yaşayıram və bu bitkiləri bina evində yetişdirirəm".
Aktyora "bina evində bu qədər torpağı hardan alırsınız və o bitkiləri necə yerləşdirirsiniz" - deyə sual verdikdə, bildirdi ki, tərəvəzin, gülün yetişməsi üçün torpağa o qədər də ehtiyac yoxdur: "Biz tərəvəz yetişdirmək üçün bol torpağın olmasına öyrəşmişik. Ancaq bu çox yanlış fikirdir. Təsəvvür edin ki, bir aktyorun himayədarı var. Əgər o, istedadsız insandırsa, nə qədər tapşırılırsa-tapşırılsın, ortalığa heç nə çıxara bilməyəcək. Əgər bir toxum bəhrə verəndirsə, onun üçün torpağın bol olmasına ehtiyac yoxdur. Məhsul verməsi üçün kasa boyda torpaq kifayət edir. Misal üçün, kasa boyda torpaqda çiyələk əkmək kifayət edir ki, ilboyu ordan həftədə 2 kilo çiyələk götürə biləsən. İnsanlar gündəlik işlətdikləri qida məhsullarının qalıqlarından da səmərəli istifadə etmirlər. Misal üçün, çayı içdikdən sonra quru yarpağını, yumurtanın, meyvənin qabığını atırıq. Bunlar indiki dövrdə ələ düşməyən vitaminlərdir. Onların hamısını doğrayıb, qurudub, torpağa qatdıqda, bitki daha tez inkişaf edir".

Aktrisa Zülfiyyə Qurbanova toxuculuğu və bijüteriya hazırlamağı bacarır. Deyir ki, uşaq vaxtından toxumağa həvəsi olub: "10 yaşımdan toxumağı bacarıram. Qonşumuz yaşlı xanım bizə toxumağı öyrətmişdi. Zamanım olduqda papaq, şərf, corab, əlcək, digər xırda şeylər toxuyuram. İnsanın öz əməyi ilə ərsəyə gələn nədənsə istifadə etdikdə, bunun dadı tamam başqa olur. Toxuduqlarımı heç zaman satışa çıxarmamışam. Bu mənim üçün bir hobbidir. Boş zamanım olanda, ürəyim bir şey istəyəndə, mili əlimə alıb toxumağa başlayıram. Bu bizə keçmişimizdən gələn ən gözəl əl əməyidir. Nəinki toxuyur, boş zamanım olduqda, bəzək aksesuarları, sırğalar, boyunbağılar, qaşlardan bəzək əşyaları hazırlamağı da bacarıram. Bunlarla bərabər, tikiş işi də əlimdən gəlir".

Aktrisa Günel Məmmədova karantin günlərində darıxmamaq üçün kiçik videolar çəkir. Bildirir ki, evdə darıxmamaq üçün çəkdiyi videolar böyük maraq doğurur: "Normalda dinamik həyat tərzinə malik biriyəm. Belə ki, serial çəkilişləri, teatrda tamaşalarım, məşqlərim, dostlarımla görüşlər günlərimin rəngarəng keçməsinə səbəb olur. Karantin günlərində isə evdə qalmağa məcburuq və bu da mənim həyatımla üst-üstə düşmür. Darıxmamaq üçün bloggerlik etmirəm, ancaq bacardığım qədər maraqlı videolar çəkirəm. Sonuncu dəfə yeməklə bağlı kiçik video hazırlamışdım. Bunu bloggerlərə rəqib olmaq üçün deyil, əylənmək və gülmək üçün edirəm. Hələ iki-üç videom da olacaq, onları hazırlayıb təqdim edəcəm. Bundan başqa, karantin günlərində qiraətlə məşğulam və şeirləri seçib səsləndirirəm ki, evdə darıxmayım".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər