• çərşənbə, 17 Aprel, 03:40
  • Baku Bakı 14°C

Evdar xanımlar, boş vaxtlarınızı səmərəli edə bilərsiniz! - Gənclərə məsləhət

29.09.18 12:00 2506
Evdar xanımlar, boş vaxtlarınızı səmərəli edə bilərsiniz! - Gənclərə məsləhət
Bu yaxınlarda sosial şəbəkədə əl işlərini satan bir xanımla tanış oldum. Söhbətimiz zamanı aydın oldu ki, evdar xanımdır və boş vaxtlarında bu cür əl işləri hazırlayıb satır. Xanım bildirdi ki, əl işlərindən qazandığı gəlir onu maddi baxımdan kifayət qədər təmin edir. Doğrusu, həmsöhbətimin bu addımı alqışlanası haldır. Çünki indi çox az xanım bu kimi işlərlə məşğul olur. Əksəriyyəti, ev işlərini gördükdən sonra, qalan vaxtını televizor önündə keçirir.

"Mütləq ofisdə işləmək lazımdır” deyə bir qanun yoxdur. İstəyən hər kəs evdə oturaraq da, həm pul qazana, həm də vaxtını səmərəli şəkildə keçirə bilər. Bir çox xanımlar evdar olmaqla yanaşı, ictimai, sosial işlərdə də kifayət qədər uğurla irəliyə bilir.Təbii ki, bunun da bir sıra yolları var. "Gənclərə məsləhət” rubrikamızda bu dəfə gənc evdar xanımların zamanlarını necə səmərəli keçirmələri ilə bağlı sosioloq Lalə Mehralının fikirlərini təqdim edirik.

Sosioloq deyir ki, indiki dövrdə xanımların kifayət qədər boş vaxtı olur: "Texnika və texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə, "boş vaxt olmur” demək çox absurd məsələdir. Çünki ev işlərini görən texniki məişət avadanlıqları xanımlarımızın işini xeyli dərəcədə yüngülləşdirib. İstənilən halda həm boş zamanları olur, həm də fiziki baxımdan yorulmurlar. Uşaq məsələsinə gəlincə, hazırda uşaqları bir yaşından bağçaya qoymaq mümkündür. Deməli, uşaqların əksəriyyəti günün böyük hissəsini bağçada keçirir. Yaxşı olar ki, xanımlarımız ev işlərindən sonra qalan zamanı televizor qarşısında və internetdə keçirməyib, daha səmərəli işlərlə məşğul olsunlar”.


Həmsöhbətimiz bildirdi ki, xanımlar səmərə verəcək işləri özləri seçə bilərlər: "Əslində, bu, evdar xanımların öz seçimlərindən asılıdır. Çünki onlar nəyə qadir olduqlarını daha yaxşı bilirlər. Məsələn, mənim ətrafımda vaxtını səmərəli şəkildə keçirərək, pul qazanan kifayət qədər xanımlar var. Kimisi toxuculuq, naxış işi ilə məşğul olur, kimisi bəzək əşyaları hazırlayır, bəziləri şirniyyat bişirir, bir qismi mürəbbə, turşu bankaları bağlayır. İş burasındadır ki, sərf olunan əmək nəticəsində hazırlanan məhsulun satılmasında sosial medianın rolu böyükdür. Çünki əvvəllər satışla bağlı problem yaşanırdısa, indi heç həmin problem də yoxdur. Sosial şəbəkələrin köməkliyi ilə hər kəs əl işini, əlaqə nömrəsini orada yerləşdirir və istəyən müraciət edib alır. Hazırda bu istiqamətdə fəaliyyət göstərən sosial media səhifələrinin sayı hesabı yoxdur. Beləcə, xanımlarımız həm səmərəli vaxt keçirirlər, həm də pul qazanırlar”.

L.Mehralı deyir ki, yaradıcılıq qabiliyyətləri olmayan xanımlar, başqa yol düşünə bilərlər: "Bu aralar həm internetdə, həm də küçələrdə rast gəldiyim elanlardan biri də dayəlikdir. Yəni düşünür ki, onsuz da öz uşaqlarına vaxt ayırır, onlarla məşğul olursa, eyni zamanda başqa birinin də uşağına dayəlik edərək, həm pul qazanar, həm də işləyən başqa bir xanıma yardım etmiş olar. Məncə, bu üsul da kifayət qədər yaxşıdır”.

"İnsan işin yalnız maddi tərəfini yox, həm də mənəvi tərəfini düşünməlidir” deyən sosioloq qeyd etdi ki, bu işlərini heç biri ilə məşğul olmasalar belə, xanımlarımız boş vaxtlarında kitab oxusunlar: "Mütaliə ilə məşğul olmaq insana ən böyük mənəvi zənginliyi qazandırır. Məsləhət görərdim ki, xanımlarımız kitab oxumağa daha çox zaman ayırsınlar. Bu, həm onların dünyagörüşünün zənginləşməsinə, həm də gələcək üçün savadlı nəslin yetişməsinə şərait yaradacaq”.
Günel Azadə

banner

Oxşar Xəbərlər