• şənbə, 20 Aprel, 17:40
  • Baku Bakı 23°C

"Ev vermək"lə "ev yıxmağ"ın fərqi

21.06.17 16:27 1050
"Ev vermək"lə "ev yıxmağ"ın fərqi
"Jurnalistlərə mənzil verilməsi" mövzusuna həmkarlarımdan bir az daha yaxınam. Səbəb sadədir: təmsil etdiyim Jurnalistlərin Həmkarlar İttifaqı yarandığı gündən (1997-ci ildən) jurnalistlərin qayğılarını araşdırıb, problemlərin aradan qaldırılması üçün təkliflər verib. İlk gündən diqqətimizi çəkən problemlərdən biri də, jurnalistlərin mənzilsizliyi ilə bağlı olub. 2004-cü ildə problemi ictimailəşdirdik, mətbuat konfransı keçirib statistikanı açıqladıq. Həmin dövrün statistikasına görə, evsizlikdən əziyyət çəkən, aylıq əmək haqqını kirayələrə sərf edən həmkarlarımızın sayı təqribən 85% idi. Uzaq tarix deyil, qəzet oxuyan, media arxivlərinə giriş imkanı olan hər kəs kiçik araşdırma aparıb dəqiqləşdirə bilər. Mövzu diqqət çəkdi, başqa jurnalist təşkilatlarının dəstəyini qazandı, Mətbuat Şurası işə qarışdı, dövlət reaksiya verdi.
Evsizlik təkcə sosial qayğı deyil, peşəkarların media sahəsini tərk etməsinə, dolanışıq üçün fərqli istiqamətlərə üz tutmalarına səbəb olan ciddi amildir. "Beyin axını" medianı peşəkarlardan alıb volontyorlara, təsadüfi adamlara təslim edir. Əziyyətini bu gün də çəkirik: peşəkarların gedişini fürsət bilib bu sahəyə doluşanlar arasında peşə standartlarını bilənlərin, "söz və ifadə azadlığı" anlayışını dərk edənlərin sayı nə qədərdir ki?!
Jurnalistlərin sosial qayğılarının diqqətə alınması, problemlərin aradan qaldırılması üçün addımlar atılması istisnasız olaraq alqışlanmalıdır. Azərbaycan dövləti ən yaxşı olan variantı seçdi: sosial qayğıları həll edirik deyib özünüreklam üçün simvolik addımlar atmadı; əksinə, KİV-in inkişafı üçün Konsepsiya qəbul etdi, kompleks proqram hazırladı. Buraya "mənzilsizlik sindromunun" aradan qaldırılmasından tutmuş redaksiyaların maddi-texniki imkanlarının gücləndirilməsinə qədər çoxçeşidli planlar daxildir. Konsepsiya icra olunur, nəticəsini də görürük. "Beyin axını" əksinə dönüb: mediada peşəkarlar çoxalır, məsuliyyət yükü artır. Proqramın icrası nəticəsində Azərbaycan mediası nəinki öz qayğılarını həll edir, həm də dövlətin güclənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına töhfələr verir. Bakı 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Aprel döyüşləri" zamanı Azərbaycan mediasının hansı mövqe sərgilədiyini, hansı nəticələr əldə etdiyini, düşmənin informasiya hücumunu necə zərərsizləşdirə bildiyini hər kəs gördü. Proqram davam edir, yeni nailiyyətlər, yeni nəticələr müjdələyir.
Təbii ki, proses hər kəs üçün sərfəli deyil. Medianın peşəkarlaşması, məsuliyyət yükünün artması bu sahəyə təsadüfi gələnlərin meydanının daralması deməkdir. Müqavimət göstərirlər, çaba sərf edirlər, əski duruma qayıdışı arzulayırlar. Çünki mövcudluqları yalnız o şərtlər daxilində mümkündür. "KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyası"ndan tutmuş, Konsepsiya çərçivəsində atılan ayrı-ayrı addımlara qədər hər şeyi tənqid edirlər, ləkələyirlər, gözdən salmağa çalışırlar.
Arqumentləri çox zəifdir, amma təkid edirlər. Deyirlər ki, "KİV-ə dövlət dəstəyinin göstərilməsi, jurnalistlərə ev verilməsi medianın azadlığını məhdudlaşdırmaq, jurnalistlərin ələ alınması üçündür". Media gündəmini monitorinq edən, tendensiyalar üzrə dəyərləndirmə aparan beynəlxalq təşkilatlarla əlaqəliyəm, prosesləri izləyirəm. Hansı ölkədən medianın hansı durumda olduğundan məlumatlıyam. Media azadlığının boğulması, azad medianın sıradan çıxarılması üçün hansı addımlar atıldığını, hansı metodlardan istifadə edildiyini də yaxşı bilirəm. Heç bir ölkədə "medianı susdurmaq üçün ev tikib jurnalistlərə qarşılıqsız verilməsi praktikası" yoxdur. Media azadlığını boğan ölkələrdə jurnalistlər üçün "Ev tikmirlər", jurnalistin "Evini yıxırlar"."Ev tikmək"lə "Ev yıxmaq" fərqli anlayışlardır. Görünür, bu iddianı ortaya atan həmkarlarımızın ya dünyadan xəbərləri yoxdur, ya da "Azərbaycan dövlətini ləkələmək naminə hər addıma hazır ol" prinsipini qəbul ediblər. Tənqidləri bitmir, metodları tükənmir bunların. İndi də fərqli mövzu tapıblar.
Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş ikinci binanın təhvil verilməsinə hazırlıq gedir. Çox həssas məsələdir. Nə qədər ədalətli davranılsa da, narazı qalanlar olacaq. Təbiidir, çünkijurnalistlərin sayı çox, mənzillər isə məhduddur. Durumu anlayışla qarşılamaq lazımdır. Narazılığı körükləməyə, hikkəyə, kinə çevirməyə yox, durumu izah etməyə dəstək olmaq lazımdır. İnanmaq lazımdır ki, ölkəmiz müstəqil olduqca, Cənab Prezidentin siyasəti davam etdikcə, tikilən binalar da çox olacaq, mənzil alanlar da.
Amma əksini də görürük, bu həssas məqamdan yararlanmaq istəyənlər tapılıb. Zamanında "KİV-ə dövlət dəstəyi Konsepsiyası"nı inkar edənlər, "Jurnalistlər üçün ev tikilməsi"nə qarşı çıxanlar, bunu "medianın ələ alınması" kimi dəyərləndirənlər, bu gün "ədalət tribunu"na çevriliblər. "Binadan mənzil almaq haqqı olanların siyahısını" tərtib edirlər, guya "jurnalistlərin qayğısını çəkirlər". Özlərini necə inkar edə bilirlər bu adamlar?!
Mənzillərə namizədlərin müəyyənləşdirilməsi üçün qurulmuş rəsmi komissiya meyarları açıqlayıb: mənzillər hansı meyarla veriləcək, bəllidir. Komissiya üzvləri redaksiyaları bir-bir gəzir, görüşlər keçirilir, kollektivlərin rəyi nəzərə alınır və proses ictimailəşdirilir.
Bəs Əvəz Zeynallı hansı meyarla tərtib edib öz "mənzil siyahısı"nı? Harada keçirib sorğunu, kimlər iştirak edib sorğuda? Necə olub ki, bir redaksiyadan 4 adamın adı düşüb siyahıya, 40 redaksiyadan isə heç kimin adı yoxdur? Əlbəttə, siyahıda adı keçənlər arasında ləyaqətli, peşə prinsiplərini bilən, media məkanının yükünü çəkənlər də var. Amma reketçiliklə məşğul olan, adları "qara siyahıları" bəzəyənlər də az deyillər. Bir-birinə əks düşüncədə olan, biri "reket", digəri peşəkar media təmsilçisi olan jurnalistlər bir siyahıda hansı prinsiplə uyğunlaşdırılıblar? Bu siyahıların tərtib edilməsində məqsəd həmin peşəkarların haqqının tanınmasına yardım olmaqdır, yoxsa "reketləri" də onların gözünə qatıb reabilitasiya etmək? Görünür, peşəkarların adının arxasında gizlənib kimlərisəreabilitasiya etmək. Yəqin ki, peşəkar və haqlı olanlar belə siyahıda adının işbaz reketlə yanaşı çəkilməsinə seyrçi qalmayacaq...
Müşfiq Ələsgərli
banner

Oxşar Xəbərlər