• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Ev-eşiyini gözə soxan müğənnilər

26.06.13 07:57 3606
Ev-eşiyini gözə soxan müğənnilər
Bu şou-biznes ki var, həm qəlizdir, həm də ki, vacib. Danışdırmasan olmur, danışdırsan da, başlayır öz evlərini, mülklərini reklam etməyə. Biz öyrəşmişik hər şeyi xarici müğənnilərlə tay tutmağa. Əcnəbi müğənnilər dünyanın müxtəlif ölkələrində özlərinə malikanələr alır. Bu, məşhurların bir növ hobbisinə çevrilib. Amerika, Avropa şou-biznes ulduzlarının demək olar ki, əksəriyyətinin bir neçə 10 milyon dollarlıq sarayları, özəl təyyarələri, gəmiləri, yaxtaları var.
Bizim bir sıra müğənnilərimiz də onlardan geri qalmır. Belə ki, hər həftə televiziya proqramlarında öz evlərini, maşınlarını, bağlarını reklam edərək xaricdəki villalarından da danışan müğənnilərimiz az deyil. Hətta elə müğənnilərimiz var ki, Yer planetindən kənarda da daşınar və daşınmaz əmlaka sahibdir. Elə misal gətirək müğənni Ədalət Şükürovu. O, Ayda da torpaq sahibidir. Özü də nə az, nə çox - 1 hektar! Onun dediyinə görə, bir çox azərbaycanlılar da Ayda torpaq sahibidir.
Dünyanın inkişaf etmiş ölkələrinin müğənniləri həddən artıq zəngin həyat tərzinə malikdir. Nəinki müğənnilər, buraya aktyorlar, idmançılar, şou-bizneslə məşğul olan əksər sənətçilər də daxildir. Onlar xarici ölkələrə turnelər, konsertlər təşkil edir, bir konserti üçün külli miqdarda pul əldə edirlər. Ancaq bizdə isə o bazar olmadığına görə, bizimkilərdə bu qədər imkanın, yəni “dəyirmanın suyunun haradan gəldiyi” sual altındadır...
Şou-biznes bazarımız dünya standartlarına cavab vermədiyi üçün müğənnilər toy biznesi ilə məşğul olaraq mülkiyyət əldə edir və onları reklam etməklə gündəmi tutmağa nail olurlar. Bir çox müğənnilər isə vergidən yayınmaq üçün toylara ucuz getdiyini söyləsələr də, hər müğənninin toy qiyməti haradasa uşaqdan böyüyə hamıya məlumdur. Tez-tez eşidirik ki, səhnəyə yenicə çıxan bir xanım müğənni özünə 150 min dollarlıq maşın alıb, digər aktrisa bir neçə yüz min dollarlıq villaya köçüb. Şübhəsiz ki, ölkə ictimaiyyəti bu var-dövlətin mənbəyini təxmini də olsa bilir. Tutaq ki, yaxın-uzaq xaricdə, lap elə qonşu Türkiyədə hansısa müğənni albom satışından, konsert proqramlarından, çəkildiyi reklam çarxlarından pul qazanıb onu biznesə yatırırsa, bizdə bu sahə hələ inkişaf etməyib. Ardıcıl toya getməklə də bu cür zənginləşmək mümkünsüzdür. Bəlkə də mümkündür. Müğənni bir toydan 10 min manat alırsa, yəqin ki, onun bahalı evi də olar, villası da. Di gəl ki, soruşsaq, dövlətə vergi verməmək üçün qiymətlərini azaltmaqdan çəkinmirlər.
Sənətdə öz sözlərini demiş sənətkarlar isə, söhbətimiz zamanı şou-biznes nümayəndələrinin villalarını və evlərini bütün avadanlıqları ilə tamaşaçıya göstərmələrinin doğru olmadığını söylədilər.
Ayıbdır
Əməkdar incəsənət xadimi, tanınmış rejissor Arif Qazıyev televiziya proqramlarında yataq otaqlarından tutmuş darvazalarının ağzına qədər hər şeyi reklam edən sənətçiləri qınadı: “Hamının ev-eşiyi var. Kimsə pis yaşayırsa, villaları göstərib, onları qıcıqlandırmaq düzgün deyil. Belə şeylər lazımsızdır. Müğənnilər efirdə səslərini, mahnılarını, kliplərini reklam etsələr, daha məqsədəuyğun olar. Onlar özlərinə imic yaradırlar və özlərinə reytinq qazanmağa çalışırlar. Tamaşaçılar da baxıb deyir ki, bunlar utanmırlar, evlərini-eşiklərini reklam edirlər? Hamı eyni şəraitdə yaşamır axı. İnsanların acı, çöldə qalanı, imkansızı, qaçqını var... Televiziyalarda sənətçilərin evləri elə nümayiş olunmalıdır ki, evi olmayan tamaşaçılar da qıcıqlanmasınlar. Milli Televiziya və Radio Yayım Şurası gərək belə verilişləri efirə buraxmasın. Bunun qarşısını birdəfəlik almaq lazımdır. Ucuz reklamlardan uzaqlaşsaq, daha yaxşı olar”.
Rejissor şou-biznes nümayəndələrini qınamadığını, günahın onların evlərinə gedən televiziya jurnalistləri və onların redaktorlarında olduğunu söylədi: “Günah televiziyada o verilişləri hazırlayan insanlardadır. Müğənni maşınını yolda saxlayır, əgər onu çəkib göstərirlərsə, o müğənnilərdə də günah yoxdur. Ona görə də telekanallara demək lazımdır ki, ucuz reytinqə əl atmasınlar. Belə verilişlər bəzilərinin xoşuna gələ bilər, ancaq çox insanda qıcıq yaradır. Çoxları evlərinə gələn müxbirlərə hətta alt geyimlərini nümayiş etdirirlər. Ayıbdır axı. Müsəlman ölkəsiyik, müsəlmanlığın da öz qanun-qaydaları var”.
Müğənnilərin öz işləridir
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu isə söhbətimiz zamanı heç zaman kiməsə ağıl verməyə meylli olmadığını, hər kəsin nəyin yaxşı, nəyin düzgün olduğunu bildiyini söylədi: “Bu, müğənnilərin öz işləridir”. Şair müğənnilərin evlərini nümayiş etdirən telejurnalistləri qınamadığını da qeyd etdi: “Telejurnalist “xodovoy” mal axtarır satmağa. Sən bazara mal çıxarmasan, jurnalist onu hardan alacaq?”
Müğənni Səyyad Əlizadə mətbuata bəzi müğənnilərin efirdə özlərini aparmaq formasından narazı olduğunu bildirib. Müğənni həmkarlarını sadə olmağa çağırıb: “Telekanallarda bəzi müğənnilərin özlərini aparmaları məni özümdən çıxarır. Bir çox həmkarlarım efirdə maşınını və ya evini reklam etdirir. Belə şeyləri qətiyyən bəyənmirəm. Düşünürəm ki, adi insanlar heç vaxt belə şeylərə yaxşı baxmaz. Eyni zamanda, Allah da özlərindən razı olan bəndələrini sevmir. Odur ki, tanınmış simalar sadə olmağı bacarmalıdırlar”.
Hələlik isə bizim müğənnilər bir-birlərinin bəhsinə sənətdən çox maddi imkanlarını, əmlaklarını sərgiləməyə üstünlük verirlər. Bəlkə bunun səbəbi elə sənətlərinin olmaması ilə bağlıdır? Yəni, sənət yoxdursa, tamaşaçıya nümayiş etdirməyə bir şey olsun də...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər