• cümə axşamı, 25 aprel, 20:28
  • Baku Bakı 21°C

“Eurovision-2018” – proqnozlar, favoritlər...

04.05.18 16:36 1280
“Eurovision-2018” – proqnozlar, favoritlər...
Hər il may ayının ilk həftələrindən beynəlxalq mahnı müsabiqəsi olan "Eurovision” həyəcanı başlayır. Artıq dünya mediasında yarışma ilə bağlı xəbər ön plandadır, proqnozlar verilir, favoritlər müəyyənləşdirilir. Səhnəyə çıxacaq ifaçıların geyimləri, səhnə performansları, ümumiyyətlə, hər bir xırda detal müzakirə obyektinə çevrilir.
Artıq Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018” mahnı müsabiqəsinin ilk məşqləri də baş tutub. Azərbaycanın bu "Eurovision-2018” mahnı müsabiqəsindəki təmsilçisi Aysel Məmmədova məşq səhnəsinə birinci çıxdı. O, yarışmada yunan bəstəkar və prodüser Dimitros Kontopulos və İsveç bəstəkarı Sandra Byurmanın yazdığı "I cross my heart” mahnısını ifa edəcək. Mahnıya səhnə quruluşunu məşhur yunan rejissor Fokas Yevanqelinos verib. İfaçımızı səhnədə 4 bekvokalçı- Rui Andreyd, Salome Caldeira, Hugo Baptista və Sandra Dadrid müşayiət edib. Onlar Portuqaliyada çox tanınan istedadlı müğənnilərdir. Aysel Məmmədova məşqdən sonra təəssüratlarını tamaşaçılarla bölüşüb.
Mahnının bəstəkarlarından olan Dimitros Kontapulos "Eurovision” səhnəsində bir çox məşhurlarla çalışıb. Onların arasında Ani Lorak, Anna Vissi, Sakis Ruvas və Azərbaycan təmsilçisi Fərid Məmmədov da var. Bəstəkar və prodüser Aysel Məmmədovanın vokal və səhnə imkanlarını yüksək qiymətləndirib.
Müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final isə 12 may tarixində baş tutacaq. Müsabiqəyə 43 ölkədən təmsilçi qatılır. Azərbaycan təmsilçisi Aysel Məmmədova ingiliscə mahnı ifa edəcək. Ümumiyyətlə ingilis dilinə 29 ifaçı müraciət edib. Mütəxəssislərin fikrincə, Almaniya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Ukraynanın təmsilçiləri xüsusi ilə seçilir. Albaniyadan Yevqent Buşpepa alban, Estoniyadan Elina Neçayeva italyan, Fransadan Madam Bonsior fransız, Gürcüstandan "İriao” qrupu gürcü və ingilis, İspaniyadan Alfred Qarsiya və Amaya Romero ispan, Litvadan Yeva Zasimauskayte ingilis və Litva, Macarıstandan "AWS” qrupu macar, Portuqaliyadan Klaudio Paskal portuqal, Serbiyadan Sanya İliç və "Balkanika” qrupu serb, Sloveniyadan Lea Sirk sloven, Yunanıstandan Yanna Terzi yunan dilində oxuyacaqlar.

Birinci yarımfinalda (8 may) Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsrail, İsveçrə, Kipr, Litva, Makedoniya, Yunanıstan mübarizə aparacaq.
İkinci yarımfinalda (10 may) Avstraliya, Danimarka, Gürcüstan, İsveç, Latviya, Macarıstan, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna təmsilçiləri çıxış edəcək.
Hər yarımfinaldan 10 iştirakçı finala (12 may) adlayacaq. Ev sahibi Portuqaliya ilə yanaşı Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya finala birbaşa vəsiqə alıblar.
Hər il müsabiqə öncəsi müxtəlif söz-söhbətlər mətbuatda gündəmi zəbt edir. Bu il də Rusiyanın birinci kanalının "Eurovision 2018” mahnı müsabiqəsinin 1-ci yarımfinalını canlı yayımlamayacağı xəbəri etiraza səbəb olub. Rusiya kanalı Avropa Yayım Şurasının (EBU) qaydalarını pozaraq müsabiqəni daha sonra montaj olunmuş versiyada efirə verəcək.
Buna səbəb isə İrlandiya təmsilçisinin mahnısında və səhnə şousunda eynicinslilərin təbliğ edilməsidir. Bildirilir ki, həmin görüntülər Rusiya adət-ənənələrinə zidd hesab edilir.
Yarışma öncəsi iştirakçılar beynəlxalq tədbirlərə qatılır və Avropa ölkələrində yayımlanan müxtəlif televiziya verilişlərinə qonaq qismində dəvət olunurlar. Belə ki, ötən ay Finlandiyanın ictimai kanalı YLE TV-də yayımlanan "The Eurovisa” proqramında Azərbaycanın "Eurovision” təmsilçisi Aysel Məmmədovanın (Aisel) "X my heart” mahnısı 3-cü olub.
O, birinci yarımfinalında çıxış edəcək ilk 8 ölkə arasında bu nəticəyə nail olub. Proqramın moderatorları Eva Frantz , Johan Lindroos, Jakob Norrgard və Sofia Finnilanın səsverməsi ilə Aysel 21 xal toplayıb və 3-cü sırada qərarlaşıb.
1-ci yeri İsrail, ikinci sıranı Albaniya tutub.
Bundan əlavə, təmsilçimiz promo tur çərçivəsində Bolqarıstana səfər edib, ölkənin bir çox media orqanlarına müsahibə verib, konsert proqramı ilə çıxış edib.
Aysel Məmmədova ifası və performansı ilə də diqqət çəkib. O. yarışmanın gözəllik nominasiyasında ən çox bəyənilən ifaçı olub. Təmsilçimizin wiwibloggs.com-a müsahibəsi isə Avropa mediasının, eləcə də yerli medianın diqqətinin çəkib.28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib: "Bu, mənim həyatımın kədərli bir hekayəsidir. O, musiqiçi və pianoçu idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq həqiqətən də o, mənim həyatıma böyük, müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi”.
Aysel bir müddət İsraildə yaşadığını və bu ölkəyə xüsusi məhəbbətinin olduğunu da gizlətməyib: "Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim tibbi müalicə qəbul edirdi, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm”.
Daha sonra müğənni mahnını həyat yoldaşının xatirəsi üçün ifa edəcəyini söyləyib.
Müsabiqənin Azərbaycan üzrə ekspert jürisinin tərkibi açıqlanıb. Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib. Portuqaliyada keçirilən yarışmanın milli münsifləri 5 nəfərdən ibarət olacaq. Onlar xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artist İlahə Əfəndiyeva, caz ifaçısı Təranə Qəhrəman, aparıcı Nurlana Cəfərovadır.
Qeyd edək ki, münsiflər heyətinin səsləri ümumi səsvermədə 50% paya sahibdir. Onların balları tamaşaçı səsverməsinə əlavə olunur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər