• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

EURACTIV: Paşinyan hərbi insident təxribatını soyuqqanlı şəkildə planlaşdırıb

27.07.20 19:44 686
EURACTIV: Paşinyan hərbi insident təxribatını soyuqqanlı şəkildə planlaşdırıb
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla hərbi insident təxribatını soyuqqanlı şəkildə planlaşdırıb.
Trend-in məlumatına görə, bu barədə Təkmil İdarəçilik Beynəlxalq Fondunun təsisçisi və direktoru Ceyms Uilsonun EURACTIV nəşrində dərc olunan məqaləsində deyilir.
İyulun 12-də Ermənistan qoşunlarının Tovuz istiqamətində hücumuna diqqət ayıran müəllif qeyd edib ki, vəziyyətin rasional təhlili Ermənistanı bu toqquşmaya başlamağa sövq edən mümkün motivləri üzə çıxarır:
"Demokratik imicinə və sülh çağırışlarına baxmayaraq, Paşinyan bu hərbi insidenti soyuqqanlı şəkildə planlaşdırıb. Onun məqsədi əhalinin diqqətini COVID-19 böhranı ilə mübarizədə hökumətin gücsüzlüyündən və bundan yaranan iqtisadi problemlərdən yayındırmaq, Azərbaycan ərazisində "yeni əlverişli mövqelər” ələ keçirmək və Azərbaycanla münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək idi”.
Məqalədə qeyd olunur ki, postsovet ölkələri arasında pandemiyadan ən çox Ermənistan zərər çəkib. İyulun ortalarınadək bu ölkədə 30 mindən çox yoluxma və 500-dən çox ölüm qeydə alınıb.
Müəllif bildirib ki, münaqişə üçün Dağlıq Qarabağdakı dondurulmuş münaqişə zonası deyil, Ermənistanla Azərbaycan sərhədi seçilib:
"Ermənistanın iyulun 10-da qəbul etdiyi yenilənmiş milli təhlükəsizlik strategiyasında Rusiya ilə ittifaq və KTMT-də üzvlük məsələləri xüsusi vurğulanıb. Digər sözlə, kollektiv təhlükəsizlik barədə xatırlatma atışmadan bir neçə gün əvvəl Kremlə göndərilib. Hərbi baxımdan Azərbaycanın şimal-qərb bölgələri erməni hərbçilər üçün asan qənimət kimi görünə bilərdi. Ermənistan Azərbaycan ərazisinə irəliləməyi və yeni ərazilər işğal etməyə ümid edirdi. Bu yeni taktika həm də Ermənistanın müdafiə naziri David Tonoyanın "Yeni ərazilər uğrunda yeni müharibə” strateji doktrinasına uyğun gəlir”.
C.Uilson hesab edir ki, bu regionun döyüş meydanı kimi seçilməsinin digər səbəbi yaxınlıqda keçən əsas infrastrukturlardır:
"Son onilliklərdə Azərbaycan tərəfindən hazırlanmış və tikilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında vacib enerji və nəqliyyat dəhlizidir. Azərbaycan və Türkiyə ilə münasibətdə düşmənçilik siyasəti sayəsində bu cür vacib layihələrdən kənar qalmış Ermənistan iqtisadi və siyasi təzyiq göstərmək üçün bu infrastrukturları hədəf almaqla təhdid edir”.
Müəllifin fikrincə, Ermənistanın təşəbbüsü ilə baş vermiş sərhədyanı toqquşmalar genişmiqyaslı müharibəyə, gələcəkdə isə iri geosiyasi qarşıdurmaya çevrilə bilər.
Məqalədə qeyd olunur ki, Avropa İttifaqı tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə yol açan fəaliyyət və ritorikadan qaçmağa və gələcək eskalasiyanın qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb:
"Aİ üçün Qafqazda öz diplomatiyasını gücləndirmək, dayanıqlı sülhə nail olmaq və Paşinyanın regionu müharibəyə sürükləyən təxribatçı opportunizmini dayandırmaq vacibdir”.
banner

Oxşar Xəbərlər