AZE | RUS | ENG |


Ətrafdakıların fikrini nəzərə alaq, ya yox?- Diskussiya

Ətrafdakıların fikrini nəzərə alaq, ya yox?- Diskussiya
Cəmiyyət, mühit insanın həyatında mühüm rol oynayır. Bir çoxları öz həyatını cəmiyyətin yazılmayan qanunları üzərində qurmağa üstünlük verir. Bu insanlar üçün ətrafdakı şəxslərin fikirləri çox önəmli olur. Adətən onlar bir qədər cəmiyyətə bağlı olmağı və mental dəyərləri qorumağı sevirlər. Bəziləri isə etiraf edir ki, onlar bunu sevməsə belə, ailəsi, böyükləri üçün önəmli olan stereotipləri qıra bilmirlər. Amma cəmiyyətin bir hissəsi ətrafdakı insanların fikirlərinə məhəl qoymadan öz həyatlarını arzuladıqları kimi yaşamağa üstünlük verir. Bəs gənclərimiz bu haqda nə fikirləşir? Onlar şəxsi həyatlarında ətrafdakıların, yoxsa öz fikirlərini əsas götürürlər?
Bu sualı Azərbaycan Texniki Universitetinin tələbələri ilə müzakirə etdik.
 
Sübhan Tağıyev:
 
- Hər bir insan bir iş gördüyü zaman daha təcrübəli insanların fikrinə mütləq qulaq asmalıdır. Əgər həmin insanın məsləhəti sənə uyğundursa, onun dediklərini nəzərə ala bilərsən. Amma ətrafdakıların mənfi fikirləri sənin görəcəyin işə mane olmamalıdır. Ətrafdakıların fikrinə qulaq asa bilərsən, amma son qərar mütləq özünün olmalıdır.
 
Ağarəhim Şavruqzadə:
 
- Mən düşünürəm ki, ətrafdakı insanların fikrinə diqqət yetirmək lazımdır. Mən hər hansı bir işi görmək istəyirəmsə, ilk olaraq ata və anamdan məsləhət almalıyam. Çünki mənim təcrübəm çox azdır. Ola bilər ki, hansısa bir addımı atanda qarşıma elə bir hadisə çıxsın ki, artıq bu onların başına gəlib. Onlar bu barədə təcrübəlidirlər və mənə məsləhət verə bilərlər. Yaxud da əmin olduğum bir iş zamanı da ətrafımda özümə yaxın bildiyim insanların fikirlərini dinləyir və hörmət edirəm. Fikirlərinin düzgün olduğuna inandığımız insanlardan məsləhət almalıyıq. Mənim görmədiklərimi ətrafımdakı insanlar daha yaxşı görə bilir. Bu da bizi daha düzgün istiqamətə yönəldir. Hərdən elə bir iş olur ki, mən onu öz qərarımla yox, atamın, yaxud da ətrafımdakıların qərarı ilə sonlandırıram.
 


Gülcan Mirzəli:
 
- Ətrafdakıların fikrini dinləmək və məsləhət almaq üstünlükdür. Ən azından ona görə ki, başqalarının da bu mövzuda fikrini öyrənmiş olursan. Amma istənilən halda, hər bir insan özü üçün doğru olanı özü etməlidir. Çünki ola bilər ki, ətrafdakı insan kiməsə bunu "etmə” desə də, əslində bunu etmək onun özünə daha yaxşıdır. Sonradan onun peşmançılığını çəkəcək ki, mən başqasının fikrini dinlədim, öz istədiyimi etmədim. Bəlkə də öz istədiyimi etsəydim, daha yaxşı olardı. Mənə elə gəlir ki, ətrafdakıların fikrini dinləmək bəzən peşmançılığa gətirib çıxarır. Sonunda pis də olsa, yaxşı da olsa, əmin olmalısan ki, bu sənin öz etdiyindir. İkinci dəfə onu edərkən fikirləşəcəksən ki, əvvəl bunu etmişəm və bunu nəzərə almaq lazımdır. Belə olanda, kimisə günahlandırmırsan ki, filankəsə görə bu iş alınmadı.
 
Zərifə Əlizadə:
 
- Mənə görə, məsləhət almazdan öncə məsləhət alacağımız mövzunu nəzərə almalıyıq. Məsələn, səndən daha təcrübəli insanlar ola bilər ki, onların məsləhətlərinə qulaq asmasaq, böyük səhvlər edə bilərik. Biz kimdənsə məsləhət alsaq və səhv etsək belə, səhvlərimiz bizim təcrübələrimizdir. Amma sırf ətrafdakıların fikrini nəzərə almaqla hərəkət etmək aludəçilik kimi bir şeydir və ən azı, içki içmək kimi təhlükəlidir. Bu zaman sənin öz şəxsi fikrin olmur və sən fərd olaraq yetişmirsən. Ətrafdakıların fikrinə qulaq asa bilərsən, amma onların fikri sənin öz fikrindən üstün olmamalıdır. Məhz bu bizi fərd edən cəhətimizdir. Həmçinin kimin fikrini nəzərə alacağımız da önəmlidir. Elə insanlar var ki, sırf sənin işini pozmaq üçün nəsə deyə bilər. Mənim üçün kiminsə fikri bir o qədər də önəmli deyil. Nə qədər yaxın, ya uzaq olmağıma baxmayaraq, kimsə mənə nəsə deyir və mən fikrimi dəyişmirəm, öz fikrim önəmlidir. Fərqi yoxdur, dostlarım, yaxud ailəm. Kim olur-olsun. Məncə, bu xüsusiyyət insanları qabağa aparır.
 
İlham Əhədov:          
 
- Bir iş görərkən ətrafdakıların fikrini nəzərə almaq düzgün deyil. Onların fikrini nəzərə almaq yox, sadəcə öyrənmək lazımdır. Əvvəlcə özün özlüyündə qərarlaşdırmalısan, bundan sonra isə ətrafdakıların fikrini nəzərə ala bilərsən. Əgər atacağın addımın nə ilə sonlanacağını bilmirsənsə, ətrafdakıların fikrini nəzərə almaq lazım deyil. Çünki hərə bir fikir irəli sürəcək. Bəzən ətrafdakılar özlərinə sərf edəni deyə bilərlər. Uşaq yıxıla-yıxıla böyüyür. Biz də həmin çətinlikləri görməliyik ki, dözümlü olmağı öyrənək. Hər işin asanına qaçsaq, gələcəkdə məsləhət alacağımız insanlar olmadıqda nə edərik? Məncə, ətrafdakıların fikrini nəzərə almadan öz fikrini irəli sürməlisən.
 
Rəfiqə Nurullayeva:
 
- Hər hansı bir işə başlamazdan əvvəl onun müsbət və mənfi tərəflərini görməliyik. Bu işin bizi hansı səviyyəyə qaldıracağını bilməliyik. Ətrafımızdakı hər insandan məsləhət almaq düzgün deyil. Bu mövzuda yalnız tanıdığın insandan məsləhət ala bilərsən. İndiki dövrdə hər kəs öz mənafeyini güdür və özü bir səviyyəyə çatmaq istəyir. Biz kiminsə məsləhətinin bizə yaxşı və ya pis olacağını bilə bilmərik. Çalışıram ki, ətrafımda məndən yaşca böyük olanların fikirlərini nəzərə alım. Təkcə onların böyük olduğuna görə yox, həm də onların işinə, təcrübəsinə, sənətinə, ailədəki mövqeyinə fikir verirəm. Əgər ailəlidirsə, onun övladlarına qarşı münasibətinə və digər vacib nüanslara baxıram. Amma hər kəsdən də fikir öyrənmirəm. Elə bir insanın fikirlərini nəzərə almaq lazımdır ki, vaxtilə onlar da bu yolu və sınağı keçiblər.
 
Nigar Bağıyeva:
 
- Fikirləşirəm ki, ətrafdakı heç kimin fikrini nəzərə almaq lazım deyil. Çünki kimdən soruşsan, hər kəs öz həyat şəraitinə, düşüncələrinə görə sənə məsləhət verəcək. Ancaq bu həyatı sən özün yaşayırsan. Verəcəyin qərarın müsbət və mənfi nəticələrini də sən yaşayacaqsan. Ətrafdakıların dediklərinə qulaq asmaq insanın konkret qərar verməsinə səbəb olur. Çox insan sənə müxtəlif fikirlər deyə bilər və bu da sənin fikirlərini qarışdırar. Hərə öz qərarını özü verməlidir ki, nə bunun peşmançılığını çəksin, nə də «kaş ki» desin. Bu, insanın fərd kimi formalaşmasına çox kömək edir. İnsanların fikirlərinə qulaq asıb hərəkət etmək insanda asılılıq yaradır və zəiflik formalaşdırır.
 
Elvin Bəxtiyarlı:
 
- Nigarla həmfikirəm və fikirləşirəm ki, ətrafdakıların fikirlərinə qulaq asmaq lazım deyil. Xüsusən iş həyatında insan heç kimdən məsləhət almamalıdır. İndiki dövrdə işi kimdənsə məsləhət alıb qurmaq məqsədəuyğun deyil. Hər kəs öz işini özü bildiyi kimi qurmalıdır. Hər insanın hansı istiqamətdə uğurlu olacağını onun özündən başqa heç kim bilə bilməz. Çalışmalıyıq ki, özümüz verdiyimiz qərarlarla işlədiyimiz kollektivin nüfuzunu yüksəyə qaldıraq. Şəxsi həyata gəldikdə isə, ümumiyyətlə kimdənsə məsləhət almağa ehtiyac yoxdur. Çünki adından da göründüyü kimi, bu, şəxsidir, ümumi deyil. Şəxsi həyatında insan öz qərarını verməlidir. Məncə, qərar verərkən kiminsə fikrinə əsasən yox, adət-ənənələrimizə uyğun qərar verməliyik. Qərar verərkən bizdən öndə olan insanların keçdiyi yola baxaraq onun özündən soruşmadan özlüyündə analiz etməlisən. Ola bilsin ki, insanda paxıllıq hissi olsun və bilərəkdən səni səhv istiqamətləndirsin. Səhv istiqamət isə səni uçuruma apara bilər. Qərar verərkən götür-qoy etdikdən sonra yekun qərarı da özün verməlisən. Çox vaxt özümüzün verdiyimiz qərar daha düzgün olur. Hər kəsin dostu, ətrafı ola bilər. Amma ən yaxın dostumuz belə, bizim içimizdə olan, heç kimlə paylaşa bilmədiyimizi bilmirlər. Valideynlərimiz, dostlarımız, ümumiyyətlə, bütün insanlarla arada müəyyən pərdə olur ki, nə qədər yaxın münasibət olsa belə, bu pərdə heç vaxt götürülmür. Ətrafdakılara qulaq asa bilərik. Amma yekun addımı özümüz atmalıyıq. İnsan səhv edərsə, özü onu düzəldə bilər. Amma başqasının fikri ilə səhv etsək, gedib başqa birindən məsləhət alacağıq. Bu da ikinci bir səhvə gətirib çıxaracaq. Səhvi də, düzü də özümüz etməliyik. Öz səhvlərimizdən dərs götürməliyik. İnsanın təcrübəsi artdıqca, nə zaman nə edəcəyini daha yaxşı bilir.
 
Sübhan:
 
- Kiminsə fikirlərini dinləmək və ondan məsləhət almaq həmişə vacibdir. Məsələn, mən bir mağaza açmaq istəyirəmsə, buradakı insanlardan necə işləyəcəyimi soruşaraq maraqlana bilərəm. Çünki həmin insanlar sənə burada mağaza, yaxud bərbər dükanı açmağın daha əlverişli olduğunu deyə bilər. Bir iş görməzdən qabaq bu işi səndən əvvəl görənlərin fikirlərini nəzərə almalısan. Sonda isə qərarı özün verməlisən.
 
Elvin:
 
- Sübhanın fikirləri ilə razı deyiləm. Mən hardasa mağaza açmaq istəyirəmsə, məsləhət almıram, sadəcə maraqlanıram. Çünki indiki dövrdə iqtisadi rəqabət çox güclüdür. Rəqabətdə isə məsləhət deyilən bir şey yoxdur. Bu zaman ətrafdakılardan öyrəndiklərim sadəcə məlumat toplamaqdır. Sən onsuz da o mağazanı açmaq istəyirsənsə, açacaqsan. Sadəcə ətrafdan informasiya alaraq cəmiyyətin yanaşmasını öyrənirsən. Sən əgər ətrafdakıların məsləhətinə qulaq assan, onlar sənin kassanda olan 25 manatı 30 manat etməyəcək, əksinə, öz məsləhətləri ilə həmin 25 manatı 20 manat edə bilərlər.
 
Ağarəhim:
 
- Mən öz fikrimi üstün tutub elə bir addım ata bilərəm ki, onun geridönüşü olmaya bilər. Amma qıraqdan fikir öyrənib analiz etsəm, müəyyən qədər düzgün yolu tapa bilərəm. Məsələn, mən öz fikrimlə narkotikdən istifadə elə bilərəm. Amma kimdənsə məsləhət alsam, bu məni yolumdan yayındıra bilər. Bu səbəbdən məsləhət çox önəmlidir.
 
İlham:
 
- Əgər mən bir iş görmək istəyirəmsə, ətrafdakı insanların fikirlərini nəzərə almayacağam. Çünki insanların 80 faizi başqasını pis yola çəkmək istəyir. Ətrafdakılar bizi uçruma getməkdə bir az da sürətləndirə bilər.
 
Zərifə Əlizadə:
 
- Elvinlə razı deyiləm. Ona qalsa, ətrafdakı hər kəs bizə rəqibdir və bizim pisliyimizi istəyir. Əslində bu heç də belə deyil. Yaxşı insanlar və bizə normal məsələhət verənlər var.
 
Rəfiqə:
 
- Mənim atam həmişə deyir ki, insanın formalaşmasında öz irədəsindən əlavə ətraf da çox böyük əhəmiyyət daşıyır. İndi başa düşürəm ki, bəzən böyüklərin fikirlərini yadda saxlamaqla ona uyğun hərəkət etmək lazımdır. Çünki onların keçdiyi həyat yoluna nəzər salmaq lazımdır.


Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ

Foto: Günel AZADƏ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7014
GBP 1 İngilis funt sterlinqi 2.2116
TRY 1 Türk lirəsi 0.4775
KWD 1 Küveyt dinarı 5.6089
SEK 1 İsveç kronu 0.1960
EUR 1 Avro 1.9152
CHF 1 İsveçrə frankı 1.7506
USD 1 ABŞ dolları 1.7023