• cümə, 29 Mart, 13:04
  • Baku Bakı 14°C

Ətrafa “dollar səpələyən” gənc - Hobbi

20.06.16 13:55 2345
Ətrafa “dollar səpələyən” gənc - Hobbi
Onun qeyri-adi bacarığı var. Gah magistral yolda avtomobilin altına yıxılır, gah 1 dollardan çoxlu pullar yaradır, gah da salfeti süfrəyə çevirir. İdeyalarını və etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Əsas odur ki, onun üçün məhdudiyyət yoxdur. İstəyir və ideyasını reallaşdırır. Hazırladığı "sehrli video”larla son günlər "İnstaqram” fenomeninə çevrilib. Ağlasığmaz videoların müəllifi artıq qeyri-adı bacarığını gəlir mənbəyinə çevirib.
Biz də "sehrli video”ların - "Magic vine”nın yaradıcısı, "İnstaqram” fenomeni, Azərbaycanda öz sahəsinin yeganə bilicisi Zamiq Mirzəyevlə həmsöhbət olmaq qərarına gəldik.

"Magic vine” nədir?
Dünyada "sehrli video” adlı montajı bilən insanların sayı barmaqla sayılacaq qədərdir. Bunlardan ən çox tanınanı vayn fenomeni - amerikalı gənc rejissor Zaç Kinqdir. Bu sahəni özünə hobbi edən insanlar 5-15 saniyədə kompyuter proqramlarının köməyi ilə müxtəlif sehrli və cəzbedici nömrələr göstərirlər. İnsanların diqqətini çəkməyi bacardıqda sosial şəbəkədəki izləyicilərinin sayını artırır və hobbiləri ən böyük gəlir mənbəyinə çevrilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda "magic vine”la məşğul olan yeganə insan müsahibimiz Zamiq Mirzəyevdir. Həmsöhbətimizin 25 yaşı var və ömrünün 20 ildən çox hissəsini Moskvada keçirib. 3 ildir Bakıya köçən gənc fenomen deyir ki, bu sahəni öz üzərində işləyərək öyrənib, yəni özü özünün müəllimidir: "Moskvada İqtisadiyyat Universitetini bitirsəm də, 6 ildir peşəkar şəkildə video və fotoçəkilişlə məşğulam. "Magic vine”a isə 2 ildir başlamışam. Montajla məşğul olduğum üçün belə videolar hazırlamaq o qədər də çətinlik yaratmayıb. Həm çəkilişi, həm də montajı özüm öz üzərimdə öyrənmişəm. Yəni özüm özümün müəllimiyəm”.

"Hədəfim 1 milyondur”
Müsahibimiz bu işə Zaç Kinqdən ilhamlanaraq başlayıb: "Zaç Kinqin videolarını izləyirdim. İstədim mən də bu sahədə Azərbaycanda tanınım, izləyicim çox olsun. Hələ ki, məqsədimə çatmamışam. Əsas hədəfim 1 milyon izləyici toplamaqdır”.
Zamiq deyir ki, insanların əksəriyyəti onun videolarının montaj olduğuna inanmır. Hətta "bu oğlan həyatından bezib”, "riski sevir” deyənlər, məsləhət verənlər də az deyil: "Elə videolarım var ki, insanlar bunun həqiqət olduğuna inanırlar. Magistral yolda üstümdən avtobus keçən video hamıda şok effekti yaratmışdı. Onlar həqiqətən inanırdılar ki, mənim üstümdən avtobus keçib. "Cavan oğlansan, həyatından bezmisən” kimi məsləhətlər də verirlər”.

Məkan, ideya, vaxt...
Müsahibimiz deyir ki, sehrli vayn çəkmək göründüyü kimi asan deyil. Bütün vaxtını montaja, videoçəkilişlərə həsr edir: "Əslində bəzi insanlar düşünür ki, videoları telefonla da çəkib yerləşdirmək olar. Amma sehrli vayn digər vaynlardan fərqli və çətindir. Çəkiliş üçün məkan tapmaq, ideyaları gerçəkləşdirmək, istifadə olunan əşyaları tapmaq o qədər də asan deyil. Ən böyük problem isə vaxtla bağlıdır. 2-3 saat çəkilişə, 4-5 saat isə montaja sərf olunur. Bütün vaxtım kompyuter arxasında keçir”.
Müsahibimiz deyir ki, ən çox izlənilən və haqqında danışılan videosu dollarla bağlı çəkdiyi videodur: "Hazırda dollar hamının yaralı yeridir. Ən çox izlənilən videom da elə dollarla bağlı oldu. Videoda bir dolları "yandırıram” və ətrafa dollarlar səpələnir. Video maraqla qarşılandı. Hətta bu vayn verilişlərin birində də yayımlandı”.
Qeyd edək ki, əvvəllər bu işə hobbi kimi yanaşan Zamiq Mirzəyevin səhifəsinə reklam yerləşdirənlərin sayı artdığından o, buna gəlir mənbəyi kimi baxır. Böyük saytlardan və reklam agentliklərindən, gənc müğənnilərdən də reklam təklifləri alır.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər