• cümə axşamı, 25 aprel, 19:15
  • Baku Bakı 21°C

Ətraf mühitin qorumasında maarifləndirmə işinin önəmi

11.07.19 11:38 1007
Ətraf mühitin qorumasında maarifləndirmə işinin önəmi
Son dövrlər ətraf mühitin çirklənməsi, bəzi ekoloji problemlərin çoxalması hər kəsi narahat etməyə başlayıb. Əslində, hər şey insanın öz əlindədir. Bu şəhəri zibilləyən də, təmiz saxlayan da bizik. Mütəxəssislər bu işdə əhali arasında ekologiya, təbiətin mühafizə olunması, ətraf mühit haqqında maarifləndirmə işinin çox zəif aparıldığını qeyd edirlər.
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralıdeyir ki, uşaqlara ekologiyanı, təbiəti qorumağı öyrətmirlər: "Şəhəri zibilləmək üçün hamı əlindən gələni edir. Xüsusilə gənc nəsil yediyinin-içdiyinin boş qutularını küçələrə səpir. Dənizkənarı parkda, şəhərin digər ictimai yerlərində bütün skamyaların ətrafı tum qabığı ilə dolu olur. Uşaqlara ekologiyanı, təbiəti qorumağı öyrətmirlər. Onların əksəriyyəti anlamır ki, şəhərin çirkliliyi sonra bizə zərər verir. Əgər siz 10 dəqiqə məktəbətrafı yerlərdə reyd keçirsəniz, görərsiniz ki, məktəblilər yediklərinin, içdiklərinin qutusunu küçələrə səpirlər. Əgər onlara öyrədilsə ki, atdıqları plastik qutular, sellofan torbalar bir neçə əsr torpaqda qala bilir, çürümür, bəlkə də bu vəziyyət müşahidə olunmaz”.
"Məktəblilər bir yana, yaşlı insanlar bu məsələdə çox etinasızdırlar” deyən sosioloq qeyd edir ki, böyüklər də təhlükənin ciddiliyini anlamır: "Axı yediyinin kağızını çantana, cibinə qoymaq, tullantı üçün ayrılan qutulara atmaq çətin deyil. İndi hər addımbaşı bu cür qutu qoyulub, lap yaxınlıqda olmasa belə, çantada saxlamaq olar. Məncə, əksər böyüklər də təhlükənin ciddiliyini anlamır. Götürək elə polietilen – sellofan torbaları. Baxın, hər il dünyada 500 milyarddan çox sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 100, dənizdə isə daha çox il lazım gəlir. Bakıda küçədə gedəndə, hava küləkli olan zaman adamın üzünə sellofan torba yapışır. Yəni o qədər çoxdur. Çünki hərə öz tullantısını elə küçəyə atır, külək də ətrafa səpələyir. Çox olub ki küçədə getdiyim zaman üzümə, bədənimə külək sellofan torba yapışdırıb. Tum çırtlayıb qabığını yerə atırlar. Bu da xoşagəlməz mənzərədir, amma ekoloji tarazlığı pozmur. Ya süpürülür, ya da o qabıqları quşlar dənləyir, ən pis halda, torpağa qarışaraq çürüyür. Yəni təbiətə zərəri olmur. Amma çürüməyən, torpağa qarışmayan tullantılar üçün vəziyyət eyni deyil. Bax, bunu aktuallaşdırmaq lazımdır. İngiltərə, Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bir sıra başqa ölkələrin hökumətləri sellofan paketdən istifadə edilməsini qadağan edib. Qlobal istiləşmənin başlıca səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir”.
Birliyin sədri deyir ki, birdən-birə nə isə etmək çətindir, amma addım-addım həll yolu fikirləşmək lazımdır: "Ən azı, sellofan torbaları marketlərdə pullu eləmək olar ki, asan əldə edilməsin, asan tullantı yaranmasın. İctimai asayişi qoruyan polislər olduğu kimi, təmizliyə nəzarət edənlər də olsun, küçəyə zibil atan bir dəfə cərimələnsə, bunu təkrar etməz”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu istiqamətdə müəyyən işlər görür. Bir müddət əvvəl Nazirliyin mətbuat katibi İradə İbrahimovaaçıqlamasında bildirib ki, ETSN Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə plastik tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılmasına dair məktublar göndərib.
Onun sözlərinə görə, konteynerlərin sözügedən şəhərlərin pilot ərazilərində, əsasən də insanların sıx toplaşdığı məkanlarda və parklarda yerləşdirilməsi tövsiyə edilib: "Artıq ETSN plastik tullantıların toplanması üçün xüsusi konteynerlər sifariş verib və iyun ayının 12-dən etibarən onlar Bakı şəhərindəki bəzi parklarda yerləşdirilib. ETSN plastik tullantıların idarə olunması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə start verib".
Mətbuat katibi vurğulayıb ki, nazirlik vətəndaşları bu işdə həmrəylik göstərməyə çağırır: "Biz istəyirik ki, plastik qabların və polietilen torbaların insan sağlamlığına və ətraf mühitə zərəri cəmiyyətdə təbliğ edilsin, tədricən polietilen qablaşdırmadan imtina olunsun. İlkin olaraq plastik tullantıların düzgün idarə olunması, xüsusi konteynerlərə toplanması və təkrar istehsala istiqamətləndirilməsi təşəbbüsləri irəli sürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemlə bağlı gələn tövsiyələri və təklifləri məmnuniyyətlə qəbul edir. İctimaiyyət plastik məmulatlardan istifadənin təhlükəsini bilməli və buna qarşı mübarizə aparmalıdır”.
Günel Azadə
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər