Ətraf mühitin qorumasında maarifləndirmə işinin önəmi
Son dövrlər ətraf mühitin çirklənməsi, bəzi
ekoloji problemlərin çoxalması hər kəsi narahat etməyə başlayıb. Əslində, hər
şey insanın öz əlindədir. Bu şəhəri zibilləyən də, təmiz saxlayan da bizik. Mütəxəssislər
bu işdə əhali arasında ekologiya, təbiətin mühafizə olunması, ətraf mühit
haqqında maarifləndirmə işinin çox zəif aparıldığını qeyd edirlər.
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri,
sosioloq Lalə Mehralıdeyir ki, uşaqlara ekologiyanı,
təbiəti qorumağı öyrətmirlər: "Şəhəri zibilləmək üçün hamı əlindən gələni
edir. Xüsusilə gənc nəsil yediyinin-içdiyinin boş qutularını küçələrə səpir.
Dənizkənarı parkda, şəhərin digər ictimai yerlərində bütün skamyaların ətrafı
tum qabığı ilə dolu olur. Uşaqlara ekologiyanı, təbiəti qorumağı öyrətmirlər.
Onların əksəriyyəti anlamır ki, şəhərin çirkliliyi sonra bizə zərər verir. Əgər
siz 10 dəqiqə məktəbətrafı yerlərdə reyd keçirsəniz, görərsiniz ki, məktəblilər
yediklərinin, içdiklərinin qutusunu küçələrə səpirlər. Əgər onlara öyrədilsə
ki, atdıqları plastik qutular, sellofan torbalar bir neçə əsr torpaqda qala
bilir, çürümür, bəlkə də bu vəziyyət müşahidə olunmaz”.
"Məktəblilər
bir yana, yaşlı insanlar bu məsələdə çox etinasızdırlar” deyən sosioloq qeyd
edir ki, böyüklər də təhlükənin ciddiliyini anlamır: "Axı yediyinin
kağızını çantana, cibinə qoymaq, tullantı üçün ayrılan qutulara atmaq çətin
deyil. İndi hər addımbaşı bu cür qutu qoyulub, lap yaxınlıqda olmasa belə,
çantada saxlamaq olar. Məncə, əksər böyüklər də təhlükənin ciddiliyini anlamır.
Götürək elə polietilen – sellofan torbaları. Baxın, hər il dünyada 500
milyarddan çox sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1
milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox
olması üçün torpaqda 100, dənizdə isə daha çox il lazım gəlir. Bakıda küçədə
gedəndə, hava küləkli olan zaman adamın üzünə sellofan torba yapışır. Yəni o
qədər çoxdur. Çünki hərə öz tullantısını elə küçəyə atır, külək də ətrafa
səpələyir. Çox olub ki küçədə getdiyim zaman üzümə, bədənimə külək sellofan
torba yapışdırıb. Tum çırtlayıb qabığını yerə atırlar. Bu da xoşagəlməz
mənzərədir, amma ekoloji tarazlığı pozmur. Ya süpürülür, ya da o qabıqları
quşlar dənləyir, ən pis halda, torpağa qarışaraq çürüyür. Yəni təbiətə zərəri
olmur. Amma çürüməyən, torpağa qarışmayan tullantılar üçün vəziyyət eyni deyil.
Bax, bunu aktuallaşdırmaq lazımdır. İngiltərə, Tayvan, Keniya, Uqanda, Fransa,
Amerika, Latviya və bir sıra başqa ölkələrin hökumətləri sellofan paketdən
istifadə edilməsini qadağan edib. Qlobal istiləşmənin başlıca səbəbi də
polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir”.
Birliyin
sədri deyir ki, birdən-birə nə isə etmək çətindir, amma addım-addım həll yolu
fikirləşmək lazımdır: "Ən azı, sellofan torbaları marketlərdə pullu eləmək
olar ki, asan əldə edilməsin, asan tullantı yaranmasın. İctimai asayişi qoruyan
polislər olduğu kimi, təmizliyə nəzarət edənlər də olsun, küçəyə zibil atan bir
dəfə cərimələnsə, bunu təkrar etməz”.
Qeyd
edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu istiqamətdə müəyyən işlər
görür. Bir müddət əvvəl Nazirliyin mətbuat katibi İradə İbrahimovaaçıqlamasında bildirib ki, ETSN Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra
hakimiyyətlərinə plastik tullantıların yığılması məqsədi ilə xüsusi
konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılmasına dair məktublar
göndərib.
Onun
sözlərinə görə, konteynerlərin sözügedən şəhərlərin pilot ərazilərində, əsasən
də insanların sıx toplaşdığı məkanlarda və parklarda yerləşdirilməsi tövsiyə
edilib: "Artıq ETSN plastik tullantıların toplanması üçün xüsusi
konteynerlər sifariş verib və iyun ayının 12-dən etibarən onlar Bakı şəhərindəki
bəzi parklarda yerləşdirilib. ETSN plastik tullantıların idarə olunması və bu
sahədə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin
həyata keçirilməsinə start verib".
Mətbuat
katibi vurğulayıb ki, nazirlik vətəndaşları bu işdə həmrəylik göstərməyə
çağırır: "Biz istəyirik ki, plastik qabların və polietilen torbaların
insan sağlamlığına və ətraf mühitə zərəri cəmiyyətdə təbliğ edilsin, tədricən
polietilen qablaşdırmadan imtina olunsun. İlkin olaraq plastik tullantıların düzgün
idarə olunması, xüsusi konteynerlərə toplanması və təkrar istehsala
istiqamətləndirilməsi təşəbbüsləri irəli sürülüb. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi problemlə bağlı gələn tövsiyələri və təklifləri məmnuniyyətlə qəbul
edir. İctimaiyyət plastik məmulatlardan istifadənin təhlükəsini bilməli və buna
qarşı mübarizə aparmalıdır”.
Günel Azadə
Bu
məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin
formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində
hazırlanıb.