AZE | RUS | ENG |

Ətraf mühiti qorumaq hər kəsin borcudur

Ətraf mühiti qorumaq hər kəsin borcudur
Səyyarə Məmmədova: Nazirlik maarifləndirmə işləri aparmaqla yanaşı, real addımlar da atır

Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən-kiçiyə hər kəsin bu işə cəlb olunmasını tələb edir. Ətraf mühitin qorunmasını təmin etmək üçün ictimai nəzarətin olması ilə yanaşı, dövlət qurumlarının da işi vacibdir. Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə hansı işləri görür?

Mövzu ilə bağlı nazirliyin Ekoloji Maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovailə həmsöhbət olduq.

S.Məmmədova nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işinin prioritet istiqamətlərdən olduğunu qeyd edir: "Belə ki, ətraf mühitin vəziyyəti və bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə müxtəlif mövzularda ekoloji təbliğat xarakterli görüşlər, müxtəlif konfrans və seminarlar keçirilir, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilir, məlumatlar yayılır, müxtəlif ekoloji mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq vətəndaşlara paylanılır. Beynəlxalq ekoloji təqvim günlərində də ekoloji təbliğat xarakterli tədbirlər həyata keçirilir. Həmçinin ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaq məqsədilə "Bu yaz özün bir təbiət yarat" devizi altında yaz ağacəkmə kampaniyası keçirilib. Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumilikdə 863 mindən çox müxtəlif cinsli ağac əkilib. Ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etmək məqsədilə ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilmiş 305.000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb. Gənclərin iştirakı ilə Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında 4 hektar ərazidə 3250 ağac əkilib”.
 
Şöbə müdiri "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində maarifləndirmə işləri həyata keçirildiyini bildirir: "İctimaiyyəti məlumatlandırmaq məqsədilə polietilen torbalar, onların ətraf mühitə mənfi təsirləri, polietilen torbalardan istifadənin məhdudlaşdırılması, dünya ölkələrinin bu sahədə təcrübələri, eyni zamanda polietilen torbaların alternativləri barədə maarifləndirmə və təbliğat işləri davam etdirilir, eyni zamanda sosial şəbəkələrdə, nazirliyin facebook və instagram səhifələrində də bu istiqamətdə işlər görülür. Plastik məhsullar, onların ətraf mühitə mənfi təsirləri və Nazirlik tərəfindən bu sahədə görülən işlərlə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Kooperasiya universitetlərinin tələbələri ilə görüşlər keçirilib. Daşgil Palçıq Vulkanı ərazisində, Buzovna, Novxanı ərazilərində İDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaijan Youth Foundation, Təmiz Şəhər ilə birlikdə iməciliklər keçirilərək ərazilər tullantılardan təmizlənib. "Bravo” supermarket şəbəkələrində daşıma səbətlərinə "Polietilen paketlərin istifadəsini məhdudlaşdırmaqla ətraf mühiti qoruyaq” təbliğat vərəqələri qoyulub. Marketə gələn vətəndaşların özləri ilə çanta gətirmələrini təşviq etmək məqsədilə qısa videorolik çəkilərək insanlara polietilen torbalardan az istifadə etmək mesajı verilib”.
 
Müsahibimiz polietilen torbalardan istifadənin məhdudlaşdırılması məqsədilə bir sıra işlərin görüldüyünü dedi: "Supermarketlərdə əhaliyə ekoçantalar paylanılıb, marketə gələn insanların daha az polietilen torbalardan istifadə etməsi məqsədilə onlara birdəfəlik deyil, dəfələrlə istifadəyə yararlı ekoçantaların istifadə olunmasının ətraf mühitə təsiri barədə geniş məlumat verilib və bu barədə videorolik çəkilib. "Plastik tullantılara yox deyək” adlı videorolik çəkilib və televiziya kanallarında, sosial şəbəkələrdə yayımlanmaqdadır. Plastik butulkaların xüsusi konteynerlərə atılmasını təbliğ edən "Qumla şou” roliki hazırlanıb və sosial şəbəkələrdə paylaşılır. Bundan əlavə, çirklənmiş torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə nazirliyin müvafiq yerli qurumları tərəfindən "Şəhər və rayon ərazilərində məişət tullantılarının idarə olunması, görülən işlər, problemlər, vəzifələr”, "Tullantıların idarə edilməsi” mövzularında əhali arasında maarifləndirici tədbirlər təşkil edilib. Həmçinin "Su ehtiyatlarından səmərəli istifadə”, "Suya qənaət” mövzularında da sosial şəbəkələrdə və əhali arasında maarifləndirici tədbirlər keçirilib”. 
 
Günel 
 
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946